Məhkəmə qərarları › İş №2(107)-717/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-717/2023

22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-717/2023 22.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili, həmçinin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(075)-609/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 hər ay hər uşaq üşün 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən üç) manat alimentin tutularaq 28 avqust 2009-cu il təvəllüdlü X6 və 19 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsinə və alimentin tutulma müddətinin mediasiyaya müraciət edilmə tarixindən hesablanması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X2 ilə 25 avqust 2007-ci il tarixdə Şəki Şəhər VVADQ Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 28 avqust 2009-cu il tarixdə X6 və 19 iyul 2011-ci il tarixdə X7 adlı iki övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2(075)-7618/2016 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, onların aralarındakı razılaşmaya əsasən birgə nikahdan olan uşaqları 28 avqust 2009-cu il təvəllüdlü X6 və 19 iyul 2011-ci il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanılmışlar. Lakin həmin vaxtdan X2 birgə nikahdan olan övladlarının saxlanılması üçün iddiaçıya heç bir yardım etməmişdir. Ona görə də İddiaçı aliment tələbi ilə bağlı Mediasiya Şurasina müraciət etmək məcburiyyətində qalmışdır. Lakin cavabdeh X2 mediasiya sessiyasına dəvət edilməsinə baxmayaraq mediasiya sessiyasına gəlməmiş və ona görə də mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Buna görə də İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim E.Vəliyev) 29 mart 2023-cü il tarixli, 2(075)-609/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 28 avqust 2009-cu il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli 2 fevral 2023-cü il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, Cavabdeh 56 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı 14 yanvar 2017-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 28 avqust 2009-cu il təvəllüdlü X6 və 19 iyul 2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq, sonradan münasibətləri pisləşmişdir. Şəki Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2(075)-7618/2016 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 28 avqust 2009-cu il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, 28 avqust 2009-cu il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 2 fevral 2023-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 76, 100.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunvericiliyin müddəalarına formal yanaşaraq iddiaçının tələbini təmin etmişdir. Hansı ki, o, onkoloji xəstə olmağı ilə yanaşı, himayəsində 3 azyaşlı uşağı olmuşdur. O heç yerdə işləməmişdir, heç bir sosial təminat almamışdır. Səhhətindəki narahatlığa görə valideynləri özlərinin və tanışlarının adlarına bir neçə bankdan böyük məbləğdə kredit götürmüşlər. Hazırda həmin kreditləri belə onlar özləri ödəmişdirlər və onun həmin vəsaitləri qaytarmağa maddi imkanı yoxdur. Məhkəmə yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Onun səhhətindəki ciddi problemlər və digər hallar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri baxımından onu aliment ödəməkdən azad edə bilər. İddiaçı Ailə Məcəlləsində nəzərdə tutulan hüquqlarından sui-istifadə edərək ona problemlər yaratmağa çalışmışdır. Məhkəmə bu halları nəzərə almadan, hüquqi dəyərləndirmə etmədən tələbi təmin etmişdir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(075)-609/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilən hissədə əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayəti tamamilə əsassızdır. Hesab etmişdir ki, Şəki Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(075)-609/2023 saylı qətnaməsi tam qanuni, əsaslı və ədalətli olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, o, onkoloji xəstə olması ilə yanaşı, himayəsində 3 azyaşlı uşağı vardır. O heç bir yerdə işləməmiş və heç bir sosial təminat almamışdlr. İlk öncə bildirmək istəmişdir ki, guya cavabdeh onkoloji xəstə olması barədə qeyd etməsi tamamilə yalandır. Cavabdeh tam sağlamdır. Əgər cavabdeh onkoloji xəstə olsa idi, bu barədə xəstəxanada qeydiyyatı olardı. Cavabdeh müxtəlif müayinə kağızları təqdim edərək bununla da özünün xəstə olması görüntüsünü yaratmaq və məhkəməni yanıltmaq istəmişdir. Lakin onun apellyasiya şikayətinə təqdim etdiyi sənədlərdən tam sağlam olması görünmüşdür. Həmin müayinə sənədləri formal müayinə olmaqla bir çoxu məhkəmə qətnaməsindən sonrakı tarixlərə təsadüf etmişdir ki, cavabdeh birinci instasniya məhkəməsi tərəfindən qətnamə qəbul ediləndən sonra bir sıra müayinələrdən keçərək həmin sənədləri məhkəməyə təqdim etməklə özünün xəstə olması görüntüsünü yaratmaq istəmişdir. Əgər cavabdeh həqiqətən də onkoloji xəstə olsa idi, onkoloji qeydiyyatda olması barədə Şəki Rayon Mərkəzi X5 Şəxsin Onkologiya şöbəsindən orada qeydiyyatda olması barədə sənəd təqdim edərlərdir. Həm də onu qeyd etmişdir ki, dünya praktikasında görünmüşdür ki, qadınlarda əksərən iki növ onkoloji xəstəlik müşahidə edilir ki, onlar da süd vəzinin xərkənci və yumurtalıq xərçəncidir ki, onların da həlli yolu tamamilə asan və qısadır. Həmin xəstəliyə dükar olmuş qadınların süd vəzlərini və yumurtalıqlarını götürdükdə xəstəliklə bağlı bütün problem kökündən həll olmaqdadır. Yəni həmin tip onkoloj xəstəliyin qadında mövcud olması onun işləməsinə və fiziki vəziyyətinə heç bir təsir göstərə bilməz. Cavabdehin himayəsində 3 azyaşlı uşağın olması ilə bağlı qeyd etmişdir ki, Cavabdeh ondan ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmuş və həmin şəxsdən uşaqları olmuşdur. Həmin uşaqların olması da birgə nikahdan olan övladlarına baxmaq vəzifəsindən azad etməmişdir. Həmin uşaqların atasının kifayət qədər maddi imkanı yüksək olmaqla bir neçə obyekt (ət məhsullarının satışı dükanı, ferma və.s) işlədir və aylıq 10000 manatdan yüksək gəlir əldə edir. Cavabdehin ərinin ət dükanı şəhərin ən sıx məskunlaşma olan ərazisində – Şəki Bazar ASC-nin yanında Şəki şəhəri, S.Rəhman küçəsində yerləşir və gündəlik 200 manat gəlir gətirir. Cavabdehin heç bir yerdə işləməsi və heç bir sosial təminat almaması ilə bağlı onu da qeyd etmişdir ki, cababdehin işləməsi və hansısa bir sosial təminat almaması təbii olmuşdur. Belə ki, cavabdehin maddi imkanı o qədər yüksək olmuşdur ki, onun işləməsinə ehtiyacı olmamışdır. Onun maddi imkanı olduqca yüksək olduğundan istəsə belə, dövlət tərəfindən ona heç bir sosial təminat verilməz. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi müayinə sənədlərindən də onun maddi imkanın olduqca yüksək olması açıq-aydın görünmüşdür. Belə ki, həmin müayinələr Şəki şəhərində yerləşən özəl tibb müəssisələrində edilmişdir ki, onların da kifayət qədər qiyməti vardır. Əgər cavabdeh apellyasiya şikayətində qeyd etdiyi kimi imkansız olsa idi, özəl tibb müəssisələrinə deyil dövlət tibb müəssisələrinə müraciət edərdi. Belə ki, dövlət tibb müəssisələrində tibbi xidmət tamamilə ödənişsizdir. Göründüyü kimi, apellyator tərəfindən Şəki Rayon Məhkəməsinin 29 mart 2023cü il tarixli, e-2(075)-609/2023 saylı qətnaməsinin əsassız olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, Şəki Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(075)-609/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili, həmçinin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(075)-609/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilən hissədə əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(075)-609/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını apellyasiya şikayətinin həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(075)-609/2023 saylı qətnaməsini iddianın təmin edilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(075)-609/2023 saylı qətnaməsi dəyişdirilməli, 28 avqust 2009-cu il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı 14 yanvar 2017-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 28 avqust 2009-cu il təvəllüdlü X6 və 19 iyul 2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq, sonradan münasibətləri pisləşmişdir. Şəki Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2(075)-7618/2016 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olmasını, cavabdehin və iddiaçının maddi vəziyyətlərindəki fərqləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar mövcuddur. Məhkəmə kollegiyası təqdim edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh üç uşağının olması müəyyən edilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh onkoloj xəstədir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, hər uşaqa görə 150 manat alimentin tutulması ədalətsizdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmənin istifadəsində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə və gəlir məlumatları səhifəsindən istifadə edilməklə, İddiaçı hal-hazırda "xxxx" MMC-də sosial işçi, istimai işlər vəzifəsində işlədiyini və 345 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(075)-609/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, 28 avqust 2009-cu il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(075)-609/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Şəki Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(075)-609/2023 saylı qətnaməsinə əsasən müəyyən edilmiş hər ay hər uşaq üçün 28 avqust 2009-cu il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar