Məhkəmə qərarları › İş №2(107)-577/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-577/2024

01.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-577/2024 01.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(016)-1123/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh ilə el-adətinə uyğun ailə qurmuş və aralarındakı nikah rəsmi olaraq qeydə alınmamışdır. Ər-arvadlıq münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə 11 iyun 2017-ci il tarixdə Fidan, 29 mart 2019-cu il tarixdə Aydan və 04 sentyabr 2021-ci il tarixdə isə Ayxan adlı uşaqları anadan olmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü Fidan, xx.xx.2019-cu il təvəllüdlü Aydan və xx.xx.2021-ci il təvəllüdlü Ayxan adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə el-adətinə uyğun ailə qurmuş və aralarındakı nikah rəsmi olaraq qeydə alınmamışdır. Ər-arvadlıq münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə 11 iyun 2017-ci il tarixdə Fidan, 29 mart 2019-cu il tarixdə Aydan və 04 sentyabr 2021-ci il tarixdə isə Ayxan adlı uşaqları anadan olmuşdur. Hazırda həmin uşaqlar onunla birlikdə yaşayır. Cavabdehlə ər-arvadlıq münasibətlərinin bərpa edilməsinə heç bir ümid qalmamışdır. Belə ki, cavabdeh o və uşaqları ilə maraqlanmır. Uzun müddətdir ki, ailə təminatlarını ödəmir və spirtli içki aludəçisidir. Bu səbəbdən də, cavabdehlə ayrılmaq qərarına gəlmişdir. Çünki ailəsinə hörmət etməyən, özü üçün biganə həyat yaşayan, uşağı ilə maraqlanmayan, onun maddi çatışmazlığını qarşılamayan belə bir həyat yoldaşı ilə birlikdə yaşamaqları heç cürə mümkün deyil.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə və tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 130 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır.

5. Ağsu Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(016)-1123/2023 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia qismən təmin olunmuş, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh 29 sentyabr 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat məbləğində, sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 66,80 (altmış altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 100-cü maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: AZ-İİİ seriyalı 865720 nömrəli doğum haqqında şəhadətnamə AZ-İV seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamə AZ-İV seriyalı 556191 nömrəli doğum haqqında şəhadətnamə Ağsu rayonu A.Mirzəyev adına Nəmirli kənd ümumi orta məktəbi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, 39 nömrəli arayış

8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, gələcəkdə çıxarılmış qətnamənin icrası qeyri mümkün olması nəzərə alınmalı və İddiaçı CavabdehKifayət oğluna qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia Ailə Məcəllənin 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə - cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı məbləğində təmin edilməli idi. Hesab edir ki, cavabdehin gəliri konkret olduğuna görə və onun başqa gəlirləri olmadığına görə, iş materiallarında cavabdehin başqa gəlirlərinin olması barədə heç bir sübut olmadığına görə qeyd olunan məcəllənin 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə cavabdeh qazancının (başqa gəlirlərinin) yarısıməbləğində aliment ödəməlidir. Beləliklə, iş materialları ilə sübut olunur ki, cavabdehin yeganə qazancı ayda aldığı 371 manat əmək haqqı puludur. Onun başqa gəlir yeri yoxdur. İş materiallarında olan - Ağsu rayonu A.Mirzəyev adına Nəmirli kənd ümumi orta məktəbi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, 39 nömrəli arayışdan görünür ki, Cavabdeh məktəbdə dalandar vəzifəsində işləməklə 371 manat əmək haqqı alır.

10. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(016)- 1123/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiası əsassız olduğu üçün təmin edilməməsini, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh 29 sentyabr 2023-cü il tarixdən başlayaraq, hər ay Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(016)-1123/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

13. Cavabdeh və nümayəndəsi və vəkili Vəkil işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

15. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya:

16. Qərarlar: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(016)- 1123/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olmasını nəzərə alaraq hesab edir ki, hər ay hər uşaq üçün 130 manat alimentin tutulması ağlabatan və ədalətli hesab olunmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Ailə Məcəlləsi uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarının sabit pul məbləğində tutulmasını müəyyən etmişdir. Bunun üçün hallardan biri də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozmasıdır ki, hazırki halda 371 manatın yarısı 185.5 manat edir ki, bu da bir uşaq üçün 61.8 manat aliment tutulması deməkdir. Həmin məbləğdə aliment tutulması nəinki iddiaçının, başlıcası da uşaqların hüquqlarının əhəmiyyətli dərəcədə pozulması demək olardı. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(016)-1123/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(016)-1123/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar