Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-641/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən istifadə hüququnun dayandırılması tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-425/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxx 2020-ci il tarixli 2(035)-425/2020 qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən istifadə hüququnun dayandırılması tələbinə dair” iddiası təmin edilməmiş və iş üzrə ödənilməli dövlət rüsumu dövlət hesabına aid edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bələdiyyənin xx xxxx 2010-cu il tarixli 08 saylı qərarı ilə Çallı kənd sakini X2 adına icarəyə verilmiş 10 hektar torpaq sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh həmin torpaq sahəsindən istifadə hüququnun dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı sədri X5 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayonu Çallı kəndi ərazisində xüsusi mülkiyyətdə 1469 ha, dövlət mülkiyyətdə 158 ha, bələdiyyə mülkiyyətində isə 535 hektarı örüş olmaqla 1665 ha torpaq sahəsi vardır. Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 08 saylı qərarına əsasən bələdiyyənin mülkiyyətində olan örüş sahəsindən 10 ha hissəsi 30 il müddətinə Çallı kənd sakini X2 istifadəsinə ayrılmış və bu barədə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Zərdab rayon hərrac-müsabiqə komissiyası tərəfindən Ramiz Süleymanova ********* saylı şəhadətnamə verilmişdir. Ramiz Süleymanov xx.xx.2014-cü ildə vəfat etmişdir. Ramiz Süleymanovun vəfatından sonra icarə hüquqlarını Ramiz Süleymanovun vərəsəsi olan oğlu - hazırkı Cavabdeh həyata keçmişdir. Cavabdeh həmin sahəni biçənək kimi istifadə etmiş, icarə haqlarını və torpaq vergisini həmişə vaxtında ödəmişdir. Onun bələdiyyəyə hər hansı bir borcu yoxdur. Lakin, son vaxtlar kənd sakinləri örüş sahələrinin icarəyə verilməsindən narazılıq etdiyindən Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən komissiya yaradılmış, 12 nəfər icarəçi könüllü olaraq icarəyə götürdükləri torpaq sahələrindən imtina etdiklərinə görə bələdiyyə tərəfindən onlara aid icarə müqavilələri ləğv edilmişdir. Cavabdeh isə sözügedən icarə torpağından imtina etmədiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi (vəkili) X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonu Çallı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən bələdiyyənin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 10 ha torpaq sahəsi 30 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün hazırkı cavabdehin atası X2 istifadəsinə ayrılmış, onarın arasında həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən Ramiz Süleymanova xx.xx.2013-cü il tarixdə “torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Ramiz Süleymanov təxminən 01 il müddətində icarə hüquqlarını həyata keçirmiş və xx.xx.2014-cü ildə vəfat etmişdir. Həmin vaxtdan icarə hüquqlarını Ramiz Süleymanovun vərəsəsi olan oğlu - hazırkı Cavabdeh həyata keçirmişdir. Cavabdeh icarə haqlarını və torpaq vergisini həmişə vaxtında ödəmişdir. Onun bələdiyyəyə hər hansı bir borcu yoxdur. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh nə icarə müqaviləsinin, nə də ki, hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Əksinə, özünün təsərrüfat fəaliyyəti ilə dövlətin və ölkə başçısının siyasətinə dəstək vermişdir. Belə ki, xx.xx.2016-cı il tarixdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahədə aparılan islahatların dərinləşdirilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, idxal asılılığının azaldılması və digər mühüm vəzifələri qarşıya qoymuşdur. Bundan başqa, xx.xx.2016-cı il tarixdə ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident öz yekun nitqində torpaqlardan səmərəli istifadə olunması ilə ərzaq təhlükəsizliyinin tam təmin olunması vəzifəsini qarşıya məqsəd qoyaraq kənd təsərrüfatında islahatlar aparmaqla böyük ixrac potensiyalı yaradılmasını tövsiyə etmişdir. Cənab Prezident öz nitqində xüsusilə vurğulamışdır ki, “biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusi ilə heyvandarlıqla bağlı təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensiyalı da yaradılsın. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkibbecərsinlər. Ona görə Prezident Administrasiyasına göstəriş verilmişdir ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına invenstisiya qoysunlar ki, ölkəyə də xeyr olsun, özləri də xeyr götürsünlər”. Hesab edir ki, hazırkı iddia və bu cür tələbə rəvac verənlərin hərəkətləri dövlətin maraqlarına uyğun deyildir. Həm də vurğulamağı lazım bilir ki, əgər sözügedən torpaq sahəsi icarəyə verilə bilməzdisə, onda bələdiyyə, hərrac komisiyası və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi nə üçün sözügedən torpağın icarəyə verilməsi məqsədi ilə lazımı sənədləşməni aparmışdır? Cavabdeh nə üçün həmin orqanların hərəkətinə görə məsuliyyət daşımalıdır? Hazırkı iddia qaldırılanadək bələdiyyə tərəfindən Cavabdeh heç bir pretenziya irəli sürülməmiş, müqavilə şərtlərini hər hansı bir şəkildə pozması barədə ona heç nə deyilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.14-cü bəndinə əsasən, tərəflər şərtləşmişlər ki, tərəflərdən hər hansı biri müqavilə öhdəliklərini pozarsa, bu barədə digər tərəfə rəsmi olaraq məlumat verir, pozuntular 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Düzəlməsi mümkün olan qayda pozuntusu müqavilənin pozulmasına əsas vermir. Lakin, iddiaçı (icarəyə verən) cavabdehə (icarəçiyə) heç bir pretenziya vermədən, əgər cavabdeh tərəfindən hər hansı bir pozuntuya yol verilmişdirsə, həmin pozuntunu aradan qaldırması barədə xəbərdarlıq etmədən, yalnız bir qrup kənd sakinlərinin narazılıq etdiyini əsas götürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bu hal bir daha iddianın əsassız və qanunsuz olduğunu göstərir. Ona görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi (vəkili) X4 izahatı ilə razı olduğunu bildirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-425/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, qətnamə çıxarılarkən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, hüquq normaları düzgün tərtib edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, sözügedən icarə müqaviləsi ilə 10 ha torpaq sahəsi 30 il müddətinə cavabdehin mərhum atasının icarəsinə verilmişdir. Lakin cavabdeh icarə müqaviləsinin şərtlərinə əməl etməmişdir. Yəni cavabdeh torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə torpaq sahəsindən istifadəni dayandırmamışdır. Cavabdehin bu özbaşına və qanuna zidd hərəkətlərini məhkəmə nəzərə almamışdır. Cavabdehin istifadə etdiyi icarə torpağının örüş sahəsi olması kənd sakinlərinin haqlı narazılıqlarına səbəb olmuşdur. Məhkəmə isə bütün bunları nəzərə almamışdır. Məhkəmənin qəbul etdiyi qətnamədə Çallı bələdiyyəsinin hüquqları pozulmuş, cavabdeh tərəfindən torpaq sahəsindən istifadə dayandırılmamış və bunun nəticəsində kənd sakinləri ilə bələdiyyə arasında narazılıq yaranmasını məhkəmə nəzərə almamışdır. Ona görə də cavabdehlə bələdiyyə arasında torpaqdan istifadə ilə bağlı mübahisə yaranmışdır. Məhkəmənin gəldiyi nəticə Çallı bələdiyyəsinin mənafeyinə tamamilə ziddir. Qətnamədə bələdiyyənin icarə torpaq sahəsindən cavabdeh tərəfindən örüş sahəsi kimi istifadə ediləcəyi halda bunun torpaq sahəsindən təyinatı üzrə istifadə olunmamasına səbəb olacağına münasibət bildirilməmişdir. Bundan başqa, bələdiyyənin icarə torpaq sahəsindən istifadənin cavabdeh tərəfindən dayandırmaması kənd camaatının narazılığına səbəb olmuşdur. Cavabdehin torpaq sahəsində etdiyi özbaşınalıqlar nəticəsində, demək olar ki, bələdiyyənin gələcək planları pozulmuşdur. Hesab edir ki, Zərdab Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilməli və onun iddiası yeni qətnamə ilə təmin edilməlidir. İddiasının təmin olunmaması ilə Çallı bələdiyyəsinin mənafeyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin gəldiyi nəticə tamamilə ədalətsizdir. Buna görə də apellyasiya şikayətinin təmin olunmasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-425/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan icarə müqaviləsinin bələdiyyə tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 08 saylı qərarı əsasında həmin bələdiyyə ilə X3 arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 10 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədləri üçün 30 il müddətinə sonuncunun icarəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin bələdiyyə tərəfindən təsdiq olunmuş surətindən görünür ki, X2 icarəsinə verilmiş bələdiyyənin mülkiyyətində olan 10 ha torpaq sahəsinin əsas göstəriciləri və döngə nöqtələrinin koordinatları işlənərək naturada ayrılmışdır. İşdə olan Zərdab rayonu Çallı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-315/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, X1 miras qalmış Zərdab rayonunun Çallı kəndində yerləşən 10 ha və 3.8 ha icarə torpaq sahəsinin, 1.50 ha çöl torpaq sahəsinin (miras qoyana aid hissəsinin), 0.14 ha və 0.34 ha həyətyanı torpaq sahəsinin (miras qoyana aid hissəsinin), 98 kv.m yaşayış sahəsi olan 1 mərtəbəli, 3 otaqlı evin Cavabdeh (hazırkı cavabdeh) tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. İşdə olan İddiaçı tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 28 saylı məktubundan görünür ki, Çallı bələdiyyəsinin yarandığı gündən bu günə qədər ümumi istifadəyə örüş sahəsinin ayrılması barədə bələdiyyənin ümumi iclasının heç bir qərarı olmamışdır. İş materiallarından görünür ki, Çallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən həmin bələdiyyə ilə X3 arasında bağlanmış icarə müqaviləsinə əsasən Zərdab rayonu Çallı kəndi ərazisində Çallı bələdiyyəsinə məxsus olan 10 ha torpaq sahəsi 30 il müddətə X2 icarəsinə verilmişdir. Sözügedən torpaq sahəsinə dair X2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X3 xx.xx.2014-cü ildə vəfat etmişdir. Həmin vaxtdan icarə hüquqlarını Ramiz Süleymanovun vərəsəsi olan oğlu hazırkı Cavabdeh həyata keçirmişdir. Cavabdeh icarə haqlarını və torpaq vergisini həmişə vaxtında ödəmişdir. Onun bələdiyyəyə hər hansı bir borcu yoxdur. Həmçinin müəyyən olunur ki, hazırkı iddia qaldırılanadək bələdiyyə tərəfindən Cavabdeh heç bir pretenziya irəli sürülməmiş, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.14-cü bəndinə uyğun olaraq müqavilə şərtlərini hər hansı bir şəkildə pozması və həmin pozuntuların aradan qaldırılması barədə ona heç bir xəbərdarlıq edilməmişdir. İddiaçı (icarəyə verən) cavabdehə (icarəçiyə) heç bir pretenziya vermədən, cavabdeh tərəfindən hər hansı bir pozuntuya yol verilməsini irad bildirmədən və həmin pozuntunu aradan qaldırması barədə xəbərdarlıq etmədən, yalnız bir qrup kənd sakinlərinin narazılıq etdiyini əsas götürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən istifadə hüququnun dayandırılması tələbinə dair” iddiasının əsaslı olmadığı qənaətinə gələrək iddianı təmin etməmişdir. Belə ki, iddiaçı, X2 icarəsinə verilmiş (hazırda Cavabdeh icarəsində olan) torpaq sahəsinin kənd əhalisi üçün olan örüş sahəsinin torpağı olduğunu əsas gətirərək Çallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini iddia etsə də, lakin sözügedən torpaq sahəsinin örüş kimi kənd sakinlərinin ümumi istifadəsinə ayrılmasına dair bələdiyyənin qərarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 28 saylı məktubdan məlum olur ki, bələdiyyənin belə bir qərarı olmamışdır. Belə olan halda iddiaçının tələbi hüquqi baxımdan əsaslı deyildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, müvafiq inzibati-ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4.0.2-ci maddəsinə görə, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyyəyə məxsusdur. Həmin Qanunun 5.1-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 7.2-ci maddəsinə görə, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 11.3-cü maddəsinə görə, bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Həmin Qanunun 11.7-ci maddəsinə görə, ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. Həmin Qanunun 11.9-cu maddəsinə görə, bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci hissəsinə görə, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü hissəsinə görə, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinə görə torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 12-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq biçənəklər, örüşlər və otlaqlar kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Həmin Məcəllənin 13-cü maddəsinin 1-ci hissəsinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü hissəsinə əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci hissəsinə görə, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. İstinad edilən qanunvericilik normalarının müddəalarından göründüyü kimi, bələdiyyə onun mülkiyyətinə verilmiş örüş sahələrinin hamısını əhalinin mal-qarası üçün ümumi istifadəyə ayırmalı deyil; örüş sahələrinin müəyyən hissəsini özünün ehtiyat torpaq fondunda saxlamalıdır. Yəni bələdiyyə tərəfindən əhalinin mal-qarasının sayı və yem tələbatı nəzərə alınmaqla örüş sahələrinin bir hissəsi ümumi istifadə üçün ayrılmalı, örüş sahələrinin qalan hissəsi isə kənd təsərrüfatı məqsədlərilə fiziki və (və ya) hüquqi şəxslərə icarəyə verilməsi üçün bələdiyyənin ehtiyat torpaq fondunda qalmalıdır. Eyni zamanda, qanunvericilik bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların, o cümlədən örüş sahələrinin xüsusi mülkiyyətə verilməsini, habelə bütövlükdə (yəni hamısının) icarəyə verilməsini istisna edir. Göründüyü kimi, qanunvericilik bələdiyyə mülkiyyətindəki örüş sahələrinin bütünlüklə əhalinin mal-qarası üçün ümumi istifadəyə verilməsini nəzərdə tutmamışdır və kənd sakinləri də bunu tələb etməkdə haqlı deyillər. Örüş sahələrinin hansı hissəsinin əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılmasını, hansı hissəsinin isə bələdiyyənin ehtiyat torpaq fonduna ayrılaraq icarəyə verilməsini bələdiyyə özü tənzimləməlidir. Bu zaman əhalinin ictimai, bələdiyyənin korporativ və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin fərdi maraqları arasında ədalətli tarazlıq təmin edilməli, əsas məqsəd isə örüş sahələrindən səmərəli istifadə olunmasına yönəlməlidir. İşdən görünür ki, Çallı bələdiyyəsinin mülkiyyətində 535 hektar örüş sahəsi vardır və hazırda bu sahədən yalnız 10 hektarı icarədədir. Bələdiyyə öz səlahiyyətinə uyğun olaraq mülkiyyətində olan örüş sahəsini əsaslandırılmış şəkildə ümumi istifadəyə və ehtiyat torpaq fonduna ayırmamaqla, bunu öz qərarı ilə rəsmiləşdirməməklə əslində kənd təsərrüfatı təyinatlı torpaq ehtiyatlarından səmərəsiz istifadəyə şərait yaradır. Bu həm də bələdiyyənin icarə hüquqlarına xələl gətirir. Mülki Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 719.6-cı maddəsinin mənasına görə, icarəçi öldükdə onun vərəsələri müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini o halda tələb edə bilərlər ki, onlar torpaq sahəsindən onun təyinatına uyğun istifadəni (müqavilə şərtlərinə əməl etməyi) təmin etsinlər. Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Beləliklə, işin müəyyən olunmuş hallarına əsasən, torpağın icarəyə verilməsinə dair iş materialarında olan hüquqi sənədlər (İddiaçı ilə X3 arasında bağlanmış icarə müqaviləsi, sözügedən torpaq sahəsinə dair X2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı ərazi idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli “torpaq sahəsinin planı və ölçüsü”) cavabdehin mübahisəli torpaq sahəsindən istifadəsinin qanuniliyinə dəlalət edir. Bu səbəbdən ötən 7 il müddətində cavabdehin sözügedən torpaq sahəsindən istifadəsinə iddiaçı tərəfindən heç vaxt etiraz edilməmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinin şərtlərinin pozulmaması və sözügedən torpaq sahəsindən təyinatına uyğun istifadə olunması iddiaçının özü tərəfindən də etiraf olunur. Belə vəziyyətdə cavabdehlə icarə münasibətlərinin buna kənd sakinlərinin narazılıq etməsi səbəbi ilə pozulması barədə iddiaçının tələbi əsaslı sayıla bilməz. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi haqlı olaraq işin müəyyən olunmuş halları, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki və Torpaq məcəllələrinin istinad edilən normalarının tələbləri baxımından barəsində mübahisə qaldırılan icarə müqaviləsini qanuni hesab etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası tərəfindən də mübahisələndirilən icarə müqaviləsinin ləğvi tələbini təmin etməyə əsas verən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-425/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-425/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-641/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-641/2021
10.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver