Məhkəmə qərarları › İş №2(107)-643/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-643/2023

18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-643/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(046)-99/2023 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6942 manat pulun alınması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-99/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh 6942 manat borcun tutulması barədə tələbi təmin edilməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-99/2023 saylı qətnaməsindən 6 mart 2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 7 mart 2023-cü il tarixli, 2(046)- 99/2023 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)- 99/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(046)-99/2023 saylı qərardadından 10 aprel 2023-cü il tarixdə şikayət vermişdir. İddiaçı Azsığorta ASC şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli qətnaməsindən verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(046)-99/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası MPMnin 363-cü maddəsinə əsasən geri qaytarılmışdır. Məhkəmə qərardadında göstəmişdir ki, apellyasiya şikayətində konkret olaraq düzgün hesab edilməyən əsaslar və istinad edildiyi konkret faktlar və halları göstərməmişdir. Lakin apellyasiya şikayəti qanuna müvafiq qaydada tərtib edilərək məhkəməyə verilmişdir. Buna görə də Göyçay rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-99/2023 saylı qərardadı qanunsuz və əsassızdır, qərardad ləğv edilməli və apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göyçay Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(046)-99/2023 saylı qərardadı ilə həmin məhkəmənin 7 mart 2023-cü il tarixli, 2(046)-99/2023 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir və həmin şikayətdə aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-99/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini Mülki Prosessual Məcəllədə müəyyən olunan formada göndərməmişdir. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(046)-99/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(046)-99/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar