Məhkəmə qərarları › İş №2(107)-652/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-652/2023

25.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-652/2023 25.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “təbii qaz borcunun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: təbii qaz borcunun silinməsi tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qaz borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(019)-259/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala X6 İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 8640 kub metr qaz istifadə etməsinə görə 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borcun onun abonent hesabından silinməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu Gərəkli (Mazımqara) kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev öz adınadır. Uzun müddətdir ki, yaşadığı ev qazla təmin olunmuşdur. 2022-ci ilin noyabr ayının 05-də Cavabdeh İB-nin Zaqatala X6 İdarəsinin əməkdaşları tərəfindən yaşadıqları evin qaz sayğacına baxış keçirilmiş, qaz sayğacında problem olduğu onlara bildirilmiş, sayğacın yenisi ilə əvəzlənməli olduğunu bildirmişlər. Lakin qaz mütəxəssisləri sayğacı aça bilməmişlər. Bundan sonra 18 noyabr 2022ci il tarixdə X7 İdarəsinin əməkdaşları yenidən sayğaca baxış keçirmiş, kənar təsir nəticəsində sayğacın çıxış plastmas borusunun oturacaqdan aralandığı aşkarlanmış və sayğacı yenisi ilə əvəz etmişlər. Lakin onlar köhnə sayğacı özləri ilə götürmüş və laboratoriyaya aparacaqlarını bildirmişlər. Həmin vaxt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. Həmin vaxt qaz əməkdəşlarının hərəkətlərinə qəti etiraz etmiş, qaz sayğacına heç bir müdaxilə etmədiyini, qaz sayğacının yol tərəfdə yerləşdiyini, əvvəlki dəfə sayğacı əməkdaşlar aça bilmədiklərindən özləri sayğaca müdaxilə etdiklərini qeyd edərək, həmin aktı imzalamaqdan imtina etmiş və bu barədə şikayət edəcəyini bildirmişdir. 22 dekabr 2022-ci ildə Cavabdeh İB-nin X7 İstismar İdarəsi onun adına Təbii X4nın pozulması haqqında akt tərtib etmiş və onun 8640 kub metr qazdan istifadə etməyinə görə 1036.80 manat borcunun yarandığı qeyd edilmişdir. Aktda göstərilmişdir ki, guya kənar təsir nəticəsində sayğacın çıxış plastmas borusunun oturacaqdan aralarındığı aşkar olunmuşdur. Lakin o bunlarla razılaşmamışdır, çünki sayğaca heç bir müdaxilə etməmişdir. İstifadə etdiyi sayğac həyətində deyil, evdən aralıda, küçədədir və sayğacın qorunması onun vəzifəsi deyildir. Cərimə olunduğunu bildikdən sonra o, qaz idarəsinin məsul işçilərinə bildirmişdir ki, sayğaca onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Müntəzəm olaraq da qaz idarəsinin işçiləri tərəfindən sayğaca hər ay nəzarət edilmişdir. Cərimə olunması qanunsuzdur. Cərimənin silinməsini Cavabdeh İB-nin Zaqatala X6 İdarəsindən tələb etmişdir. Lakin orada ona mübahisə ilə bağlı məhkəməyə müraciət etməli olması izah edilmişdir. Buna görə də barəsində tərtib edilmiş borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh İBnin Zaqatala X6 İdarəsinin əməkdaşlarının hərəkətlərini də qanunsuz hesab etmişdir. «X4»nda imperativ qaydada müəyyən edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmin olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən öz hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(019)-259/2023 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddianın təmin edilməsi, Cavabdeh Zaqatala X6 İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 8640 kub metr qazdan istifadə etməsinə görə 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borcun İddiaçı abonent hesabından silinməsi, Cavabdehndən 30.36 (otuz manat otuz altı qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Balakən rayonu Gərəkli (Mazımqara) kəndində yaşayan İddiaçı təbii qaz istehlakçısıdır və onun fərdi yaşayış evinə gələn təbii qazı qeydə alan qaz sayğacı evdən kənarda yol sahəsində yerləşdirilmişdir. Cavabdeh Zaqatala RQİİ-nin Balakən xidmət sahəsinin əməkdaşları tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilməklə İddiaçı fərdi yaşayış evinə gələn təbii qaz sərfiyyatını qeydə alan qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş və yenisi ilə əvəz olunmuşdur. Cavabdeh Zaqatala RQİİ-nin əməkdaşlarının tərtib etdiyi Təbii X4nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda ARDNŞ Cavabdeh İB-nin 29/1710-04375-1 nömrəli aktına əsasən İddiaçı istifadə etdiyi qaz sayğacına ümumi baxışın keçirilməsi, sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralanması, xətaların normadan artıq olması, sayğacın maksimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, dəymiş ziyanın hesablanması və ödənilməli olması göstərilmiş, Cavabdeh Zaqatala RQİİ-nin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə İddiaçı 8640 m3 (1036.80 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmış və hesablanmış həmin məbləğin ödənilməli olması qeyd edilmişdir. İddiaçı sayğacdankənar təbii qaz sərfiyyatı üzrə hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc kimi İddiaçı **********00580 nömrəli abonent hesabının qalıq və aktlar qrafasına daxil edilmişdir və ödənilməsi ondan tələb edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün İddiaçı evinə gələn təbii qazın qeydiyyatını aparan qaz sayğacının işlək vəziyyətdə saxlanma vəzifəsi Cavabdeh İB-nin üzərinə düşməklə həmin təşkilat tərəfindən bununla bağlı müvafiq tədbirlər görülməli idi. Lakin Cavabdeh İB tərəfindən həmin sayğacın işlək vəziyyətdə saxlanması üçün müvafiq qanuni tədbirlər görülməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc əsassız hesablanmışdır və əsassız olaraq da həmin borc iddiaçının abonent hesabına daxil edilməklə ondan tələb edilmişdir. Bu da qaz istehlakçısı kimi İddiaçı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də İddiaçı pozulmuş hüquqları bərpa olunmalı və həmin 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc onun abonent hesabından silinməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının evdən kənarda yolda yerləşməsini, cavabdeh tərəfindən qaz sayğacına ehtimal olunan müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə və bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq, hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh Zaqatala X6 İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 8640 kub metr qazdan istifadə etməsinə görə 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc İddiaçı abonent hesabından silinməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1094, 1096.1, 1097.1, 427.1, 427.2, 427.3, 442, 443.1, 443.2, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 449.4, 452.2, 459.1, 459.5-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X4»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 13-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 78.1, 80, 81, 88, 89.1, 106.1, 106.3, 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin e-2(019)- 259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh Zaqatala X6 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 09 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8640 m3 qaz sərfiyyatı və **********00580 abonent koduna vurulmuş 1039.80 manat borcun İddiaçı hesabından silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********8 saylı sayğac quraşdırılmışdır. Eyni zamanda tərtib edilmiş aktda istehlakçı imza etməklə qüsuru təsdiq etmişdir. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli, 29/1710-04375-1 saylı aktında göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanıb (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii X4nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfdindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində onlara dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Azərbayccan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı qüsuru təsdiq edən xx.xx.2022-ci il tarixli ******* saylı sayğac çıxarılma aktını imza etsə də, təbii X4nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktı isə imzalamaqdan imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq o, Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-259/2023 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqrına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu: «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X4”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X4”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMRDK-nin (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X8 Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. «X4»nın 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fizik şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz palayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(019)-259/2023 saylı qətnaməsinin tamamilə ləğv olunması, iddiaçının iddiasının təmin olunmamasına dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(019)-259/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Bundan əlavə cavabdeh tərəfindən qaz sayğacının qəsdən sıradan çıxarılmasını sübut edəcək mötəbər və təkzib olunmaz faktlar məhkəməyə təqdim edilməmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı qüsuru təsdiq edən 03xx.xx.2022-ci il tarixli ******* saylı aktı imza etsə də, inventarizasiyanın aparılmasına dair xx.xx.2022-ci il tarixli ******* saylı aktı isə imzalamaqdan imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “dişli çarxların üzərinə yapışqan maddə tökülüb və hesablama mexanizminin iş pirinsipinə maneə törədilib” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, İddiaçı yaşayış evinə gələn təbii qaz sərfiyyatının qeydiyyatını aparan qaz sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda yol sahəsində quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına müdaxilə ilə bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 14.11. 2022-ci il tarixli ******* nömrəli akt, qaz sayğacının yoxlanılması barədə 30 noyabr 2022-ci il tarixli 29/1710-04375-1 nömrəli akt, Təbii X4nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunarkən, həmçinin xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 8640 kub metr itirilmiş qaz itkisi ilə bağlı xx.xx.2022-ci il tarixli tələbnamə verilərkən qaz sayğacına müdaxilənin İddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iş materiallarında İddiaçı tərəfindən və ya onun göstərişi və yaxud iştirakı ilə digər şəxs tərəfindən qaz sayğacına müdaxilə olunmasını sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralanmasını, xətaların normadan artıq olmasını, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsini və məhz bu müdaxilə nəticəsində sayğacın istismara yararsız vəziyyətə düşməsini təsdiq edən heç bir sübut yoxdur. İş üzrə Cavabdeh tərəfindən də İddiaçı tərəfindən və ya onun göstərişi, və yaxud iştirakı ilə digər şəxs tərəfindən qaz sayğacına müdaxilə olunması, ehtimal edilən bu halla bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 14.11. 2022-ci il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə 30 noyabr 2022-ci il tarixli 29/1710-04375-1 nömrəli aktın, Təbii X4nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın və xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 8640 kub metr itirilmiş qazın bərpası ilə bağlı xx.xx.2022-ci il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, iddia tələbinə etirazın əsasını təşkil edə biləcək həmin halların mövcudluğu sübut olunmamışdır. Ona görə də məhkəmə qeyd olunan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktı, qaz sayğacının yoxlanılması barədə 30 noyabr 2022-ci il tarixli 29/171004375-1 nömrəli aktı, Təbii X4nın pozulması haqqında xx.xx.2022ci il tarixli ******* nömrəli aktı və xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 8640 kub metr itirilmiş qazın bərpası ilə bağlı xx.xx.2022-ci il tarixli tələbnaməni həqiqəti əks etdirməyi, əsaslı olmadığı, işin həqiqi halları ilə ziddiyət təşkil etdiyi üçün iddia tələbini təkzib edən hallarla bağlı mötəbər sübut kimi qəbul etmir. Həmçinin Cavabdeh yalnız dəymiş zərəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən etmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən X4nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» o vaxt mötəbər sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının müvafiq normasına istinad edilməklə qəbul edilsin və Konstitusiyaya və qanunlara zidd olmasın. Lakin iş materiallarından görünür ki, həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır və normativ-hüquqi akt kimi dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda məhkəmə hazırki işlə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»nı mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda Cavabdeh tərəfindən İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 8640 kub metr qaz itkisi olmaqla 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində zərər vurulması, bu zərərlə İddiaçı ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Belə mötəbər sübutlar Cavabdeh nümayəndəsinin iddiaya yazılı etirazında da göstərilməmiş və həmin etiraza əlavə olunmamışdır. Kollegiya şikayətin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq Cavabdeh hesabına ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, şikayət bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119-cu maddəsinin 1-ci bəndinə görə Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.5ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti üçün ödədiyi məhkəmə xərci cavabdehin özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(019)-259/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(019)-259/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar