Məhkəmə qərarları › İş №2(107)-786/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-786/2024

11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-786/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-173/2022 saylı mülki iş üzrə qəbul etdiyi 01 may 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş ziyana görə cavabdehdən 14.820,50 manatın və 134,46 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-173/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, avtomobilə vurulmuş zərərə görə 14.820.50 manat və dövlət rüsumu kimi ödənilmiş 134,46 manat cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin(bundan sonra- Şəhər Məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(051)-173/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəhər Məhkəməsi “apellyasiya şikayətinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi xx.xx.2022-ci il tarixdə çıxarılmışdır. Qətnamənin surəti cavabdehə sifarişli poçt vasitəsilə göndərilmiş, lakin cavabdeh ünvanda olmadığına görə geri qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(051)-668/2023 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Borclu Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan alınaraq tələbkara verilməli olan borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Göründüyü kimi məhkəmənin həmin qətnaməsindən məlumatı olmasına baxmayaraq, cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətini almış və həmin tarixə münasibətdə, yəni xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Şəhər Məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdeh isə qərardaddan verdiyi şikayətdə bildirir ki, qərardadda Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-173/2022 nömrəli qətnaməsindən Cavabdeh xx.xx.2023-cü ildə məlumatlı olması bildirilsə də, Mülki Prosessual Məcəllədə qətnamədən şikayət verilməsi məlumatı olduğu tarixdən deyil, qətnaməni rəsmi qaydada əldə etdiyi tarixdən sayılır. İş materiallarında əgər cavabdehə qətnamə çatması barədə poçt qəbzi və ya məhkəmə qəbzi varsa o zaman bu qərardad doğrudur. Lakin iş materiallarında olan məhkəmə qəbzi 2024-cü ilə aiddir və belə olan halda apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından müəyyən edilir ki, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-173/2022 saylı mülki iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsinin surəti cavabdehə, qeydiyyatda olduğu ünvan 2 ünvanına məktubla göndərilmiş və poçt zərfi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş materialları ilə o da müəyyən olunur ki, sözügedən qətnamə əsasında Mingəçevir şəhər icra və probasiya çöbəsinin icra məmuru Sənan Hacıməmmədov tərəfindən 23 may 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin icra sənədi üzrə 21 avqust 2023-cü ildə borclunun, yəni hazırki iş üzrə cavabdehin izahatı alınmış, tələbi icra etməyəcəyi təqdirdə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(051)-668/2023 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda, vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş, qətnamənin qəbulundan 2 il müddət keçdikdən sonra 18 mart 2024-cü il tarixdə qətnamənin surətini almış və 05 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin hərəkətləri prosessual hüquqdan sui-istifadəyə yönəlmişdir. Ona görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “apellyasiya şikayətinin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2024ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar