Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-667/2023 08.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qаrşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Cavadova Günay İsmayıl qızı və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümаyəndəsi X9, Cavabdeh - Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh müasir fındıq bağı salınaraq indiki hala gətirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfində xərclənmiş 9821 manat, subartezian quyusunun qazılması və hovuzun yaradılması üçü xərclənmiş 18120 manat, dəymiş ziyana görə 38750 manat, əldən çıxmış faydaya görə 3500 manat olmaqla cəmi 70191 manat vəsait və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(024)-81/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh müasir fındıq bağı salınaraq indiki hala gətirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xərclənmiş 9821 manat, subartezian quyusunun qazılması və hovuzun yaradılması üçün xərclənmiş 18120 manat, dəymiş ziyana görə 38750 manat, əldən çıxmış faydaya görə 3500 manat olmaqla cəmi 70191 manat vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 06 fevral 20007-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qax rayonunun Qorağan kənd sakinləri Cavabdeh və X2 JN-124 Kod 40305018 olan Dövlət Aktına əsasən Qax rayonu Qorağan kəndində yerləşən ümumi sahəsi 4.83 ha olan torpaq sahəsinin 1.00 ha hissəsini almışdır. Bunun əsasında həmin torpaq sahəsinə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli çıxarış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. İlk gündən cavabdehin iddiaçıya göstərdiyi torpaq hissəsi rəsmiləşdirildikdən sonra 2007-ci ildən həmin torpaq sahəsi digər torpaq sahələri ilə birlikdə MMC tərəfindən əkilib becərilmişdir. İddiaçı 2015-ci ildə fındıq emalı və qurudulması sexinin tikintisi, 94.0 hektar yeni fındıq bağının salınması və becərilməsi üzrə ******* manat dəyərində biznes Plan hazırlamışdır. Lahiyə üzrə 500000 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öz vəsaiti hesabına. ******* manat isə kredit cəlb etmək yolu ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin məbləğ iddiaçıya 120 ay müddətinə illik 6 faiz dərəcəsi ilə sahibkarlığın inkişafına dəstək olaraq kredit 94 hektar yeni fındıq bağının salınması və becərilməsi məqsədi üçün verilmişdir. İddiaçı biznes plan üzrə bağların salınmasına başlamışdır. Biznes plan əsasında cavabdehdən alınan 1 hektar torpaq sahəsinə 2015-ci ildə bir il ərzində müasir damla suvarma sistemli bağ salınmasına 6256 manat pul xərclənmişdir. 2015-ci ildə ətrafda salınan bütün bağların damla suvarma sistemini su ilə təchiz edilməsi üçün sözü gedən torpaq sahəsində 16300 manat vəsait sərf edərək subartizan quyu qazılmış 1820 manat vəsait sərf edərək hovuz inşa etmişdir ki, bu da biznes plan üzrə o ərazidə yerləşən bütün yeni salınmış fındıq bağlarının suvarılması üçün nəzərdə tutulmuşdur. Yeni salınmış fındıq bağları yeddi il aqrotexniki qulluqdan sonra məhsul verməsi məlumdur. Bu səbəbdən 7 il ərzində yəni 2015-2021-ci illər ərzində əsasən sözü gedən 1 ha torpaq sahəsinə iddiaçı tərəfindən Biznes plan üzrə aşağıdakı xərclər çəkilmişdir. 2015-ci il ərzində 125 2016-cı il ərzində 270 2017-ci il ərzində 565 2018-ci il ərzində 565 2019-cu il ərzində 680 2020-ci il ərzində 680 2021-ci il ərzində 680 Cəmi: -3565 manat. İddiaçı ümumiyyətlə sözügedən 1 ha torpaq sahəsində müasir fındıq bağı salınaraq indiki hala gətirilməsi üçün 9821 manat, quyu və su hovuzuna isə 18120 manat olmaqla cəmi 27941 manat vəsait sərf etmişdir. 2021-ci ilin mart ayında cavabdehin ailə üzvləri "xxxx" MMC-yə yaxınlaşaraq təcili pula ehtiyaclarının olmasını bildirərək bağın yanında olan boş qalan torpaq sahələrini satmaq isdədiklərini bildirdilər. Həmin torpaq sahəsinin çıxarışının olmaması səbəbindən alqı-satqı baş tutmayacağını bildirəndə onlar "xxxx" MMC-də işləyən bir-neçə kənd ağsaqqalı ilə yaxınlaşıb ailə başçılarının səhhətinin pis olmasını, təcili əməliyyat olunması üçün pula ehtiyaclarının olmasını bildirərək boş torpaq sahələrini 4000 manata satmalarını bildirərək beh olaraq 1000 manat pul istədilər və birneçə günə çıxarış alıb alqı-satqıya gedəcəklərini bildirdilər. 1000 manat behi isə əməliyyat xərci üçün təcili istədiklərini bildirdilər. Onlar üçün insan həyatı vacib rol oynadığı üçün kənd ağsaqqallarının da xahişini nəzərə alaraq 1000 manat behi vermişdir. Daha sonra dəfələrlə danışıqları olmuş, cavabdeh Çıxarışı alarkən onda olan hissənin onların bağ saldığı hissəyə düşdüyünün bildirmişdir. 2007-ci ildə onlara həmin yeri göstərsə də sənədləşmədə səhvən onda qalan hazıra qədər boş hissə yazılmişdir. Cavabdeh torpaq sahəsində illərlə "xxxx" MMC-nin becərdiyi və müasir suvarma sistemli bağ sahəsinin sənəd üzərində onun olduğunu bildirərək, bağa və suvarma sisteminə görə qiymətin artdığını bildirmişdir. Beləliklə cavabdeh iddiaçının öz saldığı bağı yenidən onlara daha baha qiymətə satmağa qərar vermişdir. Əvvəl qiymətini artıb 6000 manat, daha sonra isə 8000 manat olduğunu bildirmişdir. Onlar subartezian quyu, hovuz və suvarma sistemlərinin başlanğıcının bu torpaq sahəsindən paylanmasını nəzərə alaraq məcbur qalıb, əslində iddiaçının onlara satmaq istədikləri boş, baxımsız sahəni satıb üzərinə də 2 qatını qoyub özünün saldığı bağı təkrarən cavabdehdən almaq qərarına gəlmişlər. Torpaq sahəsini satıb 8000 manat düzəldib cavabdehlə alqı-satqı müqaviləsi bağlamaq üçün onu notariusa dəvət etdikdə daha sonra cavabdehin torpağın qiymətinin indi də 10000 manat olduğunu bildirəndə etiraz etmişlər. 1 gün sonra cavabdehin "xxxx" MMC-nin saldığı bağ sahəsini başqa şəxsə satdığını eşitmişlər. Eyni zamanda bildirir ki, cavabdeh də alqı-satqı olan 2007-ci ildən 2021-ci ilədək bu illər ərzində sənəd üzərində onlara məxsus olması müəyyənləşən 1 hektar torpaq sahəsini başqa şəxsə icarəyə verməklə gəlir əldə etmişdir. "xxxx" MMC illərlə yetişdirdiyi bu il yüksək məhsuldarlığı gözlənilən 155 ağacdan ibarət bağ sahəsi cavabdehin hərəkətləri nəticəsində MMC-dən alınaraq başqa şəxsə satılmış, əvəzində isə cavabdehin illərlə sahibliyində olan boş əkin sahəsi verilmişdir. Hesab edir ki, "xxxx" MMC Cavabdeh vurulmuş zərərin əvəzinin tam ödənilməsini, habelə əldər çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. İnternet resuslarında apardıqları araşdırma nəticəsində Fındıq ağacının biri 25 (iyirmi beş) manat dəyərləndirilir. "xxxx" MMC-nin saldığı mübahisəli 1 hektar müasir bağ sahəsində 155 fındıq ağaçı olmasını nəzərə alınsa 155x250=38750 manat maddi ziyan təşkil edir. Nəzərə alınsa ki, hər hektardan "xxxx" MMC mübahisəli torpaq sahəsi ilə qonşu torpaqlarında orta hesabla her hektara 1 ton fındıq götürmüşdür. İ ton fındığın orta bazar dəyəri 3500 manat əldən çıxmış faydadır. Nəzərə alınsa ki, "xxxx" MMC bu bağın salınması üçün İqtisadiyyat Nazirliyi yanında X10 və "xxxx" KB ASC qarşısında öhdəliklər götürmüşdür və cavabdehin hərəkətləri nəticəsində MMC öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin subartezian quyusunun qazılması üçün çəklilmiş xərclərin cavabdehdən alınması ilə bağlı hissəsi baxılmamış saxlanmışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X11 iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəsimən qəbul edir. Belə ki, iddiaçının qazdırdığı artezian quyusundan çıxan su təxminən iki metrdən sonra iddiaçıya məxsus torpaq sahəsinə axır. Həmin quyudan çıxan sudan ancaq iddiaçı istifadə edir. İddiaçıya fındıq bağını satmağı təklif etsə də, iddiaçı onun dediyi qiymətlə razılaşmamış, o da bağı başqa bir şəxsə satmışdır. Hazırda onun fındıq bağı yoxdur. O, iddiaçıya ondan tələb etdiyi pulu ödəməyəcəkdir. İddianın qəbul etmir, rədd edilməsini xahiş etmişdir.
6. Qаx Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 02 mart 2023-cü il tarixli, 2(024)-81/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh müasir fındıq bağı salınaraq indiki hala gətirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xərclənmiş 19800 manat, subartezian quyusunun ətrafında görülmüş işlərin görülməsi üçün xərclənmiş 500 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissəsi rədd edilməsi, iş üzrə hər biri 50 (əlli) manat olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq aşağıdakı hesaba ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xərclənmiş 9821 manat və hovuzun yaradılması üçün xərclənmiş 18120 manat”a dair hissəsi ekspert rəylərinə uyğun olaraq qismən təmin edilməlidir.
8. Birinci instansiya məhkəməsi iddia tələbinin dəymiş ziyana görə 38750 manat, əldən çıxmış faydaya görə 3500 manat”a dair hissəsi əlaqədar hesab etmişdir ki, həmin iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan iddiaçı tələbin həmin hissəsi ilə bağlı məhkəməyə əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də, tələbin həmin hissəsi əsassızdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29, 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6, həmin Konvensiynın 1 saylı Protokolun 1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 157.7, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4, 119.1, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Qаx Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(024)-81/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməni prosessual hüquq normalarını pozmaqla çıxarmışdır. Belə ki, mübahisəyə məhkəməyə mahiyyəti üzrə baxılmalı, işdə olan sübutlara düzgün hüquqi qiymət verməli, işin faktiki hallarına uyğun qətnamə çıxarmalı idi. Məhkəmə iddiaçının mülahizələrinə əsasən qətnamə çıxarmış. İşin faktiki hallarını araşdırmamış. Bununla da çəkişmə prinsipini pozaraq qətnamə qəbul etmişdir. Mübahisəyə işin faktiki hallarına uyğun baxılmalıdır. Belə ki, ona və ailə üzvülərinə Qax rayon X8 xx.xx.1998-ci il tarixli. 07 saylı qərarı ikə ümumilikdə 4.83 ha pay torpağı verilmişdir. Həmin torpaq sahəsinin 18940.00 kv.m hissəsi Qorağan kəndi ərazisində Balaca Kirdə adlı çöldə, 29360.01 kv.m hissəsi isə Zoğallı adlı çöldə yerləşir. Sahələrin arasındakı məsafə isə təqribən 5-6 km-dir. İddiaçı ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən o özünə və ailə üzvülərinə məxsus olan 1.8940.00 kv.m torpaq sahəsinin 1.00 ha hissəsini olnlara satmışdır. 2007-ci ildən mübahisə yarananadək iddiaçı tərəf həmin torpaqdan istifadə etmişdir. İddiaçı tərəf 2015-ci ildə çıxarış əldə edə edərkən satın aldığı və istifadəsində olan hissəyə deyil, onun istifadəsində olan Zoğallı adlı sahədə yerləşən torpaq sahəsinin 1.00 ha hissəsinə dair çıxarış əldə etmişlər. 2020-ci ilin iyun ayında səhhəti pisləşmiş və istifadəsində olan Balaca Kirdə adlı ərazidə yerləşən iddiaçının daha əvvəl ondan aldığı 1 ha torpaq sahəsinin 0.89 ha hissəsini satmaq istəmişdir. Bunun üçün ilk öncə iddiaçı tərəfə təklif irəli sürmüşdür. İddiaçı tərəf isə razılaşaraq torpağı almaq istədiyini bildirmişdir. Buna görə o, çıxarış almaq üçün DƏDRX-nin 12 saylı ərazi İdarəsinin Qax şöbəsinə müraciət ermişdir. Orada ona məlum olmuşdur ki, 2007-ci ildə iddiaçıya satılmış 1.00 ha torpaq sahgəsi Zoğallı adlı ərazidə yerləşən torpaqadan 2015-ci ildə rəsmiləşdirilib. Belə olduqda o, yenidən iddiaçı tərəfə müraciət edərək torpaq sahəsini yenidən dəyişməyi təklif etmişdir. İddiaçı əvvəlcə razılaşmışdır. İddiaçı tərəf isə 2015-ci ildə çıxarışla əldə faktiki istifadəsində olan torpaq sahəsini başqa şəxsə satmışdır. Belə olan halda o yenə də iddiaçı ilə razılığa gələrək 1.89 ha torpaq sahəsini 10000 manata satmaq istədiyini bildirmişdir. İddiaçı isə bununla razılaşmayaraq məhkəməyə hazırkı tələblə müraciət etmişdir. İddiaçı tərəfin nümayəndəsi məhkəmə iclasında qeyd olunan faktları etiraf etmişdir. Məhkəmə isə işin faktiki hallarını düzgün araşdırmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qаx Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(024)-81/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X4hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümаyəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Qаx Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(024)-81/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən - müasir fındıq bağı salınaraq indiki hala gətirilməsi üçün xərclənmiş 19800 manat, subartezian quyusunun ətrafında görülmüş işlərin görülməsi üçün xərclənmiş 500 manat tutulması hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin mübahisələndirilən hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
17. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
19. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir
22. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; VI. Apellyasiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdırıb, iş üzrə toplanmış sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Qаx Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(024)-81/2023 saylı qətnaməsi qismən ləğv edilməlidir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
37. Müəyyən edilmişdir ki, Qax rayon X8 xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə Qax rayon Qorağan kənd sakini Cavabdeh və onun ailə üzvlərinə (cəmi 6 nəfər) 4.83 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə JN-124 Kod 40305018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Həmin torpaq sahəsi 18940 kv.m və 29360.01 kv.m-dən ibarət olmaqla iki planşetdə yerləşmişdir. Həmin torpaq sahələri naturada da birindən aralıda olmaqla kəndin ərazisində “Balaca kirdə” və “Zoğallı” adlı çöllərdə yerləşir.
38. Tərəflər arasında bağlanmış 06 fevral 20007-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh və onun ailə üzvlərinə verilmiş 4.83 ha olan torpaq sahəsinin 18940 kv.m olan hissəsindən 1.00 ha hissəsini "xxxx" MMC almışdır. Sonuncu aldığı 1 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reystrində qeydiyyata aldıraraq Çıxarış almışdır (********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli).
39. İddiaçı "xxxx" MMC həmin 1 ha torpaq sahəsində fındıq kolları (topa) əkmiş, onlara qulluq edərək böyütmüşdür. Həmin findıq topaları hal-hazırda məhsul verməyə başlamışdır. Bundan əlavə iddiaçı həmin torpaq sahəsində yaxşılaşdırma işləri apararaq əlavə vəsait xərcləmişdir.
40. Sonradan tərəflərə məlum olmuşdur ki, iddiaçının əkib becərdiyi torpaq sahəsi onun mülkiyyətinə verilmiş torpaq sahəsi deyildir. İddiaçının adına qeydə alınmış torpaq sahəsi başqa yerdə yerləşməklə hal-hazırda boş əkin sahəsidir. İddiaçının fındıq bağı saldığı torpaq sahəsi isə cavabdehin və onun ailə üzvlərinin mülkiyyətindədir. Tərəflər yaranmış problemi öz aralarında həll edə bilməmiş, cavabdeh öz mülkiyyətində olan və iddiaçının əkib becərdiyi torpaq sahəsini başqa şəxsə satmışdır. Bundan sonra iddaiçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
41. İşdə olan xx.xx.2007-ci il tarixli AN-İ № ******* saylı Alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X4 JN-124, KOD 40305018 olan Dövlət Aktına əsasən Qax rayonunun Qorağan kəndində yerləşən ümumi sahəsi 4.83 ha olan torpaq sahəsinin 1.00 ha hissəsini "xxxx"MMC-nin təsisçisi X3.
42. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qorağan kəndində yerləşən 1.0 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir.
43. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" KB ASC arasında bağlanmış 30 iyul 2015-ci il tarixli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, bank tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 120 ay müddətinə illik 6 faiz dərəcəsi ilə sahibkarlığın inkişafına dəstək olaraq ******* (bir milyon) manat kredit ayrılmışdır.
44. İşdə olan "xxxx" MMC-nin fındıq emalı və qurudulması sexinin tikintisi, 94.0 ha yeni fındıq bağının salınması və becərilməsi üzrə Biznes Plandan görünür ki, Biznes plan əsasında cavabdehdən alınan 1 hektar torpaq sahəsinə 2015-ci ildə bir il ərzində müasir damla suvarma sistemli bağ salınmasına 6256 manat pul xərclənmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ildə ətrafda salınan bütün bağların damla suvarma sistemini su ilə təchiz edilməsi üçün sözü gedən torpaq sahəsində 16300 manat vəsait sərf edərək subartizan quyu qazılmış 1820 manat vəsait sərf edərək hovuz inşa etmişdir ki, bu da biznes plan üzrə o ərazidə yerləşən bütün yeni salınmış fındıq bağlarının suvarılması üçün nəzərdə tutulmuşdur. Yeni salınmış fındıq bağları yeddi il aqrotexniki qulluqdan sonra məhsul verməsi məlumdur. Bu səbəbdən 7 il ərzində yəni 2015-2021-ci illər ərzində əsasən sözü gedən 1 ha torpaq sahəsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Biznes plan üzrə 2015-ci il ərzində 125, 2016-cı il ərzində 270, 2017ci il ərzində 565, 2018-ci il ərzində 565, 2019-cu il ərzində 680, 2020-ci il ərzində 680, 2021-ci il ərzində 680 manat olmaqla ümumilikdə 3565 manat xərc çəkilmişdir.
45. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2022-ci il tarixli, 9/8673 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax X13 Mərkəzinin Bitkiçilik sektoru tərəfindən təqdim edilmiş 27 oktyabr 2021-ci il tarixli rəyə əsasən fındıq ağaclarının dəyəri aşağıdakı kimi müəyyən olunur: - Diametrləri ortalama 1-2 sm olan, təqribən 0.5-1 kq məhsul verən fındıq kolunun 1 ədədinin qiyməti təqribən 130.0 manat, 60 ədədi 7800,0 manat (60 x 130,0); - Diametrləri ortalama 2-5 sm olan, təqribən 3-4 kq məhsul verən fındıq topunun 1 ədədinin qiyməti təqribən 150,0 manat. 80 ədədi 12000,0 manat (80 x 150,0) müəyyən olunur. - Qeyd: Qax rayonu ərazisində tələb və təklifdən; eləcə də qiymətə təsir edən digər amillərdən (məhsulun növündən, məhsuldarlığından,inkişaf səviyyəsindən və sair) asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir.
46. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 10/6707 saylı rəyindən görünür ki, mübahisə predmeti olan subartezian quyusunun neçə metr dərinlikdə qazıldığının müəyyən edilməsi mümkün olmadığından həmin quyunun qazılması üçün çəkilmiş xərclərin nə qədər təşkil etməsinin müəyyən edilməsi mümknü olmamışdır. Lakin həmin subartezian quyusunun ətrafında görülmüş işlərin (boru xətlərinin çəkilməsi, subartezian xəttinin yaxınlığında yerləşən ölçüləri 10 m x 8.70 m olan, 2.20 metr dərinliyində quyunun qazılması və s.) ümumi dəyərinin hazırkı bazar qiymətləriə uyğun olaraq təqribən təqribən 500 manat məbləğində olması müəyyən edilmişdir.
47. Birinci instansiya məhkəməsi iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Ona görə də, mübahisənin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün 60 ədəd xırda fındıq kolunun dəyərinin (hər bir ağac üçün ayrı-ayrılıqda) nə qədər olması və 80 ədəd nisbətən iri fındıq toplarının dəyəri (hər bir ağac üçün ayrı-ayrılıqda) nə qədər olmasının müəyyən etmək üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 21 fevral 2022-ci il tarixli, 9/8673 saylı rəy verilmiş, həmin rəydə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax X13 Mərkəzinin Bitkiçilik sektoru tərəfindən təqdim edilmiş 27 oktyabr 2021-ci il tarixli rəyə əsasən fındıq ağaclarının dəyərinin diametrləri ortalama 1-2 sm olan, təqribən 0.5-1 kq məhsul verən fındıq kolunun 1 ədədinin qiyməti təqribən 130.0 manat, 60 ədədi 7800,0 manat (60 x 130,0), diametrləri ortalama 2-5 sm olan, təqribən 3-4 kq məhsul verən fındıq topunun 1 ədədinin qiyməti təqribən 150,0 manat, 80 ədədi 12000,0 manat (80 x 150,0) müəyyən olunması və rəyin “Qeyd” hissəsində Qax rayonu ərazisində tələb və təklifdən; eləcə də qiymətə təsir edən digər amillərdən (məhsulun növündən, məhsuldarlığından, inkişaf səviyyəsindən və sair) asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmədiyi göstərilmişdir. Eyni zamanda mübahisənin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün qeyd olunan torpaq sahəsində subartezian quyusunun qazılması və hovuzun yaradılması üçün çəkilmiş xərclər ayrı-ayrılıqda nə qədər omasının müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 01 fevral 2023-cü il tarixli, 10/6707 saylı rəy verilmiş, həmin rəydə mübahisə predmeti olan subartezian quyusunun neçə metr dərinlikdə qazıldığının müəyyən edilməsi mümkün olmadığından həmin quyunun qazılması üçün çəkilmiş xərclərin nə qədər təşkil etməsinin müəyyən edilməsi mümkün olmaması, həmin subartezian quyusunun ətrafında görülmüş işlərin (boru xətlərinin çəkilməsi, subartezian xəttinin yaxınlığında yerləşən ölçüləri 10 m x 8.70 m olan, 2.20 metr dərinliyində quyunun qazılması və s.) ümumi dəyərinin hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən təqribən 500 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən subartezian quyusunun qazılması ilə bağlı tələb üzrə araşdırma aparılmır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xərclənmiş 9821 manat və hovuzun yaradılması üçün xərclənmiş 18120 manat”a dair hissəsi ekspert rəylərinə uyğun olaraq qismən təmin edilməlidir.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı saymayaraq ilk növdədə onu qeyd edir ki, məhkəmə tərəfindən qət edilən 19800 manat 21 fevral 2022-ci il tarixli, 9/8673 saylı rəyi ilə müəyyən edilmiş mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş fındıq kollarının (toplarının) dəyəridir. Məhkəmə həmin pulu müasir fındıq bağı salınaraq indiki hala gətirilməsi üçün xərclənmiş vəsait kimi qət etmişdir.
49. Halbuki, iddiaçı mübahisəli torpaq sahəsinə müasir fındıq bağı salınaraq indiki hala gətirilməsi üçün 9821 manat tələb edir.
50. İkincisi, iddia tələbinin MMC tərəfindən xərclənmiş 9821 manata dair hissəsinin qismən təmin edilməsi dedikdə məhkəmənin nəyi nəzərdə tutduğu aydın olmur.
51. Belə olan halda birinci instansiya məhkəməsi sözü gedən məbləği (19800 manat) qət edərkən iddia tələblərindən kənara çıxaraq prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
52. Üçüncüsü, məhkəmə kollegiyası qeyd edir ki, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də, yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə, belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda, vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir.
53. Müəyyən edilmişdir ki, sözü gedən torpaq sahəsi cavabdeh tərəfindən başqa şəxsə 10500 manata satılmışdır. İddiaçı həmin torpaq sahəsi üçün 1000 manat ödəmişdir. Belə olan halda iddiaçı vicdanlı sahib kimi həmin torpaq sahəsinin dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
54. Ona görə də həmin hissədə qətnamə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edlməlidir.
55. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə subartezian quyusunun ətrafında işlərin görülməsi üçün xərclənmiş 500 manat tutulması hissəsində qanuni və əsaslıdır. Belə ki, qətnamə həmin hissədə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğundur.
56. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə hesab edir ki, qətnamə müasir fındıq bağı salınaraq indiki hala gətirilməsi üçün xərclənmiş 19800 manatın tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək müasir fındıq bağı salınaraq indiki hala gətirilməsi üçün xərclənmiş 9821 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
58. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
59. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qаx Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(024)-81/2023 saylı qətnaməsi qismən- “Cavabdeh müasir fındıq bağı salınaraq indiki hala gətirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xərclənmiş 19800 manat tutulması” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək həmin məbləğ 9821 (doqquz min səkkiz yüz iyirmi bir) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qаx Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(024)-81/2023 saylı qətnaməsi qismən - “Cavabdeh müasir fındıq bağı salınaraq indiki hala gətirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xərclənmiş 19800 manat tutulması” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək həmin məbləğ 9821 (doqquz min səkkiz yüz iyirmi bir) manat müəyyən edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov