Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-669/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X20 və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1524/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(010)-3228/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək hər uşağa görə ondan 80 (səksən) manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1524/2019 nömrəli (hakim N.Əliyev) qətnaməsi ilə İddiaçı cavabdeh X10 qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1524/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(010)-3228/2018 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxx 2018-ci il tarixdən başlayaraq ondan sabit pul məbləğində hər ay hər bir uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 ( üç yüz səkkiz) manat aliment alınıb X10 verilməsi qət edilmişdir, O, Hal-hazırda məhkəmə tərəfindən qət edilmiş aliment məbləğini ödəyə bilmir. xx.xx.2018-ci il tarixdə başqa bir şəxslə yenidən ailə qurmuş və birgə nikahlarından əkiz uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(010)-3228/2018 saylı qətnaməsi ilə ödəməli olduğu aliment məbləği onun yeni həyatında ciddi çətinliklər törətmişdir, ailəsinin dağılmasına gətirib çıxarmışdır. Hal hazırda yoldaşı olan X4 onun hər ay başqa uşaqları uçun aliment ödədiyini və bunun nəticəsində evdə olan uşaqlarının tələbatını maddi cəhətdən ödəyə bilmədiyini görüb o da ona qarşı aliment tələbi qaldırmışdır və ondan əkiz övladları üçün xx xxxx 2019-cu il tarixli 2(010)-3891/2019 saylı qətnaməsi ilə ondan xx.xx.2019-cu il təvəllüdlü X7 və X8 yetkinlik yaşına çatana qədər saxlanılmaslı üçün xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçı X1 xeyrinə hər uşaq üçün 160 manat aliment olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bu hal isə onu icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyi mümkünsüz edir. Məhkəmə tərəfindən müəyyən edilmiş hər uşağa görə ödəməli olduğu 154 manat alimentin miqdarı azaldılaraq hər uşağa görə 80 manat edilməsini o daha ədalətli sayır və düşünür ki, bu məbləği o ödəyə bilər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1524/2019 nömrəli qətnaməsi əsassızdır və maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Beləki o qətnamədən narazıdır və göstərir ki, maddi durumu çox acınacaqlıdır heç bir yerdə işləmir və heç bir qazanc gətirən əmlakı yoxdur. Məhkəmə tərəfindən müəyyən edilmiş hər uşağa görə ödəməli olduğu 154 manat alimentin miqdarı azaldılaraq hər uşağa görə 80 manat edilməsini o daha ədalətli sayır və düşünür ki, bu məbləği o ödəyə bilər. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hazırda Dövlət Sərhəd Xidmətində işləyir və aylıq məvacibi 650 manat civarındadır. Məhkəmə tərəfindən müəyyən edilmiş 308 manat aliment həddən artıq çoxdur. Belə ki, o, cavabdehdən ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuş və himayəsində əlavə 2 uşaq var. Hazırda ikinci ailəsi ilə birlikdə yaşayır. Lakin evdəki uşaqların tələbatlarını lazımi qaydada ödəyə bilmədiyindən, həmin uşaqların saxlanılması üçün də 320 manat məbləğində aliment müəyyən edilmişdir. Ona görə də apelyasiya şikayətinin təmin olunaraq, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)- 1524/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddiasının təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə (dəyişdirilməsinə) yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)- 1524/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli AZ-İ № 279391 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X17 arasındakı nikah xx xxxxxx 2018-ci il tarixdə ləğv edilmişdir. Nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixli 03 № ilə qeyd edilmişdir. 4 saylı Bakı ASAN xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci tarixli AZ-İİ № 265377 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı ilə X9 xx.xx.2018-ci il tarixdə nikahlarını qeydə aldırmışlar. Nikahın bağlanması haqqında akt qeydləri xx.xx.2018-ci il tarixli 607 № ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli AZ-İİİ № 088960 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2012-ci ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası X12r. Doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2013-cü ildə 566 № ilə qeyd edilmişdir. 4 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2014cü il tarixli AZ-İİİ № 432620 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası X12r. Doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2014-cü ildə 2698 № ilə qeyd edilmişdir. 4 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019cü il tarixli AZ-İV № 238088 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası X2r. Doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cü ildə 299 № ilə qeyd edilmişdir. 4 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cü il tarixli AZ-İV № 238087 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası X2r. Doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cü ildə 258 № ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “X28” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. X31 Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş X28 BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “X28” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(010)- 3228/2018 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxx 2018-ci il tarixdən başlayaraq ondan sabit pul məbləğində hər ay hər bir uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 ( üç yüz səkkiz) manat aliment alınıb X10 verilməsi qət edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə başqa bir şəxslə yenidən ailə qurmuş və birgə nikahlarından əkiz uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(010)-3228/2018 saylı qətnaməsi ilə ödəməli olduğu aliment məbləği onun yeni həyatında ciddi çətinliklər törətmişdir, ailəsinin dağılmasına gətirib çıxarmışdır. Hal hazırda yoldaşı olan X4 onun hər ay başqa uşaqları uçun aliment ödədiyini və bunun nəticəsində evdə olan uşaqlarının tələbatını maddi cəhətdən ödəyə bilmədiyini görüb o da ona qarşı aliment tələbi qaldırmışdır və ondan əkiz övladları üçün xx xxxx 2019-cu il tarixli 2(010)-3891/2019 saylı qətnaməsi ilə ondan xx.xx.2019-cu il təvəllüdlü X7 və X8 yetkinlik yaşına çatana qədər saxlanılmaslı üçün xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçı X1 xeyrinə hər uşaq üçün 160 manat aliment olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin alimenti ödəməkdə çətinlik çəıkdiyini bildirən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, iddiaçının göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. İddiaçının, apelyasiya şikayətində, həmçinin məhkəmə iclası zamanı göstərdiyi, o cümlədən əmək haqqısının hamısının alimentə yönəldiyini bildirməsi ilə bağlı dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi cavabdehin üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi iddiaçıdan tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Üçüncüsü, məhkəmə kollegiyası iddiaçının öz yanında olan uşaqlar üçün də əlavə 320 manat məbləğində aliment ödəməsini kifayət qədər inandırıcı və səmimi qəbul etmir. Birincisi ona görə ki, məhkəmə kollegiyasının iclasında aparılmış sorğu-sual əsasında iddiaçı bildirmişdir ki, ikinci həyat yoldaşı və uşaqları onunla birgə yaşayır. İkincisi, iş materiallarının 35-ci səhifəsində olan xx.xx.2019-cu il tarixli, 16/3403 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı DSX-nin SM-də həqiqi hərbi xidmətdə olmaqla onun orta aylıq əmək haqqı gəlir vergisi və aliment (308 manat) çıxıldıqdan sonra 303.22 manat təşkil edir. Buradan da göründüyü kimi iddiaçının mübahisələndirdi ikinci qətnamə (xx xxxx 2019-cu il tarixli 2(010)-3891/2019 saylı) icraya yönəldilməməklə, birinci (xx xxx 2018-ci il tarixli 2(010)-3228/2018 saylı) qətnamənin icrasına təsir etmək və həmin qətnamə ilə müəyyən edilmiş alimentin azaldılmasına xidmət etmək məqsədilə verilmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə alimentin qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsinin məcmusu 2000 manatdan çox olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1524/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-669/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-669/2020
03.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver