Məhkəmə qərarları › İş №2(107)-705/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-705/2020

26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-705/2020 26.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon Lahıc Bələdiyyəsinə qarşı "alqısatqı müqaviləsinin ləğv edilməsi, qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması tələbinə dair" mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-730/2019nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-730/2019 nömrəli qətnaməsi ilə (hakim R.S.Şirinov) İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon Lahıc Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon Lahıc Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinə dair xx xxxx 2011-ci il tarixli qərarın ləğv edilməsi, qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu Lahıc qəsəbəsi, N.Hüseynov küçəsi, 47 ünvanında onun atasının və dayısı Məşədi Mütəllimin dükanları vardır. Lahıc qəsəbəsi tarix-mədəniyyət qoruğu olduğundan orada yerləşən torpaqlar dövlət torpaqları olmaqla Lahıc bələdiyyəsinin mülkiyyətində olan torpaqlara aid deyildir. Buna baxmayaraq Lahıc bələdiyyəsi səlahiyyətlərindən istifadə edərək tamah məqsədi ilə dövlət torpaqlarını hərrac yolu ilə satışa çıxararaq ayrı-ayrı şəxslərə satmışdır. Lahıc bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli qərarı ilə ona məxsus 150 kv.metr torpaq sahəsi Cavabdeh1 satılmışdır. Ona məxsus 150 kv.metr torpaq sahəsinin Lahıc bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli qərarı ilə Cavabdeh1 satılmasını qanunsuz hesab edir. Ona görə də Lahıc bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli qərarının ləğv edilməsini, qanunsuz tikililərin sökülməsini, tikinti işlərinə qadağa qoyulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İsmayıllı rayonu Lahıc qəsəbəsi, N.Hüseynov küçəsi, 47 ünvanında yerləşən 150 kv.m torpaq sahəsini Lahıc bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli 09 saylı protokoluna əsasən 01 saylı qərarı ilə satın almışdır. Qeyd edilən torpaq sahəsi DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən xx xxx 2012-ci il tarixdə dövlət torpaq kadastrı kitabında 6190 nömrə ilə uçota alınaraq AN 382115 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Lahıc bələdiyyəsinin dövlət bələdiyyə fondu torpaqları siyahısında həmin ərazinin iddiaçıya məxsus olması barədə heç bir sənəd aşkar edilməmişdir. Lahıc bələdiyyəsindən aldığı torpaq sahəsinə dair dövlət qeydiyyatının aparılması öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1747/2018 saylı qərarı ilə onun iddia tələbi təmin edilərək Lahıc bələdiyyəsindən aldığı torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq həmin torpaq sahəsinə dair Çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində dövlət qeydiyyatına alınaraq ona xx xxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Həmin torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçının iddia tələbini əsassız hesab etmiş və rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh İsmayıllı rayon X1 Rövşən Mirzə oğlu iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, mübahisəli ərazi İsmayıllı rayonu Lahıc qəsəbəsi, N.Hüseynov küçəsi, 47 ünvanında yerləşir. Lahıc bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli 09 saylı protokoluna əsasən 01 saylı qərarı ilə bələdiyyə mülkiyyətində olan 150 kv.m torpaq sahəsi Cavabdeh1 satılmışdır. Həmin torpaq sahəsi DTXK-nin İsmayıllı rayon Şöbəsində xx xxx 2012-ci il tarixdə 6190 nömrə ilə uçota alınaraq AN 382115 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1747/2018 saylı qərarı ilə mübahisəli torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq Cavabdeh1 adına çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 satılmış torpaq sahəsinin İddiaçı məxsus olması barədə Lahıc bələdiyyəsinin dövlət bələdiyyə fondu torpaqlarının siyahısında heç bir sənəd aşkar edilməmişdir. İddiaçı müraciətləri əsasında İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi və Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən mübahisəli ərazidə araşdırma aparılmış və araşdırma zamanı heç bir qanuna zidd məsələ aşkar edilməmişdir. Bələdiyyə ərazisində olan istənilən torpaq sahəsinin satılması proseduru İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin yerində baxış keçirilməklə verdiyi rəyə müvafiq olaraq bələdiyyənin iclasında qəbul edilmiş kollegial qərara əsasən həyata keçirilir və bütün sənədlər Göyçay Regional Ədliyyə İdarəsinə göndərilir. Lahıc qəsəbəsinin Lahıc Dövlət Tarix-Mədəniyyət qoruğu abidələri dövlət tərəfindən qorunur və həmin abidələrin yerləşdiyi ərazi Lahıc bələdiyyəsinə məxsusdur. Lahıc qəsəbəsi ərazisində tikintilər Turizm Agentliyi və İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən alınmış layihə əsasında inşa edilir. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-730/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, İsmayıllı rayonundakı "Lahıc” tarix-mədəniyyət qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin x xxxxxx 1980-cı il tarixli 508 nömrəli Qərarı ilə yaradılmışdır. Həmin qoruq Azərbaycan Respublikası Nazirlər Komitəsinin xx.xx.2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi (İnv. 14) dövlət tərəfindən qorunur. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görülərkən Azərbaycan Elmlər Akademiyasının rəyi nəzərə alınmalı və belə icazə alındıqdan sonra həmin işləri görərkən müvafiq icra hakimiyyəti orqanının və mütəxəsislərin (Mədəniyyət Nazirliyinin) abidələrin qorunması ilə bağlı göstərişlərini icra etməlidirlər. Lahıc qəsəbə sakini Cavabdeh1 onun Lahıc bələdiyyəsi və kənd icra nümayəndəliyində vəzifədə işləyən qohumları ilə birləşərək, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi (İnventar 14) kimi dövlət tərəfindən mühafizə olunan Lahıc qəsəbəsində qanunsuz olaraq torpağın alqı-satqısını həyata keçirmişlər və qanunsuz tikililər aparırlar, Cavabdeh1 tərəfindən Lahıc qəsəbəsində söküntü-tikinti işləri aparılan bina onun ata-babaları tərəfindən 19-cu əsrin sonlarında tikilmişdir. Ora onun ata-baba mülküdür. O, ata-baba mülklərinin bir hissəsini bərpa edib hazırda orada yaşayır. Həmin mülk babası X2 (ləqəbi Bala dayı) və böyük qardaşı Kərim tərəfindən inşa edilmişdir. Onlar birlikdə uzunluğu 26 metr olan iki mərtəbəli mülk tikmiş və iki qardaş uzun illər həmin mülkdə yaşamışlar. Sonradan həmin mülkdə onların (ata-babaların) vərəsəsi olaraq onlar yaşamışlar. Ona görə də "Lahıc” tarix- mədəniyyət qoruğunun bir hissəsi olan ata-babalarının mülk və torpaqlarını qorumaq onların borcudur. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-730/2019nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)- 730/2019nömrəliqətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədəlazımi qaydada məlumat verilmiş digər cavabdeh İsmayıllı rayon Lahıc Bələdiyyəsiməhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-730/2019nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Lahıc Bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, Lahıc bələdiyyəsinin mülkiyyətində olan 0.015 hektar torpaq sahəsinin Bələdiyyənin xx xxxx 2011-ci il tarixli, 09 saylı iclas protokolunun qərarı əsasında Cavabdeh1 satılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş DTXK-nin İsmayıllı rayon Şöbəsində xx xxxx 2011-ci il tarixdə 315 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair akt”ın surətindən görünür ki, İsmayıllı rayonu Lahıc kənd sakini Cavabdeh1 tərəfindən Lahıc Bələdiyyəsinin mülkiyyətində olan 0.015 hektar torpaq sahəsinin alqı-satqısına görə əvvəlcədən 105 manat haqq ödənilmişdir. İş materiallarına əlavə edilmiş DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən verilmiş xx xxx 2012-ci il tarixli, AN 382115 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 150 kv.m torpaq sahəsi Lahıc Bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli, 09 saylı qərarı ilə Cavabdeh1 satılmış və həmin torpaq sahəsi dövlət torpaq kadastrı kitabında xx xxx 2012-ci il tarixdə 6190 nömrə ilə uçota alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(84)-1747/2018 nömrəli qərarının surətindən görünür ki, İsmayıllı rayon Lahıc Bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli 09 nömrəli qərarı ilə satılmış 0.015 hektar həyətyanı torpaq sahəsi üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 0.0115 hektar torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İsmayıllı rayon Lahıc Bələdiyyəsinin mülkiyyətində olan 0.015 hektar torpaq sahəsi həmin Bələdiyyənin xx xxxx 2011-ci il tarixli, 09 saylı iclas protokolunun qərarı əsasında Cavabdeh1 satılarkən və onun adına xüsusi mülkiyyət hüququ əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli, RX ******* nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon Lahıc Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, Lahıc Bələdiyyəsinin mülkiyyətində olan 0.015 hektar torpaq sahəsi həmin Bələdiyyənin xx xxxx 2011-ci il tarixli 09 saylı iclas protokolunun qərarı əsasında Cavabdeh1 satılmışdır. Cavabdeh1 mülkiyyətində olan 0.015 hektar torpaq sahəsinin alqı-satqısına görə Lahıc Bələdiyyəsinə 105 manat haqq ödəmişdir. Lahıc qəsəbəsində yerləşən 150 kv.m torpaq sahəsinin Lahıc Bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli, 09 saylı qərarı ilə Cavabdeh1 satılması DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən dövlət torpaq kadastrı kitabında xx xxx 2012-ci il tarixdə 6190 nömrə ilə uçota alınmışdır. İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 0.015 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə bocludur. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə kollegiyasının qənaətincə, Lahıc Bələdiyyəsinin mülkiyyətində olan 0.015 hektar torpaq sahəsinin həmin Bələdiyyə tərəfindən Cavabdeh1 satılması zamanı qanunvericiliyin tələblərinə düzgün əməl olunmuş və alqı-satqını qanunsuz və ya etibarsız hesab etməyə əsas verən pozuntulara yol verilməmişdir. İddiaçının mübahisəli torpaq sahəsinin Lahıc Bələdiyyəsinin mülkiyyətində olmaması, dövlət tərəfindən qorunan və alqı-satqısına yol verilməyən (qadağa qoyulmuş) torpaq olması, habelə onun atababasına məxsus olması barədə mülahizələrinin heç bir hüquqi və faktiki əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-730/2019nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)- 730/2019nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar