Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-639/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(046)-593/2022 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 700 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci ildə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahlarından 12 avqust 2013-cü il tarixində X8, 13 yanvar 2015-ci il tarixində X4, 22 avqust 2016-cı il tarixində X5, 20 avqust 2019-cu il tarixində isə X6 anadan olmuşdur. Sonradan tərəflərin şəxsi münasibətləri pisləşmiş və nəticədə məhkəmə qaydasında boşanmışlar. Nikah pozulan zaman uşaqlar İddiaçı yanında saxlanılmışlar. Hazırda azyaşlı uşaqlar iddiaçının yanında qalır, lakin cavabdeh uşaqların taleyinə biganə yanaşmaqla onların necə saxlanılmaları barədə ümumiyyətlə maraqlanmır. Halbuki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Ona görə də iddiaçı məcbur olub cavabdehdən alimentin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tаrixli, 2(046)-593/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər Rusiya Federasiyasının Moskva şəhərində yaşamışlar, uşaqlar Moskva şəhərində anadan olmuşlar. Tərəflərin nikahı Rusiya Federasiyasında pozulmuş, iddiaçı Rusiya Federasiyası vətəndaşı olduğundan, Cavabdeh isə Azərbaycan vətəndaşı olduğundan, Rusiya Federasiyasında daimi yaşayış yeri və daimi yaşayış üçün icazəsi olmadığından, birgə nikahdan anadan olmuş uşaqlar boşanma zamanı iddiaçının himayəsinə verilmişdir. İddiaçı cavabdehdən uşaqlardan imtina etməsini və bu barədə yazılı ərizə verməsini tələb etmiş, əks təqdirdə uşaqların saxlanması üçün aliment tələb edəcəyini bildirmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı Rusiya Federasiyası vətəndaşıdır, Moskva şəhərində yaşamaqla kommersiya fəaliyyəti ilə məşğul olur, daimi yaşayış yeri vardır. Cavabdeh isə Rusiya Federasiyasında daimi yaşayış yeri və daimi yaşayış üçün icazəsi olmadığından Azərbaycana qayıtmaq məcburiyyətində qalmışdır. Hazırda cavabdeh valideyinlərinə məxsus evdə yaşayır, heç bir qazancı yoxdur. iddiaçı isə azyaşlı uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat, cəmi 700 manat aliment tələb edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmış, hal-hazırda valideyinlərinə məxsus evdə yaşamaqla heç bir yerdə işləmir. Azyaşlı uşaqlarının onun himayəsinə verilməsi üçün Rusiya Federasiyasında məhkəmə qarşısında iddia qaldırmışdır. İddiaçı isə Rusiya Federasiyasında maşın alveri ilə məşğul olur, maddi imkanı azyaşlı uşaqların saxlanması üçün yetərlidir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə azyaşlı uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat, cəmi 700 manat alimentin tutulmasına əsas olan bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia rədd edilməli, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78.1, 78.2, 78.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahlarından 12 avqust 2013-cü il tarixində X8, 13 yanvar 2015-ci il tarixində X4, 22 avqust 2016-cı il tarixində X5, 20 avqust 2019-cu il tarixində isə X6 dünyaya gəlmişlər. Bir yerdə yaşadıqları müddətdə Cavabdeh müxtəlif vaxtlarda dəfələrlə körpə uşaqlarını evdə tək qoyaraq evdən çıxıb getmişdir. Cavabdeh evdən gedən zaman iddiaçı tərəfindən qəyyumluq və himayəçilik, sosial müdafiə, daxili işlər orqanlarına çoxsaylı müraciətlər olmuş, yalnız bundan sonra onu tapıb evə gətirmişlər. O vaxt həmin orqanlar Cavabdeh məsuliyyətə cəlb olunması və valideynlik hüquqlarından məhrum olunması üçün məhkəməyə müraciət etməyi tövsiyyə etsələr də, iddiaçı uşaqların gələcəyinə görə bunu etməmişdir. Lakin get-gedə onların münasibətləri daha da kəskinləşmiş və nəticədə məhkəmə qaydasında boşanmalı olmuşlar. Onların nikahları pozulan zaman uşaqlar ataları İddiaçı yanında saxlanılmışlar. Hazırda azyaşlı uşaqlar onun yanında qalırlar. Lakin cavabdeh uşaqların taleyinə biganə yanaşmaqla onların necə saxlanılmaları barədə ümumiyyətlə maraqlanmır. Halbuki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Ona görə də məcbur olub cavabdehdən alimentin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Lakin iddia tələbi tam qanuni və əsaslı olmasına baxmayaraq, məhkəmə tamamilə qanunsuz olaraq, gülünc də olsa aliment tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxarmış və bununla da maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Məhkəmə iddianı rədd edən zaman cavabdehin həqiqəti ifadə etməyən və hər hansı bir mötəbər sübuta söykənməyən ifadələrinə istinad edərək həmin ifadələri sübut kimi qəbul etmişdir ki, bu da yolverilməzdir. Belə ki, guya cavabdeh uşaqların iddiaçıdan alınması üçün Rusiyada iddia qaldırmışdır. Əslində isə belə bir iddia yoxdur. Belə bir iddia olsa idi, yenə də nə qədər ki, uşaqlar atasının yanındadırlar onların saxlanılması üçün cavabdeh aliment ödəməlidir. Bundan başqa, məhkəmə bu barədə hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq, guya iddiaçının maşın alveri ilə məşğul olması və kifayət qədər qazancı olması qənaətinə gəlmişdir ki, bu da absurddur. Elə cavabdehin özü də hazırlıq iclasında iddiaçının heç bir yerdə işləmədiyini, arabir taksi sürməsini bildirsə də, sonradan kimlərinsə öyrətməsi nəticəsində belə bir ifadə vermiş və necə gülünc olsa da məhkəmə bu ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Hesab edirik ki, hətta cavabdehin ifadələri həqiqət olsa idi belə, bu yenə iddianın təmin edilməməsi üçün əsas deyildi. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi cavabdeh müxtəlif vaxtlarda dəfələrlə körpə uşaqlarını evdə tək qoyaraq evdən çıxıb getmiş və bu barədə iddiaçı tərəfindən qəyyumluq və himayəçilik, sosial müdafiə, daxili işlər orqanlarına çoxsaylı müraciətlər olmuş, yalnız bundan sonra onu tapmışlar. Maraqlı da olsa məhkəmə qətnamədə qeyd edilən maddələrə istinad etməsinə baxmayaraq, sonda iddianın təmin edilməməsi barədə qətnamə çıxarmış, bununla da Ailə Məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. İddianın təmin olunması üçün başqa sübutlara ehtiyac olmadığını və uşaqların gələcəyi naminə onu nüfuzdan salmaq istəmədiyini nəzərə alaraq bu barədə birinci instansiya məhkəməsinə məlumat verməsələr də, hazırda həmin sübutları apellyasiya instansiyasına təqdim etmək məcburiyyətində qalmışdır. Qoy hamı cavabdehin necə valideyn olduğunu başa düşsün və buna qiymət versin. Bundan başqa, məhkəmə sözügedən qətnaməni çıxarmaqla daha əvvəllər Azərbaycan Respublikasının adından çıxarılmış minlərlə bu tipdə qətnaməni şübhə altına almışdır. Cavabdeh ilə iddiaçının nikahları pozulduqdan sonra məhkəmə qətnaməsinə əsasən uşaqlar iddiaçının yanında saxlanılmışlar. Elə hazırda da uşaqlar iddiaçının yanında qalırlar və nə qədər ki, onlar iddiaçının yanındadırlar cavabdeh tərəfindən onların saxlanılması üçün aliment ödənilməlidir. Lakin işə baxan məhkəmə nəyə görə və hansı prosessual normaya əsasən iddianı təmin etmədiyini aydınlaşdırmamış və ya aydınlaşdıra bilməmişdır ki, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki haldır. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz və ona əlavə edilmiş sübutlar məhkəmə baxışı iclasında təqdim edilsə də, məhkəmə məhz həmin sübutlara istinad edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarmışdır. Lakin bu zaman məhkəmə həmin sənədlərin və etirazın nə üçün hazırlıq iclasında deyil, məhkəmə baxışı zamanı verildiyini aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki haldır. Qeyd edilənləri nəzərə alaraq Göyçay Rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli 2(046)-593/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi barədə apellyasiya şikayətinin təmin edilməsi və 12 avqust 2013-cü il təvəllüdlü X7, 13 yanvar 2015-ci il təvəllüdlü X1, 22 avqust 2016-cı il təvəllüdlü X2 və 20 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, hər ay sabit pul məbləğində hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 700 (yeddi yüz) manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 2(046)-593/2022 saylı 01.02.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, Göyçay Rayon Məhkəməsinin 2(046)-593/2022 saylı 01.02.2022-ci il tarixli qətnaməsinin dəyişirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(046)-593/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam rədd etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(046)-593/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 12 avqust 2013-cü il tarixində X8, 13 yanvar 2015-ci il tarixində X4, 22 avqust 2016-cı il tarixində X5, 20 avqust 2019-cu il tarixində isə X6 adlı uşaqları olmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqlar atanın yanında qalmışlar. Apellyatorun apellyasiya şikayətinin əsasının hazırda azyaşlı uşaqlarının onun yanında qalmaları, lakin cavabdehin uşaqların taleyinə biganə yanaşmaqla onların necə saxlanılmaları barədə ümumiyyətlə maraqlanmaması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qismən razılaşaraq qeyd edir və qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından, tərəflərin məhkəmə iclasında verdikləri izahatalardan görünür ki, uşaqlar iddiaçının istəyi ilə və cavabdehin razılığı əsasında onun yanında saxlanmışlar. Bu onu göstərir ki, iddiaçı uşaqların onun yanında saxlanmalarını xahiş etmişdirsə, deməli onun uşaqları saxlamağa kifayət qədər imkanı vardır. Lakin bu hal cavabdehi uşaqları saxlamaq vəzifəsindən azad etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqları saxlamaq valideynlərin həm borcu həm də hüququdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Eyni zamanda qeyd edir ki, iddia tam da təmin edilə bilməz. Belə ki, təyin edilən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 01.02.2022-ci il tаrixli, 2(046)-593/2022 saylı qətnaməsi ləğv edilməli, 12 avqust 2013-cü il təvəllüdlü X8, 13 yanvar 2015-ci il təvəllüdlü X4, 22 avqust 2016-cı il təvəllüdlü X5, 20 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 50 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 01.02.2022-ci il tаrixli, 2(046)-593/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 12 avqust 2013-cü il təvəllüdlü X8, 13 yanvar 2015-ci il təvəllüdlü X4, 22 avqust 2016-cı il təvəllüdlü X5, 20 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmalı üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə dərhal icra edilsin.
Məhkəmə qərarları › İş №2(107)-639/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-639/2022
02.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver