Məhkəmə qərarları › İş №2(107)-786/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-786/2023

13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-786/2023 13.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (şərəf-ləyaqətin müdafiəsi, dözümlülük, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-619/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Səhiyyə Nazirliyinə onun və ailə üzvləri barəsində yaydığı böhtan xarakterli məlumatlarının hər birini yəni, “Azər Səfərov onun nüfuzundan istifadə edərək hərbi xidmətdən yayındığını, hərbi xidmətdə 35 yaşına kimi olmadığını, saxta əlillik aldığını, qazi adından sui istifadə etdiyini, müharibə iştirakçısı adını qanunsuz əldə etdiyini, o vaxt Sürət Hüseynovun dəstəsində olmağını, oğlu Azər Səfərovun dövlət orqan və təşkilatları şantaj edərək torpaq, mənfəət əldə etdiyini, ondan və övladlarından pul tələb etdiyini, oğlu Ceyhun Səfərov onun vəzifəsindən sui istifadə edərək kənddə narkotik maddə becərdiyini, onun bu işdə ona köməklik etdiyini” təkzib edərək üzr istəməsi barədə məlumat məktubu göndərməsi və ona 4000 manat mənəvi ziyana görə pul ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etmişdir ki, Cavabdeh Dövlət təhlükəsizlik xidmətinə, Daxili İşlər Nazirliyinə və Səhiyyə Nazirliyinə məktub ünvanlayaraq guya oğlu Azər Səfərovun onun nüfuzundan istifadə edərək hərbi xidmətdən yayındığını, hərbi xidmətdə 35 yaşına kimi olmağını, saxta əlillik aldığını, qazi adından sui istifadə etdiyini, müharibə iştirakçısı adını qanunsuz əldə etdiyini, o vaxt Sürət Hüseynovun dəstəsində olmasını, oğlu Azər Səfərovun dövlət və təşkilatları şantaj edərək torpaq, mənfəət əldə etdiyini, ondan və övladlarından pul tələb etdiyini, oğlu Ceyhun Səfərovun onun vəzifəsindən sui istifadə edərək kənddə narkotik maddə becərədiyini, onun bu işdə ona köməklik etdiyini bildirərək böhtan xarakterli məlumatlar yayaraq onu işlədiyi müəsisədə nüfuzdan salmağa çalışmışdır. Həmçinin qızının xaricdə yaşayaraq Azərbaycan Respublikasına qarşı təbliğat aparılmasını ərizəsində qeyd etmişdir. Cavabdeh bu ərizəsindən sonra o mənəvi sarsıntı keçirmiş və işçilər arasında özünü nüfuzdan düşmüş hesab edir. X9, Dövlət Təhlükəizlik Xidməti və Səhiyyə Nazirliyinə göndərilmiş eyni məzmunlu ərizələr Səhiyyə Nazirliyi tərəfindən toplanaraq fəaliyyət göstərdiyi Mingəçevir şəhər, rayonlararası Narkoloji dispanserə göndərilmişdir. Həmin müraciətlər araşdırılmş və Cavabdeh həqiqətə uyğun olmayan, böhtan xarakterli məktubuna cavab verilmişdir. O uzun müddət tibb sahəsində qüsursuz çalımışdır. Fəaliyyət göstərdiyi müəssisədə həm işçi heyəti, həm rəhbərlik, həm də müraciət edən vətəndaşlar arasında kifayət qədər nüfuza malikdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-619/2023 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddanın qismən təmin olunması, Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şikayət ərizəsi ilə müraciət etməklə, İddiaçı barəsində şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatlar yayması nəticəsində ona vurulmuş mənəvi zərərə görə kompensasiya olaraq cavabdehdən 300 (üç yüz) manat pul alınıb iddiaçıya verilməsi, iddiaçının şərəfi, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatların təkzib edilməsi üsulu cavabdeh tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə rəsmi məlumat vermək yolu ilə müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Səfərov X1 Narkoloji Dispanserdə çalışmış və hazırda cəmiyyətdən tədric olunmaması baxımından könüllü olaraq ictimai əsaslarla məsləhətçi kimi tibb müəssisəsi ilə əməkdaşlıq edir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə şikayət ünvanlamış və həmin şikayətdə “Azər Səfərov onun nüfuzundan istifadə edərək hərbi xidmətdən yayındığını, hərbi xidmətdə 35 yaşına kimi olmadığını, saxta əlillik aldığını, qazi adından sui istifadə etdiyini, müharibə iştirakçısı adını qanunsuz əldə etdiyini, o vaxt Sürət Hüseynovun dəstəsində olmağını, oğlu Azər Səfərovun dövlət orqan və təşkilatları şantaj edərək torpaq, mənfəət əldə etdiyini, ondan və övladlarından pul tələb etdiyini, oğlu Ceyhun Səfərov onun vəzifəsindən sui istifadə edərək kənddə narkotik maddə becərdiyini, onun bu işdə ona köməklik etdiyini” bildirməsi qeyd edilmişdir. Həmçinin iddiaçının qızının xaricdə yaşayaraq Azərbaycan Respublikasına qarşı təbliğat aparılmasını ərizəsində qeyd etmişdir. İddiaçı Cavabdeh qarşı «şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Səhiyyə Nazirliyinə onun və ailə üzvləri barəsində yaydığı böhtan xarakterli məlumatlarının hər birini yəni, “Azər Səfərov onun nüfuzundan istifadə edərək hərbi xidmətdən yayındığını, hərbi xidmətdə 35 yaşına kimi olmadığını, saxta əlillik aldığını, qazi adından sui istifadə etdiyini, müharibə iştirakçısı adını qanunsuz əldə etdiyini, o vaxt Sürət Hüseynovun dəstəsində olmağını, oğlu Azər Səfərovun dövlət orqan və təşkilatları şantaj edərək torpaq, mənfəət əldə etdiyini, ondan və övladlarından pul tələb etdiyini, oğlu Ceyhun Səfərov onun vəzifəsindən sui istifadə edərək kənddə narkotik maddə becərdiyini, onun bu işdə ona köməklik etdiyini” təkzib edərək üzr istəməsi barədə məlumat məktubu göndərməsi və ona 4000 manat mənəvi ziyana görə pul ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İş materiallarının olan iddiaçı barəsində ünvanlanmış müraciətlərdəki söz və ifadələrin ləyaqəti ləkləyən məlumat olması açıq-aşkar bəllidir və fakt ortada olduğu və hamıya bəlli olduğu bir halda bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac yoxdur. Məhkəmə iddiaçı tərəfindən tələb olunan mənəvi zərərlə bağlı məbləği həddən artıq çox hesab edərək bildirmişdir ki, iddiaçı həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlabatan məbləğdə, yəni 300 (üç yüz) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab etmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına və “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Məhkəmə heç bir əsas olmadan cavabdehin iddiaçı barəsində ünvanlandığı müraciətlərdəki söz və ifadələrin ləyaqəti ləkləyən məlumat olması qənaətinə gəlmişdir. Lakin məhkəmə qətnaməsində həmin məlumatların əsassız, uydurma və yalan xarakterli olub-olmadığını aydınlaşdırmamışdır. Göründüyü kimi iddiaçı həmin məlumatların təkzibini yalnız o halda tələb edə bilər ki, cavabdeh onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Lakin işə birinci instansiya məhkəməsində baxılarkən o həmin məlumatların həqiqətə uyğun olduğunu sübuta yetirmişdir. Belə ki, o şikayətində iddiaçının oğlunun yaşadığı evin həyətində narkotik becərdiyini bildirmişdi ki, həmin məlumat Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli hökmü ilə sübuta yetirilir. O, iddiaçının Mingəçevir şəhər Narkoloji Dispanserində işləməyə-işləməyə saxta arayış verdiyini bildirmişdir ki, onun həmin dispanserdə çalışmaması Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə sübuta yetirilir. İddiaçının saxta arayış verməsi ilə bağlı isə Yevlax rayon prokurorluğunda araşdırma aparılır. Lakin Yevlax rayon məhkəməsinin işə sədrlik edən hakimi işə qərəzli yanaşmış, iş üzrə tərəfindən təqdim edilmiş sübutlara, yəni iddiaçının özü və oğlu ilə bağlı təqdim etdiyi sənədləri nəzərə almadan iddiaçının mənafeyinə uyğun tez tələsik qətnamə çıxarmışdır. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin 28 mart 2023cü il tarixli, 2(039)-619/2023 saylı qətnaməsinin iddianın təmin edilməsi hisssəndə ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-619/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktikməlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarına görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. belə bir vəzifə iddiaçıya həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını iddianın təmin edilmiş hissəsində mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-619/2023 saylı qətnaməsinin həmin hissədə ləğv edilərək iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni iddianın təmin edilmiş hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-619/2023 saylı qətnaməsini mübahisələndirilən hissəsi, yəni iddianın təmin edilmiş hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-619/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırkı işin hallarından görünür ki, iddiaçı, cavabdehin ona qarşı mülki-hüquq pozuntusu (delikt) törətməklə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasına və bunun nəticəsində zərər çəkməsinə istinad edir. Bu məzmunda tələbin hüquqi əsasları Mülki Məcəllənin 23-cü, 1096-cı və 1097-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin normaların iddiaya tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. Hazırkı mübahisədə cavabdehin istinad olunan əməli (hərəkəti) törətməsi, yəni iddiaçının barəsində dövlət orqanına - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlamış şikayət göndərməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən belə müraciətin göndərilməsi onun dövlət orqanına müraciət etmək, habelə söz və fikir azadlığı hüquqlarının ifadəsi olmaqla yanaşı, məsələ iddiaçının şərəf və ləyaqətinin, işgüzar nüfuzun qorunması hüququ baxımından da təhlil edilməli, cavabdehin qeyd olunan hüquqlarından qanunla müəyyən edilmiş hədlər çərçivəsində istifadə edib-etmədiyinə, iddiaçının hüquqlarına müdaxilənin qanuna zidd və mütənasib olub-olmadığına, iddiaçının həmin əməldən zərər çəkib-çəkmədiyinə hüquqi qiymət verilməlidir. Ali Məhkəmənin Plenumu “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarında vurğulanmışdır ki, əgər məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa ziddlik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilə bilər. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə belə hərəkət hüquqa uyğun sayılmaqla mülki-hüquq pozuntusu təşkil etmir. Oxşar mübahisələrin qanuni həlli müvafiq məlumatları dövlət orqanına ünvanlamış şəxsin məqsədi, belə müraciətin onun hansı qanuni mənafeyini təmin etmək üçün zəruri olması, müraciətlə əldə etmək istədiyi hüquqi nəticə, məlumatları yaymış şəxsin onların həqiqətə uyğun olduğunu sübuta yetirməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallara hüquqi qiymət verilməsini tələb edir. Bu baxımdan hazırkı işdə cavabdehin sözügedən ərizələrdəki məlumatların məzmununun, onların şərəf və ləyaqəti ləkələyən, yaxud böhtan xarakterli olub olmamasının, ərizənin iddiaçının işlədiyi quruma göndərilmə məqsədinin aydınlaşdırılması, habelə sözügedən məlumatları yaymış şəxsin onların həqiqətə uyğun olduğunu sübuta yetirib-yetirməməsi əhəmiyyətlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətində qeyd edilmiş dəlilləri əsaslı hesab edir. Belə ki, mülki işin materiallarından və hazırki iş üzrə Yevlax Rayon Məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış şikayətdə İddiaçı barəsində sonuncunun şərəf-ləyaqətinə zərər vuracaq hansı söz və ifadələrin istifadə olunması görünmür. Göründüyü kimi, hazırki iş üzrə yuxarıda göstərilmiş şərtlərdən hüquqazidd əməlin mövcudluğu şərtinin ödənilməsi sübut olunmur. Həmin şərtin mövcudluğunun aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi əsassız, cavabdehin apellyasiya şikayəti isə əsaslıdır. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış şikayətdən görünür ki, şikayətin məzmunu iddiaçı barəsində deyil, iddiaçının oğlu tərəfindən yol verildiyi iddia edilən hüquqazidd hərəkətlərlə bağlı olmuşdur. Oğlu barəsində deyilən sözlər nəticəsində iddiaçıya hər hansı mənəvi zərər dəyməsi barədə isə heç bir sübut və ya dəlil təqdim edilməmişdir. Bundan başqa, məhkəməyə təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmündən görünür ki, X5 AR CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işinə baxılmış və həmin hökmlə X7 AR CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O cümlədən iş materiallarında olan Mingəçevir Şəhər Prokurorluğunun Cavabdeh ünvanladığı 9 mart 2023-cü il tarixli 52/C-23 nömrəli məktubundan görünür ki, İddiaçı Yevlax rayon ərazisində yerləşən Yevlax Narkoloji kabinetdə hüquqi qüvvəsi olmayan ayrıayrı şəxslərə dispanserdə qeydiyyatda durub-durmaması ilə bağlı arayışlar təqdim etdiyindən Mingəçevir Şəhər Prokurorluğunun müstəntiqi Nigar Mehdiyeva tərəfindən qəbul edilmiş 9 mart 2023-cüi l tarixli qərarla AR CPM-nin 207.5.3-cü maddəsinə əsasən toplanmış material araşdırmanın davam etdirilməsi üçün Yevlax Rayon Prokurorluğuna göndərilmişdir. Göstərilən sənədlərin təhlili nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış şikayətdə göstərilənlərin şərəf və ləyaqətə toxunan böhtan olması da şübhə doğurur və bu hal da cavabdehin həmin şikayətinin hüquqazidd əməl hesab edilməsinin qarşısını alır. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə təmin edilmiş hissədə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf mənəvi ziyan çəkməsini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hazırki mübahisə üzrə iddiaçnın mənəvi zərərə məruz qalmasını, mənəvi zərərin cavabdehin hüquqazidd təqsirli hərəkətlərindən sonra baş verməsini, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını və onun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini, həmçinin həmin iztirab nəticəsində fiziki əzab çəkməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə bir sübutu isə iddiaçı təqdim edə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-619/2023 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(039)-619/2023 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi, cavabdehdən 300 (üç yüz) manat pulun alınıb iddiaçıya verilməsi, iddiaçının şərəfi, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatların təkzib edilməsi üsulu cavabdeh tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə rəsmi məlumat vermək yolu ilə müəyyən edilməsi hissəsində də rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar