Məhkəmə qərarları › İş №2(107)-641/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-641/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-641/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “sabit pul şəklində aliment tutulmasının dəyişdirilib qazancın üçdə bir hissəsində aliment tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin miqdarının dəyişdirilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul şəklində aliment tutulmasının dəyişdirilib qazancın üçdə bir hissəsində aliment tutulması” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağsu Rayon Məhkəməsinin 2(016)-1249/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş sabit pul məbləğində aliment tutulmasının dəyişdirilməsini və cavabdehdən iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi aliment tutulmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə nikahı cavabdehin qaldırdığı iddia əsasında Ağsu Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(016)- 80/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin məhkəmənin 24 noyabr 2017-ci il tarixli, 2(016)-1783/2017 saylı qətnaməsi ilə azyaşlı uşaqları 03 fevral 2014-cü il təvəllüdlü X3 və 21 aprel 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi cavabdehdən onun xeyrinə sabit pul məbləği ilə hər ay hər uşağa görə 100 manat, iki uşağa görə isə 200 manat aliment tutulması qət edilmişdir. Lakin heç bir yerdə işləmir, şəxsi təsərrüfatı və hər hansı bir digər gəlir mənbəyi olmamışdır, uşaqların saxlanması üçün cavabdehdən tutulan aliment həmin vaxtda uşaqların normal yaşayışlarını təmin etmirdi. Belə ki, uşaqların normal qidalanması, paltar və geyimlərlə təmin olunmaları sağlamlıqlarının qorunması üçün hər ay hər uşağa görə 2018-ci ildəki yaşayış meyarına görə ən azı 180 manat pul tələb olunurdu. Bu səbəbdən də heç bir yerdə işləmədiyindən valideynləri onların dolanacağına kömək etmək məcburiyyətində qalırdılar. Cavabdeh isə heç bir əlavə yardım etmirdi. Bu səbəblərdən də 2018-ci ildə cavabdehdən onun xeyrinə uşaqların saxlanması üçün məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılmasını tələb edən iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh həmin vaxtlarda da Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin Dəniz Mühafizə sahəsində işləyirdi, əmək haqqı almaqla yanaşı əlavə ödənişləri də var idi. Lakin o vaxt cavabdeh məhkəməyə təqdim etdiyi AR Dövlət Neft Şirkəti “Azneft" İB-nin Dalğıc xidməti tərəfindən verilmiş 20 sentyabr 2018-ci il tarixli arayışını Ağsu Rayon Məhkəməsi əsas götürüb məhkəmənin müəyyən etdiyi alimentin miqdarını dəyişdirib özünün 2(016)-1249/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün 115 manat, iki uşağa görə 230 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxartmışdır. Belə ki, qeyd edilən arayışda göstərilmişdir ki, “Azneft” İB-nin Dalğıc xidmətinin 2 nömrəli sahəsinin 5-ci dərəcəli xilasedən matrosu işləyən Cavabdeh SOCAR üzrə işçilərin əmək haqqının xx.xx.2018-ci il tarixində kütləvi artımından sonrakı dövr üzrə orta aylıq tarif maaşı 545,08 manat təşkil edir. Lakin o vaxt o bilirdi ki, cavabdehin aylıq əmək haqqı qeyd ediləndən qat-qat çox idi. O, hansısa yolla əmək haqqını az göstərtmişdir. Həmin vaxt o, cavabdehin üstünə müəyyən səbəblərdən düşə bilməmiş, lakin sonradan cavabdehlə işləyən işçilərlə əlaqə yaratmaqla onun aylıq əmək haqqının 1500-2000 manat olduğunu öyrənmişdir. Cavabdeh ondan ayrılandan sonra evlənmiş, ikinci arvadından da iki uşağı olmuşdur. Yanındakı uşaqlarına nisbətdə onun yanında saxlanılan uşaqlara neçə illərdir ki, biganə yanaşaraq hədsiz dərəcədə az aliment ödəyir. Hətta həmin miqdar ödənişləri də vaxtlı vaxtında ödəmir. Cavabdeh əmək haqqını hər ayın 11-də aldığı halda sonuncu ay üzrə alimenti bu günə kimi ödəməmişdir. Alimenti ödəyəndə özü kartına yükləyir. Sorğusu əsasında SOCAR “Azneft” İB-nin Dalğıc Xidməti tərəfindən verilən arayışında göstərilmişdir. Cavabdeh uzun müddətdir ki, yüksək əmək haqqı aldığı halda bunun çox cüzi hissəni iki uşağının saxlanmasına görə aliment ödəyir. Onun maddi vəziyyəti isə əvvəlki məhkəmə qətnaməsi çıxarılan vaxtlardakı kimidir. Aliment ödənilməsi barədə aralarında saziş yoxdur və hətta razılıq da yoxdur. Belə ki cavabdeh yüksək qazancı olduğu halda heç ilkin mediasiya sessiyasına da gəlib iştirak etməmişdir. Yanında saxlanılan uşaqlara o çox diqqət yetirir, onlardan biri hətta əlaçı oxuyur. Onların təminatı da yüksək olmalı, bu günün tələblərinə uyğun olaraq təmin olunmalıdır.

3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının ona qarşı irəli sürdüyü tələb əsassızdır. O, cavabdehlə xx.xx.2000-ci il tarixdə 518 saylı nikah aktı üzrə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. 24 noyabr 2017-ci il tarixli qətnaməyə əsasən nikahları pozulmuşdur. xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi hər uşağa görə hər ay 100 manat olmaqla, ümumilikdə 200 manat aliment təyin olunmuşdur. İddiaçı tələbində qeyd edib ki, o, SOCAR şirkətində 2.088 manat əməkhaqqı alır, qeyd olunanlar yanlışdır. Əmək müqaviləsindən çıxarışa əsasən onun əmək haqqı 1.310 manat təşkil edir. xx.xx.2019-cu il tarixində 124 saylı nikah aktına əsasən o, rəsmi olaraq ailə qurmuş, həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X17 adlı uşaqları var. Həmin uşaqların tələbatları və xərcləri onun öhdəliyindədir. O, valideynləri ilə birlikdə yaşayır, anasına, atasına və əlil olan qardaşına o baxır. X5 “Şəkərli Diabet tip 2 orta ağır formada” diaqnozu ilə endokrinoloji dispanserdə qeydiyyatda dayanır. X1 birinci qrup əlildir. Qeyd olunan ailə üzvlərinin xərclərini, tələbatlarını, müalicəsini o çəkir. Hesab edir ki, iddiaçının tələb etdiyi xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü Şəfa Samir qızının yetkinlik yaşlarına çatana kimi qazancının üçdə bir hissəsində alimentin tutulması tələbi təmin edilməməlidir. xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat ödəməyə razıdır.

Birinci instansiya məhkəməsində icraat;

4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

6. Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsi ilə (hakim A.Əsgərov) iddia tələbinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-1249/2018 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan aliment dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 103 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-1249/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-1783/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh hər ay hər uşaq üçün 115 manat olmaqla, cəmi 230 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə qeyd etmişdir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən hər ay, aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır.

10. Məhkəmə hesab etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.

11. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 100.2, 112.1-ci maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessesual Məcəlləsinin 112.1.3, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tələbində qeyd etmişdir ki, o, SOCAR şirkətində 2088 manat əməkhaqqı alır, qeyd olunanlar yanlışdır. Əmək müqaviləsindən çıxarışa əsasən onun əmək haqqısı 1310 manat təşkil edir. xx.xx.2019-cu il tarixində 124 saylı nikah aktına əsasən ailə qurmuş, həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X17 adlı uşaqları var. Həmin uşaqların tələbatları və xərcləri onun öhdəliyindədir. O, valideynləri ilə birlikdə yaşayır, anasına, atasına və əlil olan qardaşına baxır. X5 “Şəkərli Diabet tip 2 orta ağır formada” diaqnozu ilə endokrinoloji dispanserdə qeydiyyatda dayanır. X1 birinci qrup əlildir. Qeyd olunan ailə üzvlərinin xərclərini, tələbatlarını, müalicəsini o, çəkir. Hesab edir ki, iddiaçının tələb etdiyi xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü Şəfa Samir qızının yetkinlik yaşlarına çatana kimi qazancının üçdə bir hissəsində alimentin tutulması tələbi təmin edilməməlidir. xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat ödəməyə razıdır.

15. Lakin Ağsu rayon məhkəməsi ədalətsiz, heç bir hüquq normalarına sığmayan əsassız bir qətnamə qəbul etmişdir. Qətnamənin mahiyyəti ilə tanış olaraq belə hüquqi nəticəyə gəlir ki, qətnamə maddi və prosessuaı hüquq normaları pozulmaqla çıxarıldığı üçün ləğv edilməli və alimentin 80-100 manat həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır.

16. Himayəsində xx.xx.2020-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X17 adlı uşaqlarının olması, həmin uşaqların tələbatları və xərcləri onun ödəməsi, anasına, atasına və əlil olan qardaşına baxması nəzərə alınmamışdır. Məhkəmə bütün göstərdiklərini nəzərə almayaraq olduqca yüksək olan aliment tutmuşdur. Halbuki, məhkəmə qanunvericiliyin tələblərinə əsasən ondan bir uşaq üçün 150 manat aliment tutulması qənaətinə gəlinməlidir. Məhkəmə isə qətnamə çıxararkən yalnızca iddiaçının təqdim etdiyi sübutlara qiymət verərək əsassız qətnamə qəbul etmişdir.

17. Məhkəmə iddianı düzgün araşdırmamaqla səhv nəticəyə gəlmiş, alimentin yüksək məbləğdə müəyyən olunması barədə əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən də, iddiasının qismən, yəni alimentin bir uşaq üçün 150 manat, iki uşaq üçün 300 manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməlidir.

18. Onun iş yerindən başqa gəlirinin olmaması, gəlirinin, iddiaçı ilə bərabər hüquq və vəzifəsinin, uşağının qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsini həyata keçirməməsi kimi xüsusatları araşdırmamışdır. Məhkəmənin qəbul etdiyi qətnamə işin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə nəticələnmişdir.

19. Odur ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-1249/2018 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh bir uşaq üçün 150 manat, 2 uşaq üçün 300 manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı apellyasiya şikayətinə yazılı etirazında apellyasiya şikayətinin təmin edilmədən, Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1. və 76.1.2.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

25. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

26. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

27. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsini qismən mübahisələndirərək, alimentin dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh bir uşaq üçün 150 manat, 2 uşaq üçün 300 manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas yoxdur.

34. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2000-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşdiyindən aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Ağsu Rayon Məhkəməsinin 2(016)-1249/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-1783/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh hər ay hər uşaq üçün 115 manat olmaqla, cəmi 230 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehin işləməklə daha yüksək qazanc əldə etməsini əsas gətirən iddiaçı, qət edilmiş alimentin dəyişdirilərək, cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməsini xahiş etmiş, cavabdeh tərəfindən isə iddia tələbi qismən, yəni hər ay hər uşaq üçün 150 manat məbləğində alimentin müəyyən edilməsi həddində qəbul edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin əsasını alimentin miqdarının çox olması təşkil edir.

37. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağsu Rayon Məhkəməsinin 2(016)-1249/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

39. Cavabdehin apellyasiya şikayətinin onun himayəsində olan anasına, atasına və əlil olan qardaşına baxmasına, himayəsində digər nikahdan olan 2 uşağının olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, sadalanan hallar onu bir ata kimi iddiaçının himayəsində olan uşaqlarının saxlanılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydada və miqdarda aliment ödəmək öhdəliyindən azad etmir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun SOCAR şirkətində 2088 manat əməkhaqqı almasına dair qeyd olunanların yanlış olması, onun əmək haqqısının 1310 manat təşkil etməsinə dair dəlillərinə də münasibətdə qeyd edir ki, aliment ödənişi üzrə əmək haqqından tutulmaların aparılması məhkəmə qərarının icrası mərhələsinin predmetini təşkil edir. Yəni ona hansı məbləğdə əmək haqqı hesablanırsa tutulmalar da həmin məbləğə uyğun şəkildə aparılacaqdır.

41. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağların layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağların mənafeyi nəzərə alınaraq onların saxlanması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında təyin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, alimentin məbləğinin dəyişdirilərək azaldılması üçün əsas ola bilməz.

43. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 15 mart 2023-cü il tarixli arayışda cavabdehin aylıq əmək haqqının 2088,40 manat təşkil etməsi qeyd edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının 10 may 2024-cü il tarixdə əldə etdiyi elektron sorğu məlumatları ilə cavabdehin aylıq əmək haqqının miqdarının 1310,06 manat təşkil etməsi müəyyən edilmişdir. Beləliklə cavabdehin aldığı əmək haqqı üzrə aparılacaq tutulmalardan onun tərəfindən ödənilməsinə etiraz edilmədiyi aylıq cəmi 300 manat aliment məbləği çıxıldıqda, mübahisələndirilən hissə üzrə illik ödəmələrin məcmusunun 5000 manatdan az məbləğ təşkil etməsi nəzərə alınaraq, hazırkı məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi imkanları nəzərdə tutulmamışdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar