Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-566/2021 13.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh və onun vəkili, həmçinin nümayəndəsi X1 iştirakı ilə Ağsu Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-529/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Ağsu Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-529/2020 saylı qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyri-yaşayış binasının bağışlanmasına dair Bakı şəhəri 32 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-729 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, bağışlanma predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyri-yaşayış binasının İddiaçı qaytarılması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyri-yaşayış binasının Cavabdeh mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh, 3-cü şəxslər Bakı şəhər 32 saylı Notariat Kontoru və DƏDRX-nın 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı – onunla Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyri-yaşayış binasının bağışlanmasına dair Bakı şəhəri 32 saylı Notariat Kontorunda bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 4Ə-729 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, bağışlanma predmeti olan əmlakın iddiaçıya qaytarılması, cavabdehin adına verilmiş xx.xx.2019-cu il tarixli, 19007450 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyri-yaşayış binası uzun müddət mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış binasını orada müəyyən bir iş qurmaq məqsədi ilə almışdır. Lakin sonradan səhhətində, iş fəaliyyətində müəyyən problemlər olduğu üçün orada bir iş qura bilməmiş və bu səbəbdən həmin əmlak istifadəsiz qalmışdır. Bir neçə dəfə cavabdeh olan oğlu Cavabdeh həmin yerdə iş qurmaq üçün qeyri-yaşayış binasının ona verilməsini təklif etmişdir. Yaşlandığından və səhhətində müəyyən problemlər olduğu üçün həmin əmlakı cavabdeh olan oğlu Cavabdeh adına keçirmək qərarına gəlmişdir ki, cavabdeh də orada iş qursun. Bina dağılmasın, həm də ona və ailəsinə qayğı göstərsin. Bu məqsədlə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyriyaşayış binasını xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhər 32 saylı Notariat Kontorunda bağışlama müqaviləsi imzalayaraq, əmlakı Cavabdeh bağışlamışdır. Həmin əmlak xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ ilə cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Cavabdeh əmlakı öz adına keçirdikdən sonra aralarında olan razılaşmadan yayınmağa başlamış, hətta razılaşmadan əlavə, ona və ailə üzvlərinə qarşı kobudluq edir, bir ata kimi ona qarşı saymamazlıq, hörmətsizlik edir, onunla maraqlanmır, heç bir qayğısına qalmır. Əksinə, dəfələrlə onunla əlaqə yaratmağa çalışmış, lakin telefon zənglərinə, çağırışlarına cavab verməmişdir. Bundan əlavə cavabdehə bu şərtlə qeyri-yaşayış binasını bağışlamışdır ki, orada iş qursun, obyekti dağılmağa qoymasın. Lakin bağışlamadan sonra cavabdeh tərəfindən orada iş qurmaq üçün heç bir addım atılmamışdır. Əksinə, son zamanlar məlum olmuşdur ki, cavabdehin başqa-başqa şəxslərə xeyli miqdarda borcu var və borclarını ödəmək üçün bağışlanan əmlakı satmaq məqsədi var. Bundan sonra başa düşmüşdür ki, cavabdehin qeyri-yaşayış binasını işlətmək, ona baxmaq, qayğısını çəkmək niyyəti olmamış, əksinə cavabdehin niyyəti onu aldadaraq bağışlama əsasında qeyri-yaşayış binasını ələ keçirmək və öz borclarını və digər xərclərini ödəmək olmuşdur. Bütün bu sadalanan hallan ailə üzvləri də təsdiq edə bilərlər.Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyri-yaşayış binasının onun tərəfindən cavabdehə bağışlanması barədə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhər 32 saylı Notariat Kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilməli, bağışlanma predmeti olan əmlak əvvəlki vəziyyətinə qaytarılmaqla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, mağazanı bağışlama müqaviləsi əsasında cavabdehə bağışlamışdır. Bankdan kredit götürmək üçün həmin mağazanı oğluna bağışlamışdır. Mağazanın icarə pulunu da ona verməyərək özü götürür. Mağazanı bağışlamamışdan əvvəl lizinqə maşın alıb cavabdehə vermişdir ki, həmin maşını da satmışdır. Hazırda mağazanı satmaq istəyir. Aralarında rəsmi qaydada şərt qoyulmasa da yaşlı olduğundan onlara qayğı göstərməmiş, ailə üzvlərinə qarşı kobudluq etmişdir. Səhhəti ilə bağlı müayinə olunmuş və müalicələr almışdır. Oğlu isə onunla maraqlanmamışdır. Ona görə də iddiasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddiaya etiraz edərək izahatında göstərmişdir ki, maddi vəziyyətində sıxıntı yaşayır. Atasına da son vaxtlarda qayğı göstərməmiş, maddi vəziyyəti ilə bağlı atası tərəfindən ona verilən avtomaşını da satmışdır. Hazırda isə bağışlanan mağazanı kiməsə satmaq fikri yoxdur. Həmin mağazanı işlətmək üçün işığını da çəkdirmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə qanunvericilik müddəalarına zidd və əsassız olduğu üçün həmin hissədə ləğv edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 279,70 kv.metr olan qeyri- yaşayış binasının bağışlanmasına dair Bakı şəhəri 32 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-729 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin qeyri-yaşayış binasını atası İddiaçı ona bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********02-06301 reyestr nömrəli çıxarışa əsasən həmin qeyri-yaşayış binası xx.xx.2019-cu il tarixdə onun adına qeydiyyata alınmışdır və hal-hazırda da onun xüsusi mülkiyyətindədir. Bağışlanması müqaviləsindən görünür ki, həmin müqavilə notariat qaydasında təsdiqlənmiş, qeyd edilən müqavilə üzrə bağışlama hər hansı bir öhdəliklə şərtləndirilməmiş və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən həmin qeyri-yaşayış binasını onun adına rəsmiləşdirilmiş və bununla da sözügedən qeyri-yaşayış binası üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qətnamədə qərəzli olaraq onun bədxərc və tufeyli həyat sürdüyü fikri formalaşdırmağa səy göstərilmişdir. Halbuki bu tamamilə yalan və böhtandır. Belə ki, atası ona avtomaşın verməmişdir. O, 99PF615 dövlət nömrə nişanlı “Chevrolet Cruz” markalı avtomaşını satın almaq üçün “xxxx” MMC ilə lizinq müqaviləsi bağlamışdır. Həmin avtomaşının lizinq müqaviləsi üzrə ödənişləri bir müddət ödədikdən sonra qalan ödənişləri vaxtında ödəyə bilmədiyi üçün qeyd edilən avtomaşını başqa şəxsə satmaq məqsədilə təhvil vermiş, hal-hazırda avtomaşının ödənişlərini avtomaşını təhvil verdiyi şəxs ödəyir. Ona görə də, Ağsu Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-529/2020 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili, həmçinin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Ağsu Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-529/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Ağsu Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-529/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər Bakı şəhər 32 saylı Notariat Kontoru və DƏDRX-nın 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-529/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş İddiaçıla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-729 reyestrli bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı **********02-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyri-yaşayış binasını oğlu Cavabdeh bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********02-06301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyri-yaşayış binası xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “sol üz sinirinin neyropatiyası” diaqnozu ilə malicə almışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyri-yaşayış binası uzun müddət İddiaçı mülkiyyətində olmuşdur. Yaşlandığından və səhhətində müəyyən problemlər olduğu üçün həmin əmlakı cavabdeh olan oğlu Cavabdeh adına keçirmək qərarına gəlmişdir ki, cavabdeh də orada iş qursun və həm ona, həm də ailəsinə qayğı göstərsin. Bu məqsədlə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279.70 kv.metr olan qeyriyaşayış binasını xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhər 32 saylı Notariat Kontorunda bağışlama müqaviləsi imzalayaraq, əmlakı Cavabdeh bağışlamışdır. Həmin əmlak xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ ilə cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Cavabdeh əmlakı öz adına keçirdikdən sonra aralarında olan razılaşmadan yayınmağa başlamış, hətta razılaşmadan əlavə, ona və ailə üzvlərinə qarşı kobudluq etmiş, atasına qarşı saymamazlıq, hörmətsizlik edir, onunla maraqlanmır, heç bir qayğısına qalmır. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İnsanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlərə yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Cəmiyyətin əsas özəyi olan ailənin və onun bütün üzvlərinin, inkişafının və rifahının müdafiə edilməsi və dəstəklənməsi sağlam, etibarlı ailə münasibətlərinin qorunması baxımından zəruridir. Ailənin sağlam və etibarlı olması ailə üzvləri arasında qarşılıqlı məhəbbət, hörmət, məsuliyyət və yardımlaşma səviyyəsindən birbaşa asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Göründüyü kimi, bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdeh yaşlı atası olan iddiaçıya qayğı göstərməmiş, qeyri-yaşayış binasının icarə pulunu da atasına verməyərək mənimsəmiş, atasının maddi və məişət şəraitinə köməklik göstərməmiş, ona qarşı hörmətsizlik və saymamazlıq etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından müəyyən olundu ki, tərəflər yaxın qohum olmaqla ata-oğuldur və aralarında olan razılaşmaya əsasən cavabdeh yaşlı atası olan iddiaçıya maddi və mənəvi dəstək verməyi öhdəsinə götürmüş, lakin sonradan vədinə əməl etməmişdir. İddiaçı belə vəziyyətdə ümid etdiyi qayğını görmədiyi üçün hazırkı iddianı verdiyini bildirmişdir. Göründüyü kimi, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan iddia tələbləri əsaslıdır. Odur ki, iddia “bağışlama müqaviləsinin ləğv edilməsi” hissəsində təmin edilməklə tərəflər arasında bağlanmış bağışlama müqaviləsi ləğv edilməlidir. Məhkəmə kollegiyası həmçinin iddianın mübahisəli qeyri-yaşayış binasına dair cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, iş üzrə bağışlama müqaviləsindən törəndiyindən, iş üzrə bağışlama müqaviləsi isə ləğv edildiyindən, iddia qeyd edilən hissədə də təmin edilərək, mübahisəli qeyri-yaşayış binasına dair cavabdehin adına verilmiş çıxarış da ləğv edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-529/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-529/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-566/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-566/2021
13.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver