Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-615/2025 06.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “avtomobilə vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan tələbi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(051)- 88/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun avtomobilinə vurulmuş ziyanın əvəzi olaraq 3020 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Alışov X3 rayonu, Bozlu kəndində arı saxlayır. xx.xx.2024-cü il tarixdə ona məxsus “Dodge Nitro” markalı **-EE-*** dövlət qeydiyyat nişanı avtomobil ilə hərəkətdə olduğu zaman cavabdeh ona məxsus avtomobili Kamaz markalı yük maşını ilə vurmuş və nəticədə onun avtomobilinə 3020 manat ziyan dəymişdir. Həmin hadisə ilə bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılmış və cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Avtomobilə dəymiş ziyan aktı polis şöbəsində materiala əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsindən imtina etdiyini, Cavabdeh ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir.
4. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etdiyi məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən qəbul etdiyini, xx.xx.2024-cü il tarixdə Ağdərə rayonundan Hərbi kalonda gələn vaxtı onun idarə etdiyi Kamaz markalı yük maşınının sürüşmə nəticəsində yoldan çıxdığını və İddiaçı məxsus “Dodge” markalı maşına dəydiyini bildirmişdir. İddiaçının qeyd etdiyi ona dəymiş ziyan kimi göstərilən 3020 manat məbləğində pulu birdəfəlik ödəyə bilməyəcəkdir. Təyin olunacaq məbləği hər ay 100 manat məbləğində ödəyə biləcəkdir.
5. Mingəçevir Şəhər Məhkəməsinin (hakim G.Quliyeva) 11 aprel 2025-ci il tarixli, e- 2(051)-88/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh N nömrəli hərbi hissənin sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur. İşlədiyi Hərbi hissənin müvafiq göstərişi ilə müvəqqəti olaraq Kəlbəcər rayon N saylı Hərbi hissəyə ezam getmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh Hərbi hissənin yemək tədarükünü təmin etmək məqsədi ilə Gəncə şəhərinə gedən zaman hərbi kalonla hərəkətdə olduqları vaxtda Ağdərə rayon, Çardaqlı kənd istiqamətində yol çınqıl üz örtüyü olduğu üçün idarə etdiyi “Kamaz” markalı avtomaşın çınqılda sürüşərək qarşı zolaqda hərəkət edən iddiaçıya məxus “Dodge” nitro markalı avtomaşınla toqquşmuşdur. İddiaçının avtomobilinə ziyan dəymişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Müdafiə Nazirliyinə məxsus hərbi hissənin sürücüsü olduğundan, mülki hüquq pozuntusu cavabdehin müvafiq hərbi hissənin komandanlığı altında vəzifəsini icra etdiyindən avtomobilə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəlməli idi. İddia tələbinə cavab verməli olan dövlət orqanına qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tələb irəli sürülmədiyindən məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olub-olmadığı mövqeyində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə cavabdehin əvəz olunması məsələsini həll etməlidir. İddiaçı cavabdehin əvəz edilməsindən imtina etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından, İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, bununla da, işə irəli sürülmüş tələb üzrə baxıldığından, mövcud iddia rədd edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1108.1- ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1, 54.2, 217.1, 217.3 -ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hazırda mübahisləndirilən qətnaməsində cavabdehin təqsirliliyinə dair faktlar müəyyən edilmişdir. Belə ki, işdə olan sübutlarda qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər sakini Cavabdeh etibarnamə ilə idarə etdiyi “Kamaz”markalı AZ QQC- 456 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdərə rayonu, Çardaqlı kəndi ərazisindən keçən çınqıl örtüklü yol ilə hərəkətdə olan zaman qarşıdan gələn nəqliyyat vasitəsini gözləmədən əks hərəkət istiqamətinə çıxaraq ötmə əməliyyatı həyata keçirmiş, nəticədə qarşıdan gələn Bərdə rayon, Qarağacı kənd sakini İddiaçı idarə etdiyi “Dodge”markalı **-EE-*** dövlət qeydiyyat nişanı avtomobillə toqquşmuşdur. Toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin RPŞ-nin DYPB-nə həvalə edilməsi qərara alınmışdır.”
11. Həmçinin cavabdehin əməlinin təqsirliliyi məhkəmə tərəfindən də müəyyən edilmişdir. Məhkəmə qətnaməsindən görünür ki, cavabdeh qanuni qaydada nəqliyyat vasitəsindən yararlanaraq ona ziyan vurmuşdur. Mülki Məcəllənin 1108.1-ci maddəsindən görünür ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Hazırkı iş üzrə məhkəmə qətnaməsi ilə də, cavabdehin təqsirinin mövcüdluğu təsdiqini tapsa da, qeyd edilən mülki məcəllənin normasının mətnində açqı şəkildə “yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar” ifadəsinin yer alması cavabdehin törədilmiş və ona dəymiş zərərdə təqsirini əsaslandıran maddi hüquq normasıdır. Bundan başqa , Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə ARMN-nin cavabdeh olmasını irəli sürərkən cavabdehlə AR MN-nin arasında müqavilə olub olmaması məsələsinə qiymət verməmişdir və belə olan halda cavabdehin öhdəliyi delikt öhdəlidir və bunun üçün də cavabadeh ona vurulmuş maddi ziyanı ödəməlidir.
12. Məhkəmə işdə olan sübütları hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və həm maddi normanın, həm prosessual normanın tələblərini kobud şəkildə pozmuşdur.
13. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(051)- 88/2025 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmənin kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(051)-88/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
18. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 21.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). 22.Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. 23.Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. 24.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. 25.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 26.İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə zərərin ödənilməsi ilə bağlıdır. 27.Belə ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus “Dodge Nitro” markalı **-EE-*** dövlət qeydiyyat nişanı avtomobilinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 3020 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Kollegiyanın iclasında müəyyən edildi ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus AZ QQC-456 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı nəqliyyat vasitəsi ilə Ağdərə rayonu, Çardaqlı kəndi ərazisindən hərəkətdə olan zaman Bərdə rayon, Qarağacı kənd sakini İddiaçı idarə etdiyi “Dodge” markalı **-EE-*** dövlət qeydiyyat nişanı avtomobili ilə toqquşmuş və nəticədə İddiaçı avtomobilinə 3020 manat məbləğində maddi ziyan dəymişdir. 29.Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddia tələbinin tam təmin edilməsini tələb edir. 30.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. 31.Belə ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. 32.Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. 33.Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. 34.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (Mülki Məcəllə 21). 35.Bundan başqa məhkəmə kollegiyası başqa bir məqamıda qeyd edir ki, istər hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. 36.Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 37.Yuxarıda qeyd edilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. 38.İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. 39.Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. 40.Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. 41.Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh olmasını irəli sürərkən cavabdehlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arasında müqavilə olubolmaması məsələsinə qiymət verməməsi, cavabdehin öhdəliyinin delikt öhdəlik olması və bunun üçün də cavabadehin ona vurulmuş maddi ziyanı ödəməli olması ilə bağlı dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, iş materialları ilə müyyən olunur ki, cavabdeh hadisə zamanı Müdafiə Nazirliyinin nəzdində olan N nmrəli hərbi hissəyə məxsus avtomobili idarə etmiş, özü isə həmin hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla hərbi hissə komandanlığının əmr, tapşırıq və təlimatlarına əsasən hərəkət etmişdir.
43. Azərbaycan Respublikası Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.
44. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin işdə olan sübütları hərtərəfli, tam və obyektiv tədqiq etməməsi, həm maddi normanın, həm prosessual normanın tələblərinin kobud şəkildə pozulmasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(051)-88/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(051)-88/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.