Məhkəmə qərarları › İş №2(107)-734/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-734/2022

09.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-734/2022 09.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(014)-572/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 15 dekabr 2019-cu il tarixdə Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından 24 mart 2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri bir müddət bundan əvvəl pisləşdiyinə görə faktiki olaraq ayrılmışlar və bütün ər-arvad münasibətləri kəsilmişdir. Cavabdehlə ayrıldıqları vaxtdan uşaq onun yanında qalmışdır və cavabdeh uşağın saxlanılması üçün könüllü olaraq maddi yardım göstərməmişdir. Uşaq azyaşlı olduğundan saxlanılması, mütəmadi olaraq müayinə və müalicəsi üçün maddi yardıma ehtiyacı var. Cavabdeh aylıq gəliri yüksək olmasına baxmayaraq uşağın saxlanılmasında və sağlam böyüməsində bir valideyn kimi iştirak etmir. Bununla da o, uşağın saxlanılmasında və qeyd etdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü yardım göstərməkdən yayınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna əsasən cavabdehlə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisəyə dair, yəni aliment tələbinə dair mübahisənin həlli ilə bağlı mediatora müraciət etmişdir. Lakin cavabdehlə qarşılıqlı razılaşma olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Cavabdehlə aralarında yaranmış mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmadığına görə alimentin tutulması ilə bağlı aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. Cavabdehdən alimentin tutulması müddəti Mediasiya prosessinin başlandığı gündən, yəni 26 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Odur ki, Cavabdeh mediasiya işinə başlandığı gündən, yəni 26 avqust 2021-ci il tarixdən başlayaraq onunla rəsmi nikahlarından anadan olmuş uşaqları 24 mart 2021-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin, həmçinin 24 mart 2021-ci il təvəllüdlü X3 3 yaşına çatana kimi qulluğa görə ona hər ay 210 manat alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tаrixli, 2(014)-572/2022 saylı qətnaməsi ilə (hakim F.Nəsibov) iddianın qismən təmin edilməsi, Cavabdeh 21 fevral 2022-ci il tarixdən başlayaraq 24 mart 2021-ci il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 140 manat sabit pul məbləğində aliment və 24 mart 2021-ci il təvəllüdlü X1 üçün 100 manat məbləğində əlavə xərc pulu, cəmi 240 alimentin tutulması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 48 manat 80 qəpik dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 15 dekabr 2019-cu ildə rəsmi nikaha girmişlər, 24 mart 2021-ci il təvəllüdlü X3 valideynləri İddiaçı və Cavabdehdur. 04 fevral 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mediasiya prosesinin başlanılması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə müvafiq olaraq iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edilənədək tədbirlər görməsi, lakin aliment ödəməli şəxsin onun verməkdən boyun qaçırması nəticəsində alimentin alınmaması kimi qiymətləndirilə bilməz, bu aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün mübahisənin məhkəməyədək həlli qaydasına əməl edilməsidir, buna görə də iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşağın mənafeyi və iddiaçının tələbi nəzərə alınaraq məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 21 fevral 2022ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə 24 mart 2021-ci il təvəllüdlü X3 18 yaşına çatana qədər uşağın saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatana kimi əlavə xərc pulu 100 manat tutulmalı, iddia qalan hissədə rədd edilməli, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir il ərzində ödənilməli alimentin məcmusuna, yəni 2.880 manata uyğun olaraq 48.80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 84.1, 84.2, 84.2.2, 100.2, 103.3-cü maddələri, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi, Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsi, 07 fevral 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 30 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 234.2.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdehlə ayrıldıqları vaxtdan o, uşaqla maraqlanmamış, onun saxlanılması üçün heç bir yardım göstərmədiyinə, uşaq azyaşlı olduğuna görə daim qulluğa, müayinə və müalicəyə ehtiyacı olduğuna görə heç bir yerdə işləyə bilmədiyinə görə cavabdehlə ayrıldıqları vaxtdan uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasında çox çətinliklərlə üzləşmiş, valideynlərinin cüzi maddi dəstəyi kifayət etmədiyinə görə başqa şəxslərdən borc almağa məcbur olmuşdur. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə cavabdehin ayrıldığı vaxtdan uşağın saxlanılmasında iştirak etməsinin onun valideyn borcunun olmasını, keçən dövrdə onun uşağın saxlanılmasını təkbaşına həyata keçirməklə ağır vəziyyətə düşməyini nəzərə almamışdır. İşə baxan Ağdaş Rayon Məhkəməsi cavabdehlə ailə kimi bir yerdə yaşadıqları dövrdə cavabdehin işləməsini, onun isə evdə ev işlərini görməyini, ailənin tələbatının cavabdehin qazancı hesabına ödənilməsini, Azərbaycan Respublikasında 2022-ci il üzrə yaşayış minimumu ölkə üzrə 210 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün müəyyən edilmiş 140 manatla, uşağa qulluğa görə işləyə bilməməyini, uşağa görə ona təyin edilmiş 100 manatla yaşamağının mümkün olmamasını, cavabdehin isə gəlirinin kifayət qədər olmasını nəzərə almamışdır. İşə baxan məhkəmə iddia tələbinin alimentin hansı tarixdən tutulması hissəsini araşdıran zaman alimentlə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin məhkəməyədək cavabdehdən aliment almağa cəhd etməyini, bununla əlaqədar mübahisəni mediasiya prosesində həll etmək məqsədi ilə 26 avqust 2021-ci il tarixdə qarşı təkliflə müraciət etməyini, lakin onun bundan boyun qaçırmasını, bununla da onun cavabdehdən aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan cavabdehin alimenti verməkdən boyun qaçırmasını, əgər mediasiya mərhələsi olmasaydı onun həmin tarixdən məhkəməyə müraciət etmək hüququnun olmasını və alimentin tutulmasının məhz həmin tarixdən hesablanmalı olacağını nəzərə almamışdır. İşə baxan məhkəmə iddiaçı tərəfin uşağının azyaşlı olmasına, uşağa 3 yaşına qədər qulluğa görə işləyə bilməməsinə, uşağın normal qidalanmasına, mütəmadi olaraq müayinə və müalicə olunmasına ehtiyacının olmasına, məhkəməyədək cavabdehdən aliment almaq üçün tədbirlər gördüyünə, lakin cavabdehin bundan boyun qaçırmasına dair məhkəməyə yetərincə sübutlar təqdim olunmasına baxmayaraq həmin sübutları tam və hərtərəfli araşdırmamışdır. İşə baxan məhkəmə qətnaməsində iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlara obyektiv baxmamış, tədqiq etməmiş, onlara qiymət verməmişdir. İşə baxan məhkəmə tərəfindən həmin sübutlara tam, qərəzsiz və obyektiv baxılaraq qiymət verilsəydi və həmin sübutlar digər sübutlarla əlaqəli şəkildə araşdırsaydı, həmin sübutlara yuxarıda göstərdiyi hüquq normalarını tətbiq etməklə qiymət verərdi. Ağdaş Rayon Məhkəməsi qətnaməsində iddiaçı ilə cavabdeh tərəfin qarşılıqlı münasibətlərini, yəni ər-arvad kimi bir yerdə olduqları dövrdə ailənin tələbatının ödənilməsi yalnız cavabdehin gəlirləri hesabına təmin edildiyini, uşaq üç yaşına çatmadığına görə iddiaçı işləyə bilmədiyinə görə cavabdeh tərəfindən onların saxlanılmasının təmin edilməli olduğunu, cavabdehin bütün bunlardan boyun qaçırdığını, onn görə də iddiaçının 26 avqust 2021-ci il tarixdə mediasiya prosesi ilə bağlı cavabdehə alimentlə bağlı təklif göndərməsini nəzərə almamış, ona görə də iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmağının işin faktiki halları olduğuna görə qətnaməsini həmin hallara uyğun əsaslandırmalı olduğu halda, bunu etməmiş, iddia tələbini qismən təmin etməklə nəticədə düzgün olmayan qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd etdiyi həmin dəlilləri tam və hərtərəfli araşdırmamış, iddiaçının haqlı olaraq uşağı saxlanılması və uşağa görə özünün saxlanılması üçün vəsaitin yaşayış minimumu haqqında qanunun tələblərinə uyğun və alimentin məhz mediasiya prosesi ilə bağlı qarşı tərəfə müraciət etdiyi 26 avqust 2021-ci il tarixdən hesablanmasını tələb etməsinə düzgün hüquqi qiymət verməmiş, iddianın hansı səbəblərdən qismən təmin edilməsini dəqiq müəyyən etməmişdir. İşə baxan məhkəmə qətnaməsində iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qət edilmiş məbləğdə uşağın normal saxlanılmasına, sağlam böyüməsinə, müayinə və müalicəsinə kifayət edəcəyini, uşaq azyaşlı olduğuna görə iddiaçı tərəfin işləyə bilmədi halda 100 manata necə yaşayacağını, alimentin tutulmağa başlamasının mediasiyaya müraciət edən vaxtdan yox, məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmasını ətraflı əsaslandırmamış, nəticədə qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz hesab etdiyimiz qətnaməsini qəbul etmişdir. Ağdaş Rayon Məhkəməsi tərəflərin qarşılıqlı münasibətlərinə toxunsa da, işin yuxarıda qeyd edilən həqiqi hallarını nəzərəalmamış,alimentin tutulmağa başlanması tarixinin alimentlə bağlı iddia tələbi məhkəməyə daxil olduğu gündən hesablanmalı olduğu kimi qiymətləndirmişdir. Ağdaş Rayon Məhkəməsi alimentin 24 mart 2021-ci il təvəllüdlü X1 üçün hər ay 140 manat, uşağa qulluğa görə iddiaçıya 100 manat müəyyən edilməsi, alimentin tutulmasının iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən, yəni 21 fevral 2022-ci il tarixdən hesablanması qənaətinə gəlməsi, alimentin qətedilmiş məbləğdə uşağın normal saxlanılması, sağlam böyüməsi, müayinə və müalicəsinə kifayət edəcəyi, uşaq azyaşlı olduğuna görə iddiaçı tərəfin işləyə bilmədi halda 100 manata necə yaşayacağı, alimentin tutulmağa başlamasının mediasiyaya müraciət edən vaxtdan hesablanmalı olduğu kimi işin hallarına uyğun gəlmir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair 2(014)-572/2022 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-572/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə bir uşaq üçün 140 manat və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün 100 manat məbləğində əlavə xərc pulu, cəmi 240 manat alimentin alınması qət edilərkən məhkəmə tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə almamış və bununla da plenumun göstərişlərinə əməl etməmişdir. Bu isə qanunsuz və ədalətsiz qərarın qəbul edilməsinə əsas yaratmışdır. Nəzərə alınsa ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən ƏƏSMnin mərkəzləşdirilmiş elektron informasiya sistemində işi və qazancı olmayan şəxs statusunda qeydə alınmışdır, ondan sabit pul məbləğində 140 manat məbləğində alimentin alınması da ailə qanunvericiliyin bərabərlik prinsipinə ziddir. 2022-ci ilin yanvar ayından uşaqlar üçün yaşayış minimumu 193 manat miqdarında olmasını, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları diqqətə alınsa hər bir valideyn üçün uşağın saxlanması üçün alimentin miqdarı 100-120 manat civarında müəyyən edilməsi məqsədəmüvafiq olduğu qənaətinə gəlmək olar. Beləliklə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-572/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, xx.xx.2021-ci il təvəllüdlü X2 üçün 120 manat məbləğində alimentin müəyyən edilməsi haqqında qətnamə qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alaraq o, Ağdaş Rayon Məhkəməsinin 2(014)-572/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə baxılaraq xx.xx.2021-ci il təvəllüdlü X2 üçün 120 manat məbləğində alimentin müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 572/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə baxılaraq xx.xx.2021-ci il təvəllüdlü X2 üçün 120 manat məbləğində alimentin müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini, iddiaçının apellyasiya şikayətini etiraz edərək, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 84.2-ci və 84.2.2-ci maddələrinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə isə, ər-arvad arasında saziş olmadıqda, ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri İddiaçının apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tаrixli, 2(014)-572/2022 saylı qətnaməsini iddiaçıya münasibətdə iddianın təmin edilməyən hissəsində apellyasiya şikayətinin həcmində yoxlayır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, Ağdaş Rayon Məhkəməsinin 2(014)-572/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə baxılaraq xx.xx.2021-ci il təvəllüdlü X2 üçün 120 manat məbləğində alimentin müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda cavabdehin apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın qismən təmin edilərək tutulmuş 140 manat sabit pul məbləğində alimentin 20 manat hissəsi və əlavə xərc kimi tutulmuş 100 manat hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əlavə xərc kimi tutulmuş 100 manat hissəsi üzrə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq həmin hissədə təmin etmişdir. Ona görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(014)- 572/2022 saylı qətnaməsi qismən, əlavə xərc kimi tutulmuş 100 manat hissəsi üzrə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməməlidir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 24 mart 2021-ci il tarixində X4 adlı uşaqları olmuşdur, onlar arasında münasibətlər pisləşmiş və onlar faktiki olaraq ayrılmışlar. Uşaq anasının yanında qalır. İddiaçının apellyasiya şikayətinin əsasının cavabdehlə ailə kimi bir yerdə yaşadıqları dövrdə cavabdehin işləməsini, onun isə evdə ev işlərini görməyini, ailənin tələbatının cavabdehin qazancı hesabına ödənilməsini, Azərbaycan Respublikasında 2022-ci il üzrə yaşayış minimumu ölkə üzrə 210 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün müəyyən edilmiş 140 manatla, uşağa qulluğa görə işləyə bilməməyini, uşağa görə ona təyin edilmiş 100 manatla yaşamağının mümkün olmamasını, cavabdehin isə gəlirinin kifayət qədər olması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələr əsaslanır. Buna görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin 193 manat aliment və əlavə xərc olaraq 210 manat məbləğində alimenti ödəməyə cavabdehin maddi imkanın olmasını qeyd etsə də o, buna dair məhkəmə kollegiyasına heç bir sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın iddiaçı tərəfindən mübahisələndirilən hissəsinə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsasını onun xx.xx.2022-ci il tarixdən ƏƏSM-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində işi və qazancı olmayan şəxs statusunda qeydə alınması, ondan sabit pul məbləğində 140 manat məbləğində alimentin alınmasının da ailə qanunvericiliyin bərabərlik prinsipinə zidd olması təşkil edir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçının, 24 mart 2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək özünün saxlanılması üçün hər ay 100 manatın cavabdehdən xeyrinə tutulması” tələbi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ailə Məcəlləsinin 84.2-ci və 84.2.2-ci maddələrinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə isə, ər-arvad arasında saziş olmadıqda, ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, arvadın ərdən aliment tələb etməsi birneçə şərtin – ərin zəruri vəsaitə malik, eləcə də arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda (keçmiş) arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırki iş üzrə isə cavabdehin belə vəsaitə malik olduğu iş materialları ilə sübuta yetirilmir. Məhkəmə kollegiyası cavabdehin işləməməsini və uşağın saxlanılması üçün 140 manat aliment ödəməli olduğu nəzərə aldığından ondan keçmiş arvadının saxlanılması üçün əlavə 100 manat pulun da tutulması ədalətli deyildir. Ona görə də kollegiya hesab edir ki, cavabdehin şikayəti qismən, yəni ondan uşağın saxlanması üçün əlavə xərc kimi 100 manat alimentin tutulması hissəsində əsaslı olduğundan qətnamə həmin hissədə ləğv edilməlidir. Lakin cavabdehin apellyasiya şikayətinin diigər dəlilləri əsaslı deyildir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən uşağın saxlanılması üçün ondan hər ay 140 manat alimentin tutulması qət edilmişdir. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, kollegiya qeyd edir ki, cavabdehin daimi iş yerinin olmaması onu övladını saxlamaq öhdəliyindən azad etmir. 2022-ci il üçün alimentin minimum məbləğinin 193 manat olduğunu nəzərə alsaq, kollegiya hesab edir ki, cavabdehdən tutulmuş aliment məbləği cavabdehə münasibətdə kifayət qədər ədalətlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(014)-572/2022 saylı qətnaməsi qismən, yəni hər ay cavabdehdən 100 manat məbləğində əlavə xərcin tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tаrixli, 2(014)-572/2022 saylı qətnaməsi qismən, yəni hər ay cavabdehdən 100 manat məbləğində əlavə xərcin tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar