Məhkəmə qərarları › İş №2(107)-715/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-715/2020

03.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-715/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2605/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Аpelyаsiyа Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2605/2019 saylı qətnaməsi ilə (hakim Günay Cavadova) iddia qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməli olan dövlət rüsumunun əvəzi olan 30 manatın Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2010-cu ildə ailə qurub evlanmişlər. Nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X3 adlı övladı anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah qeydi pozulmuşdur. Cavabdehlə xasiyyəti uyğun gəlmədiyini, tez-tez aralarında narazılıq olurdu, mütamadi olaraq döyüb, söyüb, təhqir etməsi səbəbindən ailə münasibətləri pozulmuşdur. Məhkəmə tərəfindən 40 manat uşağın saxlanılması üçün aliment təyin edilmişdir. Ancaq bu məbləğ uşağın saxlanılmasını təmin etmir. Cavabdeh heç bir halda onlara köməklik etmir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh izahatında iddianı qismən qəbul edərək, birgə nikahlarından olan uşağı xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün imkanı daxilində aliment ödəyə biləcəyini, onun hazırkı nikahından iki uşağının olmasını, hazırda “Qafqaz Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyərək aylıq 309 manat əmək haqqı almasını nəzərə alaraq məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı аpelyаsiyа şikayəti vermişdir. Аpelyаsiyа şikayətinin dəlilləri: Аpelyаsiyа şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh işlədiyinə dair arayış təqdim edir, əmək haqqının 309 manat olduğunu qeyd edir. Ancaq əlavə olaraq aldığı digər məbləğləri gizlədərək, alimenti ödəməkdən yayınır. Cavabdeh əlavə olaraq sürücülük fəaliyyəti ilə də məşğuldur, kifayət qədər işi və qazancı vardır. 90 manatla bir uşağın saxlanılması mümkün deyil. O, heçbir yerdə işləmir və qazancı yoxdur. Uşağı sudurqalıdır, mütamadi olaraq müalicə və müayinə altında olur. Cavabdeh ata olaraq minimum alimentlə öz vəzifəsini icra etdiyini düşünür. Minimum alimenti digər ailəsi və uşağı ilə əsaslandırması əsaslı ola bilməz. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2605/2019 saylı qətnaməsinin dəyişdirilərək, azyaşlı oğlu X1 üçün hər ay sabit pul məbləğində 200 manat alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasınının iclasında iştirak edən Cavabdeh аpelyаsiyа şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2605/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, аpelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, аpelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, аpelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, аpelyаsiyа şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2605/2019 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarına əlаvə edilmiş AZ-İİ 602121 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü Rəhman adlı uşağı var. İş materiallarına əlаvə edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-401/2012 saylı, xx xxx 2012-ci il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxx 2012-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh aylıq qazancının dördə bir hissəsi miqdarında alimentin tutulub cavabdeh Məmmədova (Mustafayeva) Günel Mehti qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş “Qafqaz Ticarət” Məhdud Məsuliyyət Cəmiyyətinin xx.xx.2019-cu il tarixli arayışında görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən məşğulluq təsnifatı üzrə sürücü vəzifəsində işləyir. Aylıq əmək haqqı 309 manat təşkil edir. Məhkəmə kolegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx xxxx 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan səmimi ailə münasibətləri pisləşmiş və aralarında bağlanmış nikah Yevlax Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikahları pozularkən azyaşlı uşaq iddiaçının himayəsində saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 40 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı 40 manat aliment məbləği ilə uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırıödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması iləəlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi alimentin artırılması qənaətinə düzgün olaraq gəlsə də, yuxarıda şərh olunan beynəlxalq və milli qanunvericilik aktı normalarının, o cümlədən Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 76, 78 cə 112-ci maddələrinin tələblərini, tərəflərin yuxаrıdа müəyyən оlunаn mаddi və аilə vəziyyətini, uşağın mənafelərini və onun böyüdükcə artan tələbatlarını, uşаğın əvvəlki təminаtının səviyyəsinin mümkün qədər mаksimаl sаxlаnmаsı şərtlərini, hаbelə hаzırdа uşаqlаr üçün müəyyən edilmiş yаşаyış səviyyəsi minimum həddini nəzərə аlmаdan аlimentin miqdarını hər ay 90 manat sabit pul məbləğində müəyyən etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyasının qənaətincə, həmin məbləğ tərəflərin maddi və ailə vəziyyətlərinə, işin diqqətəlayiq olan digər hallarına uyğun olmamaqla uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını təmin edə bilməz. Məhkəmə kollegiyası tərəflər arasında mübahisəni həll edərkən onların ümumi uşağının mənafeyini, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyini, uşağın tərbiyəsi, təhsili, onun fiziki və mənəvi inkişafı ilə bağlı tələbatlarının artması dinamikasını, uşağın anasının (iddiaçının) yanında qalmaqla hüquqlarının üstün mühafizə prinsipini nəzərə alır və belə nəticəyə gəlir ki, xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 90 manat alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə müvafiq deyildir. Ona görə də, аpelyаsiyа şikayəti qismən təmin edilməli, tərəflərin ümümi uşağının yetkinlik yaşınadək saxlanması üçün cavabdehdən iddiaçının xeyirinə hər ay sabit pul məbləğində 120 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən iddiaçının ilk dəfə aliment tələbi ilə məhkəməyə müraciət etdiyi halda alimentin tutulması məhkəməyə müraciət etdiyi vaxtı nəzərdə tutur. Lakin alimentin miqdarının artırılması barədə tələb təmin edildiyi halda, aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan sonra tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 82/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.3-cü mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Qeyd edilənlərə əsasən, məhkəm kollegiyası hesab edir ki, аpelyаsiyа şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)- 2605/2019 saylı qətnаməsi dəyişdirilməli, xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat aliment tutularaq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2605/2019 saylı qətnаməsi alimentin məbləği hissəsində dəyişdirilsin. xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı hər ay veriləcək sabit pul məbləğində alimentin məbləği artırılaraq 120 manat müyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirlmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Аpelyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar