Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-827/2023 04.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(051)-949/2023 saylı qərardadından Cavabdeh verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı ata qrafasındakı qeydin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(051)-949/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı ata qrafasındakı qeydin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən iddia ərizəsinin surəti və bildiriş Cavabdeh təqdim edilmədiyindən cavabdeh ilk əvvəl telefon mesajının iddiaçı tərəfindən göndərildiyinə inanmışdır. Lakin 20 aprel 2023-cü il tarixdə vəkillə məsləhət etdikdə vəkil iş üzrə cavabdehə bildirmişdir ki, ona mesaj məhkəmədən gəlmişdir. Həmin vaxt iş üzrə Cavabdeh vəkillə müqavilə bağlamışdır, vəkil məhkəmə ilə əlaqə saxladıqdan sonra İddiaçı Cavabdeh qarşı atalıq verdiyi uşağın saxlanması üçün aliment tələb etməsi məlum olmuşdur. İddiaçının doğduğu uşağa atalıq verməyinə dair narazılığı olmuşdur və iddiaçı ilə birlikdə qərara gəlmişdirlər ki, bu narazılığı bioloji qohumluğun təyini Atalıq DNT testinin və ya məhkəmə genetik ekspertizasının təyini yolu ilə aradan götürsünlər. Ona görə də 28 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən doğulmuş uşağa bioloji qohumluğun təyini Atalıq testinin keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət təqdim edilmişdir. Təqdim edilən vəsatət məhkəmə tərəfindən rədd edildiyinə görə nəzərə alınmışdır ki, qərardaddan şikayət verilməsi mümkünsüzlük olduğu üçün məhkəməyə təqdim edilən iddiaya qarşı qarşılıqlı iddia ilə müraciət edilmişdir. Ona görə də həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2(051)-949/2023 saylı qərardadı ilə, Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(051)- 949/2023 saylı qəradadından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(051)-949/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Göründüyü kimi, cavabdeh qarşılıqlı iddianı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra vermişdir. Həmçinin cavabdeh qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışı zamanı əmələ gəlmiş olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, Cavabdeh ilk iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi verməklə, Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 12 yanvar 2023-cü il tarixdə verilmiş AZ-İ №432745 saylı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki (akt qeydləri 2022-ci ilin dekabr ayının 24 günündə 25 nömrə ilə qeyd edilmişdir) vətəndaş Cavabdeh qrafasındakı qeydin, eləcə də xx.xx.2022-ci il tarixli, AZ-İV №778164 nömrəli doğum haqqında” şəhadətnaməsindəki (doğum haqqında AKT qeydləri kitabında 2022-ci ilin 02 ayının 16-cı günündə qeydiyyat №11 nömrə ilə qeyd edilmişdir) atası qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsini bir vəzifə olaraq Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə tapşırılmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ata qrafasındakı qeydin etibarsız hesab edilməsinə dair qarşılıqlı tələbi ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir. Belə ki, aliment haqqında qətnamə qəbul edilən zaman yalnız uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin miqdarının müəyyən edilməsi məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2023cü il tarixli, 2(051)-949/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2023cü il tarixli, 2(051)-949/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(051)-949/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-827/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-827/2023
04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver