Məhkəmə qərarları › İş №2(107)-608/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-608/2020

05.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-608/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-993/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 65000 (altmış beş min) ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-993/2019 saylıqətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Ağdaş Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı Moskvada olarkən əvvəldən tanıdığı, Zaqatala rayon Bəhmətli kənd sakini xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh ona bildirmişdir ki, onun Zaqatalada torpaq sahəsi var, birlikdə “İstilikxana” tikmək, tərəvəz məhsulları əkmək və Moskvada satıb pul qazansınlar. Həsrət ona deyib ki, bu işi görmək üçün 100000 (yüz min) ABŞ dolları lazımdır. O, deyib ki, bəs bu işi kim görəcək və onun pul qoymağa imkanı varmı? Həsrət ona bildirib ki, onun hardasa 35-40 min ABŞ dolları var, qalan pulu da o qoysun, qalan işləri də özü görəcək. İddiaçı evə gələndə gəlib işlərin gedişatı ilə maraqlanar. O, da inanıb 2017-ci ildə Həsrətə 65000 ( altmış beş min) ABŞ dolları verib. Bildirir ki, həmin pulun 20000 (iyirmi min) ABŞ dollarını Moskvada, qalanını, yəni son dəfə 45000 (qırx beş min) ABŞ dollarını isə Zaqatalada dayısı oğlu Yekibaşov Mürsəl Xəlil oğlunun yanında vermişdir. Bir müddət Azərbaycana gələ bilməsə də Həsrətlə əlaqə saxlayarkən Həsrət ona deyib ki, arxayın ol, artıq xeyli işlər görmüb, yaxın vaxtlarda gələndə əkinlə məşğul olarlar. Təxminən iki ay bundan əvvəl evə, yəni Bakı şəhərinə ailəsinin yanına gəlmişdir. Həsrətə nə qədər zəng etsə də, Həsrətə zəng çatmayıb və onu tapa bilməyib. Zaqatalaya gəlib orda maraqlanıb, ona deyiblər ki, Həsrət Moskvadadır burda deyil. O, başa düşüb ki, Həsrət onun etibarından sui istifadə edərək, onu aldadaraq, pulunu ələ keçirib mənimsəmişdir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-993/2019 saylı qətnaməsi ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-993/2019 saylı qətnaməsi ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-993/2019 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-993/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etməklə iş üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh Moskva şəhərində olarkən əvvəldən tanıdığı, İddiaçı 55 000 ABŞ dolları məbləğində pul almışdır. Pul almaqda məqsədi maral buynuzu alveri ilə məşğul olmaq olmuşdur. Alverdən qazanılacaq gəlirin 30 faizi iddiaçıya çatmalı idi. Lakin 55000 (əlli beş min) ABŞ dollarlıq maral buynuzunu verməli olan adam onu gecikdirmiş, eyni zamanda mal satılmamışdır. Aldığı 55000 (əlli beş min) ABŞ dolları pulu isə iddiaçıya qaytara bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların ikisi zərər vurulması, əsassız varlanma mövcuddur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, Cavabdeh məhkəmə kollegiyasının audio və vidieo çəkilişlə aparılan 20 fevral tarixli iclasında iştirak edərək izahatında göstərmişdir ki, Moskva şəhərində olarkən əvvəldən tanıdığı,İddiaçı 55 000 ABŞ dolları məbləğində pul almışdır. Pul almaqda məqsədi maral buynuzu alveri ilə məşğul olmaq idi. Alverdən qazanılacaq gəlirin 30 faizi iddiaçıya çatmalı idi. Lakin 55000 (əlli beş min) ABŞ dollarlıq maral buynuzunu verməli olan adam onu gecikdirmiş, eyni zamanda mal satılmamışdır. Aldığı 55000 (əlli beş min) ABŞ dolları pulu isə iddiaçıya qaytara bilməmişdir. Göründüyü kimi cavabdeh iddiaçıdan 55000 (əlli beş min) ABŞ dolları pul aldığını, lakin pulu qaytarmadığını məhkəmə kollegiyasının iclasında etiraf etmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia qalan hissədə təmin edilə bilməz. Çünki iddianın həmin hissədə də əsaslı olması barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)- 993/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 55000 (əlli beş min) ABŞ dolları pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə edilməlidir. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə manata məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə iş üzrə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-993/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-993/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 55000 (əlli beş min) ABŞ dolları ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar