Məhkəmə qərarları › İş №2(107)-720/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-720/2021

22.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-720/2021 22.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(016)-1074/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Tahir İsmayılov) 16 avqust 2018-ci il tarixli 2(016)-1074/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Ağsu rayonu İlxıçı Bələdiyyəsinə qarşı “xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi mühasib işlədiyi müddət üçün hesablanmiş və ödənilməmiş 6284.18 manat əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilərək Ağsu rayonu İlxıçı Bələdiyyəsinin hesabından iddiaçıya hesablanmış 7566.76 manat əmək haqqı məbləğindən ödənilməmiş qalan 6284.18 manat əmək haqqının tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Ağsu Rayonu İlxıçı Bələdiyyəsinə (bundan sonra cavabdeh və ya İlxıçı Bələdiyyəsi) qarşı əmək haqqının məcburi ödənilməsi barədə iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi mühasib işlədiyi müddət üçün hesablanmiş və ödənilməmiş 6284.18 manat əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, yanvar 2000-ci il tarixdən dekabr 2009-cu il tarixə kimi olan dövr ərzində Ağsu rayonu Hacısəmədli bələdiyyəsində mühasib vəzifəsində çalışmışdır. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli qərarından sonra Hacısəmədli və İlxıçı Bələdiyyələri birləşərək 2009-cu ilin bələdiyyə seçkilərindən sonra vahid İlxıçı Bələdiyyəsi kimi fəaliyyətə başlamışdır. xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi Ağsu rayonu İlxıçı bələdiyyəsində mühasib vəzifəsində işləmiş və mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirmiş, dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqının hesablanmasını, vergilərin, ödənişlərin köçürülməsini həyata keçirmiş, hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamışdır. İşlədiyi müddət ərzində üzərinə düşən vəzifəni vicdanla yerinə yetirsə də, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən biri olan əmək haqqının ödənilməsi hissəsini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İlxıçı Bələdiyyəsinin nümayəndəsi X2 iddia tələbini etiraf edərək izahatında göstərmişdir ki, iddiaçı əvvəllər Ağsu rayonu Hacısəmədli bələdiyyəsində mühasib vəzifəsində işləmiş, 2010-cu ildən isə İlxıçı Bələdiyyəsində 0.5 oklad mühasib vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək müqaviləsi ilə üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Lakin Bələdiyyənin maddi imkanı olmadığından ona hesablanmış 7566.76 manat əmək haqqının 1282.58 manatı ödənilmiş, 6284 manat məbləğində əmək haqqı isə ödənilməmişdir. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(016)-1074/2018 nömrəli qətnaməsi çıxarılmışdır. X3 apellyasiya şikayəti verərək Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(016)-1074/2018 nömrəli qətnaməsinin tam həcmdə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İlxıçı Bələdiyyəsinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu rayon Məhkəməsinin qətnaməsi bir sıra prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə tam həcmdə ləğv olunmalıdır. Belə ki, Ağsu rayon İlxıçı Bələdiyyəsində analitik və mühasibat uçotunu əks etdirən heç bir uçot kitabları yoxdur. Əmək haqqının hesablanması, ödənilməsi barədə hesablama və ödəniş cədvəlləri yoxdur. 5 illik Poçt dövriyyəsinə əsasən xx.xx.2015-ci ildə 85 manat, xx.xx.2015-ci ildə 33 manat, xx.xx.2015-ci il tarixdə 12 manat, xx.xx.2016-cı il tarixdə 245 manat, xx.xx.2016-cı il tarixdə 609 manat, xx.xx.2016-cı il tarixdə 475 manat, xx.xx.2016cı il tarixdə 460 manat, xx.xx.2016-cı il tarixdə 120 manat, xx.xx.2018-ci il tarixdə 494 manat, xx.xx.2018-ci il tarixdə 290 manat, xx.xx.2019-cu il tarixdə 247 manat, xx.xx.2019cu il tarixdə 277 manat; 10 illik Bank dövriyyəsinə əsasən xx.xx.2016-cı ildə 700 manat, xx.xx.2019-cu ildə 1650 manat, xx.xx.2019-cu ildə 938 manat, xx.xx.2019-cu ildə 245 manat, xx.xx.2010-cu il tarixli ƏMR № 02, 0,5 aklad mühasib tarixsiz 01 saylı əmək müqaviləsi, xx.xx.2014-cü il tarixli əmək müqaviləsi 2№255M3000500, əmək haqqının hesablanması və ödənilməsi haqqında arayışı təsdiq edən hesabatlar mövcud deyil. Audit aktında qeyd edilir ki: Borc məbləği taktik inventarizasiya edilməmiş, borc yalnız proqnoz - uçot üzrə müəyyənləşdirilmiş, dövlət büdcəsindən 10 il ərzində 1800 manat olmaq şərti ilə, 18000 manat nəğd vəsait çeklə alınmışdır, həmin məbləğlər üzrə verilən əmək haqqının uçotu yoxdur. Mühasibat balansı gəlir və xərclərin göstəricilərin proqnoz smeta göstəriciləri müqayisə barədə üzləşmə cədvəli tərtib edilməmişdir. Ayrı-ayrı hesablar üzrə dövriyyələr çıxarılmamış, debitor - kreditor borcların aradan qaldırılması üçün tədbirlər görülməmiş, Hacısəmədli bələdiyyəsindən qalan borcların siyahısı, uçotu, qalıqlarını əks etdirən uçot yoxdur. 2571 manat əmək haqqı borcunun köçürülməsini təsdiq edən sənəd yoxdur. Bələdiyyə sədrinin tarixsiz və nömrəsiz arayış hüquqi sənəd deyil. Yuxarıda işin halları üzrə sənədlərin araşdırılması onu göstərir ki, əslində iddia tələbinin əsası yoxdur və keçmiş bələdiyyə sədrinin məhkəmədə şahid qismində verdiyi ifadə və arayış həqiqətə uyğun deyil və saxtadır. Belə bir nəticə hasil olur ki, məhkəmə hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir ki, bu hal düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İlxıçı Bələdiyyəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli 2(016)-1074/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Ağsu rayonu İlxıçı bələdiyyəsində mühasib vəzifəsində işlədiyi dövr üçün ona hesablanmış əmək haqqının tam ödənilməsi haqqında sübutlarının təqdim edilməsinin mümkünlüyü barədə sədrlik edən tərəfindən verilən suala cavabında İlxıçı Bələdiyyəsinin nümayəndəsi belə bir sübutlarının olmadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli 2(016)-1074/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin gerçək hallarından görünür ki, iddiaçı 2000-ci ilin yanvar ayından 2009-cu ilin dekabr ayı daxil olmaqla Axsu rayonu Hacısəmədli Bələdiyyəsində mühasib vəzifəsində işləmişdir. 2009-cu ilin sonlarında Hacısəmədli Bələdiyyəsi ilə İlxıçı Bələdiyyəsi birləşərək 2009-cu ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərindən sonra vahid İlxıçı bələdiyyəsi kimi fəaliyyət göstərmişlər. X1 Bələdiyyəsinə birləşdikdən sonra, İddiaçı xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi Ağsu rayonu İlxıçı bələdiyyəsində 0.5 oklad mühasib vəzifəsində işləmişdir. Hacısəmədli Bələdiyyəsində işlədiyi müddət üçün 2571 manat məbləğində əmək haqqı borcu qalmış, İlxıçı Bələdiyyəsində işlədiyi müddət üçün 2010 - 2018-ci illərdə, cəmi 7566.76 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 1282.58 manat iddiaçıya ödənilmiş, 6284.18 manat məbləğində hesablanmış əmək haqqı isə ödənilməmişdir. Birinci instansiya məhkəməsi işəgötürən tərəfindən iddiaçıya əmək haqqının qanunla müəyyən olunmuş qaydada hesablanması, lakin vaxtında ödənilməməsi qənaətinə gəlmiş, həmin əsasla da iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir. 10-cu maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyə qulluqçularının iş vaxtı, məzuniyyəti, pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172-ci maddəsinin 1, 2, 3 və 4-cü hissələrinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Cavabdeh İlxıçı Bələdiyyəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında izahat verərkən iddianı etiraf etmiş, iddiaçının əmək müqaviləsi ilə üzərinə düşən vəzifəni yerinə yetirdiyini, lakin Bələdiyyənin maddi imkanı olmadığından ona hesablanmış 7566.xx xxxxxxxx 1282.58 manat ödənildiyini, 6284 manat məbləğində ödənilməmiş əmək haqqı borcu qaldığını bildirmişdir. İddiaçının tələbi cavabdehin etirafı ilə yanaşı, cavabdeh İlxıçı Bələdiyyəsi tərəfindən rəsmi qaydada tərtib edilmiş “İlxıçı Bələdiyyəsində mühasib işləmiş İddiaçı əmək haqqının və son hesabın hesablnması və ödənilməsi haqqında” Arayış ilə də sübut edilir. Ağsu rayonu İlxıçı bələdiyyəsi iddiaçıya borcunun olmadığını bildirsə də, İddiaçı mühasib vəzifəsində işlədiyi dövr üçün ona hesablanmış əmək haqqının tam ödənilməsi haqqında heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “İlxıçı Bələdiyyəsində analitik və mühasibat uçotunu əks etdirən heç bir uçot kitablarının, əmək haqqının hesablanması, ödənilməsi barədə hesablama və ödəniş cədvəllərinin olmaması” haqqında dəlili ilə bağlı bildirir ki, Bələdiyyədə müvafiq sənədlərin olmaması işçinin əmək haqqının ödənilməməsi üçün əsas deyildir. Odür ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(016)-1074/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(016)-1074/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar