Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-652/2025 22.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı məsələsinin həlli) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığına dair məsələyə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(016)-249/2025 nömrəli qərardadı ilə mülki iş materialları ərazi aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş üzrə iddiaçının və cavabdehin qeydiyyat ünvanı ünvan 1inə müvafiq olaraq mülki işin ərazi aidiyyəti qaydasında baxılması Şəki Rayon Məhkəməsinə aiddir. Şəki Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli 2(075)-1542/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair mülki işin ərazi aidiyyətinə dair Ağsu Rayon Məhkəməsi ilə Şəki Rayon Məhkəməsi arasında fikir ayrılığı olduğundan, ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında iddiaçının Ağsu rayon Ərəbmehdibəy kəndində yaşaması və övladının da həmin kənddə təhsil almasına dair arayışlar mövcuddur. Bundan başqa iddiaçı iddia ərizəsində Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşadığını və övladının da həmin kənddə təhsil almasını nəzərə alaraq məhkəmə prosesinin Ağsuda keçirilməsini xahiş etmişdir. Belə olan halda qeydiyyat ünvanına əsaslanmaqla işə baxılması himayəsində yetkinlik yaşına çatmayan uşağı olan valideynin məhkəməyə müraciət hüququnun asanlaşdırılması üçün nəzərdə tutulmuş prosessual normanı formal hala gətirilmiş olacaqdır. Belə bir güzəştin iddiaçının qeydiyyat ünvanına əsaslanmaqla qarşısının alınması ədalətli yanaşma hesab edilə bilməz. iddiaçıya belə seçim hüququnun verilməsi yetkinlik yaşına çatmayanların mühüm hüquqlarının və qanuni maraqlarının müdafiəsini asanlaşdıran prosessual güzəşt kimi qiymətləndirilməlidir. Buna görə də, hazırkı iş Ağsu Rayon Məhkəməsində baxılmalıdır. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsı Konstitusiyasının; 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-ci maddəsinə əsaəsn alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunun; 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir; 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə — onun qeydiyyata alınması haqqında vəsiqə; 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə. 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; 5) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası tərəflər arasındakı mübahisənin predmetini və onların yaşayış yerlərini nəzərə alıb aşağıdakılara əsasən hesab edir ki, hazırkı mübahisəyə Şəki Rayon Məhkəməsində baxılmalıdır. İş materiallarından görünür ki, iddiaçı Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsində təsbit olunmuş hüquqdan istifadə etmişdir və iddia ərizəsini Ağsu rayon məhkəməsinə vermişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçının qeydiyyat ünvanı Şəki rayonu Daşüz kəndidir. Belə olan halda Ağsu Rayon Məhkəməsi düzgün olaraq işi baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərmişdir. İlk növbədə qeyd edilməlidir ki, «Yaşayış yeri» məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyət şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Göründüyü kimi, qanunvericilik vətəndaşın yaşayış yerinin yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilməli olduğunu təsbit etmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş tərəflərin şəxsiyyət vəsiqəsi barədə məlumatlardan müəyyən olunur ki, İddiaçı və Cavabdeh qeydiyyat ünvanı Şəki rayonunun Daşüz kəndidir. Məhkəmə kollegiyası qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tələblərinə əsasən iş üzrə tərəflərin yaşayış yerləri də məhz göstərilən ünvandır. Diqqət yetirilməli haldır ki, hazırkı iş üzrə iddianın predmeti uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasındən ibarətdir. MPM-nin iddiaçının seçməsinə görə aidiyyət qaydalarından bəhs edən 36.3-cü maddəsinə görə, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə görə, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə kollegiyası hazırkı iddianın predmetini və İddiaçı yaşayış yerinin Şəki rayonunun Daşüz kəndi olmasını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 33-34, 36, 45.4, 263-264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-652/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-652/2025
22.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver