Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-607/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment və alimentin artırılması tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tаrixli, 2(014)-1996/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment və alimentin artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından 05 may 2019-cu ildə anadan olmuş X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq və 23 may 2020-ci il tarixdə anadan olmuş X10 adlı uşağın saxlanılması üçün hər ay 170 manat miqdarında alimentin, uşaqların 3 yaşı tamam olana kimi 200 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ağdaş Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tаrixli, 2(014)-1996/2020 nömrəli (hakim F.Nəsibov) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(014)-167/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyirinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05 may 2019-cu ildə anadan olmuş X1 üçün İddiaçı xeyrinə hər ay 140 (yüz qırx) manat aliment tutulması, Cavabdeh 27 avqust 2020-ci il tarixdən başlayaraq 23 may 2020-ci il tarixdə anadan olmuş X2 üçün İddiaçı xeyrinə hər ay 140 (yüz qırx) manat aliment tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tаrixli, 2(014)-1996/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, alimentin azaldılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 23.11.2017-ci ildə ailə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikah dövründə bir övladları dünyaya gəlmişdir. 05.05.2019-cu il təvəllüdlü X11 dünyaya gəlmişdir. Ünsiyyətləri alınmadığı üçün Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun birgə nikahlarından 05.05.2019-cu il tarixdə anadan olmuş X4 onun himayəsində saxlanılması, Cavabdeh 20 dekabr 2019-cu il tarixdən başlayaraq, 05.05.2019-cu il tarixdə anadan olmuş X1 üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, qətnamə çıxarılarkən o, hamilə olmuşdur. 23 may 2020-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. Cavabdeh uşaqları ilə maraqlanmır, uşaqlarına qarşı heç bir qayğı göstərmir, onların saxlanılmasında ona heç bir köməklik göstərmir və ümumiyyətlə onlara yardım göstərilməsindən imtina edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onun işsizliyini və maddi vəziyyətini nəzərə almadan tələb irəli sürmüş, məhkəmə isə iddianı tam olaraq təmin etmişdir. Hazırda o həmin məbləği tam olaraq ödəmək iqtidarında deyildir. Hazırda işsizdir. Bu səbəbdən də o həmin qərar ilə razı deyildir. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(014)-1996/2020 saylı qətnaməsinin ləğv edilərək aliment miqdarının hər uşaq üçün 80 manat təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş əvvəlki alimenti ödəməkdə çox çətinlik çəkir. Stabil aylıq qazancı yoxdur, ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Ağdaş rayon İHB-in Kotavan kənd İƏD üzrə nümayəndəliyinin 25 avqust 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı X12 və X10 adlı iki uşaqları vardır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 may 2020-ci il tarixdə anadan olmuş X5 valideynləri X9 və İddiaçıdır. Qeydiyyat şöbəsinin arayışının surətindən görünür ki, 05 may 2019-cu ildə anadan olmuş X4 valideynləri Cavabdeh və İddiaçıdır. Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, Cavabdeh ilə X8 arasında 23 noyabr 2017-ci il tarixdə rəsmi nikah qeydi bağlanmışdır. 13 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahlarından 05.05.2019-cu il tarixdə anadan olmuş X11 anaları X3 himayəsində saxlanması, Cavabdeh 20 dekabr 2019-cu il tarixdən başlayaraq, 05.05.2019-cu il tarixdə anadan olmuş X1 üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdi Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün əsas ola bilməz. Belə ki, apelyаsiyа şikаyətinin dəlillərində cavabdeh heç yerdə işləmədiyini, qeyd edilən məbləği ödəmək iqtidarında olmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi X4 və X2 üçün İddiaçı xeyrinə hər ay ödənilməli olan 140 (yüz qırx) manat alimentin miqdarını müəyyənləşdirərkən işin bütün hallarını, hər iki valideynin uşağın saxlanılması üçün məsuliyyət daşıdığını və müəyyənləşdirilmiş məbləğin bir ay ərzində uşağın dolanışığını təmin etmək üçün yetərliliyini nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsaslı hesab etmir. İkincisi, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsi 2000 manatdan çox olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tаrixli, 2(014)-1996/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-607/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-607/2021
01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver