Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-675/2023 13.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə istifadə hüququnun tanınması, iki il müddətinə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(051)-400/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. 29 iyun 2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 05 noyabr 2008-ci ildə vəfat etmiş X3 vərəsəsinin Cavabdeh olduğu və şəhadətnamə verilən miras əmlakın Mingəçevir şəhəri M.Rəhimov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 4 №-li fərdi yaşayış evi olduğu müəyyən edilmişdir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə 0,055 ha torpaq sahəsində yerləşən, ünvan 1 fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. İddiaçı 10 avqust 2010-cu ildə Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra cavabdehin adına olan Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li evə köçmüşdür. Birgə nikahdan onların 08 dekabr 2011-ci il təvəllüdlü Adilə, xx.xx.2013-cü il təvəllüdlü Nəbi, xx.xx.2017-ci il təvəllüdlü Cənnət və xx.xx.2020-ci il təvəllüdlü Ramilə adlı uşaqları olmuşdur. Mingəçevir şəhər məhkəməsinin 2(051)-346/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı Çngiz qızı arasında 10 avqust 2010-cu ildə Mingəçevir şəhər Nikah evində qeydə alınmış nikahın pozulması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı Adilə, Nəbi, Cənnət və Ramilə adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 10 avqust 2010-cu ildə Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra cavabdehin adına olan Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li evə köçmüşdür. Cehiz əşyalarını da həmin evdə yerləşdirmişdir. Birgə nikahdan onların 08 dekabr 2011-ci il təvəllüdlü Adilə, xx.xx.2013-cü il təvəllüdlü Nəbi, xx.xx.2017-ci il təvəllüdlü Cənnət və xx.xx.2020-ci il təvəllüdlü Ramilə adlı uşaqları olmuşdur. Əvvəl münasibətləri normal olmuşdur. Sonra ailə münasibətləri pisləşmiş, məhkəmənin qərarı ilə nikahları pozulmuşdur. Onlar ayrılmışlar. Lakin hazırda da uşaqları ilə birlikdə cavabdehin adına olan evdə yaşayır. Ona məxsus əmlaklar da həmin evdədir. İstəyir ki, cavabdehə məxsus evə onun istifadə hüququ sənədləşdirilsin. Ona görə də iddianın təmin olunmasını, onun uşaqları ilə birgə cavabdehin adına qeydə alınmış Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li evə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir.
4. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə da məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li ev onun mülkiyyətinə vərəsəlik hüququ əsasında keçmişdir. İddaçı ilə 10 avqust 2010-cu ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, iddiaçı həmin vaxt onun mülkiyyətində olan evə köçmüşdür. Əvvəl münasibətləri normal olmuşdur. Sonra ailə münasibətləri pozulmuş, faktiki olaraq ayrılmışlar. Artıq bir ailə kimi birlikdə yaşamaqları mümkün olmadığına görə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar ananın yanında qalmışlar. Ancaq nikahları pozulsa da iddiaçı hal-hazıra kimi də faktiki olaraq uşaqları ilə birlikdə onun mülkiyyətində olan M.Rəhimov küçəsi 4 №-li evdə yaşayır. O,hərbçidir, çox günlərdə həmin evdə yaşamır. Uşaqlarının ona məxsus evdə yaşamalarına etraz etmir və evi gələcəkdə də uşaqlardan birinin adına keçirəcəkdir. Uşaqlar iddiaçının yanında qaldıqlarına görə, iddiaçının da hələlik həmin evdə yaşamasına etiraz etməmişdir, ancaq evə istifadə hüququnun tanınmasına etiraz edir. Ona görə ki, ailə iddiaçının hərəkətləri nəticəsində pozulmuşdur və ailə münasibətlərinin bərpası mümkün deyil, iddiaçı da artıq onun ailə üzvü deyil. Odur ki, iddianın təmin olunmamasını xahiş edir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı tələbində 10 avqust 2010-cu ildə cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurduğunu, həmin vaxtdan cavabdehin mülkiyyətində olan ünvan 1 evə köçdüyünü, ailə münasibətləri pozulduğuna görə ayrıldıqlarını bildirərək onun uşaqları ilə birlikdə cavabdehin mülkiyyətində olan evə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək iddiaçı ilə aralarındakı nikahın məhkəmə qaydasında pozulduğunu, birgə nikahdan doğulmuş uşaqların məhkəmənin qərarına əsasən iddiaçının yanında qaldıqlarını, uşaqların onun mülkiyyətində olan evdə yaşadıqlarına razı olduğunu, uşaqlar iddiaçının yanında qaldıqlarına görə, hələlik iddiaçının da həmin evdə qalmasına etiraz etmədiyini, lakin artıq onun ailə üzvü olmadığına görə iddiaçının onun mülkiyyətndə olan evə istifadə hüququnun tanınmasına, evə qeydiyyata alınmasına razı deyil.
7. İş materialları ilə, həmçinin, müəyyən edilir ki, iddiaçı cavabdehlə 10 avqust 2010cu ildə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Məhkəmənin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir.
8. Tərəflər arasında hüquq münasibətləri 10 avqust 2010-cu il tarixdə yarandığına görə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
9. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğuna görə təmin olunmamalıdır.
10. Mingəçevir Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(051)-400/2023 nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) İddiaçı Cavabdeh qarşı uşaqları ilə birlikdə Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
12. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 10 avqust 2010-cu ildə Mingəçevir şəhər Nikah evində nikah qeydə alınmışdır.
13. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surtələrindən göünür ki, 08 dekabr 2022-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X4və xx.xx.2020-ci il təvəllüdlü X2 valideynləri Cavabdeh və İddiaçıdır.
14. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-346/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı Çngiz qızı arasında 10 avqust 2010-cu ildə Mingəçevir şəhər Nikah evində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 08 dekabr 2022-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X4və xx.xx.2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları qət edilmişdir.
15. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 05 noyabr 2008-ci ildə vəfat etmiş X3 vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak Mingəçevir şəhəri M.Rəhimov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 4 №-li fərdi yaşayış evidir.
16. İşdə olan hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ ilə 0,06 ha torpaq sahəsində yerləşən, ünvan 1 evin fərdi yaşayış evi xx.xx.2010-cu ildə Cavabdeh adına qeydə alınmışdır
17. İşdə olan Mingəçevir şəhəri 1 saylı notariat kontorunda təsdiq ediliş Cavabdeh ilə X8 arasında bağlanmış ******* AN-1 №-li 08 aprel 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən 0,005 ha alıcı X1
18. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri M.Rəhimov küçəsində 0,055 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı ildə Cavabdeh adına qeydə alınmışdır.
19. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun himayəsində 4 azyaşlı uşaqlarım vardır ki, onun da böyüyünün 11, ən kiçiyinin 3 yaşı vardır. Həmçinin həmin mənzildə o 2010-cu ildən yaşamaqla oranın təmir edilməsində iştirak etmişdir. Cavabdeh özü belə uşaqlarının həmin mənzildən çıxarılmasını istəmədiyini bildirmişdir. O isə Mingəçevir şəhərində yaşayış yeri üzrə qeydiyyatı olmadığından uşaqların bağça və məktəbə qoyulmasında çətinlik çəkir. Hətta uşaqların xəstəxanada qeydiyyata götürülməsində də əziyyət çəkir. Uşaqlar körpə olduğundan və 4 uşaq olduğundan onları qoyub işə belə gedə bilmir. Məhkəmə isə bu halları diqqətə layiq hal kimi nəzərə alıb iddianı təmin etməli olduğu halda bunu etməmişdir.
21. Məhkəmə nəzərə almamışdır ki, o Cavabdehlə ailə qurarkən həmin mənzil Bəbirin mülkiyyətində olmadığından onunla yazılı razılaşma bağlaya bilməzdi. Maddi norma da ondan yazılı razılaşma tələb etmir. Məhz başqa razılaşma yoxdursa kimi qeyd olunmuşdur. Məhz bu razılaşmanın olmasını isə Cavabdeh onları evdən çıxartmaq istəmədiyi kimi izahatı təsdiq edir. Digər tərəfdən o, həmin mənzilin təmirində iştirak etmiş, hətta həmin evin bir hissəsini Cavabdeh əmisi İlqar Nəbiyevə bağışlayarkən o da notariatda razılıq vermişdir. İş materiallarına həmin sənəd əlavə olunmuşdur.
22. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(051)- 400/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Tərəflər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. 30.4-cü maddəsində göstərilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(051)- 400/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı tamamilə rədd edərkən gəldiyi nəticə ilə razılaşmır.
31. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, hazırki işin faktiki halları bu qətnamənin 1-ci bəndində göstərildiyindən həmin halların təkrarlanmasına zərurət görülmür.
32. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərin xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
33. Göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə aralarındakı nikah pozulana qədər Mingəçevir şəhəri M.Rəhimov küçəsində yerləşən 4 №-li fərdi yaşayış evinin mülkiyyətçisi olan əri ilə birgə istifadə hüququna malik olmuşdur. İddiaçı nikah pozulduqdan sonra Mingəçevir şəhəri M.Rəhimov küçəsində yerləşən 4 №-li fərdi yaşayış evinə istifadə hüququna xitam verilsə də, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-ci maddəsinin tələbinə əsasən ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən istifadə hüququ məhkəmə tərəfindən müəyyən müddətə saxlanıla bilər.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırda yaşamağa digər yaşayış yeri olmadığından, himayəsində olan 08 dekabr 2011-ci il təvəllüdlü Adilə, xx.xx.2013-cü il təvəllüdlü Nəbi, xx.xx.2017-ci il təvəllüdlü Cənnət və xx.xx.2020-ci il təvəllüdlü Ramilə adlı uşaqları olduğundan, yəni iddiaçı yetkinlik yaşına çatmamış övladlarına hərtərəfli qayğı göstərməklə baxmalı olduğundan onun sözü gedən yaşayış evinə istifadə hüququ müvəqqəti saxlanılmalıdır.
35. Belə ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd edilib ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli Qərardadında şərh edilən hüquqi mövqeyə əsasən məhkəmələr yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini bütün hallarda həll etməlidirlər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, mülkiyyət hüquqları məhdudlaşdırılan mülkiyyətçilərin maraqları maksimum şəkildə qorunmalı, onların mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə uzun müddətə məhdudlaşmamalıdır.
36. Kollegiya Konstitusiya Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli Qərardadında göstərilənlərlə mülkiyyətçilərin maraqları maksimum şəkildə qorunmalı olmasını birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ 2 il müddətinə saxlanılmalıdır.
37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın tamamilə rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(051)-400/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı Mingəçevir şəhəri M.Rəhimov küçəsində yerləşən Cavabdeh mülkiyyətində olan 4 №-li fərdi yaşayış evinə istifadə hüququ 2 il müddətinə saxlanılmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(051)-400/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Adilə, Nəbi, Cənnət və Ramilə adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Mingəçevir şəhəri M.Rəhimov küçəsində yerləşən Cavabdeh mülkiyyətində olan 4 №-li fərdi yaşayış evinə istifadə hüququ 2 il müddətinə saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.