Məhkəmə qərarları › İş №2(107)-709/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-709/2025

23.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-709/2025 23.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin təyin edilməsi, alimentin azaldılması, minimum əmək haqqının misli) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(051)-52/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1996/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra hazırki iş üzrə iddiaçının tələbi üzrə Tərtər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-171/2024 saylı qətnaməsi ilə İddiaçı, Cavabdeh ilə birgə nikahlarından olmuş 24 iyul 2008-ci il təvəllüdlü X2 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyul 2008ci il təvəllüdlü Fatimə adlı qızının saxlanması üçün ərizə verilən tarixdən başlanmaqla Cavabdeh sabit pul məbləğində 250 manat alimentin alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, xx.xx.2008-ci il təvəllüdlü qızı Fatimə üçün onun xeyrinə 250 manat aliment təyin edilməsini və xx.xx.2010-cu il təvəllüdlü Aysu və xx.xx.2014-cü il təvəllüdlü Yusuf adlı uşaqlar üçün təyin edilmiş alimentin məbləğinin azaldılmasını xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2007-ci ildə ailə qurmuşdur. Birgə nikah münasibətlərindən onların 24 iyul 2008-ci il təvəllüdlü Fatimə, xx.xx.2010-cu il təvəllüdlü Aysu, 04 iyul 2014-cü il təvəllüdlü Yusuf adlı uşaqları olmuşdur. Cavabdeh ilə aralarındakı nikah Mingəçevir şəhər məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və onlar ayrılmışlar. Həmin müddətdə uşaqları cavabdehin yanında qalmışdır. Cavabdeh uşaqlara şiddət göstərdiyindən 24 iyul 2008-ci il təvəllüdlü qızı Fatimə onun yanından çıxıb onun yanına gəlmişdir. Bu səbəbdən Cavabdeh qarşı uşaq tələbinə dair iddia qaldırmışdır. Cavabdeh ona qarşı aliment tələbinə dair iddia qaldırmış və Mingəçevir şəhər məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2(051)- 1996/2023 saylı qətnaməsi ilə ondan xx.xx.2010-cu il təvəllüdlü Aysu, 04 iyul 2014-cü il təvəllüdlü Yusuf adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 175 manat aliment təyin olunmuşdur. Məhkəmə 24 iyul 2008-ci il təvəllüdlü qızı Fatimə üçün ondan aliment qət etməyərək həmin övladının mənim yanımda olmasını nəzərə almışdır.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Məhkəmənin 2(051)-1996/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra hazırki iş üzrə iddiaçının tələbi üzrə Tərtər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-171/2024 saylı qətnaməsi ilə İddiaçı, Cavabdeh ilə birgə nikahlarından olmuş 24 iyul 2008-ci il təvəllüdlü X2 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilmişdir. Həmin uşağın iddiaçının himayəsinə verilməsi ilə onunla bağlı çəkilən xərclər artıq iddiaçı tərəfindən qarşılanmağa başlamışdır.

5. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın aliment miqdarının azaldılması ilə bağlı hissəsinə dair təmin edilməsi üçün əsaslar var və iddiaçı tərəf azaldılacaq alimentin məbləğini qeyd etmədiyindən və məhkəmə həm iddiaçı, həm də cavabdehin maddi vəziyyətini nəzərə alaraq cəmi tutulan 350 manat alimentin 50 manat məbləğində azadılmasını məqbul hesab edir.

6. Bundan başqa, məhkəmə iddia tələbinin aliment təyin etmə hissəsinə dair qeyd edir ki, iddiaçının tələbi həmin hissədə tam əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçı öz tələbini əsaslandıran heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və xırdavat mağazası vardır. Bunun əksinə cavabdehin heç bir yerdən rəsmi gəliri yoxdur və iddiaçı tərəf tərəfindən bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının cavabdehdən fərqli olaraq gəlir yerinin olmasını və aliment almaq zəruriyyətinin olmamasını, habelə himayəsində olan uşağa baxmaq üçün alimentə möhtac olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.

7. Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(051)-52/2025 nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia qismən təmin olunmuş, İddiaçı tutulan alimentin məbləği azaldılaraq, 11 oktyabr 2010-cu il tarixdə doğulmuş Aysu və 04 iyul 2014-cü il tarixdə doğulmuş Yusuf adlı uşaqların saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin azaldılaraq cəmi 300 manat müəyyən edilməsi və hər ay tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 112.1-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-465/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1996/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Tərtər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)- 171/2024 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1351/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə Fatimə adlı uşaga aliment təyin etməmiş, həmcinin ödənilən alimentin məbləgini 50 manat azaltmaqla faktiki uşağa cəkilən xərclərin 50 manat olmasını müəyyən etməklə uşaqlar arasında bərabərlik prinsipini pozmuşdur. Qətnamə üzrə iddiacı hər uşağa 150 manat ödəməklə, həmçinin Fatiməyə baxmaq öhdəliyi ancaq onun üzərində saxlanılmışdır. Beləliklə, 2 uşaq hər iki valideyninin saxlanılması ilə təmin olunsa da 1 uşaq bundan məhrum buraxılmışdır. Halbuki, Ailə Məcəlləsinin 112-ci maddəsi diqqətəlayiq maraqları dedikdə tərəflərdən birinin himayəsində 1, digərinin himayəsində 2 uğağın olmasını nəzərə alınmasını deyil, aliment ödəmək imkanının olmamasını nəzərdə tutur.

12. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(051)- 52/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

17. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(051)-52/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın rədd edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi aliment müəyyən edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbi üzrə tutulmalı alimenti minimum əmək haqqı məbləğinin mislinə uyğunlaşdırmamaqla səhvə yol vermişdir.

22. Hazırki iş üzrə iddia tələbi alimentin ödənilməsi barədə olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalı, bu zаmаn tərəflərin mənаfeləri аrаsındа ədаlətli tаrаzlıq prinsipinə riаyət оlunmаlıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu, yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq cavabdehin himayəsində olan iki uşağın saxlanması üçün alimenti bir uşağa görə 25 manat, cəmi hər ay 50 manat azalmaqla gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

23. Bununla yanaşı, kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın”a əlavə və dəyişikliklər edilmişdir. Həmin Qərarın 1.2.1-ci bəndi ilə 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

24. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarı ilə edilmiş dəyişiklilərlə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, hazırki iş üzrə azaldılmış məbləğdə alimentin tutulması hazırki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın rədd edilmiş hissəsində düzgün nəticəyə gəlsə də, iş üzrə qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbləri pozulduğundan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(051)-52/2025 nömrəli qətnaməsi dəyişdirilməli, İddiaçı 11 oktyabr 2010-cu il tarixdə doğulmuş Aysu və 04 iyul 2014-cü il tarixdə doğulmuş Yusuf adlı uşaqların saxlanılması üçün tutularaq Cavabdeh verilməli olan azaldılmış alimentin məbləği, sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin hər ay bir uşaq üçün 0,375, hər ay iki uşaq üçün cəmi 0.75 misli məbləğində müəyyən edilməli, azaldılmış məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən başlanılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(051)-52/2025 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı 11 oktyabr 2010-cu il tarixdə doğulmuş Aysu və 04 iyul 2014-cü il tarixdə doğulmuş Yusuf adlı uşaqların saxlanılması üçün tutularaq Cavabdeh verilməli olan azaldılmış alimentin məbləği, sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin hər ay bir uşaq üçün 0,375, hər ay iki uşaq üçün cəmi 0.75 misli məbləğində müəyyən edilsin. Azaldılmış məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən başlanılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar