Məhkəmə qərarları › İş №2(107)-795/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-795/2023

25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-795/2023 25.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X1 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “alimentin artırılması” tələbinə dair mülki işi üzrə Yevlax Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-2611/2019 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq 27 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin arayışlarından görünür ki, cavabdeh İİİ qrup əlildir, əmək qabiliyyətsizdir və 150 manat pensiya alır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ödədiyi aliment uşağın saxlanılmasını təmin etmir. Cavabdeh fərdi əməklə məşğuldur, çoxsaylı mal-qarası mövcuddur. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)- 1219/2022 nömrəli iş üzrə qəbul etdiyi 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78, 112.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı 120 manatla uşağı saxlaya bilmir. Yevlax Rayon Məhkəməsi bu qətnaməni qəbul edərkən əsaslı olmamışdır. Uşaq mütəmadi olaraq xəstələnir. Cavabdehin uşağın saxlanılması üçün kifayət qədər maddi imkanları var. 120 manat aliment bir günə uşağın saxlanılması üçün 4 manatı müəyyən edir. 4 manatla uşağı saxlamaq mükün deyildir. Bu səbəbdən də iddiaçı alimentin artırılmasını istəmişdir. İlkin alimentin təyinatından 4 il müddət keçib. Bu müddət ərzində cavabdeh əsas alimenti normal ödəyib. Müxtəlif bəhanələrlə uşağına alimentinin ödənməsindən yayınmaq bir ataya yaraşan hal deyil. Yevlax Rayon Məhkəməsi isə əsassız olaraq aliment məbləğinin artırılması ilə bağlı heç bir təşəbbüs göstərmirdi. Nəticədə iddianı təmin etməməklə maddi hüquq normalarını pozdu. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, İİİ qrup əlildir və 150 manat pensiya alır. Əmək qabiliyyətsiz olduğu üçün heç bir yerdə işləmir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcud deyil. Belə ki, cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə sübutlar iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar