Məhkəmə qərarları › İş №2(107)-727/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-727/2022

07.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-727/2022 07.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Erentürk Cumhura qarşı “pul” tələbinə dair (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh Erentürk Cumhur və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Erentürk Cumhura qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(051)- 125/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları: 1.İddiaçı cavabdeh Erentürk Cumhurun ona 28435.5 manat borcunun olduğunu bildirir.

2. Birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, iddiaçının oğludur, eyni zamanda onun mühasibi və anbardarı kimi işləmişdir. O, cavabdeh və iddiaçı arasında olan alqı-satqılar barədə hesabatı onların yazışmaları əsasında qeydə almışdır. O, cavabdehlə müntəzəm olaraq votsap sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. O, 2019-cu ilin oktyabr ayında iddiaçıya 30.507 manat borcu qalması barədə cavabdehə votsab vasitəsilə yazmış, lakin cavabdeh ona heç bir bildirməmişdir. İddiaçı işi təhvil verdikdən sonra o, Hacı Talehlə işləmişlər.

3. Birinci instansiya məhkəməsinin iclası zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, cavabdehlə şərikli işləmişdir. İddiaçını da tanımışdır. 2014-2018-ci illərdə iddiaçı da onlarla əlaqə saxlamışdır. Sonradan eşitdi ki, iddiaçı oradan uzaqlaşmışdır. Ondan sonra onunla yalnız Hacı Taleh əlaqə saxlamışdır. O, malların Hacı Talehə məxsus olduğunu bilmişdir. Pandemiya dövründə alver getmədiyinə görə ödəniş edə bilməmişlər. Ondan sonra, yəni 2021-ci ilin yanvar ayında Hacı taleh gəlib malları yığıb aparanda, o, etiraz etmişdir. Ondan sonra da cavabdehlə aralarında narazılıq yaranmışdır. Ona baxmayaraq, X6 markalı avtomaşınla mağazadan 2021-ci yanvar ayında 12.633 manat dəyərində, 2021-ci ilin aprel ayında 8.000 manat dəyərində mal götürmüşdür. Ondan başqa, 3000 manat da nağd pul istəmiş, lakin mağazada pul az olduğuna görə o, dostundan 1000 manat borc almış və Hacı talehə 2800 manat nağd pul vermişdir. Ondan sonra onun və iddiaçının borcu bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Erentürk Cumhura qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən öhdəliyin icra edilməməsinə görə 28345,5 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı olan və Azərbaycan Respublikasında yaşayan cavabdehlə 2014-cü ildən alqı-satqı münasibətləri yaranmışdır. O, cavabdehə nisyə mal verirmiş, cavabdeh də malı satdıqdan sonra pulu ödəmişdir. Onunla cavabdeh Erentürk Cumhur arasında malın satılması haqqında razılaşmaya əsasən o, cavabdehə nəzərdə tutulmuş malları satmağı, cavabdeh isə aldığı malın müqabilində nəzərdə tutulmuş ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Satılan malın qiyməti topdan satış fakturaları ilə müəyyən olunmuşdur. Cavabdehlə aralarında olan razılaşmaya əsasən 2019-2020-ci illərin müxtəlif tarixlərində yorğan, yastıq və s. kimi məhsullar topdan satışla cavabdehə verilmişdir. Razılaşmaya uyğun olaraq mallar satış fakturaları ilə cavabdehə təhvil verilmişdir.

6. Hazırda cavabdehin ona 28345,5 manat məbləğində borcu vardır. Lakin cavabdeh borcu könüllü şəkildə ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 24 fevral 2022-ci il tarixli, 2(051)-125/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan müxtəlif tarixli topdan satış fakturalarında (qaimələrdə) müxtəlif növdə malların qiymətləri və qalıq borc kimi 28345,5 manat məbləğ göstərilmiş, lakin fakturalarında (qaimələrdə) təhvil verən və alan şəxslərin adları və imzaları qeyd edilməmişdir.

9. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə alqı-satqı müqaviləsi ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır.

10. Beləliklə, məhkəmə tərəflərin izahatlarının, şahid ifadələrinin və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı tələbini əsaslandırdığı topdan satış fakturalarını məhkəməyə təqdim etmiş, ancaq topdan satış fakturalarında müxtəlif növdə malların qiymətləri və qalıq borc kimi 28345,5 manat məbləğ göstərilmiş, təhvil verən və alan şəxslərin adları və imzaları qeyd edilməmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamadığını, əvvəllər Azad, sonradan isə İlham, Hacı Taleh, Nurtay və Toğrul adlı şəxslərlə nisyə alqı-satqı müqavilələri bağladıqlarını bildirmişdir. İddiaçı tərəf isə Hacı Taleh adlı şəxsin onun işçisi olduğunu, lakin şəriki olmadığını bildirmişdir. Bununla bağlı isə məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Eləcə də, iddiaçı cavabdehə satılan malların topdan və yaxud pərakəndə satışı ilə məşğul olmasına, həmçinin həmin fəaliyyətini davam etdirməsinə dair sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə onunla müqavilə münasibətində olmadığını bildirməklə, iddiaçı tərəfin istinad etdiyi dəlilləri təkzib etmişdir. 11.Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması faktı öz təsdiqini tapmadığından və iddiaçı tərəf məhkəmə iclasında həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verən sübutlar təqdim edə bilmədiyinə, cavabdeh tərəf isə iddianı etiraf etmədiyinə görə tərəflər arasında mülki hüquq və vəzifələrin yaranmasına əsas olan alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamış, yəni iddiaçı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmamışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 12.Məhkəmə öz mövqeyini Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 406.1, 567, 600.1, 601.1 və 600.4-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı vəkili Vəkil1 аpellyаsiyа şikаyəti vermişdir.

14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki hallarını düzgün araşdırmamışdır.

15. Məhkəmə işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə onun Konstitusiyanın 13, 29 və 60-cı maddələrində, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlarını pozmuşdur.

16. Aydın şəkildə görünür ki, məhkəmə tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmiş və bu azmış kimi Mülki Məcəllənin göstərişlərini də pozmuşdur. Halbuki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

17. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(051)-125/2022 saylı qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Erentürk Cumhur apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onun iddiaçı ilə heç bir ticarət əlaqəsi olmamışdır. Onun münasibətləri yalnız adlarını bildiyi Azad, İlham, Hacı Taleh, Nurtay adlı şəxslərlə olmuşdur. O bu barədə birinci instansiya məhkləməsində də demişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır. Ona görə də təmin olunmamasını xahiş edir.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, lakin vəkili məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq işə baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(051)-125/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(051)- 125/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat:

a) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir.

28. Belə ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətindən belə görünür ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi əsasında satılmış malın dəyərini tələb edir.

29. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, alverə Azad adlı şəxslə başlamış, topdan satış mərkəzinin də sahibi İlham adlı şəxs olmuşdur. Daha sonra onun İlham, Hacı Taleh, Nurtay və Toğrul adlə şəxslərlə alqı-satqı münasibəti olmuş, iddiaçı ilə heç bir alqı-satqı münasibəti olmamışdır.

30. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

31. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

32. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmalı və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmalıdır.

33. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdırmaqla iddiaçı ilə cavabdeh arasında öhdəlik münasibətinin yaranmasına, iddiaçının cavabdehə nisyə qaydada mal verməsinə, cavabdehin iddiaçıya borcunun qalmamasını və qaytarılmasının sübut edilməsi vəzifəsini iddiaçının üzərinə qoyulmalıdır. İddiaçı isə bu hallarla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmiş, kollegiya tərəfindən məhkəməyə dəvət olunmasına, iddia tələbini dəstəkləyən əlavə sübutların məhkəməyə təqdim edilməsi təklif olunmasına baxmayaraq, məhkəmə iclaslarına iştirak etməmiş, əvvəlki sübutlar, o cümlədən təqdim olunmuş “WhatsApp” yazışması ilə dəlillərini əsaslandırmağa çalışmışdır.

34. “WhatsApp” səs yazışmasına gəldikdə kollegiya bildirir ki, həmin yazışmada iddiaçı ilə cavabdeh arasında hər hansı nisyə müqavilənin, razılşamanın olmasını, cavabdehin iddiaçıya borclu qalmasını müəyyən etmək olmur.

35. Zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.

36. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

37. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

38. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (mülki Məcəllənin 600-cü maddəsi). 39.Məhkəmə kollügiyası belə nəticəyə gəlir ki, iddiaçı mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərinə dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, apellyasiya şikayətini formal dəlillərlə əsaslandırılmağa çalışmışdır. 40.Odur ki, iddiaçının dəlilləri özünün subyektiv mülahizələrindən başqa hal hesab edilə və birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(051)- 125/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar