Məhkəmə qərarları › İş №2(107)-653/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-653/2022

11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-653/2022 11.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi, qəyyumluqdakı uşaqla bağlı aliment) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(051)-1910/2021 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Cavabdeh və Ziyafət Süleymanovanın 23.04.2007-ci il tarixdə doğulmuş Humay, 08.10.2008-cu il tarixdə doğulmuş Ruhin adlı uşaqları olmuşdur. Uşaqların anası 27.04.2014-cü il tarixdə vəfat etmişdir. Ondan sonra Mingəçevir şəhər icra hakimiyyətinin başçısının 31 iyul 2014-cü il tarixli 122 saylı Sərəncamı uşaqların nənəsi X5 23.04.2007-ci il tarixdə doğulmuş Humay üzərində himayəçi, 08.10.2008-cu il tarixdə doğulmuş Ruhin üzərində qəyyum təyin olunmuşdur. Ancaq X1 yaranmış problemlərlə əlaqədar Mingəçevir şəhər icra hakimiyyətinin başçısının 17 iyul 2021-ci il tarixli 89 saylı sərəncamı ilə yuxarıda göstərilən sərəncam qüvvədən düşmüşdür. Ona görə də İddiaçı 23.04.2007-ci il tarixdə doğulmuş Humay üzərində himayəçi, 08.10.2008-cu il tarixdə doğulmuş Ruhin üzərində isə qəyyum təyin olunmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, 23.04.2007-ci il tarixdə doğulmuş Humay və 08.10.2008-ci il tarixdə doğulmuş Ruhin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin, ödənilmiş 60 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, uşaqların anası Ziyafət Süleymanova 27.04.2014-cü il tarixdə vəfat etmişdir. Ondan sonra uşaqların nənəsi, X5 nəvələri üzərində qəyyum təyin olunmuşdur. Ancaq X1 yaranmış problemlərlə əlaqədar Mingəçevir şəhər icra hakimiyyətinin başçısının 17 iyul 2021-ci il tarixli 89 saylı sərəncamı ilə X3 23.04.2007-ci il tarixdə doğulmuş Humay üzərində himayəçi, 08.10.2008-cu il tarixdə doğulmuş Ruhin üzərində qəyyum təyin olunması ilə bağlı 31 iyul 2014-cü il tarixli 122 saylı Sərəncamı qüvvədən düşmüşdür. Ona görə də o, 23.04.2007-ci il tarixdə doğulmuş Humay üzərində himayəçi, 08.10.2008-cu il tarixdə doğulmuş Ruhin üzərində isə qəyyum təyin olunmuşdur. Cavabdeh uşaqlara mütəmadi köməklik göstərmir. Cuzi məbləğlə isə uşaqlara baxmaq mümkün deyildir. O, 09 avqust 2021-ci il tarixindən etibarən cavabdehə alimentin ödənilməsi ilə bağlı müraciət etsə də, cavabdeh aliment ödəməkdən yayınmaq üçün mediasiyanın tətbiqi barədə təkliflə razılaşmamış, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X14 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili Vəkil məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, cavabdeh hərbiçidir və onun hər uşaq üçün hər ay 200 manat ödəmək imkanı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə almaqla, iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehdən hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar iddiaçının himayəsində yaşayırlar, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Məhkəmə hər iki azyaşlı uşağın mənafeyini, iddiaçının onların üzərində qəyyum və himayəçi təyin edilməsini, habelə digər halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediator və kargüzarlıq xidməti üçün ödədiyi 60 manat mələğində mediyasiya xərcini tələb etməkdə haqlıdır. Belə ki, ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməmişdir. Belə olan halda iddiaçı mediyasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediator, 10 manat isə kargüzarlıq xidməti üçün cəmi 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən cavabdeh mediasiya ilə bağlı iddiaçı tərəfin çəkdiyi bütün mediasiya xərclərini iddiaçıya ödəməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(051)-1910/2021 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin olunmuş, 28.09.2021ci il tarixdən başlayaraq, 08.10.2008-ci il tarixdə doğulmuş Ruhin və 23.04.2007-ci il tarixdə doğulmuş Humay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiya xərcinin cavabdehə aid edilməsi, Cavabdeh 60 (altmış) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2 və 79.1-ci maddələrinə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 9-cu maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 17 iyul 2021-ci il tarixli 89 saylı sərəncamından görünür ki, İddiaçı 23.04.2007-ci il təvəllüdlü X15 üzərində himayəçi, 08.10.2008-ci il təvəllüdlü X18 üzərində qəyyum təyin edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə X4 birgə nikahından 08.10.2008-cu il tarixdə Ruhin, 23.04.2007-ci il tarixdə Humay adlı uşaqları doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27.04.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X19 25.12.2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. Nikah bağlandıqdan sonra arvada Süleymanova soyadı verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X16 01.08.2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. İşdə olan doğum haqqında şəhadətnamlərin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə X10 birgə nikahından 16.11.2005-ci il tarixdə Yeganə, 03.09.2010-cu il tarixdə Ərşad adlı uşaqları doğulmuşdur. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi və vəkili Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 17 iyul 2021-ci il tarixli, 89 saylı Sərəncamına əsasən X3 nəvələri üzərində qəyyum təyin edilməsi haqqında 31 iyul 2014-cü il tarixli 122 saylı Sərəncam qüvvədən düşmüş hesab edilmiş, o, 23 aprel 2007-ci il təvəllüdlü X15 üzərində himayəçi, 08 oktyabr 2008-ci il təvəllüdlü X18 üzərində qəyyum təyin olumuşdur. Belə ki, uşaqların anası Ziyafət Süleymanova 27 aprel 2014-cü ildə vəfat etmiş və bundan sonra uşaqlara ana nənəsi Suburə Süleymanova baxmış və qəyyum təyin edilmişdir. Suburə Süleymanovanın səhhətində yaranmış problemlə əlaqədar hazırda uşaqlara himayəçi və qəyyum olaraq o təyin olunmuşdur. Uşaqların atası Cavabdeh mütəmadi köməklik göstərmir. Göstərdiyi cüzi məbləğlə onların maddi təminatını təmin etmək mümkün deyildir. 09 avqust 2021-ci ildən cavabdehə uşaqlara görə aliment ödəməyi təklif etsə də, cavabdeh qəsdlə aliment ödəməkdən yayınmaq üçün mediasiyanın tətbiqi barədə təklifi ilə də razılaşmamış, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. O da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə istinad edərək alimentin 09 avqust 2021-ci ildən tutulmasını xahiş etsə də, ərizənin məhkəməyə verildiyi vaxtdan alimentin tutulması qət edilmişdir. Halbuki, o, cavabdehə aliment ödəməsi üçün 09 avqust 2021-ci ildə rəsmi müraciət etmişdir. Sonuncu isə qəsdlə işi yubatmışdır. Hazırda Respublikada uşaqlar üçün yaşayış minmumu 193 manat müəyyən edilmişdir. Cavabdeh 2 anadan yetim balasını atadan da məhrum qoymuşdur. Onlara heç bir mənəvi dəstək verməmiş, görüşməmişdir. O, uşaqların dayısı arvadı olmaqla əri ilə bərabər qayğı göstərir. Ancaq onlara verməli olduğu mənəvi dəstəyə maddi gücü çatmır. Çünki uşaqlar artıq 15 və 14 yaşlarındadırlar. Yəqin hər kəsə məlumdur ki, 120 manatla bu xərcləri ödəmək mümkün deyildir. Cavabdeh hərbi hissədə aşbaz işləyir və bu məlumatları əldə etməkdə çətinlikləri vardır. Ancaq elektron portaldan məhkəmə özü də müəyyən edə bilər cavabdehin gəliri nə qədərdir. Məhkəmə uşaqlara təyin olunmuş alimentin miqdarını hər uşağa münasibətdə 120 manat təyin etməklə, onların hüquqlarını pozmuşdur. Hazırda atalı-analı uşaqlar üçün 130-140 manat aliment təyin olunduğu halda, valideynini itirmiş uşaqlara təyin olunmuş pensiya məbləğinə görə uşaqlara atalarına görə təyin olunmuş alimentin miqdarının az hesablanması bərabərlik hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(051)- 1910/2021 nömrəli qətnaməsinin alimentin tutulması vaxtı və miqdarı hissəsində ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, o, uşaqların qəyyumu və himayəçisi olaraq hər ay cəmi 180 manat müavinət alır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X11 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(051)-1910/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Həmin Məcəllənin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hər iki valideyləri tərəfindən uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edilən uşaqlar valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Həmin Qanunun 9-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanunu: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(051)- 1910/2021 nömrəli qətnaməsinin alimentin tutulması vaxtı və miqdarı hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş alimenti hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat miqdarında müəyyən etməklə reallığa uyğun olmayan nəticəyə gəlmişdir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 200 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olmasını, cavabdehin uşaqların saxlanılmasına könüllü olaraq cüzi yardım göstərməsini, iddiaçının isə həmin uşaqlara görə cəmi 180 manat müavinət aldığını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar mövcuddur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində alimentin tutulmasının əvvəlinin cavabdehə aliment ödəməsi üçün rəsmi müraciət etdiyi 09 avqust 2021-ci il tarixdən hesablanmalı olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının cavabdehə qarşı aliment ödənilməsi üçün məhkəməyə müraciət etdiyi vaxtdan alimenti tutmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyator bunun əksini, yəni cavabdehə aliment ödəməsi üçün müraciət etməsi halını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(051)-1910/2021 nömrəli qətnaməsi dəyişdirilməli, 08.10.2008-ci il tarixdə doğulmuş Ruhin və 23.04.2007-ci il tarixdə doğulmuş Humay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulub İddiaçı verilməli olan alimentin məbləği dəyişdirilərək hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməli, hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(051)-1910/2021 nömrəli qətnaməsi dəyişdirilsin. 08.10.2008-ci il tarixdə doğulmuş Ruhin və 23.04.2007-ci il tarixdə doğulmuş Humay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulub İddiaçı verilməli olan alimentin məbləği dəyişdirilərək hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilsin. Hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat aliment Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar