Məhkəmə qərarları › İş №2(107)-553/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-553/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-553/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-933/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-933/2020 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş aliment məbləğinin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)-89/2009 nömrəli mülki iş üzrə xx xxxxxx 2009-cu il tarixli qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə uşaqlarıxx xxxxxxx 2004-cü il təvəllüdlü X14 və xx xxxxxx 2005ci il təvəllüdlü X2 üçün qazancından hər ay hər bir uşaq üçün 30 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Cavabdeh müraciəti əsasında Balakən Rayon Məhkəməsində işə yenidən baxılaraq məhkəmənin 2(019)-848/2017 nömrəli mülki iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi ilə uşaqları- X14 və X1 üçün Cavabdeh xeyrinə qazancından hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, xx xxxxxx 2010-cu il tarixində ikinci dəfə ailə həyatı qurmuş və hal-hazırda həmin evlilikdən Əzimzadə Tərlan və Əzimzadə Tamerlan adlı iki uşağı vardır. X4 xx xxxxxxxx 2015ci il tarixində əməliyyat olunmuşdur və hal- hazırda da səhhəti ilə bağlı problemləri var, müalicəsi davam etdirilməlidir. Eləcə də özünün səhhətində də ciddi problemlər yaranıb və o, ürəyində yaranan xəstəliklərdən dolayı əziyyət çəkir. Onu da vurğulamaq istəyir ki, onun 2016-cı ilə qədər rəsmi iş yeri olsa da, 2016-cı ildən sonra daimi iş yeri olmadığı üçün,qazanc məqsədi ilə müəyyən müddətlərdə xaricdə, Ukraynada olmuşdur. Buna baxmayaraq, 2018-ci ilə kimi mütəmadi olaraq alimenti ödəmişdir. Lakin 2018-ci ildə səhhəti ilə bağlı 10 oktyabr tarixindən 25 gün müddət ərzində Ukrayna Respublikasının Kiyev şəhərində xəstəxanada müalicə almış və müalicə aldığı müddətdə səhhəti ilə bağlı xərclərinə görə üzrlü səbəbdən 2018-ci il üçün hesablanmış 650 manat məbləğində alimenti ödəyə bilməmişdir. 2019-cu ildə isə yenə səhhəti ilə bağlı problemlərə görə Bakı şəhərində xəstəxanada müalicə almışdır. Bunun nəticəsində isə müalicə ilə əlaqədar xərcləri yarandığına görə üzrlü səbəbdən 2019-cu il üçün hesablanmış 1200 manat məbləğində alimenti ödəyə bilməmişdir. Hal-hazırda isə daimi iş yeri və gəlir mənbəyi yoxdur. Elə bu səbəbdən də xəstəliyi ilə bağlı müalicəsini davam etdirməkdə çətinlik çəkir. COVİD-19 pandemiyası nəticəsində qazanc mənbəyini tamamilə itirmişdir. Daimi gəliri yoxdur və hər uşaq üçün 100 manat məbləğindəki alimenti ödəməkdə çətinlik çəkir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiаçı İddiaçı apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ikinci dəfə ailə həyatı qurmuşdur və ikinci nikahdan X8 və X5 adlı iki uşağı doğulmuşdur. Əzimzadə Tərlan 2015-ci ildə əməliyyat olunmuşdur və hazırda səhhətində ciddi problemləri yaranıb və müalicəsi davam etdirilir. 2016-cı ilə kimi onun rəsmi iş yeri olmuşdur. 2016-cı ildən sonra daimi iş yeri olmadığı üçün qazanc məqsədilə Ukraynaya getmişdir. 2018-ci ilə kimi alimenti mütəmadi olaraq ödəmişdir. 2018-ci ildə səhhəti əlaqədar Ukraynanın Kiyev şəhərində stasionar şəraitdə müalicə almışdır. Bu səbəbdən 2018-ci il üçün hesablanmış 650 manat məbləğində aliment ödənişini ödəyə bilməmişdir. 2019-cu ildə Bakı şəhərində səhhəti ilə əlaqədar problemlərə görə müalicə almışam. Buna görə də 2019-cu il üçün hesablanmış 1200 manat məbləğində alimenti ödəyə bilməmişdir. Hazırda daimi iş yeri və gəlir mənbəyi yoxdur. Bu səbəbdən də alimenti ödəməkdə çətinlik çəkirəm. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-933/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiаçı İddiaçı Şəki Apellyasiya Məhkəməsinə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 HaqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)- 933/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********8 nömrəli arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) “Məşgulluq» alt sistemində xx.xx.2019-cu il tarixdən işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» alt sistemində əldə olunan məlumata əsasən İddiaçı xx.xx.2020-ci il tarixinə qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(019)-89/2009 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ilə cavabdeh Əzimova (Malahova) Esmira Ramazan qızı aralarında xx xxxxxxx 2003-cü il tarixdə bağlanmış 637 nömrəli nikahın pozulması, boşanmadan sonra uşaqları xx xxxxxxx 2004-cü il təvəllüdlü X9 və xx xxxxxx 2005-ci il təvəllüdlü X7 anaları X3 yanında qalmaları, cavabdeh İddiaçı xx xxxxxx 2009-cu il tarixdən başlayaraq xx xxxxxxx 2004-cü il təvəllüdlü X9 və xx xxxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 30 manat alimentin tutulub cavabdeh X3 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(019)-62/2014 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş X9 və xx xxxxxx 2005-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(019)-89/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx xxxxxx 2014-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı alınıb iddiaçı X3 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(019)-848/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(019)-62/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh İddiaçı xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş X9 və xx xxxxxx 2005-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat miqdarında alimentin alınıb iddiaçı X3 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Holter EKQ müayinədən görünür ki, İddiaçı sutka ərzində monitor müşahidə zamanı EKQ-də ürəyin keçiriciliyinin pozğunluğu -İİ dərəcəli İ-tipli natamam sinaurikulyar blokada -vaxtaşırı tranzitor İİ-ci dərəcəli Mobits İİ-ci tipli natamam Sinaurikulyar blokadanın epizodları -və mədəciklərin ərkən repolyarizasiya sindiromu müşahidə olundu. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-T seriyalı 009175 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında xx.xx.2010-cu ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Əzimova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2011-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2009-cu ildə anadan olmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx xxxxxxx 2003-cü ildə rəsmi nikah bağlamaqla evlənmiş, onların rəsmi nikahlarından xx xxxxxxx 2004-cü ildə X14 və xx xxxxxx 2005-ci ildə X12 adında iki uşaqları olmuşdur. Uşaqlar cavabdehin himayəsində yaşayırlar. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(019)-89/2009 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Əzimova (Malahova) Esmira Ramazan qızı ilə aralarında xx xxxxxxx 2003-cü il tarixdə bağlanmış 637 nömrəli nikahın pozulması, boşanmadan sonra uşaqları- xx xxxxxxx 2004-cü il təvəllüdlü X9 və xx xxxxxx 2005-ci il təvəllüdlü X7 anaları X3 yanında qalmaları, cavabdeh İddiaçı xx xxxxxx 2009-cu il tarixdən başlayaraq xx xxxxxxx 2004-cü il təvəllüdlü X9 və xx xxxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 30 manat alimentin tutulub cavabdeh X3 xeyrinə verilməsi qət edilmişdir. xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş X9 və xx xxxxxx 2005-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün müəyyən edilmiş alimentin miqdarı Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(019)-62/2014 nömrəli qətnaməsi ilə artırılaraq hər ay hər bir uşaq üçün 50 (əlli) manat, Balakən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(019)848/2017 nömrəli qətnaməsi ilə isə hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı xəstəliyi və ailə vəziyyəti ilə əlaqədar alimenti ödəyə bilmədiyini göstərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2 saylı qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını,“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə aldığından apellyasiya şikayətinin dəlilləri, iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətində maddi vəziyyətinin aşağı olmasını bildirmişdir. Kollegiya hesab edir ki, həmin dəlillər onu, aliment ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-933/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-933/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar