Məhkəmə qərarları › İş №2(107)-552/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-552/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-552/2024 23.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(063)-915/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən hər ay 246 manat məbləğində alimentin və 50 manat mediasiyaya görə ödədiyi mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun hal-hazırda 77 yaşı vardır. Həyat yoldaşı X8 12 noyabr 2022-ci il tarixdə Ucar şəhərində vəfat etmişdir. Onların birgə nikahlarından 2 oğlu olmuşdur. Böyük oğlu X9 11 mart 1982-ci il tarixdə və kiçik oğlu Cavabdeh xx xxxxxx 1991-ci il tarixdə anadan olmuşlar. Böyük oğlu X9 həyat yoldaşı X8 vəfat edəndə bankdan kredit götürdüyü puldan onun dəfn xərclərinə xərcləmişdir. Bundan başqa, həyat yoldaşı ölməmişdən əvvəl də onun müalicə xərclərini böyük oğlu çəkmişdir. Hal-hazırda da böyük oğlunun banka kredit borcu vardır və hər ay 528 manat məbləğində banka kredit ödəyir. Bundan başqa, böyük oğlunun 3 yetkinlik yaşına çatmayan uşaqları vardır. Bütün bunlara görə də böyük oğlunun ona baxmağa maddi imkanı yoxdur. Kiçik oğlu Cavabdeh isə işləyib 1000 manatdan artıq əmək haqqı alsa da atasının müalicəsinə və yas mərasiminə heç nə xərcləməmişdir. Hal-hazırda isə onun maddi köməyə ehtiyacı vardır, belə ki, o, xəstədir, başında 20-21 millimetrlik şiş vardır, hər müayinəyə gedəndə 1000 manatdan artıq xərci çıxır, bundan başqa, iynə-dərmanına da pul xərcləməlidir, ümumiyyətlə özünü narahat hiss edir, daimi müalicəyə ehtiyacı vardır. Göstərilənlərə görə də maddi ehtiyacını ödəməyi cavabdehdən istəyir, cavabdeh isə ona heç bir maddi yardım etmir. O, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmişdir, lakin cavabdeh həmin prosesdə iştirak etmədiyindən mediator “ikin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 02 sentyabr 2023-cü il tarixli arayış vermiş və həmin arayışdan da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərcini də o ödəmişdir. Əlavə olaraq bildirdi ki, hazırda işləmir və 327,71 manat pensiya alır. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin (hakim: H.Xəlilov) 30 oktyabr 2023-cü il tarixli, 2(063)- 915/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8 sentyabr 2023-cü il tarixdən başlayaraq hər ay 123( bir yüz ikiyrmi üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi, Cavabdeh mediasiyaya dair xərcə görə 25 (iyirmi beş) manat məbləğində pul tutulub iddiaçı X3 verilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən hər ay 246 manat məbləğində alimentin və 50 manat mediasiyaya görə ödədiyi mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi, tərəflərin izahatlarını və iş materiallarını, o cümlədən təqdim edilmiş sübutları tədqiq edərək hesab etmişdir ki, cavabdehdən valideyinin saxlanması üçün iddiaçının xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, cavabdehin iddiaçıya maddi yardım göstərməməsini, iddiaçının maddi yardıma ehtiyacı olmasını, cavabdehin yetkinlik yaşına çatmaqla əmək qabiliyyətli olmasını, tərəflərin maddi vəziyyətini, iddiaçının mənafeyini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehdən hər ay 123 manat sabit pul məbləğində iddiaçının xeyrinə aliment tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, alimentin tutulmasının əvvəli 08 sentyabr 2023-cü ildən hesablanmalıdır. İş materiallarında olan qəbzdən və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia qismən təmin edildiyindən cavabdehdən mediasiya xərcinə görə 25 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsaslanaraq hesab etmişdir ki, tərəflərin dövlət rüsumunu ödəməkdən azad olunmaları nəzərə alınmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1.2, 9.1.2 və 9.1.20-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 112.1.3, 234.2.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 2016-cı ilin 29 iyul tarixində xx.xx.1997-ci il təvəllüdlü X10 ilə birgə nikaha daxil olmuşdur. Hazırda ailəsi 3 nəfərdən o, həyat yoldaşı X2 və oğlu X4 (xx.xx.1997) ibarətdir. Qeyd edir ki, həm nikaha qədər, həm də nikahdan sonrakı dövrdə uzun müddət anası İddiaçı, atası X8 (xx.xx.2022-ci il tarixində vəfat etmişdir) və qardaşı X9 (ailəsi ilə birlikdə) ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşadığı müddətdə aylıq əməkhaqqının əsas hissəsini valideynlərinə vermişdir. Sonrakı dövrdə müəyyən müddət işsiz olmuşdur. İşsiz olduğu dövrdə ailə üzvləri tərəfindən ona hər hansı maliyyə dəstəyi göstərilməmişdir. Bu səbəbdən həyat yoldaşının anasının yanında yaşamışlar. Lakin sonralar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edildiyindən ailəsi ilə birlikdə Ağcabədi rayonunda kirayə yaşamışdır. Hazırda Mingəçevir şəhərində yerləşən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir. Oğlunun azyaşlı və sağlamlığının qeyri-qənaətbəxş olmasından irəli gələrək həyat yoldaşı evdar qadındır. Ailəsinin gəliri yalnız onun aldığı əməkhaqqı və ona təyin edilmiş təqaüd əsasında formalaşır. Ailəsi ilə birlikdə hazırda hərbi hissənin yataqxanasında hərbi qulluqçular üçün nəzərdə tutulmuş mənzildə yaşayır. Hərbi hissə tərəfindən təqdim edilmiş 2023-cü il tarixli 24 oktyabr tarixli 408 nömrəli arayışdan göründüyü kimi, aylıq pul təminatı vergi və digər ödənişlər tutulduqdan sonra 645,72 manatdır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına müvafiq olaraq “Vətən müharibəsi” iştirakçısı olmağı əsasında ona aylıq 80 manat məbləğində təqaüd təyin edilmişdir. Göründüyü kimi, ailədə yalnız onun işlədiyini nəzərə alsaq ailəsinin aylıq pul gəlirləri 725,72 manatdır (645,72 manat + 80 manat). X13 sağlamlığında problemlərin olması mütəmadi olaraq onun tibbi müayinədən keçirilməsini şərtləndirir. Bu səbəbdən də məhkəmə qətnaməsindən göründüyü kimi "xxxx" ASC-dən 700 manat məbləğində kredit götürmüşdür. Eyni zamanda bildirmək istəyir ki, oğlunun səhhətindəki dəyişikliklər səbəbindən onu müntəzəm olaraq Bakı şəhərində yerləşən səhiyyə müəssisələrində tibbi müayinədən keçirməli olur. X6 tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi cari ilin avqust ayında oğlunun müalicəsi üçün 1640 manat məbləğində ödəniş həyata keçirmişdir. Lakin məhkəmə prosesində ailədə yeganə gəlirə sahib olan şəxsin o olduğunu, oğlu X7 mütəmadi olaraq müalicəyə ehtiyacının olduğunu bildirsə də işin hallarının araşdırılması zamanı bu faktlar nəzərə alınmamışdır. Qətnamədə qeyd edilənlərə əsasən İddiaçı hal-hazırda yaşa görə əmək pensiyaçısıdır və ona təyin edilmiş aylıq pensiya məbləği 327,71 manatdır. Qətnamədən göründüyü kimi, iddia üzrə qərarın qəbul edilməsi zamanı əsas götürülən faktlardan olan iddiaçının gəliri rəsmi qaydada deyil, yalnız iddiaçının şifahi izahatı ilə müəyyən edilmişdir. İzahatda həmçinin X5 bank qarşısında olan kredit öhdəliyi səbəbindən gəlirinin aşağı səviyyədə olduğu və bu səbəbdən İddiaçı baxmaq üçün maddi durumunun kifayət qədər olmadığı bildirilmişdir. Lakin qətnamədə X5 aylıq gəlirinə dair məlumat qeyd edilməmişdir. Eyni zamanda 2023-cü il tarixli 2(063)-915/2023 nömrəli məhkəmə bildirişinə əlavə edilmiş iddiaçının iddia ərizəsindən göründüyü kimi, X5 aylıq gəlirinin mötəbərliliyini təsdiq edəcək sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Ucar Rayon Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli 2(063)-915/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, Cavabdeh işlədiyi dövrdə bir dəfə də nə ona, nə də atasına bir manatda olsun ki, köməklik etmiş, aldığı əmək haqqını xoşagəlməz yerlərə sərf etmişdir. X17 uzun müddət yataq xəstəsi olub, bir dəfə də olsun atasının yanına gəlməyib. Atası öləndə Elvindən küsülü ölüb. Cavabdehi onlar evləndirmişlər, bütün xərclərini onlar ödəmişlər. O da bir ana olaraq ondan çox narazıdır, əziyyətini, südünü ona halal etmir. Hətta qohumlara vəsiyyət etmişdir ki, Elvini onun yas mərasiminə gəlməyə qoymasınlar. Ona etdiklərinin də halallığını vermir. Onun həyətində gözəllik salonunun olmasını bildirir, bu ona atılan şər-böhtandır. Qardaşı Elnur qızın köçürüb, Elvin qardaş olaraq heç bir maddi yardım göstərməyib. Elvinin qardaşı Elnur atasının yas mərasimini vermək üçün onun xəstəliyi ilə bağlı kredit götürüb, hazırda kredit ödüyür. O, onkoloji xəstədir başında şiş var. Səhhəti o qədər də qənaətbəxş deyil. 78 yaşı var. Ucar Rayon Məhkəməsində Hakim Elvinə sual verir ki, “anan xəstədir bəs niyə maraqlanmırsan və nə qədər aliment ödəyə bilərsən?”. O da öz növbəsində cavab vermişdir ki, sıfır qəpik. Qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, hərbi hissə tərəfindən 2023-cü il tarixdə 24 oktyabr tarixdə 408 nömrə ilə 645 manat əmək haqqı olması barədə hərbi hissə ona arayış vermişdir. Hansı ki, Ucar Rayon Məhkəməsi ondan əmək haqqı barədə arayış istəsə də Elvin məhkəməyə arayış təqdim etməmişdir. Ucar Rayon Məhkəməsinin qətnaməsində öz təsdiqini tapmışdır. Etiraza əlavə etdiyi dörd ədəd fotoşəkildən aydın görünür ki, cavabdehin X17 uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və bu xəstəliyi dövründə o, digər oğlu Elnur və onun ailə üzvləri Loğmana canlabaşla qulluq etmişlər. Lakin oğlu Elvin nə maddi, nə də mənəvi köməklik etmişdir, habelə atasını bir dəfə də olsun ki, ziyarət etməmişdir. Odur ki, cavabdehin Ucar Rayon Məhkəməsinin 2(063)-915/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli 2(063)-915/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və üçüncü şəxs X15 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və Ucar Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 82.1-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə əsasən Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4-cü maddəsinə əsasən Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 83.1-ci maddəsinə əsasən Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun; 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər-əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ucar Rayon Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli 2(063)-915/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ucar Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(063)-915/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilən 123 manat alimentə aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(063)-915/2023 saylı qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçının hal-hazırda 77 yaşı vardır. Həyat yoldaşı X8 12 noyabr 2022-ci il tarixdə Ucar şəhərində vəfat etmişdir. Onların birgə nikahlarından 2 oğlu olmuşdur. Böyük oğlu X9 11 mart 1982-ci il tarixdə və kiçik oğlu Cavabdeh xx xxxxxx 1991-ci il tarixdə anadan olmuşlar. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsinin tələbi üzrə alimentin təyinatı maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərinin saxlanmasında könüllü iştirak etməyən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan övladların hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, valideynlərin hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Kollegiya həmçinin qeyd edir ki, Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanununun 1-1.1-ci maddəsinə əsasən tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. Göründüyü kimi vətəndaşların bir çox xəstəliklərinin müalicəsi dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan vəsaitlər hesabına həyata keçirilməklə, iddiaçının, xəstəliyi ilə bağlı müalicəsinin həmin kateqoriyalara aid olmamaqla onun müalicəsi üçün yalnız özünün şəxsi vəsaitinin tələb edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ilin 01 yanvar tarixindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir. Kollegiya məhkəmənin istifadəsində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə İddiaçı hal-hazırda 363.86 manat pensiya alması müəyyən edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçının aylıq gəliri həm pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumundan, həm də ehtiyac meyarından nəzərəçarpacaq dərəcədə yüksəkdir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilən hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(063)-915/2023 saylı qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(063)-915/2023 saylı qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar