Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-82/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, iddiaçı və eyni zamanda digər iddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızı, Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi İddiaçı1, iddiaçılar İddiaçı2, Cavabdeh6 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına və Cavabdeh6 qarşı “müqavilənin və çıxarışların ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi idarəsinə, habelə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş ******* nömrəli çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın və bu çıxarış ilə 01 may 2019- cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqısatqı müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh6 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair 03 may 2019-cu il tarixli **********24 nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmamış, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı apellyasiya şikayəti vermişlər. işin halları: İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh2 2018- ci ildə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X4 ilə onlar- iddiaçılar arasında JN 645 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 10057.49 kv.m torpaq sahəsinə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqqda qətnamə çıxarmağı xahiş etmiş və həmin məhkəmənin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilmişdir. Həmin qətnamədən onların verdiyi şikayətə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı 25 oktyabr 2018-ci il tarixli Qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsini ləğv etmiş, apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 01 mart 2019-cu il tarixdə çıxardığı qərarı ilə kassasiya şikayətini təmin etməmiş, apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Onlar-iddiaçılar Ali Məhkəmənin qərarını rəsmi qaydada alan kimi 2019-cu il aprel ayının əvvəllərində Aqrar İslahat Komissiyasının qərarı ilə ailələrinin mülkiyyətinə verilmiş 10057 kv.m kənd təsərrüfatı təyinatlı torpaqlarına çıxarış almaq üçün DƏDRX 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etmişlər. İdarədən onlara bildirdilər ki, 2016-cı ildə ölmüş X1 adına 23 oktyabr 2018-ci il Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Ona görə onlara qeyd edilən çıxarış verə bilmirlər. Onlara məlum oldu ki, Zaqatala 18 saylı Ərazi idarəsi heç bir qanuni əsas olmadan qüvvəyə minmiş məhkəmə qərarı olmadan Cavabdeh2 ilə əlaqəyə girərək, onu 2016-cı ildə ölmüş anasının adına 23 oktyabr 2018-ci il tarixdə çıxarış hazırlamışdır. Bu çıxarış saxta sənəd olmuşdur. Bu çıxarış saxta olduğu üçün Cavabdeh2 tərəfindən məhkəmələrə təqdim edilməmişdir. 2019-cu ilin aprel ayında X2 adına hazırlanmış 23 oktyabr 2018-ci il tarixli, Seriya RX ******* nömrəli Çıxarışın Ləğv edilməsi haqda iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş və DƏDRX 18 saylı Zaqatala ərazi idarəsini cavabdeh qismində məhkəməyə cəlb etmişlər. Balakən Rayon Məhkəməsi çıxardığı 24 iyun 2019-cu ıl tarixli, 2(019)-607/2019 nömrəli qətnaməsi ilə iddialarını təmin edərək, seriya RX ******* nömrəli Çıxarışı ləğv etmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Şikayətə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı 16 oktyabr 2019-cu il tarixli,2(107)-2671/2019 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən narazı qalan Cavabdeh2 həmin qətnamədən Kassasiya şikayəti vermişdir. Kassiya şikayətinə baxan Ali Məhkəmənin Mülki kollegiyası çıxardığı 27 fevral 2020-ci il tarixli, 2(102)-1272/20 saylı qərarı ilə Şəki Apellyasiya məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamış, kassasiya şikayətini təmin etməmişdir. Mart 2020-ci il tarixdən etibarən ölkədə xüsusi karantin rejimi tətbiq edildiyi üçün Ali Məhkəmənin 27 fevral 2020-ci il tarixli qərarını may ayının əvvəllərində almışlar. Çıxarış almaq üçün sənədlərini 04 may 2020-ci il tarixdə DƏDRX 18 saylı Zaqatala ərazi idarəsinə təqdim etmişlər. ******* saylı çıxarışın ləğv edilməsi haqqda hər üç məhkəmənin aktlarını də sənədlərinə əlavə etmişlər. Sənədləri qəbul edilmiş, amma yenə də Zaqatala 18 saylı ərazi idarəsi torpaqlarına çıxarış verməkdən imtina etmişdir. DƏDRX 18 saylı Zaqatala ərazi idarəsi onlara-iddiaçılara göndərdiyi 08 may 2020-ci il tarixli məktubunda qeyd edir: Araşdırma nəticəsində müəyyən edilmişdir ki, mərhum X1 adına **********24 reyestr nömrə ilə qeydiyyata alınmış mübahisələndirilən Balakən rayonu, Qazma kəndində yerləşən 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 aprel 2019-cu il tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh3, Cavabdeh2, X3 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla, 30 aprel 2019-cu il tarixli **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş 01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh6 satılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh6 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqları 03 may 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bununla əlaqədar həmin məhkəmənin icraatında olduğu müddətdə tərəflərindən 30 yanvar 2020-ci il tarixli məktubla qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd olunun hüqüqmüəyyənedici sənədlərin ləğvi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müraciət etdikləri təqdirdə həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması məsələsinə baxıla bilər. Yuxarıda qeyd edildiyi kimi, ölmüş Firuzə Balayevanın adına 23 oktyabr 2018- ci il tarixdə hazırlanmış saxta çıxarışın ləğv edilməsi ilə bağlı 2019-cu ilin aprel ayında iddia qaldırmışlar. Bu iddia ilə bağlı həm Cavabdeh2, həm də DƏDRX 18 saylı Zaqatala ərazi ərazi idarəsi iş üzrə cavabdehlər olmuşlar. İşlə bağlı ilk məhkəmə iclası da aprel ayında başlamış və 24 iyun 2019-cu ildə başa çatmışdır. Qanunsuz çıxarışın ləğv edilməsi haqda cavabdeh olan hər iki cavabdeh əlbir olaraq məhkəmə iclası getdiyi halda, Balayeva Firuzənin adına hazırlanmış saxta çıxarış əsasında cavabdeh vərəsələr 30 aprel 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarış əldə etməklə, həmin çıxarış əsasında 01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alqısatqı müqaviləsi əsasında torpağı Cavabdeh6 satmışlar. DƏDRX 18 saylı Zaqatala ərazi idarəsi də Balakən rayon notariat idarəsinə torpaq müayinəsi haqqında yalan məlumat vermiş və nəticədə verdiyi yalan məlumat nəticəsində notariat idarəsini də qanuna zidd alqı-satqı müqaviləni bağlamağa vadar etmişdir. Eyni zamanda hər iki cavabdeh əlbir olaraq hazırladıqları qanuna zidd sənədləri nə Balakən Rayon Məhkəməsinə, nə də Şəki Apellyasiya Məhkəməsinə təqdim etməmişlər. Cavabdeh vərəsələr və DƏDRX 18 saylı Zaqatala ərazi idarəsi hazırladıqları saxta çıxarış əsasında torpağı digər şəxsə- Cavabdeh6 sataraq, ona da saxta 03 may 2019-cu il tarixli, **********24 reyestr nömrəli Çıxarış vermişlər. Cavabdeh vərəsələr 1.0057 ha torpağı Cavabdeh6 satmaqla əsassız olaraq varlanmışlar. DƏDRX 18 saylı Zaqatala ərazi idarəsi çıxarış verdikləri 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh2 və X7rı tərəfindən iki mərtəbəli dəyəri 100 min manatdan yuxarı olan qanunsuz tikili olmasına baxmayaraq, həmin torpaq sahəsi haqda həqiqətləri gizlətmişlər. Belə ki, Cinayət Məcəlləsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evlərinin tikilməsi və s. aparılması qanunla qadağandır və cinayət tərkibli əməldir. Hər bir orqan, hər bir vətəndaş cinayət tərkibli əməll haqda aidiyyəti orqanlara xəbər verməlidir. DƏDRX 18 saylı ərazi idarəsi isə Cavabdeh2 və Cavabdeh4 oğlanlarının cinayət tərkibli əməllərini ört-basdır etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə DƏDRX 18 saylı ərazi idarəsinin vəzifəli şəxsləri və Cavabdeh2 haqda xüsusi qərardad çıxarıb prokurorluq orqanlarına göndərməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(107)-1920/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına və Cavabdeh6 qarşı “müqavilənin və çıxarışların ləğv edilməsi” tələblərinə dair iddiası təmin edilmiş, ləğv edilmiş ******* nömrəli çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarış, bu çıxarış ilə 01 may 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsi və bu müqavilə əsasında Cavabdeh6 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair 03 may 2019-cu il tarixli **********24 nömrəli çıxarış ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(107)-1920/2020 nömrəli qətnaməsindən Cavabdeh6 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2021-ci il tarixli, 2(102)-2410/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(107)- 1920/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişlər ki, Balakən rayon məhkəməsi 04 avqust 2020-ci il tarixli qətnamasini maddi və prosessual hüquq normalarını pozaraq çıxarmışdır. Bidirmişdir ki, yalnız hazırlıq iclasına Cavabdeh6 vəkili gəlmişdir. Vəkillə hakim Zamin Tahirovun çox yaxın olduqları bəlli oldu. Öz aralarında nə isə danışdıqları zaman hakim vəkilə dedi ki, iddianı təmin etməyəcəyəm. Cavabdeh6 vicdanlı sahibdir. Artıq hazırlıq iclasında qabaqcadan hakimin iddiamızı təmin etməyəcəyi bizə məlum olmuşdur. Hazırlıq iclasının sonunda hakim Z.Tahirov vəkil Nümayəndə2 iki-üç dəfə dedi ki, sən daha o biri iclaslara gəlmə, ehtiyac yoxdur, sən deyən kimi iddianı təmin etməyəcəyəm. Hakim məhkəmə iclaslarını pozur. Tərəflər arasında mübahisənin aydınlaşdırılmasına imkan vermir. Hazırlıq iclasından sonra keçirilən üç məhkəmə iclasına yeddi cavabdehdən heç biri gəlmədi. Cavabdehlərdə olan sənədlərin məhkəməyə təqdim edilməsi üçün iki dəfə məhkəməyə yazılı qaydada vəsatət vermək məcburiyyətində qaldım. Bizim səhvimiz o oldu ki, biz dərhal hakimə etiraz etməli idik. Əsaslar var idi.Belə ki, hakim Zamin Tahirov hakim libasını geyməmişdi. Adi geyim ilə məhkəmə iclaslarını aparırdı. Qətnamə çıxararkən adi geyimdə idi. Oturduğu yerdən heç ayağa qalxmadı, müşavirə otağına belə getmədi, oturduğu yerdən bizə dedi ki, iddianızı rədd edirəm. Hakim olasan başının üzərində duran Azərbaycan Dövlətinin bayrağına hörmət etmədən qayda qanunları pozaraq qətnamə çıxarasan.Bu vəziyyətdə çıxarılan qətnamə qanuni və ədalətli ola bilməz və qəbul edilə bilməz. Balakən Rayon Məhkəməsi çıxardığı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə iddiamızı ləğv edərkən Mülki Məcəllənin 140-cı və 149.2-ci maddələrinə əsaslanmış ki, həmin maddələrin məzmununu səhv izah edərək Cavabdeh6 vicdanlı sahib olduğunu müəyyən etməyə çalışmışdır. İşə baxan Balakən rayon məhkəməsinə məlum idi ki, məhkəmə aktları ilə Cavabdehlər olan Balayevlər ailəsinin vərəsəlik qaydasında ələ keçirdikləri 1.0057 ha torpaq sahəsinə verilmiş ilkin ******* saylı çıxarış qanunsuz olduğu üçün ləğv olunub. Ləğv edilən çıxarış əsasında əldə edilən hüquqlar da qanuni ola bilməz. Bu baxımdadn da qanuna zidd olaraq əldə edilmiş hüquqlarla əldə edilmiş alqı satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında əldə edilən hüquqlar da qanuna zidd olacaq. Belə ki, məhkəmə cavabdehlər olan Balayevlər ailəsi ilə Cavabdeh6 arasında bağlanmış 01 may 2019-cu il tarixli miiqviləyə münasibət bildirməmişdir. Çünki heç bir cavabdeh məhkəmədə iştirak etməmişdir. Çəkişmə prosesi baş tutmamışdır. Qeyd edilən alqı satqı müqaviləsinin şərtlərindən aydın olur ki, Satıcı olan cavabdehlər Cavabdeh3, Cavabdeh2, Xanayeva Mehriban və Cavabdeh4 alıcı Şahverdi yev Çingiz Şəhmir oğluna: Müqavilənin 8-ci hissəsinə əsasən: Üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürüblər; 9-cu bəndinə görə Satıcılar alıcıya həmin daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin olmadığına təminat veriblər; Eyni zamanda Müqavilənin 12-ci maddəsinə görə Daşınmaz əmlakın alıcıya təhvil verilməsinin AKT tərtib etməklə rəsmiləşdirilməsinin mümkünlüyü notarius tərəfindən tərəflərə izah edilib. Satıcılar tərəfindən bu şərtlərin heç birinə əməl edilməyib. Artıq alıcı Ç. Şahverdiyev vicdansız sahib olaraq məhkəməyə cəlb edilmişdir. Cavabdeh olan Cavabdeh2 və Cavabdeh4 heç bir qanuni sənədləri olmadan qanuna zidd olaraq ələ keçirdikləri kənd təsərrüfatı təyinatlı torpaqda tam qanuna zidd olaraq 2015-ci ildə yaşayış evi və digər tikililər tikmişlər və cinayət tərkibli əməl törətmişlər.Bu torpağın kənd təsərrüfatı torpağı olduğunu çox yaxşı bilən DƏDRX 18 saylı Zaqatala ərazi idarəsi və orda aparılan tikililərin qanuna zidd cinayət tərkibli əməl olduğunu bildiyi halda bir -birinin ardınca müxtəlif çıxarışlar vermişdir. Halbuki 18 saylı ərazi idarəsi və notarius bu haqqda hüquq mühafizə orqanlarına məlumat verməli idi. Alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh olan satıcılar cavabdeh olan alıcı Cavabdeh6 1.0057 ha torpağı (həmin ərazidə torpağın 1 sotu 350 manata bərabərdir) və üzərində olan 100 min manatdan çox dəyəri olan evi və digər tikililəri 3000 manata satmışlar.Bu mümkün olmayan haldır. Ona görə də həmin torpaq Alıcı Şahverdiyevə satıcılar tərəfindən aktla təhvil verilməyib. Satıcılar və alıcılar çox yaxın olduqları üçün alqı- satqını görüntü üçün həyata keçiribər.Alıcı Şahverdiyev torpaq haqqında baş verən bütün hadisələri bilir, həmin torpağın satıcıların mülkiyyəti olmadığını da bilir, bağlanılan müqavilə görüntü yaratmaq üçün bağlanılıb. Balakən rayon məhkəməsi tərəfindən vicdanlı hesab edilən şəxs Cavabdeh6 alqısatqı müqaviləsini bağlayından əvvəl də bilirdi ki, həmin torpağın mülkiyyətçisi biz iddiaçılarıq. Eyni zamanda alıcı Cavabdeh6 Balakən rayon məhkəməsindən etirazımızla bağlı məhkəmə bildirişi aldığı zaman da onun bağladığı əqdin həqiqi olmadığını bir daha dərk etmiş, son halda məhkəmə bildirişini aldığı vaxtdan Cavabdeh6 vicdanlı yox, vicdansız sahib olmuşdur.Cavabdeh satıcıların evini tikdiyi vaxtdan baş verən hadisələrdən tam məlumatlı olduğu üçün alqı- satqı müqaviləsi bağlanan andan vicdansız sahibdir. Cavabdehlər, Cavabdeh2 onlar iddiaçıların iradəsinin ziddinə olaraq, eyni zamanda məhkəmə qərarlarının, ilk növbədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqda iddiasının rədd edilməsinə baxmayaraq qanuna zidd olaraq anası X1 adına götürdüyü Çıxarışla cinayət tərkibli əməllərini davam etdirmiş, həmin çıxarışda olan əmlak miras əmlakdır deyə vərəsəlik açdırmış, onun əsasın da yeni bir çıxarış əldə etmiş və bu çıxarışla iradəmizə zidd olaraq əlimizdən aldığı torpağı qanuna zidd olaraq bağlanmış müqavilə ilə başqa şəxsə satmışdır. Törədilən əməllər cinayət tərkibli əməllərdir. Balakən Rayon Məhkəməsi ümumiyyətlə işi araşdırmadan maddi və prosessual hüquq normalarını pozaraq qanuna zidd qətnamə çıxarmışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)- 440/2020 nömrəli qətnaməsini tam ləğv edib işə yenidən baxıb, iddialarının təmin edilməsi haqda yeni qətnamə çıxarmağı xahiş edirlər. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və eyni zamanda digər iddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızı, Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi İddiaçı1, iddiaçılar İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh6 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızı, Layıcova (Şütüyeva) Yeganə Kamil qızı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızı və Cavabdeh6 və cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsinə lazımi qaydada məhkəmə kollegiyasının iclaslarına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmənin elektron poçtu ünvanına məktubla müraciət edərək iş üzrə zəruri məlumatların əvvəllər işə baxılmış məhkəmə instansiyasına təqdim edildiyini, apellyasiya şikayəti üzrə məhkəməyə təqdim ediləcək heç bir əlavələrinin olmadığını, ona görə işə nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin “30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın” ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2021-ci il tarixli, 2(102)-2410/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(107)-1920/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, ilk olaraq qeyd olunmalıdır ki, iddiaçıların birinci tələbi 30 aprel 2019-cu il tarixli çıxarışın ləğv edilməsi ilə bağlıdır. İşin halları ilə müəyyən olunur ki, həmin çıxarışın verilməsinə əsas xx.xx.2019-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə olmuşdur. Həmin çıxarış mübahisələndirilmədən əvvəl ilkin olaraq çıxarışın verilməsinə əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin özü mübahisələndirilməlidir. Lakin işin halları baxımından belə tələbin olmadığı aşkardır. Həm 30 aprel 2019-cu il tarixli çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənəd və reyestr qeydiyyatının özü mübahisələndirilmədən çıxarışın ləğv edilməsi tələbinin irəli sürülməsi əhəmiyyətsiz tələb olmuş olur. İddiaçıların digər tələbi 01 may 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi ilə bağlıdır. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərinə istinad edən məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin ləğv edilməsinə dair tələbinin irəli sürülməsi hüququ yalnız həmin müqavilədə iştirak edən şəxslərə mənsubdur. İddiaçılar isə faktiki olaraq müqavilə tərəfi olmamışlar. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddiaçıların həmin növdə iddia tələbinin irəli sürülməsinə hüquqlarının olub-olmamasını yoxlamamış və müqavilənin ləğv edilməsinə dair tələb irəli sürmək hüququ olmayan şəxslərin iddiası əsasında əsassız olaraq müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılara Balakən Rayon Aqrar İslahat Komissiyasının 06 nömrəli qərarı ilə 1,08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 anası mərhum X4 ilə hazırkı iş üzrə iddiaçılar arasında onların mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş 10057,49 kv.m. torpaq sahəsinin alqı-satqısı bağlanmış hesab edilmişdir. Balakən Rayon Məhkəməsi 09 avqust 2018-ci il tarixdə həmin qətnamə üzrə icra vərəqəsi vermiş və icra vərəqəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsi X1 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 23 oktyabr 2018-ci il tarixdə qeydə alınaraq RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia təmin edilməmiş, həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli qərarına əsasən). İş materiallarından o da görünür ki, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş olmasına baxmayaraq, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmədiyindən, hazırkı iş üzrə iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu ıl tarixli qətnaməsi ilə (iş 2(019)- 607/2019) həmin iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli, 2(107)-2671/2019 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1272/2020 saylı, 27 fevral 2020-ci il tarixli qərarına əsasən). Bununla belə iş materiallarından o da aydın olur ki, mərhum X1 adına RX seriyalı, ******* nömrəli Çıxarış üzrə qeydə alınmış Balakən rayonu, Qazma kəndində yerləşən mübahisəli 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 aprel 2019-cu ıl tarixli, 2v- 207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh3, Cavabdeh2, X3 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla 30 aprel 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş, bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş 01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh6 satılmış və sonuncunun mübahisəli torpaq sahəsi üzərindəki hüquqları 03 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona **********24 reyestr nömrəli çıxarış verilmişdir. Hazırkı iddia tələblərində iddiaçılar məhz X1 vərəsələri olan cavabdehlərin adlarına verilmiş 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın, onlarla digər Cavabdeh6 arasında bağlanmış 01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh6 adına verilmiş çıxarışın ləğvini tələb edirlər. Birinci instansiya məhkəməsi ilk növbədə “ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın ləğv edilməsi” tələbinə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, mübahisəli əmlakın (torpaq sahəsinin) Cavabdeh6 satılması, bunun əsasında onun adına qeydiyyatdan keçməsi və həmin əmlaka dair ona müvafiq çıxarış verilməsi (hazırda da onun mülkiyyətində olması) işin mübahisəsiz hallarındandır. Başqa sözlə, bu hissədə iddiaçıların ləğv edilməsini tələb etdikləri müvafiq çıxarış (reyestrdəki qeydlər) artıq ümumiyyətlə mövcud deyildir. Bu isə qeyd edilən tələbin təmin edilməsini ümumiyyətlə istisna edir. İddiaçıların digər iddia tələblərinə gəldikdə isə, iddia ərizəsindən göründüyü kimi. həmin tələblər iki hissədən ibarətdir: -başlıca tələb 01 may 2019-cu il tarixli. 4Ə-252 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi barədədir. Onların təmin edilməsini xahiş etdikləri digər tələb - Cavabdeh6 adına verilmiş çıxarışın ləğvi isə məhz qeyd edilən həmin tələbdən törəmədir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə 01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinin əsaslı olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Mülki Məcəllənin 421.2-ci maddəsinə görə, “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”. Mülki Məcəllənin 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Mülki qanunvericiliyin sadalanan müddəalarına görə, müqavilənin ləğv edilməsi yalnız yuxarıdakı normalarda qeyd edilən üç halda mümkündür. Digər tərəfdən müqavilənin ləğvi barədə iddia qaldırmaq hüququ yalnız müqavilənin tərəflərinə məxsusdur, müqavilənin tərəfi olmayan şəxsin onun ləğvi barədə iddia irəli sürməsi imkanı isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçılar həmin müqavilənin etibarsızlığı tələbini qoymamış və bununla bağlı əqdlərin etibarsızlığına əsas yaradan heç bir faktoloji və hüquqi əsaslara (Mülki Məcəllənin 337-353-cü maddələri) istinad etməmişlər. Məhkəmənin isə iddia tələbindən kənara çıxmaq səlahiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımından məhkəmə, iddiaçıların “01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alqısatqı müqaviləsinin ləğv edilməsi” barədə iddia tələblərinin təmin olunmasını mümkün hesab etmir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçıların digər tələbləri Cavabdeh6 adına verilmiş çıxarışın ləğvi üzrə əlavə əsaslandırma aparılması ümumiyyətlə zərurət deyildir. Belə ki, “01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Bununla belə məhkəmə həmçinin qeyd edir ki, mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh6 onu vicdanlı əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu müddəa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində də öz əksini tapmışdır. Mülki qanunvericilikdən göründüyü kimi, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir. Bu isə o deməkdir ki, “01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alqısatqı müqaviləsinin ləğv edilməsi” tələbi əsaslı olsa idi və bunun əsasında aparılmış qeydiyyat əsassız çıxsa idi belə, iddiaçıların pozulmuş hüquqları bu mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin (Cavabdeh6) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməzdi. Həmçinin apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-808/2022 saylı qətnaməsindən görünür ki, Balakən regional Asan Xidmət mərkəzi notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-869/2022 saylı qətnaməsi Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-808/2022 saylı qətnaməsindən cavabdeh Balakən regional Asan Xidmət mərkəzi notariat ofisinin xüsusi notariusu X5 verilmiş şikayət təmin edilməmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin tamamilə əsassız olması barədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçıların birinci tələbi 30 aprel 2019-cu il tarixli çıxarışın ləğv edilməsi ilə bağlıdır. İşin halları ilə müəyyən olunur ki, həmin çıxarışın verilməsinə əsas xx.xx.2019-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə olmuşdur. Hazırda da həmin şəhadətnamə ləğv edildiyindən iddia tələbi həmin hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. Həmçinin apellyasiya məhkəməsi iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıların digər tələbi 01 may 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların subyektiv hüququna qiymət verərkən isə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrin ləğvi və yaxud dəyişdirilməsi qaydasını tənzimləyən 421.2-ci maddəsinə əsasən müqavilələrin etibarsızlığı iddialarından fərqli olaraq müqavilənin ləğvi tələbini irəli sürmə hüququ yalnız həmin müqavilənin tərəflərinə məxsusdur. İddiaçılar isə faktiki olaraq müqavilə tərəfi olmamışlar. Ona görə də iddia tələbi həmin hissədə əsassızdır. Birinci instansiya məhkəməsi həmin haqlı olaraq iddia tələbini təmin etməmişdir. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. Mülki Prosesual Məcəllənin 88-ci (sübutların qiymətləndirilməsi) maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosesual Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin tamamilə təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin “ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın” ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, “30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarış və ona dair reyestr qeydiyyatı ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddia tələbində yalnız 30 aprel 2019-cu il tarixli,**********24 nömrəli çıxarışın ləğvi göstərildiyi halda, ona dair reystr qeydiyyatının da ləğv edilməsi qənaətinə gəlməsini onunla əsaslandırır ki, iddiaçılar çıxarışın ləğv edilməsini deyərkən, yalnız çıxarışın ləğvini deyil, eyni zamanda reystr qeydiyyatını da nəzərdə tutmuşlar, əks halda reystr qeydiyyatı ləğv edilmədən çıxarışın ləğvi əhəmiyyətsiz olar. Bu baxımından da məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipini də rəhbər tutaraq iddia tələbində 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın ləğvi göstərildiyi halda, ona dair reystr qeydiyyatının da ləğv edilməsi məsələsinə baxılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin “ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın” ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarış və ona dair reyestr qeydiyyatı ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-82/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-82/2022
02.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver