Məhkəmə qərarları › İş №2(107)-578/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-578/2024

16.04.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-578/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Şəki Rayon Məhkəməsinin 2(075)-5988/2017 saylı, 22 fevral 2024-cü il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1562,67 ABŞ dolları kredit borcu, 983,02 ABŞ dolları faiz borcu və 546,93 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3092,62 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumu olan 20 manatın borclular Borclu1 və Borclu2 alınaraq kreditorun xeyrinə verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kreditor MMC-nin tələbi Şəki Rayon Məhkəməsinin 2(075)-5988/2017 nömrəli, 22 sentyabr 2017-ci il tarixli əmri ilə təmin olunmuş, borclular Borclu1 və Borclu2 Azərbaycan Respublikası Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 1562,67 ABŞ dolları kredit borcu, 983,02 ABŞ dolları faiz borcu və 546,93 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3092,62 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumu olan 20 manatın alınaraq Kreditor MMC-nin xeyrinə verilməsi qərara alınmışdır. Borclu2(bundan sonra- borclu) 20 fevral 2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinin 2(075)-5988/2017 nömrəli, 22 sentyabr 2017-ci il tarixli əmrindən etiraz vermişdir. Şəki Rayon Məhkəməsinin(bundan sonra-Rayon Məhkəməsi) 22 fevral 2024-cü il tarixli qərardadı ilə etiraz geri qaytarılmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, borclu məhkəmə əmrinə etirazı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək vermişdir. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5988/2017 saylı məhkəmə əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan borclu qərardaddan verdiyi şikayətdə bildirir ki, Şəki Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(075)- 5988/2017 saylı qərardadında “onun tərəfindən 7 il sonra məhkəmə əmrinə etiraz verildiyi” qeyd edilmişdir. Bununla bağlı bildiririr ki, əmək haqqımdan tutulmaların aparıldığından bu ilin fevral ayında məlumatı olmuş və 12 fevral 2024-cü il tarixdə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək əmrin surətinin verilməsini xahiş etmişdir. 15 fevral 2024cü il tarixdə də qəbzə imza edərək həmin əmrin surətini almışdır. Yəni iş materiallarında məhkəmə əmrinin ona çatdırılması barədə 15 fevral 2024-cü il tarixli qəbzdən başqa hər hansı sənədin olması mümkünsüzdür. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. 15 fevral 2024-cü il tarixdə rəsmi qaydada aldığı məhkəmə əmrindən qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmədən, yəni 20 fevral 2024-cü il tarixdə etiraz vermişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. İş materialları ilə müəyyən olunur ki, 13 oktyabr 2017-ci il tarixdə Şəki Rayon Məhkəməsinin 2(075)-5988/2017 nömrəli, 22 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 21 fevral 2024-cü il tarixli, 145 saylı məktubundan görünür ki, Borclu2 əmək haqqında vaxtaşırı tutulmaların aparılması üçün aidiyyəti üzrə onun iş yerinə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilmişdir. Borclu2 əmək haqqından aparılmış tutulmalar xx.xx.2023-cü il tarixdə 351,86 manat, xx.xx.2023-cü il tarixdə 351,86 manat, xx.xx.2023-cü il tarixdə 406,26 manat və xx.xx.2024-cü il tarixdə 283,37 manat tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarına mübahisələndirilən məhkəmə əmrinin tərəflərə göndərilməsi ilə bağlı məktub əlavə olunsa da, məhkəmə əmrinin Borclu2 çatdırılması barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Lakin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 21 fevral 2024- cü il tarixli, 145 saylı məktubu ilə müəyyən olunur ki, 2023-cü ilin noyabr ayında borclunun əmək haqqından tutulmalar aparılmağa başlamışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, borclunun həmin tarixdən başlayaraq məhkəmə əmrindən məlumatı olmuşdur. Lakin borclu qanunda nəzərdə tutulan müddəti ötürərək etiraz ərizəsi ilə məhkəməyə 20 fevral 2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “məhkəmə əmrinə verilmiş etirazın geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan borclunun verdiyi şikayəti təmin etməməkdə haqlı olmamışdır. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəki Rayon Məhkəməsinin 2(075)-5988/2017 saylı, 22 fevral 2024-cü il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 fevral 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar