Məhkəmə qərarları › İş №2(107)-725/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-725/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-725/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1525/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1525/2019 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin edilmiş, Cavabdeh1-nin hərracın yekunları barədə xx xxxxxxx 2017ci il tarixli 52 nömrəli protokolunun və həmin protokol əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar Cavabdeh2-nin adına verilmiş xx xxxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 10 manat dövlət rüsumu xərcinin iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1, X5, İddiaçı9 və İddiaçı10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2017-ci il tarixli hərracın yekunları barədə 52 nömrəli protokol, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış alqı-satqısı protokolu və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1, X5, İddiaçı9 və İddiaçı10 iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1-nin hərracın yekunları barədə xx xxxxxxx 2017-ci il tarixli, 52 nömrəli protokolu və həmin protokol əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Şəki şəhəri, X8 prospekti, dalan 7, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar Cavabdeh2-nin adına verilmiş xx xxxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-in 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçılar İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1, X5, İddiaçı9 və İddiaçı10 iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı Cavabdeh2 ilə X4 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 380/EBRR/YF saylı kredit müqaviləsinin şərtlərinə əsasən ona illik 20 faiz olmaqla, 36 ay müddətinə 120000 (bir yüz iyirmi min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bir neçə əmlak, həmçinin İddiaçı8 ilə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən İddiaçı8 mülkiyyətində olan Şəki şəhəri, X8 prospekti, dalan 7, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi çıxış etmişdir. Həmin müqavilənin şərtləri yerinə yetirilmədiyindən sözügedən daşınmaz əmlaka Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-8/2015 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Cavabdeh1 tərəfindən hərrac keçirilmiş, hərracın yekunları barədə protokola əsasən Cavabdeh2 əmlak üzərində qalib elan edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2018-cı il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********38-10301), RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən əmlak mülkiyyət hüququ ilə Cavabdeh2-yə keçmişdir. Bütün bunlardan xəbərləri olmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********38-10301), RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış tam əsassız və qanunsuz verilmişdir. Hərrac onlara qanunla nəzərdə tutulmuş qaydada və müddətdə xəbərdar edilmədən keçirilmiş, hərracın nəticəsi etibarsız olduğundan həmin protokol etibarsız hesab edilməlidir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı8 vəkili Vəkil və digər İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh1 birinci instansiya məhkəməsinə iddia ərizəsinə etiraz göndərmiş, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etmişdir ki, Cavabdeh3 sifarişi əsasında İddiaçı8 mülkiyyətində olan Şəki şəhəri, X8 prospekti, dalan 7, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılmasına dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-8/2015 saylı icra vərəqəsi Cavabdeh1-yə göndərilmiş və əmlakın ilkin satış qiyməti 90000 manat müəyyən edilmişdir. Cavabdeh3 tərəfindən sifariş verilərkən məktubun və icra vərəqəsinin surəti həm tələbkara, həm borclulara göndərilmiş, borclular əmlakın hərraca çıxarılması və satışı barədə məlumatlandırılmışdır. xx xxxx 2017-ci il tarixdə keçirilmiş ilkin hərracda əmlakın satış qiyməti 90000 manat, xx xxxxxx 2017-ci il tarixdə təkrar hərracda 15% endirimlə 76500 manat müəyyən edilmiş, lakin hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Əmlak 25% endirimlə banka təklif olunmuş və əmlak tələbkar tərəfindən alınmışdır. Hərracların keçirilməsi ilə bağlı elanlar xx xxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixlərdə “Kaspi” qəzetində yerləşdirilmişdir. Beləliklə, Cavabdeh1 tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş və qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Birinci instansiya məhkəməsində işə digər iddiaçıların və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon məhkəməsinin 2(075)-8/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icrası olaraq Şəki rayon İcra Şöbəsinin 14.420/5 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubu əsasında “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun hərracı keçirmiş və ipoteka predmeti həmin qanunun tələblərinə uğun Cavabdeh2 tərəfindən alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun iddiaçıya ilkin hərracın keçirilməsi ilə bağlı xx xxxx 2017-ci il tarixli və təkrar hərracın keçirilməsi ilə bağlı xx xxxxxx 2017-ci il tarixli bildirişlər poçt vasitəsilə borclunun qeydiyytda olduğu, icra vərəqsəində qeyd olunan və iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. Cavabdeh1 tərəfindən 2 saylı poçt filialının 106 saylı poçt şöbəsinə sorğu verərək qeyd olunan bildirişlərin çatıb-çatmaması barədə şirkətə məlumat verilməsi xahiş edilmişdir. 2 saylı poçt filialının 106 saylı poçt şöbəsi Cavabdeh1-nin sorğu məktububunun üzərinə bildirişlərin birinin çatdığını, digərinin qaytarıldığını qeyd etməklə poçta məxsus möhür vurmuş və icraçının adı, soyadı yazılmaqla imza edilmişdir. Həmin sənədlər məhkəməyə təqdim edilmiş, məhkəmə qeyd olunan poçt sorğularının cavablarını sübut olaraq qəbul etməmişdir. “Poçt haqqında” “Azərbaycan Respublikasının Qanunununa əsasən Poçt xidmətləri poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, saxlanılması, daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyəti ilə məşğul olan rəsmi qurumdur. Məhkəmənin poçt xidmətinin məlumatını qəbul etməməsi tamamilə əsassızdır. Bundan başqa Cavabdeh1 tərəfindən hərrac xx xxxxxxx 2017-ci il tarixində keçirilmişdir. Borclu tərəfindən isə Şəki Rayon Məhkəməsinə iddia ərizəsi 2019-cu ildə verilmişdir. Borclu iddia müddətini ötürmüşdür. Cavabdeh1 tərərfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci fəslinin tələblərini nəzərə alaraq iddia müddətinin tədbiq edilməsinə dair ərizə ilə Şəki Rayon məhkəməsinə müraciət olunduğu halda Şəki Rayon Məhkəməsi tərəfindən qeyd olunan iddia ilə bağlı iddia müddətinin tədbiqi nəzərə almamışdır. Şəki Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)- 1525/2019 saylı qətnaməsində iddia müddətinin tədbiq edilib-edilməməsinə dair hər hansı qeyd tapılmamışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1525/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız hesab edir. Belə ki, işin materiallarından, həmçinin məhkəmə qətnaməsindən də göründüyü kimi hərrac təşkilatı Cavabdeh1 hərraclar barədə qəzetdə elanlar vermiş, ipoteka qoyanlara lazımi qaydada bildirişlər göndərmişdir. Poçt qəbzləri üzərində ayrı-ayrı vaxtlarda “çatdırılıb” və “qaytarılıb” qeydləri aparılmışdır. Bununla da, Cavabdeh1 tərəfindən hərrac barədə borcluların məlumatlandırılması ilə bağlı zəruri tədbirlər görülmüş və hər hansı qanun pozuntusunu yol verilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1525/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinəəsasən bütün fiziki və hüquqişəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1525/2019 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2008-ci il tarixdə verilmiş ********* qeydiyyat, **********38-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, X8 prospekti, dalan 7, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüquqi üzrə İddiaçı8 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-8/2015 saylı icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, X1 xx xxxxxx 2008-ci il tarixli 380/EBRR/YF saylı kredit müqaviləsi üzrə 98556 ABŞ dolları, 23068.8 ABŞ dolları faiz və 15000 ABŞ dolları dəbbə borcunun tutularaq Cavabdeh2-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan İddiaçı8 mülkiyyətində olan Şəki şəhəri, X8 prospekti, dalan 7, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 90000 manat olmaqla satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına X2 xx xxxxxx 2008-ci il tarixli 380/EBRR/YF saylı kredit müqaviləsi üzrə «xxxxxxx» ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. İcra vərəqəsi xx xxxxxx 2017-ci il tarixdə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2017-ci il tarixli, 14420/5 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı8 mülkiyyətində olan Şəki şəhəri, X8 prospekti, dalan 7, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 90000 manat müəyyən edilməklə açıq hərracda satılmasına dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-8/2015 saylı icra vərəqəsi Cavabdeh1-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin xx xxxx 2017-ci il tarixli, 108 (3859) saylı buraxılışının təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X8 prospekti, dalan 7, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracdan satışının xx xxxx 2017-ci il tarixdə, saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2-yə və İddiaçı8 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx xxxx 2017-ci il tarixli, 06/20 nömrəli bildirişdən görünür ki, həmin bildirişdə Cavabdeh2 və İddiaçı8 xx xxxx 2017-ci il tarixli hərracın keçirilməsi ilə bağlı xəbərdar edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən 2 saylı poçt filialının 106 saylı poçt şöbəsinə göndərilmiş xx xxxxxx 2019-cu il tarixli, 1034 nömrəli sorğudan görünür ki, xx xxxx 2017–xx xxxx 2017-ci il tarixlərdə göndərilən poçt bildirişlərinin İddiaçı8 çatdırılması barədə məlumat verilməsi xahiş olunmuş, sorğu vərəqəsi üzərində «çatdırılıb» qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin xx xxxxxx 2017-ci il tarixli, 135 (3885) saylı buraxılışının təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X8 prospekti, dalan 7, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracdan satışının xx xxxxxx 2017-ci il tarixdə, saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2yə və İddiaçı8 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2017-ci il tarixli, 06/20-2 nömrəli bildirişdən görünür ki, həmin bildirişdə Cavabdeh2 və İddiaçı8 xx xxxxxx 2017-ci il tarixli hərracın keçirilməsi ilə bağlı xəbərdar edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən 2 saylı poçt filialının 106 saylı poçt şöbəsinə göndərilmiş xx xxxxxx 2019-cu il tarixli, 1035 nömrəli sorğudan görünür ki, xx xxxxxx 2017 – xx xxxxxx 2017-ci il tarixlərdə göndərilən poçt bildirişlərinin İddiaçı8 çatdırılması barədə məlumat verilməsi xahiş olunmuş, sorğu vərəqəsi üzərində “qaytarılıb” qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2017ci il tarixli, 52 nömrəli hərracın yekunları barədə protokolun və hərracın yekunları haqqında alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X8 prospekti, dalan 7, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 90000 manat müəyyən olunmuş, hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan edilərək 25% endirimlə 57375 manata Cavabdeh2-yə satılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya birinci və ikinci hərracla bağlı elan və bildirişin göndərilməsi ilə bağlı iş materiallarında hər hansı sübut–xəbərnamələr aşkar olunmamış, Cavabdeh1 isə məhkəməyə ünvanladığı etiraz ərizəsində 2 saylı poçt filialının 106 saylı poçt şöbəsinə göndərilmiş sorğuları əlavə etmiş, həmin sorğulara poçt şöbəsi tərəfindən “çatdırılıb” və “qaytarılıb” qeydi aparılmış, lakin həmin bildirişlərin ünvan sahiblərinə çatması barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verili Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-8/2015 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq mübahisə predmeti olan Şəki şəhəri, X8 prospekti, dalan 7, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, bununla bağlı xx xxxx 2017-ci ildə «Kaspi» qəzetində elan verilmişdir. Əmlak hərracın birinci dövriyyəsində satılmadığından, ikinci hərracın keçirilməsi ilə bağlı xx xxxxxx 2017-ci ildə “Kaspi” qəzetində elan verilmişdir. Hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan edilərək Şəki şəhəri, X8 prospekti, dalan 7, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi xx xxxxxxx 2017-ci il tarixdə keçirilən açıq hərracda Cavabdeh2 tərəfindən alınmışdır. Hərracın nəticələri üzrə protokol tərtib edilərək alıcıya təqdim edilmişdir. İpoteka qoyana hərracın keçirilməsi barədə bildirişlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən ipoteka qoyana göndərilmədiyini, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirildiyini, hərracların keçirilməsi ilə bağlı bildiriş göndərmədiyini əsas gətirərək xx xxxxxxx 2017-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməli olduğunu bildirsə də, iş materiallarına əlavə edilmiş bildirişlərin təsdiq edilmiş surətlərindən də məlum olduğu kimi mübahisə predmeti olan evlə bağlı hərracların keçirilmə yerləri və vaxtları barədə ipoteka qoyan lazımınca xəbərdar edilmişdir. Məhkəmə kollegiyası tərəfindən xx xxxxxx 2015-ci il tarixli, 2(075)-8/2015 saylı icra icra işi öyrənilərək müəəyyən edilmişdir ki, Cavabdeh3 tərəfindən sifariş verilərkən məktubun və icra vərəqəsinin surəti həm tələbkara, həm borclulara göndərilmiş, borclular əmlakın açıq hərraca çıxarılması və satışı barədə məlumatlandırılmışdır. Şəki rayon İcra və Probasiya şöbəsi icraya yönəlmə barədə şəxslərə lazımi məlumat vermiş, icra vərəqəsini onlara da göndərmiş, o cümlədən, hərrac təşkilatı da hərracın keçirilməsi barədə bildirişləri göndərmişdir. Cavabdeh1 tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Belə ki, 2 saylı poçt filialının 106 saylı poçt şöbəsi Cavabdeh1-nin sorğu məktububunun üzərinə bildirişlərin birinin çatdığını, digərinin qaytarıldığını qeyd etməklə poçta məxsus möhür vurmuş və icraçının adı, soyadı yazılmaqla imza edilmişdir. Bundan başqa xx xxxxxxx 2017-ci il tarixli hərracın yekunları barədə 52 nömrəli protokol əsasında hərracın keçirilməsinin yekunlarına görə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə xx xxxxxxx 2017-ci il tarixli müqavilə imzalanarkən və həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2018-cı il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********38-10301), RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Göründüyü kimi xx xxxxxxx 2017-ci il tarixli hərracın yekunları barədə 52 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə görə hərrac təşkilatı və alıcı arasında imzalanmış xx xxxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi üçün əsaslar mövcud deyildir və bununla bağlı iddianın əsaslı olmasını sübut edəcək hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən görünür ki, Cavabdeh1 tərəfindən hərrac xx xxxxxxx 2017-ci il tarixində keçirilmişdir. İddiaçılar tərəfindən isə Şəki Rayon Məhkəməsinə hazırkı iddia ərizəsi xx xxxx 2019-cu il ildə- hərrac protokolunun və həmin protokol əsasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin bağlanmasından 1 il 9 aydan verilmişdir. Bununla da, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürülmüşdür. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddətdir. Yəni, həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Mülki Məcəllənin 381.1-ci maddəsində göstərilmişdir ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayətiləritəmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1525/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1525/2019 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 Məjlun qızının və İddiaçı10 cavabdehlər Cavabdeh1-yə, Cavabdeh2-yə, Cavabdeh3nə, DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar