Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-576/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının övladlarıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X1 hər birindən hər ay sabit pul məbləğində 350 manat alimentin və cavabdehlərdən əməliyyat üçün tələb olunan 2500 manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun 4 övladı vardır. Hazırda 66 yaşı var. O, əmək qabiliyyətini itirmişdir. Sol diz qapağından əməliyyat olunmuş, sağ diz qapağının da əməliyyat olunmasına ehtiyac var. Belində 7,5 mm yırtıq var və ona görə də əməliyyat olunmalıdır. O, heç bir yerdə işləmir. Əmək qabiliyyətini tamamilə itirmişdir. Cavabdehlər isə ona yardım etmirlər. O, cavabdehlərə bir ata kimi hər cür qayğı göstərmişdir. Türanəni oxutmuş və işlə təmin etmişdir. Həm maddi, həm də mənəvi dəstəyini əsirgəməmişdir. Eyni zamanda da Günaya həm maddi, həm də mənəvi dəstəyini əsirgəməmişdir. Onun təhsil almasına daim dəstək göstərmiş və ona atasından qalmış miras evi bağışlamışdır. Əlavə cehiz əşyaları almaq üçün 8000 manat pul ödəmişdir. Günay hazırda Almaniya Respublikasındadır, 10.000 avro əmək haqqı alır. Bir valideyn olaraq öz borcunu layiqincə yerinə yetirmişdir. Hazırda əməliyyatına 2500 manat pul lazımdır. Lakin cavabdehlər ona heç bir maddi və mənəvi dəstək göstərmirlər. Cavabdeh Türanə Abidova iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı aylıq 350 manat təqaüd alır, avtomobili vardır və taksi fəaliyyəti ilə məşğul olur, iki mağazası var və onları icarəyə verərək icarə haqqı alır. 2 yerdə fındıq bağı vardır və həmin fındıq bağlarından ildə 12.000-14.000 manat gəlir əldə edir. 4 uşağının və iki ailə üzvünün pay torpaq sahəsindən özü istifadə edir və gəlir əldə edir. Eyni zamanda sələmçiliklə məşğuldur və hər ay gəlir əldə edir. Cavabdeh1 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, hazırda Almaniya Federativ Respublikasında yaşayır. Ona görə də məhkəmə iclaslarında iştirak edə bilmir. İddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. İddiaçı onun təhsil almasında ona kömək etməyib, 10.000 avro maaş almağı isə həqiqət deyil. Qax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(024)-688/2023 nömrəli iş üzrə qəbul etdiyi 22 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Qarayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 hər ay 100 manat, Cavabdeh1 hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı evlidir və 4 övladı var. Hazırda iddiaçının 66 yaşı var. O, əmək qabiliyyətini qismən itirmişdir. Belə ki, iddiaçı orqanizm funksiyalarının 61-80 faiz (ikinci dərəcəli əlillik) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daimi olmaqla əmək pensiyası alır. İddiaçı əmək qabiliyyəti olmayan şəxsdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehlərin əmək qabiliyyətsizliyinin olması müəyyən edilməmişdir. İddiaçı özünü saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də iddiaçı cavabdehlərdən aliment tələb edir. Məhkəmə iddiaçının mənafeyi ilə yanaşı həmçinin cavabdehlərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi aliment miqdarı olduqca yüksək olmaqla yerli şəraitə və cavabdehlərin hazırkı real vəziyyətinə uyğun deyildir. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehlərdən əməliyyat olunması üçün 2500 manat məbləğində pulun alınaraq özünə verilməsini xahiş etmişdir. Lakin iş materiallarına bununla bağlı hər hansı mötəbər sübut əlavə etməmişdir. İş materiallarında olan tibbi sənədlərlə bağlı məhkəmə qeyd edir ki, həmin sənədlər iddiaçının səhhəti ilə bağlı problemlərinin olmasını əks etdirsə də, əməliyyat xərclərinin 2500 manat təşkil etməsini sübut etmir. Ona görə də məhkəmə iddianın həmən hissəsinin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla iddiaçının özü üçün cavabdehlərdən Cavabdeh2 100, Cavabdeh1 isə 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3, 82.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 112.1.3, 234.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri Məhkəmə cavabdehin proses boyunca söylədiyi heç bir ifadəni nəzərə almamışdır. Bundan başqa, iddiaçı tərəf məhkəmə prosesi zamanı heç bir reallığı əks etdirməyən fikirlər bildirmiş, bununla da məhkəməni özünə inandırmağı bacarmışdır. İddiaçı Cavabdeh2 atasıdır və hazırda o, tək yaşamaqdadır. Övladları olaraq cavabdehlər, hər zaman onun qayğısına qalmış, ehtiyaclarında yanında olmağa çalışmışlar. Lakin ailələri birlikdə yaşayan müddətdə iddiaçı tərəfindən övladlarına qarşı hər zaman kobud və ittihamedici münasibət olmuşdur. Birgə yaşam müddətində cavabdehlərin anası iddiaçı tərəfindən göstərilən şiddətə və pis rəftara dözməyərək evi tərk etməli olmuşdur. İddiaçının məhkəmə prosesi zamanı bildirdiyi halların heç bir sübutu və reallığı mövcud deyildir. O, dəfələrlə ağır xəstə olduğunu və müalicələrə ehtiyac duyduğunu ifadə etmişdir. Halbuki iddiaçı yaşına görə yetərincə sağlamdır və özünü idarəetməkdə heç bir çətinlik çəkmir. Bundan başqa, iddiaçının bildirdiyinə görə guya o, qızı Türanəni oxutmuş və işlə təmin etmişdir. Bu iddia əsassızdır. Türanə məhkəmə prosesi zamanı da, işsiz olduğunu və maddi olaraq imkanının olmamasını qeyd etmişdir. İddiaçı bir ata olaraq qızının mövcud ağır vəziyyətini düşünməmiş, bu halda belə qızından pul tələb etmişdir. Bu isə onun ilk öncə bir valideyn olaraq necə birisi olmasını sübut etməkdədir. Bundan başqa, iddiaçı məhkəmə iclası zamanı övladlarına hər zaman qayğı və sevgi göstərdiyini qeyd etmişdir. Bu fikirlər də tamamilə reallığı əks etdirmir və doğru deyildir. Uzun illər boyu, iddiaçı övladlarına, yoldaşına kobud rəftar etmiş, incitmiş, ata və həyat yoldaşı olaraq öz vəzifələrini icra etməmişdir. Bu səbəbdən də, ailəsində daimi problemlər yaşanmışdır. İddiaçı maddi durumunun zəif olması və həqiqətən də alimentə ehtiyac duymasını göstərə biləcək hər hansınsa mötəbər sübut təqdim etməmişdir. Məhkəmə prosesi zamanı iddiaçı tərəf qızı Türanənin maddi vəziyyətinin yetərincə yüksək olduğunu, gəlirinin olmasını və buna görə alimenti ödəyə biləcəyini bildirmişdir. Lakin, bu iddialar tamamilə yalandır və reallığı əks etdirmir. Sübutetmə yükü iddiaçının üzərinə düşsə də, onun bu işlə bağlı heç bir mötəbər sübutu yoxdur. Məhkəmə isə bütün bunları nəzərə almadan, heç bir sənəd sübutu olmadığı halda, heç bir araşdırma aparılmadan iddiaçının bu əssasız iddiasını təmin etmişdir. b) Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri Dəlilləri Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının tələb etdiyi aliment məbləği qızı Günayın real vəziyyətinə uyğun deyildir. Belə ki, Günay uzun zamandır ölkə xaricindədir və işləyərək ailəsini təmin etməyə çalışır. Bunu bilən iddiaçı tərəf isə, məhkəmədə guya Günayın xaricdə işləyərək yüksək əmək haqqı aldığını və buna görə də ona aliment ödəyə bilmək qabiliyyətində olduğunu iddia etmişdir. Lakin bu tamamilə əsassız fikirdir. Günayın aylıq gəliri yalnız onun xırda ehtiyaclarını ödəməyə yetərlidir və bununla da aliment ödəyə bilməyi mümkün deyildir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçının tələbi qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş və məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdehlər şikayətlərində qətnamənin tam ləğv olunması xahiş etsələr də, apellyasiya şikayətinin məzmunundan görünür ki, onlar iddia tələbinin təmin edilən hissəni mübahisələndirmişlər. Məhkəmə iddia predmetinin bölünməz olmadığını və Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini əsas götürərək məhkəmə aktının qanuniliyini və əsaslılığını mübahisləndirilən hissədə yoxlamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, onun cavabdehlərin puluna ehtiyacı yoxdur. Onun aldığı pensiya onun tələbatını ödəyir. Lakin uşaqları bir valideyn kimi ona hörmətlə yanaşmırlar. O, uşaqları olan cavabdehlərdən narazı və hirsli olduğu üçün bu iddianı qaldırmışdır. Onun, uşaqlarının puluna ehtiyacı olmadığından tutulan alimenti xeyriyyə işləri üçün istifadə edəcək. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Maddə 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 82-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar(maddə 82.1). Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur(maddə 82.2). Qeyd olunan maddədən görünür ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. İşin faktiki hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 82.1-ci maddəsinin dispozitiv şərtləri mövcud deyil. Belə ki, iddiaçının əmək qabiliyyətsiz olduğu iş matterialları ilə öz təsdiqini tapmağına və işin mübahisəsiz halı olmasına baxmayaraq, iddiaçı özü apellyasiya baxışının məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onun pensiyası onun yaşaması üçün kifayət edir, onun uşaqlarının maddi yardımına ehtiyacı yoxdur. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının aliment tələbi barədə iddiası əsassızdır. Buna baxmayaraq, Rayon Məhkəməsi iddia tələbini qismən təmin etməkdə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Hazırki iş üzrə Qax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-576/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-576/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver