Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-827/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(054)-8/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi, 2-ci kvartal 578 saylı torpaq sahəsinin yerləşmə sxemi, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2014-cü il tarixli qərarından görünür ki, araşdırma zaman, müəyyən edilmişdir ki, İddiaçı ərizəsi əsasında toplanmış marterialda cinayət tərkibi yoxdur, mülki məsələdir və məhkəmə qaydasında həll edilməlidir. Eyni zamanda İddiaçı izah edilməlidir ki, həmin mülki xarakterli məsələnin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət edilməlidir.
2. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2014-cü il tarixli qərarının ləğv edilməsi barədə Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun xx.xx.2014-cü il tarixli qərarından görünür ki, İddiaçı izahatı alınmalı, materiala əlavə edilmiş Maştağa qəsəbəsi Savalan yaşayış massivi 2-ci kvartal 578 saylı torpaq sahəsinin alqı-satqının predmeti olmuş torpaq sahəsini əhatə edib etmədiyi və hal hazırda kimə məxsus olduğu aydınlaşdırılmalıdır. materiala əlavə edilmiş sənədlərin qeyd edilən torpaq sahəsinə aid olub olmadığı dəqiqləşdirilməli və Cavabdeh bu barədə izahatı alınmalıdır. Ona görə də Sabunçu RPİnin İŞ-də araşdırılmış 218 JMbli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə müstəntiq, polis kapitanı Asəf Məmmədovun xx.xx.2014-cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilmiş, material araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir.
3. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, vət. X1 Baş prokurorluğa ünvanladığı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi yoxdur. Tərəflər arasında olan mübahisə mülki xarakterlidir. Buna görədə Oğuz rayon məhkəməsinə müraciət olunduğu halda məhkəmə iclasında həll olunmalıdır. Odur ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməklə maraqlı tərəflərə məlumat verilməlidir.
4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin xx.xx.2014-cü il tarixli, Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun xx.xx.2014-cü il tarixli müraciətə cavab məktublarından görünür ki, Sabunçu RPİ-nin İŞ-də araşdırılmış 218 №li materialı Sabunçu rayon prokurorluğuna daxil olmuş və öyrənilmişdir. Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Asəf Məmmədovun xx.xx.2014cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilərək material obyektiv, ətraflı araşdırmanın aparılması və qanuna müvafiq qərar qəbul olunmasını təmin etmək üçün Sabunçu RPİ-nə göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9000 (doqquz min) ABŞ dolları, 250 (iki yüz əlli) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ilin may ayında torpaq sahəsi almaq istədiyi üçün soraqlaşıb bilmişdir ki, Maştağa qəsəbəsi Savalan yaşayış massivi ərazisində münasib qiymətə torpaq sahəsi vardır. Bu məqsədlə o, bacısı Hüsniyyə və oğlu Şükran ilə birlikdə Savalan yaşayış massivinin ərazisinə getmiş və orada məlum olmuşdur ki, həmin torpaq sahələrinin satışı ilə vasitəçi (dəllal) kimi Cavabdeh adlı şəxs məşğul olur. Onlar həmin şəxsin işlədiyi ofisin yerini öyrənib həmin yerə getmiş və orada o, Cavabdeh adlı şəxslə, yəni hazırki iş üzrə cavabdehlə tanış olmuşdur. Cavabdeh münasib qiymətə torpaq sahələri olduğunu demiş və onlar birlikdə həmin torpaq sahələrinə baxmağa getmişlər. Bir neçə torpaq sahəsinə baxdıqdan sonra o, həmin torpaq sahələrindən birini seçmişdir. Cavabdeh həmin torpaq sahəsinə görə ondan beh olaraq 250 manat pul istəmiş, o da bacısının və oğlunun yanında həmin məbləği cavabdehə vermişdir. Bir həftə sonra cavabdeh Həqiqət adlı bir qadınla onun yaşadığı evə gələrək ona satacağı torpaq sahəsinə dair sənəd təqdim etmiş və həmin torpaq sahəsinə görə 9000 ABŞ dolları pul almışdır. Sonradan o, cavabdehin həmin torpaq sahəsini ona təhvil vermədiyini görüb şübhələnmiş və cavabdehin ona verdiyi sənədi müvafiq orqana təqdim etmişdir. Həmin orqanda qeyd olunan sənədin saxta olduğunu ona bildirmişlər. Bundan sonra o, verdiyi pulu cavabdehdən geri tələb etsə də, cavabdeh onun pulunu qaytarmaqdan yayınmışdır. O, cavabdehin barəsində şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etmiş, onun şikayəti əsasında araşdırma aparılaraq cavabdehin əməlində cinayət tərkibi olmaması əsası ilə xx.xx.2014-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda izahatı qeyd edilmiş cavabdeh ondan 9000 ABŞ dolları pul aldığını etiraf etsə də, guya sonradan qaytardığını qeyd etmişdir. Cavabdeh ondan aldığı 9000 ABŞ dolları və 250 manat pulu indiyədək qaytarmamışdır. Cavabdehin onu aldatması nəticəsində ona 9000 ABŞ dolları və 250 manat miqdarında maddi zərər dəymişdir. Ona görə də o, həmin maddi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
7. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 27 yanvar 2022-ci il tarixli, 2(054)- 8/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh borc məbləği olaraq qətnamənin icra olunduğu günə ABŞ dollarının AR Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 9000 (doqquz min) ABŞ dolları, həmçinin, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin cavabdehdən 250 (iki yüz əlli) manat pul tutulmasına dair hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı şifahi razılaşma olsa da, notariat qaydasında qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcud olmamış və iddiaçının satın almaq istədiyi torpaq sahəsi cavabdehin mülkiyyətində də olmamışdır. İddiaçının deməsinə görə cavabdeh həmin torpaq sahəsinin satılması ilə bağlı şifahi danışıq və razılaşmalarda vasitəçi kimi iştirak etmişdir. Göründüyü kmi, iddiaçı yalnız cavabdehlə aralarında olan şifahi danışıq və razılaşmalara əsasən əmlak əldə etmək niyyəti ilə və həmin əmlakın dəyərini ödəmək üçün cavabdehə 9000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh də iddiaçıdan pulu həmin məqsədlə aldığını təsdiq etməsə də, həmin miqdarda pul aldığını inkar etmir.
9. Hazırki iş üzrə tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə edilmiş razılıq etibarsız olmaqla, bu razılaşma əsasında tərəflərin hər biri aldığını digərinə qaytarmalıdır. Qanunvericiliyin tələbinə görə iddiaçı öz iddia tələbinin əsaslarını sübut etməli olduğu kimi, cavabdeh də iddia tələbinə etirazlarının əsaslarını sübut etməlidir. İddiaçı tərəfindən cavabdehə 9000 ABŞ dolları pul verildiyi sübut edilməsinə və cavabdeh də həmin miqdarda pulu iddiaçıdan aldığını inkar etməməsinə baxmayaraq aldığı pulu geri qaytardığını və hazırda iddiaçıya borcu qalmadığı barədə iddia tələbinə etirazlarını sübut edə bilməmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 713-İİQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.3-cü maddələrinə, Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 329.1, 329.2, 337.5, 394, 386.1, 389.1, 406.1 və 439.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həqiqətən də 2008-ci ildə ona 9000 ABŞ dolları pul vermişdir. Lakin həmin məbləğ Savalan yaşayış massivinin ərazisində torpaq sahəsi almaq niyyəti ilə verilməmişdir. İddiaçı onunla birgə şərik kimi daşınmaz əmlak alqı-satqısı ilə məşğul olmalarını təklif etmiş və 9000 ABŞ dolları pul vəsaitini ona bu niyyətlə vermişdir. O, özüdə 9000 ABŞ dolları pul qoyaraq 18000 ABŞ dollarına torpaq sahəsi satın almış və bir müddət sonra həmin torpaq sahəsini başqa şəxsə sataraq iddiaçıdan aldığı 9000 ABŞ dollarını geri qaytarmışdır. Sonradan iddiaçı yaşadığı evin plana düşdüyünü evin pulunu alıb özünə başqa yerdə ev və obyekt alamaq istədiyini ona deyəndə o da ona kömək edəcəyini deyərək həmçinin ona məxsus olan Savalan qəsəbəsində yerləşən obyekti 40000 ABŞ dollarına satmaq istədiyini demişdir. İddiaçı yaşadığı evin pulunu alan kimi gəlib həmin obyekti alacağını bildirmiş lakin, həmin vaxtdan uzun müddət keçsə də iddiaçı obyekti almaq üçün gəlməmişdir. Bu müddət ərzində o, iddiaçıya dəfələrlə zəng etmiş və iddiaçı hər dəfə tezliklə gələcəyini demişdir. Sonradan isə real alıcı olduğuna görə həmin obyekti başqasına satmışdır. Onunla iddiaçının münasibətləri əvvəllər yaxşı olsa da, sonradan aralarında narazılıq yaranmış və iddiaçı onun barəsində hüquq mühafizə oraqanlarına müraciət etmişdir. İddiaçı yaşadığı evin plana düşdüyünü bildirərək özünən ev almaq istədiyini ona deyəndə o iddiaçıya ev tapmağa kömək edəcəyini demişdir, lakin ev və həyət yanı torpaq sahəsi üçün iddiaçıdan pul almamışdır. İddiaçıdan aldıqığı 9000 ABŞ dolları pulu 2008-2009-cu illərdə dəqiq tarixini xatırlamadığı bir vaxtda ancaq soyuq və yağışlı bir gündə özünün işlədiyi ofisin içərisində tanışı ona verdiyi 2500 manatın üstünə də gedib avtomobilindəki pulu əlavə etməklə hamısını bir dəfəyə iddiaçıya qaytarmışdır. Həmin pulların içərisində həm manat həmdə ABŞ dolları ilə olan pul əskinasları olmuş, manatla olan pulları həmin vaxt ABŞ dollarının manata olan məzənnəsi ilə vermişdir. O, iddiaçıya pulu qaytaranda bu barədə ondan qəbz almamışdır, lakin həmin vaxt ofisdə onları tanıyan 5-6 nəfər şəxs olmuşdur. Həmin şəxslərdən Hidayət, Rəşid və Orxan adlı tanışlarını xatırlayır. Adı çəkilən şəxslərdə onun iddiaçıya olan borcunu qaytardığının şəxsən şahidi olmuşdular. Hazırda onun iddiaçıya hər hansı miqdarda borcu qalmamışdır.
13. Qeyd edilənlərə əsasən Oğuz Rayon Məhkəməsinin Qərarının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi onun və şahidlərin ifadələrinə düzgün qiymət verməmişdir. İddiaçı 2008-ci il tarixdə ona 9000 ABŞ dolları verərək, onunla birlikdə alqı-satqı fəaliyyəti ilə məşğul olmaq istəmişdir. O da həmin 9000 ABŞ dollarının üstünə əlavə 9000 ABŞ dolları qoyaraq, 18000 ABŞ dollara 6 sot. Torpaq sahəsi almışdır. Sonra iddiaçı ona dedi ki, oğlunun problemi ilə bağlı ona pul lazımdır, torpağı sat, pulu qaytar. Bundan sonra iddiaçının pulunu qaytarmışdır. Əgər onun iddiaçıya o qədər borcu var idisə, sonradan iddiaçı nəyə görə ondan borc pul alırdı. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasını xahiş edir.
16. Məhkəmənin sonuncu iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı cavabdehə pulu 2008-ci il tarixdə birgə iş qurmaq adı ilə verib. Cavabdeh də səmimi adam olduğundan bunu birinci instansiya məhkəməsində pulu aldığını etiraf etməklə yanaşı, sonradan həmin pulun qaytarıldığını da bildirmişdir. Bunu təsdiq edəcək şahidlər də vardır. Lakin birinci instansiya məhkəməsi şahidlərin ifadəsinə tənqidi yanaşaraq, sübut kimi qəbul etməmişdir. Bundan əlavə iddiaçı 2008-ci il tarixdə vermiş olduğu pulu 14 ildən sonra, 2022-ci ildə tələb edir. Hesab edir ki, hətta ümumi iddia müddəti də keçib. Lakin birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almamış, şahid ifadələrini inandırıcı qəbul etməməklə yanaşı, iddia müddətini də tətbiq etməmişdir. Hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməklə, iddia rədd olunmalıdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
18. İddiaçı rəsmi poçt vasitəsilə yanaşı, istifadəsində olan 55 959 98 30 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
19. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) . Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(054)-8/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, tələb cavabdehə verilmiş 9000 ABŞ dolların qaytarılması barədədir.
26. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, o cavabdehi alqı-satqı vasitəçisi kimi tanımış və ona torpaq lazım olduğu üçün sonuncuya 9000 ABŞ dollar məbləğində pul vermişdir. Lakin cavabdeh həmin vaxtdan ona nə torpaq alıb vermiş, nə də ki, pulu qaytarmışdır. Bu barədə müxtəlif orqanlara müraciət etsə də, pulunu geri ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
27. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, o həqiqətən də iddiaçını tanıyır və sonuncu ona 2008-ci il tarixdə 9000 ABŞ dollar məbləğində pul vermişdir. Lakin iddiaçı həmin pulu ona torpaq almaq niyyəti ilə deyil, birgə iş qurmaq məqəsdilə vermişdir. Lakin sonradan iddiaçı verdiyi pulu ondan geri istədiyindən, o da həmin pulu qaytarmışdır. Cavabdeh sonda iddiaçıya heç bir borcunun qalmadığını bildirmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
29. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
30. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
31. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
33. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
34. İşin apellyasiya icraatı zamanı müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı şifahi razılaşma olsa da, notariat qaydasında qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcud olmamış və iddiaçının satın almaq istədiyi torpaq sahəsi cavabdehin mülkiyyətində də olmamışdır. İddiaçının deməsinə görə cavabdeh həmin torpaq sahəsinin satılması ilə bağlı şifahi danışıq və razılaşmalarda vasitəçi kimi iştirak etmişdir. Göründüyü kimi, iddiaçı yalnız cavabdehlə aralarında olan şifahi danışıq və razılaşmalara əsasən əmlak əldə etmək niyyəti ilə və həmin əmlakın dəyərini ödəmək üçün cavabdehə 9000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh də iddiaçıdan pulu sonuncuya torpaq almaq məqəsədilə aldığını təsdiq etməsə də, digər məqəsədlə, yəni birgə iş qurmaq və ya birgə fəaliyyət göstərmək niyyəti ilə aldığını inkar etmir.
35. Mübahisənin bu halında kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı, yaxud haqsız olmasını, o cümlədən pulun cavabdehə hansı məqsədlə verilməsini (torpaq almaq yaxud birgə fəaliyyət göstərmək) araşdırmaq, hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız cavabdeh tərəfindən alınmış pulun qaytarılması tələbidir. Kollegiya qeyd edilən dəlilləri əsaslı hesab etmir və bu dəlilləri iddia tələbindən yayınmaq kimi qiymətləndirir.
36. Göründüyü kimi pulun hansı məqsədlə verilməsindən və ya alınmasından asılı olmayarq cavabdeh özü mübahisələndirilən məbləğin ona verilməsini qəbul etmiş və beləliklə də iddiaçının hesabına gəlir əldə etməklə əsassız varlanmışdır.
37. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini, eyni zamanda cavabdehin iddiaya olan etiraf hissəsini və etirazını yoxlamışdır. Bu mənada, kollegiya hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbini qismən, yəni cavabdehin etiraf hissəsində təmin etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
38. Çünki qanunvericiliyin tələbinə görə iddiaçı öz iddia tələbinin əsaslarını sübut etməli olduğu kimi, cavabdeh də iddia tələbinə etirazlarının əsaslarını sübut etməlidir. İddiaçı tərəfindən cavabdehə 9000 ABŞ dolları pul verildiyi sübut edilməsinə və cavabdeh də həmin miqdarda pulu iddiaçıdan aldığını inkar etməməsinə baxmayaraq aldığı pulu geri qaytardığını və hazırda iddiaçıya borcu qalmadığı barədə iddia tələbinə etirazlarını sübut edə bilməmişdir.
39. Şahid ifadələrinə gəldikdə isə kollegiya iddiaçı tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmir. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübut etmə predmetinə daxil olan hallar) barədə bilvasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahidlər cavabdeh tərəfindən iddiaşıya 9000 ABŞ dllar məbləğində pulun qaytarılmasına dair ifadə verməmiş, bunu konkret faktlarla təsdiq edə bilməmişlər.
41. Kollegiya cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
42. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
43. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
44. Göründüyü kimi qanunvericilik iddia müddətinin tətbiqi ilə bağlı mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək ərizə verməli olmasını şərtləndirir. İddia müddəti məhkəmə qərarı çıxarılanadək prosesin istənilən mərhələsində verilmiş ərizə əsasında tətbiq edilə bilər. Bu o deməkdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən prosesdən məlumatlı olmuş və ya iclasda iştirak etmiş şəxs iddia müddətinin tətbiqi barədə ərizə verilməyibsə, yuxarı instansiya məhkəmələrində müddətin ötməsinə istinad edilə bilməz.
45. Hazırki işdən də müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarından məlumatlı olmaqla yanaşı, həmin iclaslarda iştirak etmiş, lakin iddia müddətinin tətbiqi barədə ərizə (vəsatət) verməmişdir. Ona görə də kollegiya apellyatorun bu dəlilini də əsaslı hesab etmir.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(054)-8/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ayaz Mahmudov