Məhkəmə qərarları › İş №2(107)-622/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-622/2022

24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-622/2022 24.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa dəymiş maddi ziyan tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(037)-56/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: 1.İsmayıllı rayon Mərkəzi Xəstəxanasının 27 yanvar 2021-ci il tarixli ******* nömrəli ambulator kitabçadan çıxarışın surətindən görünür ki, İddiaçı Telma qızı həkimin müayinəsində olmuş və ona “qapalı-kəllə beyin travması” diaqnozu qoyulmuşdur. 2.Göyçay rayon Mərkəzi Xəstəxanasının 20 fevral 2021-ci il tarixli ******* nömrəli ambulator kitabçadan çıxarışın surətindən görünür ki, İddiaçı Telma qızı 28 yanvar 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixə kimi “qapalı-kəllə beyin travması, sağ gicgah sümüyünün sınıqları, orta dərəcəli beyin əzilməsi” və digər diaqnozlarla ambulator müalicədə olmuşdur. 3.İsmayıllı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(037)-56/2021 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 4.Həmin hökmdən görünür ki, Məhkəmə-tibbi ekspertizasının 12 fevral 2021-ci il tarixli, 26 nömrəli rəyinə əsasən İddiaçı məhkəmə -tibb ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, baş-beyinə qansızma ilə müşayiət olunan sağ gicgah nahiyyəsinin yarası, hər iki ağciyərlərin əzilməsi, sol tərəfli hemopnevmotoraks, sağdan üçüncü, dördüncü, beşinci, soldan ikinci, üçüncü, dördüncü qabırğaların sol kürək, sol bud sümüyünün, hər iki qasıq və oturaq sümüklərin qapalı sınıqları, burnun və sol əlin arxa səthinin sıyrıqları bərk-küt əşya təsirindən törənmiş xəsarətlər aşkar olunmuşdur. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən 24 yanvar 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. 5.29 yanvar 2022-ci il tarixdə X3 həkimi Elcan Mirzəzadə tərəfindən İddiaçı verilmiş reseptdən görünür ki, Zavra Əzaziovanın üç nahiyəsində əməliyyat olunmalı, həmin əməliyyatlar 2500 manat, 1200 manat və 600 manat olmaqla, cəmi 4300 manat civarındadır. 6.11 noyabr 2021-ci il tarixli 10951 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. 7.Apellyasiya icraatı zamanı təqdim edilmiş; (iddiaçı bu sənədlərin birinci instansiya məhkəməsində təqdim edə bilmədiyini əsaslandırmışdır) 8.Qəbələ RMX PHŞ-in həkimi Mürsəddin Abdurəhmanov tərəfindən aparılmış Torakal KT müayinəsi protokolundan görünür ki, İddiaçı solda İİ, İİİ, İV, V, Vİ qabırğaların köhnə sınıqlardan sonra toraks boşluğuna doğru defarmasiyası, Vİİ və Vİİİ qabırqaların köhnə düzgün bitişmiş və sol kürək sümüyünün düzgün bitməmiş sınıqları nəzərə çarpır. 9.İddiaçı məxsus Ambulator Kitabçadan çıxarışda (xəstəlik tarixində) olan 29 iyul 2021-ci il tarixli Hospitalizasiya və Sanator müalicə haqqında məlumatdan görünür ki, İddiaçı sol bazı oynağının, sol bud-çanağı oynağının və sol baldır sümüklərinin rentgen müayinəsi zamanı, kürək sümüyündə, bud sümüyündə və hər iki baldır sümüklərində natamam bitişmiş sınıqlar müəyyən olunur.

10. 17 may 2022-ci il tarixdə X8 "xxxx" MMC tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, aparılan kliniki və instrumental müayinələrin nəticələrinə əsasən xəstəyə "sol bud sümüyünün və sol baldır sümüklərinin bitişmiş sınıqları, sol akromion və qlenoidin qeyri düzgün bitişmiş sınığı, subakromial inpincment, supraspinatus vətərinin qısalığı" diaqnozu qoyulmuş, xəstəyə əməliyyatlar təyin olunmuşdur.

11. X8 "xxxx" MMC tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, 1971-ci il təvəllüdlü İddiaçı 17.05.2022-ci il tarixdə həkim müayinəsində olmuş, xəstəyə sol bud sümüyünün və sol baldır sümüklərinin bitişmiş sınıqları, sol akromion və qlenoidin qeyri düzgün bitişmiş sınığı, subakromial inpincment, supraspinatus vətərinin qısalığı" diaqnozu qoyulmuşdur. Xəstədə olan hal-hazırki vəziyyətə görə planlı cərrahi əməliyyat zəriridir. Əməliyyat istənilən zaman aparıla bilər (X8 MMC məlumatı şifahi qaydada vaxtında bildirsə də, arayışı texniki nasazlıq səbəbidən bir gün gec məhkəmənin email poçtuna daxil etmişdir).

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin təqsiri üzündən sağlamlığına vurulmuş xəsarət nəticəsində keçirəcəyi əməliyyata və çəkilmiş əlavə xərclərə görə 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğ tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 yanvar 2021-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən işlədiyi şirniyyat sexindən çıxıb yaşadığı ev tərəfə getməyə başlamışdır. Yolun sağ ehtiyat hissəsindən sol ehtiyat hissəsinə keçərkən nəyinsə onun vurduğunu hiss etmişdir. Bundan sonra baş verənləri xatırlamır. Təxminən 8 gün ərzində travmatik şok vəziyyətində olmuşdur. Həmin vəziyyətdən ayıldıqdan sonra bir neçə gün yaxınlarını tanımamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh idarə etdiyi avtomobillə onu vurmuşdur. O, xəstəxana və evdə olduğu müddətdə cavabdeh tibbi və digər xərclərin yol-nəqliyyat hadisəsi ilə bağlı keçirəcəyi əməliyyatların pulunu ödəyəcəyinə söz vermiş, lakin sonradan həmin xərcləri qarşılamaqdan imtina etmişdir.

14. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onda qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, baş-beyinə qansızma ilə müşayiət olunan sağ gicgah nahiyyəsinin yarası, hər iki ağciyərlərin əzilməsi, sol tərəfli hemopnevmotoraks, sağdan üçüncü, dördüncü, beşinci, soldan ikinci, üçüncü, dördüncü qabırğaların sol kürək, sol bud sümüyünün, hər iki qasıq və oturaq sümüklərin qapalı sınıqları, burnun və sol əlin arxa səthinin sıyrıqları bərk-küt əşya təsirindən törənmiş xəsarətlər aşkar olunmuşdur. Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi zamanı həyat üçün təhükəli olan sağlamlığına ağır zərər vurulmuşdur. Baş vermiş hadisəyə görə smayıllı rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(037)-56/2021 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də sağlamlığının bərpa olunması istiqamətində heç bir səy göstərməmişdir. Cavabdehin təqsiri üzündən baş vermiş hadisədən sonra onun sağlamlığına zərər vurulmuşdur. O, aldığı ağır xəsarətdən sonra əmək qabiliyyətini və iş yerindən əldə edəcəyi qazancını itirmişdir. Bundan başqa, sağlamlığına vurulmuş xǝsarət nəticəsində müalicəyə, əlavə qidalanmaya, dərmana, müalicə müəssisəsinə gedib-gəlmək və digər müayinə xərclərinin çəkilməsinə ehtiyac var. Lakin maddi imkansızlıq səbəbindən novbəti əməliyatını həyata keçirdə bilmir. Əməliyyat və digər xərclər üçün 5000 manat lazımdır. Cavabdeh isə əməliyyata lazım olan xərcləri qarşılamaqdan imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 01 fevral 2022-ci il tarixli, 2(037)-56/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hazırki iş üzrə iddiaçı sağlamlığına vurulmuş xəsarət nəticəsində keçirəcəyi əməliyyata görə cavabdehdən hər hansı məbləği tələb etməkdə haqlı deyil. Çünki həmin məbləğ real dəymiş zərər deyil və iddiaçı həmin xərclərə görə hər hansı məbləğ lazım olacağını ehtimal edir. Bundan əlavə iddiaçı iddia tələbində cavabdehdən çəkilmiş əlavə xərclərə görə pul tələb etsə də həmin faktları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. 17.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1118.1 və 1118.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18.Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı Əzizova X5 Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(037)-56/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun iddia tələbini rədd etmişdir. Hesab edir ki, həmin qətnamə maddi və prоsessual hüquq nоrmalarının kobud şəkildə pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə iddiasının rədd edilməsi üçün əsas ondan ibarət olmuşdur ki, guya cavabdeh iddiaçının müalicəsi üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasında 700 manat, Şəki rayonundan donor qan üçün 150 manat, "Plazma" üçün 110 manat, Bakı şəhər Sabunçu rayon xəstəxanasında 600 manat, Neyrocərrahiyyə xəstəxanasında 300 manat, təcili yardim zamanı 180 manat, Göyçay rayon xəstəxanasında təcili yardıma görə 550 manat pul ödəmişdir. Bundan sonra da əməliyyat adı ilə 1500 manat, travmatoloq həkimə verilməsi adı ilə 820 manat, bir ay ərzində xəstəxanada yatdığı üçün 1500 manat, evinin ərzaq pulu üçün 1000 manat, dərman almaq üçün 500 manat, pampers üçün 300 manat, yol pulu 500 manat, taksi pulu 300 manat və palataya görə 150 manat olmaqla, cəmi 9160 manat pul ödəmişdir. Bütün bunlara baxmayaraq guya haqsız olaraq iddiasında cavabdehdən əlavə olaraq 5000 manat pul tələb edir. Cavabdeh tərəfindən onun müalicəsi üçün xərclər çəkibsə o zaman iddiaçı nəyə görə cinayət işi üzrə ibtidai istintaqda verdiyi izahatında xəstəxanada və evdə olduğu müddətdə ona tibbi və digər xərcləri ödəmədiyini, onunla barışdığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Ərizəyə gəldikdə isə iddiaçının vəziyyətindən istifadə edərək tərtib olunmuş ərizəyə qol çəkdiriblər. Halbuki, ibtidai və məhkəmə istitaqında ona hər hansı bir tibbi yardım edilmədiyini və yardım olunmadığını bildirmişdir. Lakin ibtidai və məhkəmə istintaqı zamanı buna heç bir əhəmiyyət verilməmişdir. Birinci inistansiya məhkəməsində mülki işə baxışında hakim üzərində hansı əməliyyatların aparılacağı soruşulmuş və həmin əməliyyatların aparılması xərcləri barədə sübutlar təqdim olunmasını ondan tələb edilmişdir. Tələbinə əsasən 29 yanvar 2022-ci il tarixdə həkimi Elcan Mirzəzadə tərəfindən verilmiş reseptdə qeyd edilmişdir ki, bədəninin üç nahiyəsində əməliyyat olunmalı, həmin əməliyyatlar hazırda 2500 manat, 1200 manat və 600 manat olmaqla, ümumilikdə 4300 manat civarında olduğunu bildirmiş və bu barədə ona ressept vermişdir. Cavabdeh məhkəmədə ağız dolusu danışdığı və guya ona maddi yardım etdiyini bildirsə də cavabdehin söylədiyi fikirləri səsləndirməsi və inad etdiyi məsələlər həqiqəti əks etdirməmişdir. Cavabdeh X1 etməyə çalışırdı ki, o həqiqəti danışır. Təssüflər olusun ki məhkəmə faktları araşdırmaq iş üçün əhəmiyyətli olan faktların sübut edilməsi üçün səy göstərməmişdir. Bu məsələ ətrafında demək olar ki, ona heç bir sual verməmişdir. Onun müalicəsinə və tibbi yardıma çəkdiyi xərclər barəsində cavabdeh tərəfindən hər hansı bir sübut təqdim etməsini tələb etməmişdir. Lakin məhkəmə prosesi zamanı hakim ondan səhətində olan problemləri barədə hansı xərclərin olacağını subut etməyini tələb etmişdir. Hesab edir ki, onun iddia tələbi əsassız olaraq rədd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o məlum yol-nəqliyyat hadisəsindən sonra sağlamlığını və əmək qabiliyyətini itirmişdir. Cavabdeh hadisədən sonra ona maddi yardım göstərəcəyi barədə söz versə də, heç bir maddi köməklik göstərməmişdir. Ekspert rəyində onun bütün xəsarətləri sadalanmışdır. Xəsarətlər dərəcəsinə görə ağır zərərvurmaya aiddir. O bir müddət öz hesabına müayinə olsa da, artıq ağır əməliyyatlara ehtiyacı var. Sərbəst hərəkət edə bilmir, bədənin müxtəlif nahiyyələrində 12-13 ədəd mil var. Əməliyyatı üçün də xeyli məbləğdə vəsait lazımdır ki, cavabdeh də buna kömək etmir. Ona görə də birinci instnasiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir.

22. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinə etiraz etdiyini bildirmişdir. Kollegiya Mülki Prosessual Məcəlləin 376.2-ci maddəsinə əsasən işə cavabddehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçisinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri 26.Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(037)-56/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(037)-56/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iddiaçının izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(037)-56/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. 29.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. 30.Ona görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

31. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

32. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir 33.Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarından hallarından görünür ki, iddiaçı 24 yanvar 2021-ci il tarixdə işdən çıxıb yaşadığı ev tərəfə gedərkən, cavabdeh yol-nəqliyyat hadisəsi törədərək, idarə etdiyi avtomobillə sonuncunu vurmuş və hadisə nəticəsində iddiaçı xəsarət almışdır. 34.İddiaçının tələbinə əsasən o almış olduğu xəsarətlə bağlı bir müddət xəstəxana və ev şəraitində müalicə olunmuş, həmin vaxt cavabdeh onun bütün xərclərini, o cümlədən əməliyyat xərclərini ödəyəcəyini bildirsə də, sonda bu xərcləri qarşılamaqdan imtina etmişdir. 35.Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onda qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, baş-beyinə qansızma ilə müşayiət olunan sağ gicgah nahiyyəsinin yarası, hər iki ağciyərlərin əzilməsi, sol tərəfli hemopnevmotoraks, sağdan üçüncü, dördüncü, beşinci, soldan ikinci, üçüncü, dördüncü qabırğaların sol kürək, sol bud sümüyünün, hər iki qasıq və oturaq sümüklərin qapalı sınıqları, burnun və sol əlin arxa səthinin sıyrıqları bərk-küt əşya təsirindən törənmiş xəsarətlər aşkar olunmuşdur. Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi zamanı həyat üçün təhükəli olan sağlamlığına ağır zərər vurulmuşdur. 36.Baş vermiş hadisə ilə bağlı cinayət işi açılmış və İsmayıllı rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(037)-56/2021 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 37.İddiaçı israr edir ki, cavabdeh onun sağlamlığının bərpa olunması istiqamətində heç bir səy göstərməmişdir. Cavabdehin təqsiri üzündən baş vermiş hadisədən sonra onun sağlamlığına zərər vurulmuşdur. O, aldığı ağır xəsarətdən sonra əmək qabiliyyətini və iş yerindən əldə edəcəyi qazancını itirmişdir. Bundan başqa, sağlamlığına vurulmuş xǝsarət nəticəsində müalicəyə, əlavə qidalanmaya, dərmana, müalicə müəssisəsinə gedib-gəlmək və digər müayinə xərclərinin çəkilməsinə ehtiyac var. Lakin maddi imkansızlıq səbəbindən növbəti əməliyatını həyata keçirə bilmir. Əməliyyat və digər xərclər üçün 5000 manat lazımdır. 38.Cavabdeh isə apellyasiya şikayətinə etiraz edərək, ərizəsində iddiaçıya maddi yardım göstərdiyini bildirsə də, etirazının əsaslarını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə məhkəmə iclaslarına gəlməkdən yayınmışdır.

39. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvi davam etdirməyərək, tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa vurulmuş ziyanın yalnız çəkilmiş xərcin dəyəri ilə müəyyən edilməsi, həm maddi hüquq normalarına, həm də formalaşmış məhkəmə praktikasına ziddir. 41.Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 42.Yuxarıda qeyd olunduğu kimi, iddiaçının sağlamlığına vurulmuş ziyanla bağlı iş materiallarında bir neçə sənəd, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü, ekspert rəyi və apellyasiya icraatı zamanı əldə olunmuş müayinə sənədləri mövcuddur. 43.Həmin sənədlərin hər birində İddiaçı sağlamlığına xəsarət vurulması, xəsarət aldığı nahiyyələr, əməliyyatın təyin olunması, aparılması nəzərdə tutulan əməliyyatın sayı, əməliyyatın zəruriliyi və əməliyyat üçün tələb olunan xərci təsdiq edən hallar öz əksini tapmışdır 44.Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara diqqət yetirməmiş, cavabdehin iş materialları ilə əlaqəli şəkildə təsdiq olunmayan izahatına istinad etmişdir. Cavabdehin özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 45.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının sağlamlığına yol-nəqliyyat hadisəsi zamanı ciddi zərərin vurulması, iddiaçının iddia ərizəsinə əlavə etdiyi və məhkəmə araşdırması nəticəsində təqdim etdiyi sənədlərlə aşkar müəyyən olunur.

46. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sağlamlığına cavabdehin qanunazidd hərəkətləri nəticəsində zərər vurulması mübahisəsiz olduğu halda, yalnız cavabdehin sübut olunmayan izahatına istinad edilməklə birinci instansiya məhkəməsinin qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırma kimi qəbul etmək olmaz. Kollegiyanın qənaətinə görə cavabdehin törətdiyi əmələ görə cəzasını çəkməsi onu heç də mülki hüquqi məsuliyyət daşımaqdan kənarda qoya bilməz. O, törətmiş olduğu cinayət əməli nəticəsində cəzasını çəksə də, bu əməl nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir. Çünki işin faktiki halları ilə sübut olunur ki, İddiaçı almış olduğu xəsarətlər nəticəsində hal-hazırki vəziyyətə görə planlı cərrahi əməliyyat zəriridir və əməliyyat istənilən zaman aparıla bilər. 47.İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

48. İddia tələbi təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(037)-56/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilsin. Cavabdeh “sağlamlığa vurulmuş xəsarətə görə keçirələçək əməliyyat və xərclərə görə” 5000 (beş min) manat və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar