Məhkəmə qərarları › İş №2(107)-588/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-588/2021

24.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-588/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı şəhərsalma və tikinti qaydalarının pozulması ilə inşa edilmiş tikilinin sökülməsi, qonşu həyətə açılan pəncərələrin qapadılması və qonşunun ərazisindən aparılmış qaz xəttinin özünə məxsus ərazidən aparılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1116/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1116/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı Cavabdeh onlara məxsus ərazidən zəbt edərək hamam inşa etdiyi divarın sökülərək öz qanuni yerinə qaytarılması, qanunsuz olaraq ara divar üzərində tikdiyi hamamın özünün hesabına sökülməsi tələbinə dair iddiaları təmin edilməmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 dövlət büdcəsinə ödədikləri 10 manat məbləğində dövlət rüsumu xərcinin onların özlərinə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada alınıb “xxxx” MMC-nin Kapital Bank ASC-nin Gənclik Mall filialındakı KOD 201025 VÖEN **********, SWİFT kod AİİBAZ2x, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AİİB******************** hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus ərazidən zəbt edərək hamam inşa etdiyi divarın sökülərək öz qanuni yerinə qaytarılması, qanunsuz olaraq ara divar üzərində tikdiyi hamamın özünün hesabına sökülməsi, onlara məxsus həyətdən aparılan qaz borusunun özünün hesabına sökülməsi, onlara məxsus həyətə cavabdehə məxsus evin açılan pəncərələrinin özünün hesabına tikilərək qapadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, o, Cavabdeh ilə qonşudur, həmçinin, Cavabdeh onun ərinin qardaşı oğludur. O, 60 ildir ki, ünvan 1 ünvanında yaşayır. O, həmin evə köçəndən 1-2 il sonra Cavabdeh qonşuluğunda, yəni, ünvan 2 ünvanında ev inşa etmişdir. Cavabdeh özünə hamam inşa edərkən sərhədləri pozmuş və həmin hasarı onlara məxsus torpağı zəbt etməklə inşa etmiş, hamımın şirvalını da onlar tərəfə qoymuşdur. Həmçinin, Cavabdeh qaz paylayıcı xəttini onun həyətindən keçirərək aparır və pəncərəsini onun evinə tərəf qoymuşdur. Cavabdeh 30 ildən çoxdur ki, ailəlidir, burada yaşayır. Cavabdeh inşa etdiyi həmin tikililər, o cümlədən onun həyətindən keçən qaz borusu onların öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etmələrinə maneəçilik törədir və bununla da onların mülkiyyət hüquqları pozulur. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Lakin, iddiaları üzrə verilmiş ekspert rəyi ilə razı deyildirlər. Hesab edir ki, iddia tələbləri əsaslıdır və iddianı müdafiə edirlər. Odur ki, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 da mahiyyət etibarı ilə İddiaçı2 ilə eyni məzmunlu izahatı verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında göstərmişdi ki, İddiaçı2 onun əmisinin yoldaşıdır. Onun özünə məxsus ünvan 3 ünvanında yerləşən evin tikinti işləri hələ 1960-cı illərdən başlanılmışdır. Evin tikintisi onun atası tərəfindən başlanmışdır. Anası isə atasının vəfatından sonra bankdan kredit borcu götürərək evin tikinti işlərini davam etdirmişdir. Ən əsası isə həmin evin tikinti işləri aparılarkən pəncərənin hansı hissəyə tərəf yönəldiyi iddiaçılara əvvəlcədən məlum olmuşdur. O, həmin tikinti işlərini qaydalara uyğun aparmışdır. Həmçinin iddiaçıların həyətindən keçərək qazın verilməsi üçün çəkilən qaz borusu uzun illərdir hazırki ərazidən keçmişdir. İddiaçılarla bərabər və iddiaçılardan da əvvəl qonşu tərəfdə əmisi yaşayırdı və bunlardan əmisinin də məlumatı olmuşdur. O, mübahisəli hamamın ətraf divarını 2003-cü ildə inşa etsə də, hamamın özünü 1997-ci ildə inşa etmişdir. Hesab edir ki, iddiaçıların iddiaları əsaslı deyildir. Buna görədə iddianı qəbul etmir və iddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X4 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin adı yuxarıda qeyd edilən qətnaməsini, prosessual normalarını düzgün tətbiq edilməməsi ilə əsassız hesab edir. Eyni ekspertizanın, ayrı-ayrı işlər üzrə verilmiş ekspertiza rəylərinin hər biri, ayrıayrılıqda 300 manat qiymətləndirilmişdir. Hər iki prosess üzrə tərəflərindən “Məhkəmə tikinti-texniki ekspertizası”-nın qanunauyğun olmayan rəylərinə etdikləri etirazlar qəbul edilməmişdir. Belə ki, 2(075)-271/2020 saylı iş üzrə, son məhkəmə baxış iclası, xx.xx.2020-ci il tarixdə saat 14:00-a, 2(075)-1116/2020 saylı iş üzrə isə həmin gün saat 14:30-a təyin edilmiş və həmin prosesslər üzrə ancaq bir məhkəmə iclası keçirilməklə, eyni saatda hər iki iş üzrə qətnamələr qəbul edilmişdir. Eyni məhkəmənin və eyni hakimin, eyni tərəflər arasında və eyni tələblər üzrə, Şəki rayon Məhkəməsinin icraatında olmuş mülki 271 və 1116 saylı işlərin eyni icraatda birləşdirilməsi qanuna uyğun olacaqdı. Həmin işlər üzrə təyin edilmiş “Məhkəmə tikintitexniki ekspertizası”-nin rəylərinin birləşdirilməsi də qanuna uyğun olacaqdı. Ona görə də, Şəki Rayon Məhkəməsinin mülki 271 və 1116 saylı işləri üzrə verilmiş apellyasiya şikayətlərinin bir icraatda birləşdirilərək baxılmasını, Şəki Rayon Məhkəməsinin mülki 271 və 1116 saylı işləri üzrə təyin etdiyi “Məhkəmə tikinti-texniki ekspertizası”-nın işlər üzrə verdiyi rəylərin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin uyğun maddələrinin tələblərinin pozulması ilə verildiyinə görə ləğv edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1116/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin iş üzrə Cavabdeh onlara məxsus ərazidən zəbt edərək hamam inşa etdiyi divarın sökülərək öz qanuni yerinə qaytarılması, qanunsuz olaraq ara divar üzərində tikdiyi hamamın özünün hesabına sökülməsi, onun onlara məxsus həyətdən aparılan qaz borusunun özünün hesabına sökülməsi, onlara məxsus həyətə, cavabdehə məxsus evin açılan pəncərələrinin özünün hesabına tikilərək qapadılmasına dair qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1116/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1116/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş **********44-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, X7 prospekti dalan 37, ev 12 (Yeni qaydalarla Şəki şəhəri, X7 küçəsi ev 1231) ünvanında 0,117 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100,4 kvadrat metr sahəsi olan fərdi yaşayış evindən ibarət əmlak-evi 1/8 hissə və torpaq sahəsi ümumi birgə İddiaçı1, fərdi yaşayış evi 5/8 hissə və torpaq sahəsi ümumi birgə İddiaçı2, fərdi yaşayış evi 1/8 hissə və torpaq sahəsi ümumi birgə X1 və fərdi yaşayış evi 1/8 hissə və torpaq sahəsi ümumi birgə X3 adlarına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2008-ci il tarixdə verilmiş **********73-10301 reystr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, X7 prospekti dalan 37-də mülkiyyətində olan 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 40 kvadrat metr yaşayış sahəsindən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan məhkəmə tikinti texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 420 saylı rəyində göstərilmişdir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında Cavabdeh inşa etdirdiyi hasarın hündürlüyü 2.2 metr olmaqla Şəhərsalma Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə, həmin hasara bitişik hamam tikilisinin sahəsi təxminən 8 kvadrat metr olmaqla, 79.1.9-cu maddəsinin tələblərinə uyğun inşa edilmişdir. Həmin hamamın və hamam inşa etdiyi divarın saxlanılması iddiaçılar İddiaçı2 və İddiaçı1 tikinti-texniki cəhətdən hüquqlarının həyata keçirilməsinə maneəçilik tötərmir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 71-ci maddəsinin 1-ci bəndinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1 və 152.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1 və 119.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh onlara məxsus ərazidən zəbt edərək hamam inşa etdiyi divarın sökülərək öz qanuni yerinə qaytarılmasını, qanunsuz olaraq ara divar üzərində tikdiyi hamamın özünün hesabına sökülməsini, onlara məxsus həyətdən aparılan qaz borusunun özünün hesabına sökülməsini, onlara məxsus həyətə cavabdeh məxsus evin açılan pəncərələrinin özünün hesabına tikilərək qapadılmasını tələb edirlər. Cavabdeh isə iddianı qəbul etmir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2 (075)-1116/2020 nömrəli qərardadına əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı olan hazırki iddia tələblərinin onlara məxsus həyətdən aparılan qaz borusunun özünün hesabına sökülməsi, onlara məxsus həyətə cavabdehə məxsus evin açılan pəncərələrinin özünün hesabına tikilərək qapadılması ilə bağlı hissəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh inşa etdiyi hamamın, hamam inşa etdiyi divarın onların öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneəçilik törətdiyini və bununla da onun mülkiyyət hüquqlarının pozulduğunu əsas göstərməklə hazırki tələblə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh məxsus evdə tikinti işləri aparılarkən tikinti norma və qaydalarına riayət edilib-edilməməsi, aparılan tikinti işlərinin iddiaçının öz hüquqlarını həyata keçirməsinə maneçilik törədib törədibtörətməməsinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspertizanın aparılması “xxxx” MMC-nin ekspertlərinə həvalə edilməlidir. “xxxx” MMC tərəfindən verilmiş məhkəmə tikinti texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 420 saylı rəyində göstərilmişdir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında Cavabdeh inşa etdirdiyi hasarın hündürlüyü 2.2 metr olmaqla Şəhərsalma Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə, həmin hasara bitişik hamam tikilisinin sahəsi təxminən 8 kvadrat metr olmaqla, 79.1.9-cu maddəsinin tələblərinə uyğun inşa edilmişdir. Həmin hamamın və hamam inşa edilmiş divarın saxlanılması iddiaçılar İddiaçı2 və İddiaçı1 tikinti-texniki cəhətdən hüquqlarının həyata keçirilməsinə maneəçilik tötərmir. Birinci instansiya məhkəməsi iş üzrə verilmiş məhkəmə tikinti texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 420 saylı rəyinə istinad edərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbləri əsaslı deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı Cavabdeh onlara məxsus ərazidən zəbt edərək hamam inşa etdiyi divarın sökülərək öz qanuni yerinə qaytarılması, qanunsuz olaraq ara divar üzərində tikdiyi hamamın özünün hesabına sökülməsi tələbinə dair iddiaları təmin edilməməlidir. İddia təmin edilmədiyinə görə iddiaçılar İddiaçı2 və İddiaçı1 dövlət büdcəsinə ödədikləri 10 manat məbləğində dövlət rüsumu xərci onların özlərinə aid edilməlidir. İddia təmin edilmədiyindən ekspertiza tədqiqatanın dəyəri olan 300 manat iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada alınıb “xxxx” MMC-nin Kapital Bank ASC-nin Gənclik Mall filialındakı KOD 201025 VÖEN **********, SWİFT kod AİİBAZ2x, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AİİB******************** hesabına ödənilməlidir. Həmçinin, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1116/2020 nömrəli qərardadına əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələblərinin onlara məxsus həyətdən aparılan qaz borusunun özünün hesabına sökülməsi, onlara məxsus həyətə cavabdehə məxsus evin açılan pəncərələrinin özünün hesabına tikilərək qapadılması ilə bağlı hissəsinin baxılmamış saxlanılmasının qərara alınması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apellyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1116/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1116/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar