Məhkəmə qərarları › İş №2(107)-701/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-701/2025

17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-701/2025 17.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin azaldılması” tələbi) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2(016)-381/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı cavabdehlə xx.xx.2000-ci il tarixdə 518 saylı nikah aktı üzrə rəsmi nikaha girib ailə qurmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. 24 noyabr 2017-ci il tarixli qətnaməyə əsasən nikahları pozulmuşdur. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi hər uşağa görə hər ay 100 manat olmaqla, ümumilikdə 200 manat aliment təyin olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh verilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2000-ci il tarixdə 518 saylı nikah aktı üzrə rəsmi nikaha girib ailə qurmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. 24 noyabr 2017-ci il tarixli qətnaməyə əsasən nikahları pozulmuşdur. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi hər uşağa görə hər ay 100 manat olmaqla, ümumilikdə 200 manat aliment təyin olunmuşdur. Ağsu Rayon Məhkəməsinin 2(016)- 1249/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)- 1783/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və İddiaçı hər ay hər uşaq üçün 115 manat olmaqla, cəmi 230 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-1249/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin dəyişdirilməsi, xx.xx.2014cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. O, cavabdehdən ayrıldıqdan sonra xx.xx.2019-cu il tarixində 124 saylı nikah akta əsasən rəsmi olaraq X18 ilə ailə qurmuş, həmin nikahdan da xx.xx.2020-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X19 adlı uşaqları var. Həmin uşaqların da tələbatları və xərcləri onun öhdəliyindədir. X18 ilə də aralarında olan narazlığa əsasən ayrılmışlar və ayrıldıqdan sonra Aysel ona qarşı aliment tələbinə dair iddia qaldırmış və Ağsu Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(016)-1044/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx.xx.2020-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X19 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq X12 ödənilməsi qət edilmişdir. O, “Azneft” İB-nin Dalğıc Xidmətində matros işləyir və əmək haqqısı 1.310 manat təşkil edir. Bundan başqa valideynləri ilə birlikdə yaşayır, anası, atası və əlil olan qardaşına baxır. X5 “Şəkərli Diabet tip 2 orta ağır formada” diaqnozu ilə endokrinoloji dispanserdə qeydiyyatda dayanır. X2 birinci qrup əlildir. Qeyd olunan ailə üzvlərinin xərclərini, tələbatlarını, müalicəsini o çəkir. Həmçinin də aldığı əmək haqqının 1/3 hissəsi məbəğində Cavabdeh, 1/4 hissəsi məbləğində X12 aliment ödəyir. Göründüyü kimi, Cavabdeh uşaqların saxlanması üçün ödənilən aliment məbləği gəlirinin 1/2 hissəsindən çox olduğundan azaldılması zərurəti yaranmışdır. Cavabdeh hal-hazırda işləyir və aylıq qazancı var. Ona görə də Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasını istəyir. Aralarında olan mübahisənin mediasiya prosesində həlli ilə əlaqədar müraciət olunsa da mediasiya prosesində razılıq əldə etməmişlər.

4. Ağsu Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2(016)-381/2025 nömrəli qətnaməsi ilə (hakim Əsgərov Anar) iddia təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X9 yеtkinlik yаşlarınа çаtаnаdək saxlanmaları üçün İddiaçı hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 76.1.2 və 76.1.3-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa və “Uşaq hüquqları haqqında” Konvensiyaya istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “sabit pul şəklində aliment tutulmasının dəyişdirilib qazancın üçdə bir hissəsində aliment tutulması” tələbinə dair iddiası təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-1249/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliment dəyişdirilmiş, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(016)-1044/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, 23 sentyabr 2020-ci il təvəllüdlü X14 və 06 iyun 2022-ci il təvəllüdlü X11 yеtkinlik yаşlarınа çаtаnаdək saxlanmaları üçün 23 iyul 2024-cü il tarixdən hesablanmaqla cavabdeh İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq iddiaçı X12 ödənilməsi qət edilmişdir.

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağsu rayon məhkəməsinin 24 noyabr 2017-ci il tarixli,2(016)-1783/2017 saylı qətnaməsi ilə ədalətsiz və qanunsuz olaraq iki azyaşlı uşaqların saxlanmasına görə hər bir uşağa 100 manat olmaqla iki uşağa görə cavabdehin xeyrinə cəmi 200 manat sabut şəkildə aliment təyin edilməsinə iddiaçı nail olmuşdur. Belə ki,iddiaçının daimi iş yeri olmaqla onun aylıq əmək haqqısı 2000 (ikimin) manatdan yüksək olmuş və məhkəmə Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment tətbiq etməli olduğu halda sabit pul məğləğində təyin etmişdir. Həmin məhkəmənin 03 oktyabr 2018-ci il tarixli, 2(016)-1249/2018 saylı qətnaməsi də saxta əmək haqqı barədə alınan arayış əsasında ədalətsiz olaraq iki uşağa görə cəmi 230 manat aliment ödənilməsini qət etmişdir. Həmin məhkəmə 05 sentyabr 2023-cü il tarixli 2(016)-600/2023 saylı qətnaməsi ilə həmin iki uşağın saxlanmasına görə Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbi tətbiq edilməklə iddiaçının aylıq əmək haqqının 1/3 hissədə aliment ödənilməsi barədə ədalətli qərar qəbul edilmişdir. Bununla da iddiaçının 6 il ərzində bu uşaqların saxlanmasına görə az miqdar aliment ödənişinin qarşısı alınmışdır. Bu hala da məhkəmədə baxılarkən iddiçı hazırda olduğu kimi o vaxtı da aylıq əmək haqqının 1310 manat olması göstərilmişdir. Lakin iddiaçın iş yeri olan “Azneft”İB-nin Dalğıc Xidmətindən 2088 manat aylıq əmək haqqı alması(başqa gəlirlkəri ilə birgə) haqqında rəsmi arayış ərizə ilə məhkəməyə təqdim edilmişdir. İddiaçı yeni ailə qurub ikinci arvadından da iki uşağı olmasını əsas götürüb alimentin azaldılması barədə Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(016)- 600/2023 saylı qətnaməsinin Apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsi 2(107)-641/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə şikayəti təmin etməmişdir. Göründüyü kimi uzun illərdir ki, iddiaçı cavabdehə qarşı alimentin azaldılması üçün hər vasitəyə əl atmışdır. Növbəti dəfə iddiaçı ikinci arvadı ilə aralarında narazılıq yaranıb ayrılması və ikinci arvadının ondan olan iki uşağının aliment tələbi ilə(nigahın pozulması yox) Ağsu Rayon Məhkəməsinə ərizə vermişdir. Ağsu Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli,2(016)-1044 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Əsma və Nihadın yetginlik yaşına çatanadək saxlanması üçün aylıq qazancın (başqa gəlirlərin ) ½ hissəsinin ½ hissəsi, yəni aylıq qazancın (başqa gəlirlərin ) ¼ hissəsi məbləğində alimentin tutularaq cavabdehə verilməsini qət etmişdir. Lakin cavabdeh ikinci arvadı vasitəsi ilə məqsədli olaraq belə bir qərar qəbul etməyə məcbur etmişdir. Belə ki iddiaçının ikinci arvadı Aysel rayonun tamam aralı kəndlərindən Padar kəndinə onlara gəlin gəlmiş və cavabdehlə bir məhlədə gözlərinin qarşısında nigah pozulmadan, faktiki olaraq ayrılmamış, ailə iki uşaqla mehriban yaşayır,kənddə xeyir-şər işlərə ailə uşaqlı gedib gəlirlər. Bir ailədə kənd yerində ər evində ailə-uşaqlı yaşamaqla uşaqlara ayrıca aliment ödənilməsi real və inandırıcı deyildir.İddiaçı barədə belə bir qətnamə qəbul etdirməklə guya onun qazancının yarısından çoxu alimentə ödənilməsinə göstərmək olmasıdır. İddiaçı tələbində aylıq əmək haqqının 1310 manat olmasını göstərir. Cavabdeh bu haqda da iddiaçının göstərdiyinin doğru olmadığını , iddiaçı ilə birlikdə eyni işdə həmkəndlilərindən işləyənlər olması və onların demələrinə görə hamısının əmək haqqları əvvəlkindən də hazırda artıqır. Doğrudur ki, sistemdə iddiaçının aylıq əmək haqqısı 1300 manat civarında göstərilir. Onun iş yerinin mühasibi ilə əlaqə saxlanıldıqda əlavə gəlirlərinin sistemə salınmaması ilə bu göstərici izah edilir. Həmçinin iddiaçıdan aylıq iş yeri vasitəsi ilə iki uşağa görə cavabdehə aliment in aylıq 550-600 manat ödənişi edilməsi ödənişlərin telefona gələn mesaş yazılarından çıxarışların məhkəməyə təqdim edilməsini təsdiq edir. İddiaçının ailə vəziyyəti ilə əlaqədar dolanacaqları barədə göstərmələrini Cavabdeh təkzib edərək bildirir ki, iddiaçın atası normal pensiya alır, 1-ci qrup əlil qardaşı həmin qrupa görə dövlət tərəfindən pensiya verilir, iddiaçı etibarnamə ilə idarə etdiyi xarici markalı avtomobili əslində satın almışdır və uzun illərdir ki, istifadəsindədir. Bir də ki, kim-kimə uzun illərdə avtomobili təmənnasız olaraq istifadə etməyə versin?! Aydındır ki, bu hansı məqsəd daşıyır. İddiaçının cavabdehin işləyib özünü dolandırması barəsində cavabdeh bildirir ki, onun bacısı ali təhsil alıb müəllim işləyir.İddiaçı isə onu aldadaraq yaxşı dolanacaq vəd edib oxumaqdan saxlamış və onunla ailə qurmuş, lakin sonradan onunla ayrılaraq həyatını ağır hala salmışdır. Odur ki, iki qızları da onun həyatını yaşamaması üçün onları də gətirib Ağsu şəhərində kirayəyə ev tutmaqla burada qalıb qızlarını Ağsu şəhər məktəblərində oxutmaqla hamıya məlum olduğu kimi daha yaxşı oxumaları üçün əlavə müəllim yanına göndəririr,hansı ki buna görə də ödənişlər edir. Özü isə ağır xəstəliyi olduğu halda ancaq 80 manat veteran pulu alan atasına möhtac olmaması üçün məcbur olub 3 aydır ki, Ağsu şəhərində çörək sexində hər geçəsi 15 manat müqabilində 10-12 saat işləməklə əldə etdiyi cəmi 350-400 manat məvacibin 180 manatını evin kirayəsinə 50 manatınıisə kommunal xərcə ödəyir. Cavabdehin “epilepsiya” xəstəliyi vardır ki, bu haqda sənədləri məhkəməyə təqdime etmişlər. Cavabdehin nümayəndəsi olaraq məhkəmə iclasında bütün bu etirazlarını əsaslandırıcı hallarla bildirsələr də məhkəmə iddia tələbini təmin etmişdir. Odur ki,cavabdeh məhkəmənin qətnaməsinə qətiyyətlə etiraz edir.

11. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2(016)- 381/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə iclasına gəlməmişlər.

14. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən, valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

17. “Uşaq hüquqları haqqında” Konvensiya: 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. 76.1.3-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə— qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2(016)-381/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı halda X8 və X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay 2 uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin tutulması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbinə ziddir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçının X14 və X19 adlı iki uşağının saxlanılması üçün Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-1044/2024 nömrəli qətnaməsi ilə iddiaçıdan aliment tutulduğundan, hazırkı iş üzrə X8 və X1 üçün iddiaçıdan tutula biləcək aliment miqdarı onun gəlirinin yarısının, yarısı, yəni 1/2 hissəsinin 1/2 hissəsini, başqa sözlə gəlirinin 1/4 hissəsini təşkil edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2(016)-381/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2(016)-381/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar