Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-759/2025 04.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması, ləğv) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2(033)-607/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları 1 İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək onun qazancın və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi və ödəniləcək aliment miqdarının 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və cavabdehin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Uşaq hal-hazırda anasının himayəsində yaşayır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 2(005)- 4737/2019 saylı qətnaməsi ilə uşağın saxlanması üçün ondan qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmuşdur. Onunla cavabdehin arasındakı nikah pozulduqdan bir müddət sonra o nikaha daxil olmuş və bu nikahdan xx.xx.2023-cü il təvəllüdlü X15 dünyaya gəlmişdir. Hal-hazırda onun qazancının müəyyən hissəsi də X1 xərclənir. Mövcud vəziyyətdə övladların arasında hüquq bərabərliyi prinsipini əsas götürərək onun əvvəlki nikahdan doğulan övladına ödənilən aliment məbləğinin azaldılmasının məqsədəuyğun olmasını hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. İşin hallarından görünür ki, onun hal-hazırda 2 övladı var, deməli, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı 1 uşağın saxlanması üçün nəzərdə tutulduğundan həmin qətnamə ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi mütəqdir.
3. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-607/2025 saylı, 24 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması və digər” tələbi barədə “ödəniləcək aliment miqdarının 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsinə” dair hissədə xitam verilmişdir.
4. Cavabdeh xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında bildirmişdir ki, iddia əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. 1. İddiaçının maddi vəziyyəti sabitdir və əslində daha yaxşıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin miqdarının dəyişdirilməsi üçün iddiaçının ailə və ya maddi vəziyyətində əsaslı dəyişiklik olmalıdır. Halbuki, İddiaçı əmək haqqısı sabit və yüksəkdir və maddi vəziyyətində heç bir mənfi dəyişiklik olmamış, əksinə maddi gəlirləri artmışdır. İddiaçı ADA Universitetində professor və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində Statistika şöbəsinin müdiri kimi iki yüksək maaşlı vəzifə daşıyır. Onun aylıq rəsmi gəliri 10000 AZN civarındadır. Əlavə gəlirlərini isə bəyan etmir. Bundan əlavə, o həm də Fransanın “TotalEnergies” şirkətindən aylıq 2000 avro (≈ 3600 AZN) məbləğində təqaüd alır, kriptovalyuta ticarətindən gəlir əldə edir, xaricdə təhsil alan tələbələrə fərdi qaydada repetitorluq və konsultasiya xidmətləri göstərir (vergi öhdəliyi yaratmadan), Çexiya və Fransadakı daşınmaz əmlaklarından əldə etdiyi kirayə gəlirlərini xarici bank hesablarına qəbul edir. Bu qədər gəliri olan şəxsin alimentin azaldılmasını istəməsi yalnız maliyyə məsuliyyətindən yayınmaq cəhdidir. Bütün bunlar iddiaçının maddi vəziyyətinin ağırlaşmadığını, əksinə daha da yaxşılaşdığını və mövcud aliment məbləğinin dəyişdirilməsi üçün heç bir obyektiv əsas olmadığını sübut edir. 2. Uşağın dolanışıq səviyyəsinin azaldılması yolverilməzdir. Birgə nikahdan dünyaya gələn övladları Orucova Fərəh halhazırda Çexiya Respublikasında yaşayır və təhsil alır. Çexiyada uşağın dolanışıq və təhsil xərcləri Azərbaycana nisbətən qat-qat yüksəkdir. Onun böyüməsi, inkişafı və gələcəkdə sağlam, savadlı və cəmiyyətə faydalı bir fərd kimi yetişməsi üçün ildə təxminən 45000 AZN vəsait tələb olunur. Bu məbləğ hər biri konkret xidmətlərə və fəaliyyətlərə əsaslanan rəsmi xərclərdir. Aşağıda aylıq və ya qeyd edilən müddət üzrə əsas xərclər göstərilmişdir (orta kurs valyutasına əsasən 1 CZK ≈ 0.085 AZN), Sağlamlıq sığortası (mütləq və qanuni tələbdir): 2500 CZK (≈ 213 AZN), Sağlam və balanslaşdırılmış qidalanmа: 8000 CZK (≈ 680 AZN); Uşağın dərisinin həssaslığı və sağlamlıq xüsusiyyətləri nəzərə alınaraq seçilən hipoalergik dermatoloji və tibbi təyinatlı şəxsi istifadə vasitələri: 600 CZK (≈ 51 AZN), Geyim və məktəb ləvazimatları: 2500 CZK (≈213 AZN), dərs sonrası məktəb proqramı: 750 CZK (≈ 64 AZN), məktəb yeməkxanasında qəlyanaltı: 700 CZK (≈ 60 AZN), sinif fondu: 550 CZK (≈ 47 AZN), təbiət məktəbləri (ildə 4 dəfə): hər biri 7000 CZK (≈ 595 AZN), qış düşərgəsi (ildə 1 dəfə): 10000-12000 CZK (≈ ***-**** AZN), yay düşərgəsi (ildə 1 dəfə): 8000-9000 CZK (≈ 680-765 AZN), yay məktəbi (8 həftə): həftəlik qiyməti 6000–8000 CZK arası dəyişir (≈ 510- 680 AZN), məktəbin sosial tədbirləri (kino, teatr və s.): təxminən 600 CZK (≈ 51 AZN), fərdi Çex dili qrammatikası üzrə repetitor: hər saat üçün 800 CZK (≈ 68 AZN), dərnəklər və kurslar: rəsm: 1200 CZK (≈ 102 AZN), gimnastika: 3100 CZK (≈ 264 AZN), şahmat: 3900 CZK (≈ 332 AZN), karate: 1000 CZK (≈ 85 AZN), musiqi məktəbi nəzdində piano: 2400 CZK (≈ 204 AZN), üzgüçülük: 2900 CZK (≈ 247 AZN), badminton: 1000 CZK (≈ 85 AZN), keramika: 1500 CZK (≈ 128 AZN). Yuxarıda qeyd olunan gündəlik həyat və fəaliyyətlərin davam etdirilməsi üçün tələb olunan cari xərclərlə yanaşı, bir dəfəlik kapital xarakterli xərclər də mövcuddur. Bu xərclərə xüsusi idman geyimləri, idman alətləri və vasitələri (məsələn, velosiped, skuter, konki, xizək və s.), musiqi alətləri (piano, fleyta), ağıllı saat, rəsm ləvazimatları (molbert, çərçivələnmiş kətan əsaslar, boya dəstləri, fırçalar və s.) və digər zəruri vasitələr daxildir. Bundan əlavə, yaxın gələcəkdə gözlənilən aşağıdakı vacib xərclər mövcuddur: Uşağın xüsusi istedadını nəzərə alaraq musiqi məktəbinin direktorunun və piano ixtisas müəlliminin tövsiyəsinə əsasən, növbəti tədris ili başlayanadək alınmalı olan 57790 CZK (≈ 4912 AZN) dəyərində professional rəqəmsal və ya 151990 CZK (≈ 12920 AZN) dəyərində akustik piano; təxminən bir il sonrakı riyaziyyatfizika təmayüllü gimnaziyaya qəbul imtahanlarına hazırlaşmaq məqsədilə bu ilin sentyabr ayından etibarən klassik riyaziyyat, Heyne riyaziyyatı, çex dili və biologiya fənləri üzrə fərdi abituriyent hazırlığı; aylıq 4000 CZK (≈ 340 AZN); piano üzrə xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak; hər yarış üçün təxminən 10000 CZK (≈ 850 AZN) xərci tələb olunur. Fərəh 1 yaş 2 ayından etibarən onun himayəsində böyüyür və onun bütün fiziki, emosional və sosial ehtiyacları yalnız onun tərəfindən qarşılanır. Ata isə nə ünsiyyət qurur, nə zəng edir, nə də görüşmək təşəbbüsü göstərir. Bu, uşağın ata fiquruna olan mənəvi ehtiyacının qarşılanmamasına və nəticədə dərin psixoloji boşluğun formalaşmasına səbəb olur. Mövcud psixoloji vəziyyətin yaratdığı fəsadları azaltmaq və uşağın emosional sabitliyini təmin etmək məqsədilə müntəzəm uşaq psixoloqu seanslarına ehtiyac yaranmışdır. Hazırda bu seansların saatlıq dəyəri 1800 CZK (≈ 153 AZN) təşkil edir və bu əlavə daimi maliyyə yükü yaradaraq cavabdehin üzərinə düşən məsuliyyəti daha da artırır. Təhsil uşağın konstitusiya ilə təsbit olunmuş əsas hüququ olmaqla yanaşı, onun cəmiyyətə inteqrasiyası, fərdi inkişafı və gələcək uğurları üçün vacibdir. Uşaq dövlət məktəbində ödənişsiz əsaslarla təhsil alır, yuxarıda qeyd olunan xərclərin heç biri lüks deyil və bunlar valideynin övladına göstərməli olduğu ən əsas diqqət və qayğının rəsmi və zəruri formalarıdır. Uşağın sinif yoldaşları və yaşıdları ilə müqayisədə həyat tərzi bərabər, bəzən isə daha aşağı səviyyədədir. Belə ki, Fərəhdən fərqli olaraq sinifdəki əksər uşaqlar özəl hazırlıq kurslarında iştirak edir, həmçinin yay və qış tətillərində xarici ölkələrdə düşərgələrə qatılırlar. Yuxarıda təqdim edilən xərclər siyahısına tətil, əyləncə, ad günü tədbirləri, intellektual və inkişafetdirici oyuncaqlar, bədii kitablar, ensiklopediyalar və digər bu qəbildən olan zəruri sosial və psixoloji dəstək xarakterli xərclər daxil edilməmişdir. Uşağın sağlamlığı, intellektual səviyyəsi, dünyagörüşü, sinif yoldaşları və dostları arasında ayrı-seçkilik və sosial təzyiqlərə məruz qalmaması, eyni zamanda yaşadığı xarici ölkədə uğurla uyğunlaşması üçün bu xərclər zəruridir. Fərəh həm yaşıdları, həm də cəmiyyətin gözləntiləri baxımından bu imkanlardan geri qalmalı deyil. Fərəhin təhsili, sağlamlığı və psixoloji rifahı naminə bu qədər maddi yükün təkbaşına ananın üzərinə qoyulması həm qanunvericiliyə, həm də ədalət prinsipinə ziddir. Uşaq yalnız ananın deyil, həmçinin atanın da övladıdır. Bu səbəbdən alimentin azaldılması uşağın həyat keyfiyyətinə, təhsilinə, gələcək potensialına, sosial bərabərliyinə və psixoloji inkişafına birbaşa zərbə vura bilər. 3. İkinci övladla birlikdə yaşaması alimentin azaldılması üçün əsas deyil. İddiaçı iddiasında ikinci nikahdan övladının olmasını əsas gətirərək alimentin azaldılmasını tələb edir. Lakin bu, əsaslı tələb deyil, çünki iddiaçının ikinci övladı ilə birlikdə yaşadığı məlumdur və ona ayrıca aliment ödəmir. Bu isə o deməkdir ki, ikinci uşağın xərcləri ümumi büdcədən ödənilir. Belə olan halda, birinci uşağın maddi təminatına toxunmaq onun hüquqlarını pozmaqdır. Göründüyü kimi aliment məbləğinin azaldılması üçün heç bir hüquqi əsas yoxdur. İddiaçı valideynlik vəzifələrini yerinə yetirməkdən faktiki olaraq boyun qaçırmaq üçün digər nikahından dünyaya gələn övladını bəhanə gətirmişdir. Halbuki, onun maddi vəziyyəti hər iki övladını saxlamaq üçün yetir. Hazırki məhkəmə işi üzrə “aliment miqdarının azaldılması haqqında” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Cavabdeh xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında bildirmişdir ki, iddiaçı 13 mart 2025ci il tarixində ikinci nikahdan olan birgəyaşadığı övladına əmək haqqısının 1/6 hissəsi miqdarında aliment ödəməsi barədə barışıq sazişi bağlamış və bu sazişi alimentin azaldılması üçün sübut kimi məhkəməyə təqdim etmişdir. Qeyd edilən sənəd Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, birinci övladla bağlı mövcud aliment məbləğinin azaldılması üçün qanuni əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən - alimentin miqdarı aliment ödəyənin və aliment alanın ailə və maddi vəziyyətində və ya sağlamlıq vəziyyətində əsaslı dəyişiklik baş verdikdə dəyişdirilə bilər. Bu maddənin tələbinə əsasən, alimentin azaldılması yalnız iddiaçının maddi və ya ailə vəziyyətində obyektiv və əsaslı dəyişiklik baş verdikdə mümkündür. Halbuki ikinci övladla bağlı aliment öhdəliyi iddiaçının şəxsi təşəbbüsü və könüllü razılığı ilə götürülmüşdür və onun maddi vəziyyətini pisləşdirən hüquqi hal kimi qiymətləndirilə bilməz. Bundan əvvəl də iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının maddi vəziyyəti olduqca yaxşıdır, bir neçə yerdən rəsmi və qeyri-rəsmi gəlirləri var və hər iki övladına aliment verəcək gücündədir. Eyni zamanda, övladı xarici ölkədə yaşadığından və oradaki yaşayış standartları xeyli yüksək olduğundan iddiaçının ödədiyi aliment ümumiyyətlə bu xərcləri əhəmiyyətli dərəcədə qarşılamır. İddiaçı görünüş naminə hazırkı arvadı ilə barışıq sazişi bağlamış və bu sazişlə birinci övladı qarşısındakı öhdəliyini azaltmaq istəmişdir. Halbuki, həmin sazişə gələcəkdə riayət olunub-olunmayacağı belə qeyri-müəyyəndir. AR MPM-nin 80-ci maddəsinin tələbinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd edilən barışıq sazişi isə, iddiaçı tərəfin tələbini hüquqi baxımdan müəyyən edən faktlarla və hallarla əlaqədar ola bilməz. AR MPMnin 88-ci maddəsinə görə isə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə, Ailə Məcəlləsinin 76.1.1 və 76.2-ci maddələrinə və eyni zamanda ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasına əsasən valideynlərin uşaqlarını saxlamaq vəzifəsi dəyişməz və mütləq xarakter daşıyır. Valideynin digər övlada qarşı yeni könüllü öhdəlik götürməsi, birinci övladın hüquqi təminatının zəiflədilməsi üçün qanuni əsas ola bilməz. İddiaçı formal xarakter daşıyan bir sazişlə isə bu öhdəliyini yerinə yetirməkdən boyun qaçırmağa çalışır. Ümumiyyətlə, birgəyaşadığı övladı üçün hal-hazırda birgəyaşadığı və nikahda olduğu arvadı ilə bağladığı sözdə “barışıq sazişi” əsasında, onun bank hesabına pul köçürməsi heç cür anlaşılan deyildir. Bu hal əslində ailə daxilində vəsaitin “bir cibdən digər cibə” köçürülməsindən başqa bir şey deyildir və aliment öhdəliyinin real icrası kimi dəyərləndirilə bilməz. İddiaçıya birinci övladının yaşadığı ölkədəki təhsil, tibbi xidmət və ümumi yaşayış xərcləri, eləcə də övladı qarşısında daşıdığı – onun sağlamlığı, təhsili və digər sosial təminatlarını qarşılamaq üçün tələb olunan maddi vəsait tam məlum olsa da, o, görünüş naminə bağladığı formal xarakterli sazişə əsaslanaraq bu öhdəliklərdən yayınmağa və aliment məbləğinin azaldılmasına nail olmağa çalışır ki, bu da həm qanuna, həm də ədalət prinsipinə və uşağın maraqlarına ziddir. Bundan əvvəlki 1 aprel 2025-ci il tarixli etirazını da nəzərə alaraq və yuxarıda göstərilənləri rəhbər tutaraq, iddiaçının alimentin azaldılması ilə bağlı tələbinin əsassız hesab edilərək rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat
6. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının hal-hazırda 2 övladı var. Onun gəlirlərindən aliment tutulması qət edilmişdir. Lakin bu iddiaçının indiki nikahından doğulan övladının hüquqlarının pozulmasına səbəb olur. Belə ki, iş materiallarına da əlavə etdikləri əmək müqavilələrindən görünür ki, İddiaçı mediasiyaya müraciət etdiyi və iddia verildiyi vaxt gəliri bir iş yerində 4248.92 manat, indiki əmək haqqı isə 6597.12 manat olmuşdur. Qeyd etmək istəyir ki, əvvəlki maaşının dörddə biri 1062 manat, indiki məbləğinin altıda biri isə 1100 manat edir, yəni aliment məbləğinin iddiaçıdan tutulacaq hissəsi azalsa da, məbləğin miqdarı artmışdır. Həmçinin digər iş yerindən gəliri əvvəl 4340 manat olmuş, xx.xx.2023-cü il tarixdən əməkhaqqı isə 5440 manat məbləğində olmuşdur. Ali Məhkəmənin müvafiq Plenum qərarında aliment miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması əsas meyardır. Hemin meyar hazırkı aliment miqdarının azaldılması üçün əsasdır. Bütün bunlar göstərir ki, aliment miqdarının azaldılması uşağın həyat şəraitinin dəyişməsinə təsir göstərmir. Aliment miqdarının azaldılması barədə iddia qaldırılsa da, uşağın əvvəlki təminat səviyyəsi qorunaraq saxlanılır. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Qanunun 1-ci maddəsinə əsasən, 2025-ci il üçün ölkə üzrə 285 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Həmçinin İddiaçı hazırkı nikahdan olan həyat yoldaşı da narazılıq edir ki, övladlarının saxlanması üçün yetəri qədər xərc çəkilə bilmir. Əlavə etmək istər ki, İddiaçı keçmiş həyat yoldaşı hal-hazırda Praqada yaşayır və işləyir, buna uyğun olaraq da müvafiq əməkhaqqı alır. Ona övladının saxlanması üçün hər ay müəyyən məbləğdə müavinət verilir. Müvafiq qanunvericilik aktlarına və yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı alınacaq alimentin azaldılması zəruridir.
7. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasında iştirakı təmin edilmiş Cavabdeh iddia tələbini qəbul etməyərək etiraz ərizələrinin dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə yoldaşının ayrı yaşamasına dair iddia, həmçinin onların mediasiya prosesində bağladıqları barışıq sazişi formal xarakter daşıyır. İddiaya etiraz ərizələrində qeyd olunan dəlillərini nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Zaqatala Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2(033)-607/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək onun qazancın və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun özünə aid edilməsi, İddiaçı dövlət rüsumunun çatışmayan hissəsi üzrə 16,11 manat tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.
9. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının qazancının və başqa gəlirlərinin miqdarı alimentin müəyyən edildiyi vaxtda olandan keçən dövrdə azalmamış, əksinə artmış və hazırda 12037,12 manat təşkil edir. Bu isə alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində pisləşməyə doğru dəyişikliyin olmadığını təsdiq edir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Alimentin müəyyən edildiyi vaxtdan keçən vaxtdan 26 sentyabr 2015-ci il təvəllüdlü X2 xərclərinin artması işin mübahisəsiz halıdır.
11. xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişinin hazırkı mübahisəyə ilə bağlı işin həlli mərhələsində bağlanması isə, onun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu təsdiq edir.
12. Belə olan halda iddiaçının tələbinin əsası kimi istinad etdiyi həmin əqd, iddia tələbinin təmin edilməsinə əsas ola bilməz.
13. Eyni zamanda 26 sentyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması, aylıq qazancı və başqa gəlirləri artaraq 12037,12 manatadək yüksəlmiş və aylıq minimum 285 manat maddi təminat hüququ olan iddiaçının, eləcə də onun yeni nikahdan doğulmuş aylıq minimum 246 manat maddi təminat hüququ olan xx.xx.2023-cü il təvəllüdlü X9 hüquqlarını pozmur.
14. Bundan başqa, iddiaçı alimentin onun qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsinin tərəflərin birgə nikahdan doğulmuş, hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan Fərəh Orucovanın saxlanması üçün yetərli olması barədə sübut təqdim etməmişdir. İş üzrə olan sübutlarla həmin hal təsdiq edilməmişdir.
15. Məhkəmə alimentin iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsinin tərəflərin birgə nikahdan doğulmuş və hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan Fərəh Orucovanın saxlanması üçün yetərli olması halının təsdiq olunmadığını nəzərə alaraq, iddianın təmin edilməsini hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan 26 sentyabr 2015-ci il təvəllüdlü X8 üstün tutulmalı və daha yaxşı təmin edilməli olan mənafeyinə zidd hesab etmişdir.
16. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, yeni nikaha girənədək Fərəh Orucovanın saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment ödəmək öhdəliyinin olması iddiaçıya bəlli olsa da, o, yeni nikaha daxil olduğundan, həmin hal alimentin miqdarının azaldılmasına əsas ola bilməz. Belə ki, yeni nikaha daxil olma və bu nikahdan uşağın doğulması əvvəlki nikahdan olan uşağın maddi təminatının azaldalmasına əsas sayılması, əvvəlki aliment öhdəliyinin azaldılması üçün iddiaçını qeyri müəyyən sayda yeni nikah münasibətinə daxil olmağa və ya uşaq sayında artıma təşviq xarakteri daşıyır. Başqa sözlə yeni doğulan uşaqlarını saxlamaq öhdəliyini hazırda saxlmaq öhdəliyi olan uşağının maddi təminatı hesabına icra etməsi üçün iddiaçıya şərait yaradır ki, bu da qəbul edilməzdir.
17. Beləliklə, alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. Odur ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilməlidir.
18. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilməldir.
19. Məhkəmə eyni zamanda, 12037,12 manat aylıq gəliri olan iddiaçının uşaq üçün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında (3009,28 manat) tutulan alimentin, ayda 1/6 hissəsi miqdarında (2006,19 manat) miqdarında tutulmasını, bununla da ödəmənin ayda 1003,09 manat məbləğində azaldılmasını tələb etdiyini, azaldılması tələb olunan ödəmənin illik məbləği 12037,08 (12 ay X 1003,09 manat) manat təşkil etdiyi üçün isə dövlət rüsumunun 126,11 manat miqdarında ödənilməli olduğu halda, mediasiya prosesində 60 manat, dövlət rüsumu olaraq 50 manat miqdarında ödənildiyini, iddia tələbinin də rədd edildiyini nəzərə alaraq hesab etmişdir ki, dövlət rüsumunun çatışmayan 16,11 manat hissəsi iddiaçıya aid edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5, 13-cü maddələri, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.2, 217.4, 218.3 və 233.4-cü maddələri maddələrinə istinad etməklə əsaslandırmışdır.
Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
21. İş materiallarında olan Azərbaycan Respublikasının Praqa şəhərindəki səfirliyində qeydə alınmış 13 fevral 2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci ildə doğulmuş X8 atası İddiaçı, anası Cavabdehdır. 22.İş materiallarında olan Zaqatala rayonu Qeydiyyat Şöbəsində qeydə alınmış 23 may 2018-ci il tarixdə verilmiş AZ-İ 287441 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 23 may 2018-ci il tarixdə ləğv edilmişdir. 23.İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4737/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli 2(005)- 4966/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, 26 sentyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq X5 verilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması, qalan hissədə iddia təmin olunmaması qət edilmişdir. 24.İş materallarında olan Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 29 iyul 2022-ci il tarixdə verilmiş AZ-İİ 499035 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında nikah 29 iyul 2022- ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 59 saylı akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Orucov, arvada Quliyeva soyadı verilmişdir. 25.İş materiallarında olan Xaçmaz Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 22 may 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01.0.2023-cü ildə doğulmuş X9 atası İddiaçı, anası X4r. 26.İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə sərhəd portu Budapeşt olmaqla ölkə ərazisini tərk etmişdir. 27.İş materiallarında olan xx.xx.2023-cü il tarixdə bağlanmış elektron əmək müqaviləsindən görünür ki, İddiaçı “ADA” Universitetində riyaziyyat və statistika üzrə baş müəllim vəzifəsində işləməklə 6597.12 manat əmək haqqı alır. 28.İş materiallarında olan xx.xx.2024-cü il tarixdə bağlanmış elektron əmək müqaviləsindən görünür ki, İddiaçı “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” X16 şöbə müdiri vəzifəsində işləməklə 5440 manat əmək haqqı alır. 29.İş materiallarında olan Reyestr nömrəsi **********34-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 30.İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞŞ/MT018/2025-00139 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025- ci il tarixdə saat 12:00-13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir.
31. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişindən görünür ki, tərəflər X6 və İddiaçı arasında razılığa əsasən birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X15 yetkinlik yaşına çatana qədər atası İddiaçı övladının saxlanması üçün aldığı əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsini ödəməyə razılıq vermişdir. Tərəflər arasında razılığa əsasən ata İddiaçı övladı X9 yetkinlik yaşına çatana qədər 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 01-dən 10-na qədər X3 şəxsi bank hesabına aliment ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin birgə razılığına əsasən ata İddiaçı 2025-ci ilin yanvar, fevral və mart ayı ödənilməmiş alimentini aldığı əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsini aprel ayının 1-dən 10-na qədər ana X3 bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. X14 1-ci, 2-ci və 3-cü bəndlərində qeyd olunmuş sözləri öz imzaları ilə təsdiqləmişdirlər və barışıq sazişinin 1-ci 2-ci və 3-cü bəndələrində qeyd edilənlərin İddiaçı tərəfindən vaxtında icra edilmədiyi təqdirdə X6 məhkəməyə müraciət etmək hüququna malikdir. 32.xx.xx.2025-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri 33.Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaya münasibətdə qərarı əsassız və qanunsuz olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tam təmin edilməlidir.
35. Birinci instansiya məhkəməsi iddiaçının alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş əsasların olmadığını qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı ilə müəyyən edilmiş aliment öhdəliklərinə münasibətdə, tərəflərdən birinin ailə və (və ya) maddi vəziyyətində əhəmiyyətli dəyişiklik baş verdikdə, habelə digər diqqətəlayiq hallarda, məhkəmə həmin qərarın dəyişdirilməsi və ya aliment ödəməkdən azad edilməsi barədə qərar qəbul edə bilər. Bu norma aliment münasibətlərində dəyişən həyat şəraiti və sosial-iqtisadi amillərin nəzərə alınması zərurətindən irəli gəlir və məhkəməyə alimentin miqdarının ədalətli şəkildə tənzimlənməsi üçün səlahiyyət verir. İş üzrə mövcud olan faktiki halların qiymətləndirilməsi zamanı, xüsusilə də İddiaçı ailə vəziyyətində baş vermiş dəyişiklik, eləcə də övladlar arasında hüquq bərabərliyi prinsipinin təmin olunması zərurəti işə baxan məhkəmə tərəfindən lazımi şəkildə nəzərə alınmamışdır. Halbuki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment öhdəliklərinin dəyişdirilməsi üçün tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklər, eləcə də digər diqqətəlayiq hallar məhkəmə tərəfindən qiymətləndirilməli və hüquqi nəticə doğuran əsaslar kimi nəzərə alınmalıdır.”
36. Bütün bunlardan əlavə işə baxan məhkəmə aşağıdakı qrafalarda təfsilatlı şəkildə qeyd ediləcəyi üzrə qətnamənin əsaslandırıcı hissəsini qeyri-müəyyən formada tərtib etmişdir. Belə ki, Ailə Məcəlləsinin 76.1.2-cimaddəsinə müvafiq olaraq, aliment ödənilməsi ilə bağlı valideynlər arasında razılaşma olmadıqda, məhkəmə 2 uşağa görə alimentin valideynin qazancının 1/3 hissəsi miqdarında tutulmasını müəyyən edir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı 1 uşağın saxlanması üçün nəzərdə tutulmuşdur. Amma hazırda iddiaçının 2 uşağı vardır. Uşaqların sayı artdığı üçün əvvəlki qərar artıq real vəziyyəti əks etdirmir. Bu halda alimentin miqdarının dəyişdirilməsi qanuna uyğundur və uşaqların hüquqlarının daha əlverişli qorunması məqsədinə xidmət etməlidir.
37. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə alimentin iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsinin tərəflərin birgə nikahdan doğulmuş və hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan Fərəh Orucovanın saxlanması üçün kifayət etməməsi ilə bağlı arqumentini əsas gətirmişdir. Buna münasibətdə bildirir ki, Fərəh Orucovanın xaricdə təhsil alması aliment ödəyən valideynin maddi imkanlarından kənar, digər valideynin seçimi əsasında həyata keçirilən şəxsi seçimdir və bu seçimdən yaranan əlavə maliyyə yükünün tamamilə bir valideynin üzərinə qoyulması qanunvericilikdə nəzərdə tutulmur.
38. Azərbaycan Respublikası Ailə Məcəlləsinin qanunvericiliyinə əsasən valideynlərin uşaqlar qarşısında hüquq və öhdəlikləri bərabərdir və uşaqların tərbiyəsi, saxlanması və təhsilinə görə məsuliyyət valideynlərə bərabər şəkildə həvalə olunmuşdur. Ailə Məcəlləsinin 112-ci maddəsi alimentin müəyyən edilməsində hüquqi ədalət və valideynlərin imkanlarının balansını qorumağı tələb edir. İddiaçının aliment məbləğinin azaldılması tələbi məhz bu prinsiplər əsasında əsaslandırıla bilər. Valideynin maliyyə imkanları nəzərə alınmadan, şəxsi seçim hesabına yaranan əlavə xərclərin tamamilə valideyn öhdəliyinə yüklənməsi qanunun ruhuna uyğun deyil və bu maddənin tələblərinə ziddir. Ona görə də, alimentin 1/6 hissədə müəyyən olunması valideynin maddi imkanlarına və uşaqların saxlanması ehtiyaclarına uyğun olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsinin müddəaları ilə tam uzlaşır.
39. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsi alimentin məbləğinin müəyyən edilməsində uşaqların sayına görə ümumi normativ çərçivə təqdim edir və məhkəmə hər bir konkret halda uşaqların ehtiyaclarını, valideynlərin maddi imkanlarını, eləcə də digər amilləri nəzərə alaraq alimentin məbləğini tənzimləyir. Beləliklə, 2 uşağın saxlanması üçün qazancın 1/3 hissəsinin tutulması normativ meyar olsa da, valideynin maddi vəziyyəti, uşaqların saxlanması xərcləri və digər səbəblər əsasında məhkəmə alimenti azalda bilər. İddiaçının aliment məbləğinin 1/6 hissəyə endirilməsi onun maddi imkanlarına uyğun və uşaqların təminatı baxımından məqbul hesab edilə bilər. Qanunvericilikdə müəyyən edilmiş normativlər ümumi çərçivəni təşkil etsə də, məhkəmələr aliment məbləğinin müəyyən edilməsində uşaqların sayını, valideynin maddi imkanlarını, uşaqların ehtiyaclarını, valideynin həyat şəraitini və digər əhəmiyyətli halları nəzərə almaqla qərar qəbul etməlidir. Bu prinsiplər ədalətli və balanslaşdırılmış qərarların verilməsini təmin edir. Beləliklə, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsi məhkəməyə aliment məbləğinin dəyişdirilməsi üçün hüquqi əsas yaradır. İddiaçının alimenti azaldılmasını tələb etməsi, onun maddi imkanlarının azaldığı, övladların digər valideyn və ya sosial təminat mexanizmləri vasitəsilə dəstəkləndiyi və ya digər obyektiv səbəblər nəzərə alınmaqla qanuni əsaslandırıla bilər.
40. İşin hallarından görünür ki, iddiaçının iki övladı var: biri əvvəlki nikahdan, digəri isə hazırkı nikahdan doğulub. Bu baxımdan, uşaqların hüquqlarının bərabərliyi prinsipi tələb edir ki, alimentin təyin olunması zamanı hər iki uşaq nəzərə alınmalıdır. Məhkəmənin qərarında, iddiaçının birinci nikahdan olan övladı üçün aliment miqdarı nəzərdə tutulmuş, lakin ikinci nikahdan olan uşağın hüquqları nəzərə alınmamışdır ki, bu, “Uşaq hüquqları haqqında” Qanunun 6-cı maddəsinin və Ailə Məcəlləsinin əsas prinsiplərinə ziddir. Belə ki, qanunvericiliyin məzmunu uşaqlar arasında ayrıseçkiliyə yol vermir və onların hüquqlarının tam və bərabər şəkildə təmin olunmasını tələb edir. Bundan əlavə, uşaqların hüquqlarının qorunması və onların zəruri ehtiyaclarının təmin olunması valideynlərin qarşılıqlı hüquq və öhdəliklərinə aiddir. Məhkəmə alimentin təyini zamanı iddiaçının gəlirlərini, ailə vəziyyətini, uşaqların sayı və ehtiyaclarını, həmçinin uşaqların yaşını və təhsil şəraitini nəzərə almalıdır.
41. Bütün bu hallar onu göstərir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərinə tam əməl etməmiş, iddiaçının ailə və maddi vəziyyətinin obyektiv qiymətləndirilməsini həyata keçirməmiş və nəticədə ədalətli qərarın qəbul edilməsinə imkan verməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılması və iddia tələbinin təmin edilməsi zəruridir.
42. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-607/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
44. Məhkəmə kollegiyasının iclasına video-konferans əlaqə sistemi vasitəsilə qoşulan Cavabdeh izahatında göstərmişdir ki, iddiaçının gəlir səviyyəsində pisləşməyə doğru hər hansı dəyişiklik baş verməmiş, əksinə, onun aylıq gəliri yaxşılaşaraq hazırda 12037,12 manat təşkil edir. Bununla yanaşı, tərəflərin birgə nikahından olan azyaşlı övladı X8 faktiki yaşayış və təhsil xərcləri əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, uşaq hazırda Çexiya Respublikasında yaşayır və orta məktəbdə təhsil alır, onun aylıq və illik sağlamlıq, təhsil, sosial və psixoloji təminat xərcləri artmışdır. İkinci nikahdan doğulan övlad Sara ilə faktiki birgəyaşama mövcuddur. İddiaçının ikinci nikahdan olan övladı X15 atası ilə birlikdə yaşayır. 1/6 hissə aliment də könüllü razılaşma ilə ödənilir. Odur ki, Apellyasiya şikayətinin əsassız hesab edilərək rədd edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. 45.Cavabdeh məhkəmə kollegiyasının suallarına cavab olaraq əlavə bildirmişdir ki, hazırda Çexiya Respublikasında doktorantura üzrə təhsil alır, təhsil aldığı Üniversitetdən ona təqaüd verilir, həmçinin saat hesabı dərs keçir və 1600 çex kronu (təxminən 1200-1300 manat) əmək haqqı alır.
46. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
47. Azərbaycan Respublikasının Konstitusiyası; Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
48. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
49.“Uşaq hüquqları haqqında” Konvensiya Maddə 27.2 valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
50.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8 nömrəli Qərarı Bənd 8.3. məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır.
51.“Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
53. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 54.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Apellyator Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)- 607/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2(033)-607/2025 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
58. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X12 doğulmuş, tərəflər sonradan ayrılmış və azyaşlı uşaq anasının himayəsində yaşadığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 2(005)-4737/2019 saylı qətnaməsi ilə uşağın saxlanması üçün iddiaçının qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. İddiaçının cavabdehlə aralarındakı nikah pozulduqdan bir müddət sonra o, X6 ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2023-cü il təvəllüdlü X15 adlı uşaqları doğulmuşdur.Daha sonra X17 Orucovla arasında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədənkənar həll edilməsi üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş və tərəflər arasında xx.xx.2025-ci il tarixli Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən İddiaçı X6 ilə birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün aldığı əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsni ödəməyə razılıq vermişdir. Bundan sonra Barışıq sazişinin şərtləri İddiaçı tərəfindən icra olunmadığına görə X6 maraqlı şəxslər İddiaçı və Bakı 2 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-717/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi X6 ilə maraqlı şəxs İddiaçı arasında Bakı şəhəri, 2 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Hazırda isə iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək birinci nikahdan olan uşaq üçün alimentin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulmasının onun mənafeyinə zidd olduğundan alimentin qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında təyin edilməsini xahiş etmişdir. 59.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. 60.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. 61.Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişinin hazırkı mübahisəyə ilə bağlı işin həlli mərhələsində bağlanması isə, onun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu təsdiq edir. Eyni zamanda 26 sentyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması, aylıq qazancı və başqa gəlirləri artaraq 12037,12 manatadək yüksəlmiş və aylıq minimum 285 manat maddi təminat hüququ olan iddiaçının, eləcə də onun yeni nikahdan doğulmuş aylıq minimum 246 manat maddi təminat hüququ olan xx.xx.2023-cü il təvəllüdlü X9 hüquqlarını pozmur.Bundan başqa, iddiaçı alimentin onun qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsinin tərəflərin birgə nikahdan doğulmuş, hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan Fərəh Orucovanın saxlanması üçün yetərli olması barədə sübut təqdim etməmişdir. İş üzrə olan sübutlarla həmin hal təsdiq edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, yeni nikaha girənədək Fərəh Orucovanın saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment ödəmək öhdəliyinin olması iddiaçıya bəlli olsa da, o, yeni nikaha daxil olduğundan, həmin hal alimentin miqdarının azaldılmasına əsas ola bilməz. Belə ki, yeni nikaha daxil olma və bu nikahdan uşağın doğulması əvvəlki nikahdan olan uşağın maddi təminatının azaldalmasına əsas sayılması, əvvəlki aliment öhdəliyinin azaldılması üçün iddiaçını qeyri müəyyən sayda yeni nikah münasibətinə daxil olmağa və ya uşaq sayında artıma təşviq xarakteri daşıyır. Başqa sözlə yeni doğulan uşaqlarını saxlamaq öhdəliyini hazırda saxlmaq öhdəliyi olan uşağının maddi təminatı hesabına icra etməsi üçün iddiaçıya şərait yaradır ki, bu da qəbul edilməzdir.
62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır.
63. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin azaldılmasından ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.
64. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
65. İlkin olaraq qeyd olunmalıdır ki, ailə hüquq münasibətlərində uşaq hüquqlarına xüsusi önəm verilir və onların hüquqlarına toxunan bütün məsələlərin həllində uşaqların hüquqları üstün tutulur.
66. Bu, uşaq hüquqları ilə bağlı bir sıra milli və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlardan irəli gəlir. Belə ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
67. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
68. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.
69. Uşaq hüquqlarının sırasında uşağın valideynlərindən aliment almaq hüququ xüsusi yer tutur. Çünki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələri).
70. Uşağın aliment hüququ iki formada - məhkəmədənkənar və məhkəmə qaydasında həll olunur.
71. Alimentin ödənilməsinin məhkəmədənkənar qaydası Ailə Məcəlləsinin 94-cü maddəsində müəyyən olunmuşdur. Həmin normaya görə aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.
72. Alimentin məhkəmə qaydasında tutulmasının əsasları isə Ailə Məcəlləsinin 75.4cü və 76.1-ci maddəsində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.4-cü maddəsində deyilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
73. Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda tutulur.
74. Məhkəmə Kollegiyası yuxarıda şərh olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X12 üçün qazancın (başqa gəlirlərin) 1/4 hissəsi məbləğində alimentin tutulması əsassızdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı hazırda X6 ilə birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün aldığı əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsi həddində aliment ödəyir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin göstərilən faktiki hallarını nəzərə almamış, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması nəzərdə tutulsada, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi hüquq normasının tələblərinin pozulması ilə çıxarılmışdır.
75. Göründüyü kimi iddiaçının Cavabdeh ilə birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Fərəh adlı uşaq və X6 ilə birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Sara adlı uşaq doğulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı iki müxtəlif nikahdan doğulmuş uşaq üçün aliment ödəyir. Birinci instansiya məhkəməsi isə ikinci nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü Sara adlı uşağın maraqlarını və iki uşaq üçün alimentin ödənilməsi ilə bağlı ailə qanunvericiliyinin tələblərini nəzərə almamışdır.
76. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
79. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
80. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişinin hazırkı mübahisəyə ilə bağlı işin həlli mərhələsində bağlanması onun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd kimi qiymətləndirməsini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan barışıq sazişi Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-717/2025 nömrəli qətnaməsi ilə təsdiq edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
82. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir. İddia təmin olunarkən iddiaçının azyaşlı uşaqlarından biri xx.xx.2015-ci il təvvəllüdlü Fərəh adlı uşaq cavabdehin himayəsində olduğundan Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbləri nəzərə alınaraq iddiaçının qazancının və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında aliment tutularaq cavabdehə ödənilməlidir.
83. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
84. MPM-in 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 85.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.
86. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
87. Məhkəmə kollegiyası eyni zamanda, 12037,12 manat aylıq gəliri olan iddiaçının uşaq üçün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında (3009,28 manat) tutulan alimentin, ayda 1/6 hissəsi miqdarında (2006,19 manat) miqdarında tutulmasını, bununla da ödəmənin ayda 1003,09 manat məbləğində azaldılmasını tələb etdiyini, azaldılması tələb olunan ödəmənin illik məbləği 12037,08 (12 ay X 1003,09 manat) manat təşkil etdiyi üçün isə dövlət rüsumunun 126,11 manat miqdarında ödənilməli olduğu halda, mediasiya prosesində 60 manat, dövlət rüsumu olaraq 50 manat miqdarında ödənildiyini, iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun çatışmayan 16,11 manat hissəsi cavabdehə aid edilməlidir.
88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2(033)-607/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək İddiaçı qazancının və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumunun çatışmayan hissəsi üzrə 16,11 manat tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, iddiaçı, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.