Məhkəmə qərarları › İş №2(107)-746/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-746/2023

22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-746/2023 22.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İsmayılova (Əliyeva) Gövhər İlqar qızına qarşı “qızıl” tələbinə dair (Açar sözlər: qızıl, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh İsmayılova (Əliyeva) Gövhər İlqar qızına qarşı “qızıl” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-364/2023 saylı qətnaməsindən cavabdeh İsmayılova (Əliyeva) Gövhər İlqar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Gövhər Əliyevaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 960 manat dəyərində olan 583 əyyarlı, Rusiya istehsallı, 4 ədəd brilyant qaşlarla bəzədilmiş, 12 qram qızıl çəkisi olan, 1 ədəd dörd künc formalı kişi üzüyünün və yaxud onun dəyərinin, o cümlədən 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamənin çıxarlmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2021-cı il tarixində nikaha daxil olmuş, bu nikahdan uşaqları olmamışdır. Bir ailə olaraq bir yerdə mehriban olaraq yaşamışlar. Cavabdehin atası İlqar adlı şəxs tərəfindən ailəsinə müdaxilə edilmişdir. Sonra isə nikahda olduğu ərəfədə qayınatası həyat yoldaşını aparmış, bu günə kimi də həyat yoldaşı qaytarılmamış, əksinə nikahın pozulması istiqamətində hərəkətlər edilmiş, 2022-ci il tarixində nikah qeydi pozulmuşdur. Buna rəğmən, boşanmamağı ortaya qoyaraq bu günə kimi mücadilə etmişdir. Hazırkı iddianın əsası o olmuşdur ki, aralarında olan ailə münasibətləri hazırda cavabdehin atası tərəfindən pozulmuşdur. Hazırda bu iddia ərizəsi ilə müraciət edərək cavabdehdən onda olan atası tərəfindən şəxsi məsrəflərinə satıb sərf olunan zinət əşyasının ondan alınmasını istəmişdir. Çünki həmin zinət əşyasını cavabdeh özü ilə aparmışdır. İddia olunan zinət əşyası kişi qızıl üzüyüdür. Kvadrat formasında olmaqla 4 ədəd böyük brilyant qaşlarla bəzədilmişdir. Rusiya istehsallı olmaqla 583 əyyarlıdır. Qızıl çəkisi 12 qramdır. Real bazar dəyəri xx.xx.2022-ci il tarixində 960 manat dəyərləndirilən qızıl üzüyü özü ilə aparmışdır. Birlikdə evdən çıxmışlar. Sürücü ilə cavabdehi evlərinə aparmış. Evdən çıxan zaman qiymətli əşyalar cavabdehdə olmuşdur. Hətta avtomobildə gedən zaman tərəfindən zinət əşyasını özü ilə götürüb-götürməməsini maşında soruşan zaman, cavabdeh çantada götürdüyünü qızıl əşyasını rahat olun deyə götürmüşdür. Cavabdeh evlərinə gedəndən sonra atası tərəfindən təsir edilərək evə qayıtmamış, zinət əşyası isə onun atası İlqar tərəfindən satılaraq şəxsi məsrəflərinə xərclənmişdir. O, qayınatası İlqardan ona məxsus qızılı qaytarmağını istəsə də, İlqar boşanma bitən zaman bu qızılı qaytaracağını bildirmişdir. Ancaq şəxs nə qızılı qaytarmışdır, nə də ki, onun dəyərini ödəmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-364/2023 saylı qətnaməsi (hakim T.Əliyev) ilə iddianın təmin edilməsi, Cavabdeh 583 əyyarlı, Rusiya istehsallı, 4 ədəd brilyant qaşlarla bəzədilmiş, 12 qram qızıl çəkisi olan, 1 ədəd dördkünc formalı kişi üzüyü, olmadığı təqdirdə onun dəyəri olan 960 (doqquz yüz altmış) manatın, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş üzrə İddiaçı məxsus kişi üzüyü mövcud olmuşdur. İddiaçıla Cavabdeh arasında olan münasibətlər pozulduğundan iş üzrə tərəflər faktiki olaraq ayrılmışlar. Bu zaman cavabdeh iddiaçıya məxsus üzüyü də özü ilə aparmışdır. İddiaçı həmin üzüyün qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İş üzrə İddiaçı məxsus kişi üzüyü mövcud olmuşdur. İddiaçıla Cavabdeh arasında olan münasibətlər pozulduğundan iş üzrə tərəflər faktiki olaraq ayrılmışlar. Bu zaman cavabdeh iddiaçıya məxsus üzüyü də özü ilə aparmışdır. İddiaçı həmin üzüyün qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Bu hallar iş üzrə şahidlərin ifadələri ilə təsdiqini tapmışdır. Belə ki, Cavabdeh atası İlqar Əliyev şahid Xəyyam Daşdəmirovla telefon danışığı zamanı sonuncuya qızılı qaytaracağına dair vəd verdiyini təsdiq etmişdir. X1 evə qayıdarkən barmağında üzük gördüyünü, buna görə də qızına məxsus qızılı qaytaracağını nəzərdə tutduğunu bildirsə də, cavabdehin izahatı ilə təsdiq olunmuşdur ki, evə qayıtdıqda atası onu görməmişdir. Bundan başqa Gövhər Əliyevaya məxsus qızılın hansı əsasla İddiaçı qaytarılmalı olması da onun tərəfindən izah edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyator apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən üzərinə qoyulan qızıl tələbini tam mənada qəbul etməmişdir. Belə ki, o, iddiaçıya aid olan zinət əşyasını nə götürmüş, nə də qəbul etmişdir. Bu səbəbdən də iddiaçı yalan şahidlər əldə etmişdir. Onun zinət əşyasını ondan götürdüyünü bildirmişdir. Həqiqətən də şəxsə qızıl üzük alınmışdır, amma həmin üzük onda deyildir. O, iddiaçının nə qızıl əşyasını görmüş, nə də istifadə etmişdir. Hesab etmişdir ki, məhkəmə onun mövqeyinə əsaslanmamış, iddiaçının fikirlərinə uyğun olaraq qətnamə çıxararaq üzərinə 960 manat məbləğində zinət əşyası yazmışdır. Bildirmişdir ki, o, İddiaçıla xx.xx.2021-ci il tarixdə nigaha daxil olmuşdur. Məhkəmə qeyd olunan qərarı qəbul edərkən tam əsassız olmuş, bununla da maddi hüquq normalarını pozmuşdur. Onun mövqeyinə qiymət verməmişdir. Heç bir sübut olmadan tələbi təmin etmişdir. Ona görə də məhkəmə baxışı zamanı qeyd etdiyi normalar ona münasibətdə pozulmuşdur. Əslində burada məhkəmə prosessual qanunvericiliyi pozmuş, əsaslanmadan əleyhinə bu həddə zinət əşyasını yazmışdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-364/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-364/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)- 364/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən, müvafiq olaraq mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin 28 mart 2023cü il tarixli, 2(039)-364/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-364/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin apellyatora münasibətdə təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-364/2023 saylı qətnaməsi cavabdeh İsmayılova (Əliyeva) Gövhər İlqar qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakın özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə Əliyeva (İsmayılova) Gövhər İlqar qızı ilə İddiaçı arasında 8 fevral 2021-ci il tarixdə qeydə alınmış rəsmi nikah 2022-ci ildə pozulmuşdur. İddiaçı məxsus kişi üzüyü mövcud olmuşdur. Bu zaman cavabdeh iddiaçıya məxsus üzüyü də özü ilə aparmışdır. İddiaçı həmin üzüyün qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir; Cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, iddiaçıya aid olan zinət əşyasını nə götürmüş, nə də qəbul etmişdir. Bu səbəbdən də iddiaçı yalan şahidlər əldə etmişdir. Onun zinət əşyasını ondan götürdüyünü bildirmişdir. Həqiqətən də şəxsə qızıl üzük alınmışdır, amma həmin üzük onda deyildir. O, iddiaçının nə qızıl əşyasını görmüş, nə də istifadə etmişdir. Hesab etmişdir ki, məhkəmə onun mövqeyinə əsaslanmamış, iddiaçının fikirlərinə uyğun olaraq qətnamə çıxararaq üzərinə 960 manat məbləğində zinət əşyası yazmışdır. Bildirmişdir ki, o, İddiaçıla xx.xx.2021-ci il tarixdə nigaha daxil olmuşdur. Məhkəmə qeyd olunan qərarı qəbul edərkən tam əsassız olmuş, bununla da maddi hüquq normalarını pozmuşdur. Onun mövqeyinə qiymət verməmişdir. Heç bir sübut olmadan tələbi təmin etmişdir. Ona görə də məhkəmə baxışı zamanı qeyd etdiyi normalar ona münasibətdə pozulmuşdur. Əslində burada məhkəmə prosessual qanunvericiliyi pozmuş, əsaslanmadan əleyhinə bu həddə zinət əşyasını yazmışdır. Kollegiya apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlili ilə razılaşmır. Beləli ki, iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etmişdir, cavabdeh tərəf də bunu etiraf etmişdir. İddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etmişdir. Cavabdeh atası İlqar Əliyev şahid Xəyyam Daşdəmirovla telefon danışığı zamanı sonuncuya qızılı qaytaracağına dair vəd verdiyini təsdiq etmişdir. X1 evə qayıdarkən barmağında üzük gördüyünü, buna görə də qızına məxsus qızılı qaytaracağını nəzərdə tutduğunu bildirsə də, cavabdehin izahatı ilə təsdiq olunmuşdur ki, evə qayıtdıqda atası onu görməmişdir. Bundan başqa Gövhər Əliyevaya məxsus qızılın hansı əsasla İddiaçı qaytarılmalı olması da onun tərəfindən izah edilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyatora münasibətdə mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatora münasibətdə birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh İsmayılova (Əliyeva) Gövhər İlqar qızının apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-364/2023 saylı qətnaməsi cavabdeh İsmayılova (Əliyeva) Gövhər İlqar qızına münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 960 manat olduğundan tərəflərin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh İsmayılova (Əliyeva) Gövhər İlqar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-364/2023 saylı qətnaməsi cavabdeh İsmayılova (Əliyeva) Gövhər İlqar qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar