Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-654/2022 10.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Həbubullah oğlunun Cavabdeh qarşı “aliment” tələbinə dair (Açar sözlər: aliment tələbi ) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə İddiaçı Həbubullah oğlunun Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, e-2(033)-169/2022 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları: Zaqatala rayon məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(033)-883/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X2 arasında bağlanmış 05 iyun 2010-cu il tarixli nikah qeydinin pozulması və tərəflərin birgə nikahından 06 oktyabr 2010-cu il tarixdə anadan olmuş X3 atası İddiaçı himayəsində saxlanılması qərara alınmışdır. Zaqatala RİHB-ın Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 578629 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 oktyabr 2010-cu ildə doğulmuşdur. Valideynləri İddiaçı Həbubullah oğlu və Cavabdehdır. 25 oktyabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı Həbubullah oğlu tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair pul ödəmişdir. X6 Mərkəzinin 02 fevral 2022-ci il tarixli erkən hamiləliyin ultrasəs müayinəsindən görünür ki, Cavabdeh 5 həftəlik hamilədir. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh nikahlarını 18 yanvar 2022-ci ildə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. “Güvən” X1 həkim-ginekoloqu Bəsti Teymurxanovaova tərəfindən verilmiş 07 mart 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 11 həftəlik hamilədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Həbubullah oğlunun Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan 06 oktyabr 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin ona ödənilməsi və 50 manat mediasiya xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Həbubullah oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05 iyun 2010-cu il tarixdə Cavabdeh ilə Zaqatala rayonu qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 06 oktyabr 2010- cu ildə X7 adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılımışlar. Zaqatala rayon məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(033)-883/2019 saylı qətnaməsinə əsasən onunla X2 arasında bağlanmış 05 iyun 2010-cu il tarixli nikah qeydinin pozulması və birgə nikahdan doğulmuş Nicatın onun himayəsində saxlanılması barədə qətnamə qəbul edilmişdir. Hazırda uşağı onun himayəsindədir. Cavabdeh isə onun saxlanılması üçün heç bir maddi yardım göstərmir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 02 fevral 2022-ci il tarixli, e- 2(033)-169/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək tərəflərin birgə nikahlarından 06 oktyabr 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 dekabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı Həbubullah oğluna ödənilməsi, Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat pul vəsaitinin alınaraq İddiaçı Həbubullah oğluna ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); məcburi -məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üçün bu məbləğ 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən qeyd edilən maddələrinin tələblərinə və Cavabdeh qazancının qeyrimüntəzəm və dəyişkən olmasına əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan bir uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, habelə aylıq aliment məbləğinin dövlət tərəfindən bir uşağın saxlanması üçün müəyyən edilmiş minimum ehtiyac meyarından aşağı olmamasının zəruriliyini nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində aylıq miqdarı bir uşaq üçün 100 (bir yüz) manat müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin ikinci dəfə ailə qurması və hazırda onun hamilə olması qətnamə qəbul edilən zaman nəzərə alınmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı məhkəməyə 03 dekabr 2021-ci il tarixdə müraciət etdiyindən aliment məhz həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək (il ərzində 1200 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab edir ki, Cavabdeh 32 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 06 oktyabr 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 dekabr 2021ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı Həbubullah oğluna ödənilməli, həmçinin cavabdehdən 32 (otuz iki) manat miqdarında dövlət rüsumu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, 34-cü maddəsinin İİİ və İV hissələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarına, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarına, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4, 75.5, 76.1, 78.1 və 99-cu maddələrinə, Azərbaycan Respublikasının «Dövlət rüsumu» haqqında qanunun 8.1.2, 9.1.2 və 9.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.1, 119.2, 217.4, 234.2 və 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aliment müəyyən edərkən maddi durumunu, hamilə olmağını, yeni ailə həyatı qurmağını nəzərə almamışdır. Məhkəmə Ailə Məcəlləsinin 101.2-ci maddəsinin tələbini nəzərə almaması maddi hüquq normasının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında yeni ailə həyatı qurduğumu, hamilə olduğunu, heç bir yerdə işləmədiyini bildirmişdir. İddiaçı ilə nikahı pozulduqdan sonra iddiaçı ikinci dəfə ailə həyatı qurmuş və ikinci həyat yoldaşından da ayrılmışdır. İddiaçı ilə nikahı 15 avqust 2019-cu il tarixdə pozulmuşdur. İddiaçı o yeni ailə həyatı quran müddətə qədər aliment tələbinə dair ona iddia qaldırmamışdır. Onun hal-hazırda belə bir iddia tələbi qaldırması qərəzli mövqe daşıyır. Yeni ailə həyatı qurduğu və hamilə olduğu üçün işləmir. İşləməyi səhhəti ilə bağlı problemlərin ortaya çıxması ilə nəticələnəcəkdir. Heç bir yerdə işləmədiyi təqdirdə alimenti ödəyə bilməyəcək. İddiaçının məqsədi onunda ailə həyatının dağılmasıdır. Alimenti ödəyə bilmədiyi təqdirdə və işləmədiyi üçün yeni ailə həyatında ailə münaqişələri olacaqdır. Ailə həyatımın davam etdirilməsi mümkün olmayacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq,atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Qanunun mövqeyindəndə aydın olur ki, ailə dövlətin himayəsindədir. O da dövlətinə sığınır. İddiaçının bu günə qədər övladlarını saxlamış, hər bir maddi tələbatını ödəmişdir. İndidən sonra da maddi tələbatını ödəməyə imkanı vardır. Məhkəmə iddiaçının qərəzli mövqeyini, yeni ailə həyatını dağıtmaq təhlükəsini və hamilə olmağını nəzərə almamışdır. Hal-hazırda 11 həftəlik hamilədir. Səhhəti getdikcə ağırlaşır. Bunun üçün məhkəmənin mövqeyini ədalətsizlik hesab edir. Hamilə olduğu və işləmədiyi təqdirdə alimenti hardan və hansı qazancdan ödəyəcək? Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 2(033)-169/2022 saylı 02.02.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması, iddiaçının iddiasının təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz və mülahizələr daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh hazırda ikinci dəfə ailə həyatı qurmaqla, 18 həftəlik hamilədir. Bu gün real olaraq cavabdehin işləmək imkanı yoxdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bütün bunları nəzərə almamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı Həbubullah oğlu səbəb və mümkünsüzlüyü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Kollegiya cavabdehin teleqramını üzrsüz hesab edərək Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, e-2(033)-169/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, e- 2(033)-169/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, alimentin məbləği dəyişdirilməlidir. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslıdır. Belə ki, birinci instаnsiyа məhkəməsi аlimentin miqdаrını müəyyən edərkən cavabdehin hamilə olmaqla, işləmək imkanının olmamasına xüsusi diqqət yetirməmişdir. Düzdür, Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi anasının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Lakin yuxarıda qeyd olunanlarla yanaşı, işin faktiki halını da nəzərə almaq lazımdır. Belə ki, iş materialları ilə sübut olunur ki, cavabdeh rəsmi işləməməklə yanaşı, həm də 11 həftəlik hamilədir (i/m səh.83-“Güvən” X1 Həkim-ginekoloqu Bəsti Teymurxanova tərəfindən verilmiş 07 mart 2022-ci il tarixli arayış). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh birinci instaniya məhkəməsinin qətnaməsini tam həcimdə mübahisələndirsə də, iş materiallarının 51-53-cü səhifəsində olan 02 fevral 2022-ci il tarixli iclas protokolundan və 55-60-cı səhifəsində olan məhkəmə qətnaməsindən görünür ki, cavabdeh uşağının saxlanması üçün hər ay 50-70 manat civarında aliment ödəyə biləcəyini bildirmişdir. Ona görə də məhkəmə kollegiyası bütün yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, 06 oktyabr 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 70 (yetmiş) mаnаt məbləğində müəyyən edilməlidir. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, e-2(033)-169/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “06 oktyabr 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh alınmalı (tutulmalı) olan аlimentin məbləği ilə bаğlı hissədə dəyişdirilsin və həmin аlimentin məbləği hər ay 70 (yetmiş) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-654/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-654/2022
10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver