Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-670/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1879/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxxxx 2020-ci il tarixli 2(014)-1879/2020 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci ildə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat alimentin tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) xx xxxxxx 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 300 manat alimentin və uşaq üç yaşına çatana qədər 250 manat əlavə xərcin, cəmi 550 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, cavabdehin mağazasında satıcı işləmiş, həmin vaxt işgüzar münasibətləri sevgi münasibətlərinə çevrilmiş, odur ki, o, cavabdehlə qeyrirəsmi olaraq ailə həyatı qurmuş, birgə yaşayışlarından xx xxxxxx 2017-ci ildə X2 adlı uşaqları anadan olmuşdur, cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşdiyindən, yəni cavabdehin günahı üzündən faktik olaraq ayrılmışlar, həmin vaxtdan etibarən o, azyaşlı uşağı ilə birgə yaşayır. Cavabdehlə ayrıldığı vaxtdan etibarən cavabdeh uşaqla maraqlanmamış, onun saxlanılması üçün heç bir maddi yardım göstərməmişdir. O, özü heç bir yerdə işləmir, uşağa qulluq etməklə məşğuldur. Cavabdeh isə üzərinə düşən valideynlik borcunu həyata keçirmir. Cavabdehin maddi imkanı tələb edilən alimenti ödəməyə uyğundur. Belə ki, cavabdeh sahibkarlıq faəliyyəti ilə məşğuldur. Odur ki, xx xxxxxx 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 300 manat alimentin və uşaq üç yaşına çatana qədər 250 manat əlavə xərcin,cəmi 550 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinə Cavabdeh ərizə göndərərək bildirmişdir ki, Ağdaş şəhərində olmaması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, iddianı qismən qəbul edir, işə iştirakı olmadan baxılmasını və maddi vəziyyəti yaxşı olmadığı üçün uşağın saxlanılması üçün ondan maksimum 120 manat aliment tutulmasını xahiş edir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1879/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(014)-1879/2020 nömrəli qətnaməsinin dəyişdirilərək xx xxxxxx 2017-ci ildə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılması üçün ondan iddiaçının xeyrinə hər ay 120 manat alimentin tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan Ağdaş Rayon Məhkəməsi iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən, işin həqiqi hallarını hərtərəfli və obyektiv araşdırmamış, işin həqiqi hallarını düzgün qiymətləndirməmiş və nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək yalnış nəticəyə gəlmişdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh tələb olunan alimenti ödəməyə qadirdir. Cavabdehin daimi iş yeri var və sahibkarlıq fəaliyyəti ilə məşğuldur, maddi imkanı yaxşıdır. Cavabdehin uşağın saxlanılmasına kömək etmək borcu olduğu halda bunu etmir. Lakin iddiaçı iddia ərizəsində göstərdiyi halları, yəni onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı, maddi vəziyyətinin yaxşı olmasını, özünün maddi vəziyyətinin ağır olmasını, uşağın saxlanılması üçün çətinliklərin nədən ibarət olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Yəni özünün maddi və ailə vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Uşaq anadan olandan sonra o, maddi imkanı ağır olsa da, bacardığı maddi yardımı iddiaçıya etmiş və bu gün də uşağın saxlanılması üçün aliment ödəməkdən boyun qaçırmır. Bildirir ki, o, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda məlum pandemiya ilə əlaqədar işləmir. Bundan başqa o, ailəli olmaqla himayəsində iki nəfər işsiz ailə üzvləri də var ki, onların da dolanışığı üçün ailənin yeganə qazanc gətirən üzvü yalnız özüdür. Ona görə də uşağa ayda 170 manat ödəməyə gücü çatmayacaqdır və həmin məbləğ öz təsdiqini taparsa bəri başdan bildirir ki, o, həmin məbləği ödəyə bilməyəcək və bütün bunlar gələcəkdə onun üçün müəyyən problemlər yaradacaqdır. Ona görə də o, iddia tələbinə birinci instansiya məhkəməsində baxılan zaman uşağın saxlanılması üçün onun maksimum 120 manat ödəməyə gücünün çatacağını bildirmişdir. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə yuxarıda göstərdiyi işin faktiki hallarını nəzərə almamış, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)- 1879/2020 nömrəli qətnaməsinin dəyişdirilərək xx xxxxxx 2017-ci ildə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılması üçün ondan iddiaçının xeyrinə hər ay 120 manat alimentin tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. O, verilən suallara cavabında X1 onun doğma övladı olduğunu etiraf etdi. Lakin özünün işləməməsi və qazancının olmaması barədə heç bir sübutunun olmadığını bildirdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və onun gəlməməsinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2017-ci ildə anadan olmuş X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh qeyri-rəsmi olaraq uzun müddət ər-arvad münasibətlərində olmuş, onların faktiki ər-arvad münasibətlərindən xx xxxxxx 2017-ci ildə X2 adlı uşaqları anadan olmuşdur. Hazırda iddiaçı azyaşlı uşağı ilə birgə yaşayır. İddiaçının bildirdiyinə görə cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi kömək göstərmir. Cavabdeh isə uşağın saxlanılması üçün maddi yardım etməsinə dair sübut təqdim etməmişdir. İddiaçı hər 300 manat alimentin və uşaq üç yaşına çatana qədər 250 manat əlavə xərcin, cəmi 550 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq Hüquqları Haqqında BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Birləşmiş Millətlər Təşkilatının xx xxxxxx 1959-cu il tarixli Uşaq hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və Uşaq Hüquqları Haqqında BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci mаddəsinə əsаsən, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx xxxxxx 2021-ci il tarixdən yaşayış minumumu uşaqlar üçün artırılaraq 175 (bir yüz yetmiş beş) manat müəyyən edilmişdir. Uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə mövcud bazar qiymətlərini nəzərə aldıqda görünür ki, uşağın saxlanılması üçün qət edilmiş 170 manat sabit pul məbləğində aliment məbləği ağlabatandır və heç də çox deyildir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, o cümlədən uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyаsiyа şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh özünün işləməməsini və qazancının olmamasını, maddi vəziyyətinin ağır olmasını bildirsə də, bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1879/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1879/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-670/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-670/2021
11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver