Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-816/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2611/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2611/2019 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia qismən təmin edilmiş, 27 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2019-cu il tarixindən başlayaraq Cavabdeh hər ay uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin bütün qazancından və ya gəlirlərindən uşağı Məmişov Ülvi Ülfət oğlunun yetkinli yaşına çatana kimi kimi saxlanılması üçün hər ay 160 manat aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxxxx 2018-ci il tarixdə faktiki ailə qurub evlənmişlər. Nikahlarını xx xxxxx 2019- cu il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində qeydiyyata şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 27 iyun 2019-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə 30 iyun 2019-cu il tarixdən faktiki ayrılmışlar. Uşağı Ülvi onun himayəsindədir. O, heç bir yerdə işləmir, uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh işləyir maddi vəziyyəti yaxşıdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh izahatında iddianı qismən qəbul edərək, iddiaçının tələbi ilə razı olmadığını, özünün ikinci qrup əlil olduğunu, 130 manat pensiya aldığını, əlavə olaraq mal-qara təsərrüfatı ilə məşğul olduğunu, azyaşlı uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün pensiyasının yarsını aliment ödəyə biləcəyini göstərdi və məhkəmədən qeyd olunanları nəzərə alınmaqla iddianın qismən təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü və 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. O, iddianı tam qəbul etmir. Qaldırılan aliment məbləği həddindən artıq yüksəkdir, heç bir yerdə işləmir. Xəstə və əlildir. Xəstəliyi ilə əlaqədar işləmə gücü yoxdur ictimai münasibətlər çərçivəsində onun debil olmağı həmçinin ciddi psixi xəstəliyi ilə əlaqədar onu heç kəs işə qəbul etmir. Ən əhəmiyyətli hal isə odur ki, hazırkı əlilliyi ilə əlaqədar işləmə gücü və qabiliyyəti yoxdur. Daim həkim nəzarətindədir. Psixi durumu pisləşdiyi anda özünü idarə edə bilmir. Şizofreniya xəstəsidir. Bu barədə zəruri olan sənədləri təqdim etmişdir. Mütamadi müalicə və dərmanla yaşayır. Yeganə qazancı almış olduğu pensiyasıdır. Pensiyasının məbləği isə 130 manatdır. O, bu məbləğlə həm dolanmalı, həm də səhhətiylə əlaqədar zəruri dərmanları almalıdır. Sağlam adamla, xəstə adama eyni məbləği aliment olaraq yazmaq olmaz. O, əldə etdiyi 130 manat pensiyasının 120 manatını alimentə ödəyirsə, xəstəliyi ilə əlaqədar o, haradan pul tapmalıdır. Psixi xəstəliyi ucbatından xəstəliyinin kəskinləşdiyi ərəfədə deyilənlərə görə təhlükəli olur. Daim nəzarət altında saxlanılır. O da, bir əlil olaraq dövlətin ona verdiyi pensiyadan yararlanmalıdır. Ona görə də pensiyasının yarısının uşağına verilməsini, yarısının da onun dəva-dərmanlarına sərf edilməsi ücün şərait yaradılmalıdır. Yaşamağı üçün mütamadi olaraq dərman qəbul etməlidir. Bütün bunlar da çətinliklə nizama salınır. Ailədə atası ağır şəkər xəstəsi olmaqla, ayağı kəsilir. Hər gün insulin qəbul edir. Yəni ailədə hansısa bir köməkçi vasitə yoxdur ki, onların saxlanılması təmin olunsun. Yeganə işləri, qazancları pensiyadır ki, bütün bunları da bildirmişdir. Onun hazırkı durumunu, çətin vəziyyətini, mütəmadi dərman ehtiyacını, atasının ağır şəkər xəstəsi olmasını, bu səbəbdən ayağının kəsilməsini, başqa heç bir iş yerinin və qazancının olmadığını, psixi xəstəliyi ilə əlaqədar məhdud iş yerinin, hər gün onun dərmanla yaşadığını, atasının da mütamadi dərman qəbul etməsini, çətin sosial şəriatini, Kəlbəcər rayon məcburi köçkün olmağını nəzərə alaraq onun da mütamadi dərman qəbul etməyi üçün maddi şəraitinə yeganə qazanc yerinə uyğun olaraq alimentin məbləğini aldığı pensiyanın yarısınadək azaltmağı, Yevlax Rayon Məhkəməsinin mübahisələndirdiyi qətnaməsinin dəyişdirilməsini, övladı üçün mövcud pensiyasının yarısı həddində 65 manat alimentin təyin edilməsini əsaslı hesab edir və kömək istəyir. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən uşağın maraq və mənafelərini hər şeydən üstün tutarkən onun da diqqətəlayiq hallarını, əlilliyini, psixi xəstəliyini, cəmi 130 manat qazancını, ailədə atasının da ağır xəstə olmasını və ayağının kəsilməsini, ailənin sıfır vəziyyətdə olan qazancını, həmçinin gündəlik məcburi qaydada qəbul etdiyi dərmanları və onları ödənişli əsaslarla almalarını və onların da yaşamağı üçün bu məbləğə ehtiyacının nəzərə alınmalıdır. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2611/2019 nömrəli qətnaməəsinin ləğv edilməsini, alimentə dair tələbin 65 manat məbləğində müəyyən edilməsini və iddianın təmin olunmuş məbləğə münasibətdə qismən təmin edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməmısini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2611/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2611/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Bərdə regional “ASAN xidmət” mərkəzində qeydiyyata şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 323736 №li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1rasında bağlanmış nikah Bərdə regional “ASAN xidmət” mərkəzində qeydiyyata şöbəsinin2019-cu ilin aprel ayının 10-cu günündə akt qeydləri kitabında 398 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmişov, arvada isə Məmişova soyadı verilmişdir. İşdə olan AZ-İV seriyalı 280284 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan 27 iyun 2019-cu il təvəllüdlü Ülvi adlı uşaqları var. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xxxxxxx0005 №li, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh ikinci qrup əlildir, xüsusi yaradılmış şəraitdə işləyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə və 34-cü maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1 və 100.2-ci maddələrinə, Azərbaycan Respublikasında 2019-cu il üçün “X3” Azərbaycan Respublikasının Qanununa, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2019-cu il üçün “X3” Azərbaycan Respublikasının Qanununa əsasən, 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixdə faktiki ailə qurub evlənmişlər. Nikahlarını xx xxxxx 2019-cu il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində qeydiyyata şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 iyun 2019-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Hal-hazırda tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflərin birgə nikahda doğulmuş uşaqları X5 anası İddiaçı himayəsindədir. O, heç bir yerdə işləmir, uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh işləyir maddi vəziyyəti yaxşıdır. Hazırkı halda 27 iyun 2019-cu il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi qismən-hər ay uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması hissəsində təmin olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə müraciət etdiyindən aliment də həmin tarixdən tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. “Uşaq hüquqları haqqında” 1989-cu il Konvensiyasının 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipinin taninmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2611/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2611/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-816/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-816/2020
13.05.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver