Məhkəmə qərarları › İş №2(107)-832/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-832/2025

18.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-832/2025 18.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi, apellyasiya şikayəti verimiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbi barədə iddia ərizəsinə və Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(075)-977/2025 nömrəli qətnaməsindən İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı 03 mart 2025-ci ildə Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin birgə nikahından anadan olmuş 04 sentyabr 2019-cu il təvəllüdlü X4 və 07 iyun 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və onların nikahı 10 noyabr 2021-ci ildə rəsmi qaydada qeydə alınmışdır. Onların birgə nikahından 04 sentyabr 2019cu il tarixdə Mədinə və 07 iyun 2023-cü il tarixdə isə İbrahim adlı uşaqları anadan olmuşdur. Onlar bir müddət birlikdə yaşasalar da, artıq münasibətləri pozulduğu üçün cavabdehlə birlikdə yaşamaları mümkün deyil. Buna görə də mediasiyaya müraciət etmiş və mediasiya sessiyasında alimentlə bağlı razılığa gələ bilməmişlər. Ancaq uşaqların onun yanında qalması ilə bağlı aralarında barışıq sazişi bağlanmışdır. Qeyd etdiyi səbəblərdən də aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qanunda göstərildiyi kimi uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment almaq hüququ var. Buna görə də uşaların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh tərəfindən ona alimentin ödənilməsini tələb edir. O, ilkin mediasiya sessiyasında olmuş və mediasiya baş tutmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mediasiyanın baş tutmamağı ilə bağlı xx.xx.2025-ci il tarixdə ona arayış təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh da 08 mart 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı qarşı “nikahın pozulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında 10 noyabr 2021-ci il tarixdə Şəki Regional "ASAN xidmət” X2 № 853 nömrə ilə qeydə alınmış nikahın barışıq üçün vaxt verilmədən pozulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsində həmin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır, artıq bir bir neçə aydır ki, onların ailə münasibətləri pozulmuşdur. Dəfələrlə aralarında mübahisələr olmuş və artıq birgə yaşamaları mümkün deyil. Bir neçə aydır ki, faktiki olaraq onlar ayrı yaşayırlar. Artıq onların nikahı formal xarakter daşıyır və ailə münasibətlərinin bərpası mümkün deyil. Ona görə də, İddiaçı ona qarşı “aliment” tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, o da öz növbəsində “nikahın pozulması" tələbi ilə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Onlar 14 fevral 2025-ci il tarixdə mediasıya prosesində iştirak etmişlər və aralarında olan nikahın, yəni onunla İddiaçı arasında 10 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN xidmət” X3 qeydə alınmış nikahın barışmaları üçün vaxt verilmədən məhkəmə qaydasında pozulması və birgə nikahlarından olan övladları - 04 sentyabr 2019-cu il təvəllüdlü X4 və 07 iyun 2023-cü il təvəllüdlü X5 boşanmadan sonra anaları İddiaçı himayəsində və yanında saxlanılması barədə 14 fevral 2025-ci il tarixli № MŞŞ/MT-018/2025-00120 nömrəli Barışıq sazişi imzalanmışdır. Lakin, nikahın pozulması məhkəmənin səlahiyyətinə aid olduğundan 14 fevral 2025-cı il tarixdə Mediasıya prosesinə xitam verilməsi haqqında protokol tərtib edilmişdir. Bundan sonra isə İddiaçı “aliment” tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də, o, hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı ilk iddia tələbi üzrə Cavabdeh 29 mart 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı “aliment tutulması” tələbi barədə iddia ərizəsinə qarşı yazılı Etiraz təqdim edərək, İddiaçı ona qarşı “aliment” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmiş və həmin Etirazını - anadangəlmə “astiqmatizm” xəstəliyinin olması, 2-ci qrup əlil olması, bundan əlavə ağır dərəcədə “şəkərli diabet” xəstəliyindən əziyyət çəkməsi, xəstəlikləri ilə bağlı hər ay mütəmadi olaraq müxtəlif dərmanlar qəbul etməsi və həmin dərmanların kifayət qədər bahalı olması, maddi vəziyyətinin olduqca ağır olması, onun ağır xəstəliklərdən əziyyət çəkməsini və maddi imkanının yaxşı olmamasının iddiaçının da bildiyini, lakin valideynlərinin təkidi ilə iddiaçının ondan kifayət qədər yüksək aliment tələb etməsi, Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən olunsa da, uşaqlara baxmaq hər iki valideyinin borcunun olması – ilə əsaslandırmışdır.

2. Birinci instansiya məhkəməsində icraat

İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbi barədə iddia ərizəsinə və Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı qəbul edilmiş Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) 13 may 2025-ci il tarixli, e-2(075)-977/2025 nömrəli qətnaməsi ilə qət edilmişdir ki: - “İlk iddia qismən təmin edilsin. Tərəflərin birgə nikahdan olan uşaqları 04 sentyabr 2019-cu il təvəllüdlü X9 və 07 iyun 2023-cü il təvəllüdlü X1 üçün ilk iddia tələbi üzrə Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutularaq ilk iddia tələbi üzrə İddiaçı ödənilsin. Aliment tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İlk iddia tələbi üzrə Cavabdeh 58,4 (əlli səkkiz manat qırx qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında 10 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN Xidmət” X2 bağlanmış 853 nömrəli nikah pozulsun. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 14 fevral 2025-ci il tarixli, MŞŞ/MT018/2024-00120 saylı barışıq sazişinə əsasən İddiaçı və Cavabdeh aralarında 11 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN Xidmət” X2 bağlanmış nikahın məhkəmə qaydasında pozulması, İddiaçı və Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları – 04 sentyabr 2019-cu il təvəllüdlü X4 və 07 iyun 2023-cü il təvəllüdlü X5 anaları İddiaçı himayəsində və yanında saxlanılması barədə razılaşma nəzərə alınsın. Tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. ” Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(075)-977/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin ilkin iddia və qarşılıqlı iddia tələbəri ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Şəki regional “ASAN Xidmət” X8 tərəfindən 10 noyabr 2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında 10 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN Xidmət” X2 bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 853 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cəlilova soyadı verilmişdir. Şəki regional “ASAN Xidmət” X8 tərəfindən 19 yanvar 2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 sentyabr 2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Şəki regional “ASAN Xidmət” X8 tərəfindən 19 iyun 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 iyun 2023-cü il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 14 fevral 2025-ci il tarixli, MŞŞ/MT018/2024-00120 saylı barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh aralarında 11 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN Xidmət” X2 bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına razıdırlar. İddiaçı və Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları – 04 sentyabr 2019-cu il təvəllüdlü X4 və 07 iyun 2023-cü il təvəllüdlü X5 anaları İddiaçı himayəsində və yanında saxlanılmasına hər iki valideyn İddiaçı və Cavabdeh razıdırlar. Mediasiya Prosesinə xitam verilməsi haqqında 14 fevral 2025-ci il tarixli, MŞŞ/MT018/2024-00120 saylı protokoldan görünür ki, tərəflər arasında mediasiya prosesinin keçirilməsi ilə bağlı ilkin mediasiya sessiyası üçün 50 manat və tam mediasiya sessiyası üçün 130 manat olmaqla, ümumilikdə 180 manat mediasiya xərcinin 120 manatı İddiaçı, 60 manat isə Cavabdeh tərəfindən Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi xx.xx.2025-ci il tarixli elektron sistemdən çıxarışından görünür ki, Cavabdeh ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh ilə 10 noyabr 2021-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahından 04 sentyabr 2019-cu il tarixdə Mədinə və 07 iyun 2023-cü il tarixdə İbrahim adlı uşaqları anadan olmuşdur. İddiaçı bildirir ki, cavabdehlə əvvəllər səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Mediasiya mərhələsində bağladıqları barışıq sazişi ilə hər iki tərəf nikahın məhkəmə qaydasında pozulmasına, birgə nikahdan olan uşaqlarının anasının himayəsində saxlanılmasına razı olduqlarını bildirmişlər. Hər iki tərəf nikahın pozulmasına razı olduqlarından, məhkəmə hesab edir ki, nikahın pozulması barədə qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə İddiaçı və Cavabdeh aralarında 11 noyabr 2021-ci il tarixdə Şəki regional “ASAN Xidmət” X2 bağlanmış nikahın məhkəmə qaydasında pozulması, İddiaçı və Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları – 04 sentyabr 2019-cu il təvəllüdlü X4 və 07 iyun 2023-cü il təvəllüdlü X5 anaları İddiaçı himayəsində və yanında saxlanılması barədə razılaşmalarının uşaqların hüququnu pozmadığını düşünərək hesab edir ki, həmin saziş nəzərə alınmalıdır. Məhkəmə aliment məbləğinin həcmini, ilk iddia tələbi üzrə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Belə olan halda, məhkəmə, qeyd edilənləri, 2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulmasının əvvəli ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2025ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, ilk iddia tələbi üzrə Cavabdeh 58,4 (əlli səkkiz manat qırx qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması da izah edilməlidir. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1, 21.2, 22.1, 22.2, 36.9, 75.1, 75.4, 78.1, 78.2 və 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə, "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4, 8 11 və 19-cu maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına, "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa, “Minimum aylıq əmək haqqının məbləğinin xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilməsi” barədə “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 234.2.1-ci maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1. İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(075)-977/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(075)-977/2025 nömrəli qətnaməsinin ləğv olunması və “aliment tutulması” barədə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahından anadan olan 04 sentyabr 2019-cu il təvəllüdlü X4 və 07 iyun 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(075)-977/2025 saylı qətnaməsinə əsasən onun bu iddia qismən təmin edilmiş, uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qərara alınmışdır. Lakin, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Uşaqların həyatı və sağlamlığı, onların maddi və digər təlabatlarının ödənilməsində ananın yanında saxlanması daha məqsədəuyğun olmaqla bərabər, uşağın maddi təminatının da qarşılanması mütləqdir. Bundan başqa uşağın saxlanması üçün aliment bu gün 246 manat təşkil edir. Buna görə də, o, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil və onun tələbinə münasibətdə çox az bir məbləğ təmin edilmişdir. Çünki, mülki iş üzrə məhkəmə qərar qəbul edərkən ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 246 manat olduğunu nəzərə almamış və məhkəmənin təmin etdiyi məbləğ hər bir uşaq üçün 160 manat olmuşdur. Halbuki, həmin məbləğ 5-6 il əvvəl məhkəmələr tərəfindən təmin edilirdi. Ölkə Prezidenti hər il uşaqlar üçün yaşayış minimumunu artırmaqdadır. Bu da onu deməyə əsas verir ki, 160 manat məbləğində alimentlə uşaqları saxlamaq mümkün deyil. Məhkəmə obyektiv araşdırma aparmamışdır və qeyd etdiyi halları nəzərə almamışdır. O, iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2025-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edildiyini əsaslandırsa da, məhkəmə cavabdehin mülahizəsini əsas tutaraq qətnamə qəbul etmişdir. Hesab edir ki, həmin qətnamə alimentin tutulması hissəsində qanuni və əsaslı deyildir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 14 sentyabr 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı verdiyi apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(075)-977/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və həmin Etirazını onunla əsaslandırmışdır ki, İddiaçı apelyasiya şikayəti tamamilə əsassızdır və Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(075)-977/2025 saylı qətnaməsi tam qanuni, əsaslı və ədalətlidir. Apelyator apelyasiya şikayətində qeyd etmişdir ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır”. Həmçinin apelyasiya şikayətində qeyd edilmişdir ki, “uşaqların həyatı və sağlamlığı, onların maddi və digər təlabatlarının ödənilməsində ananın yanında saxlanması daha məqsədəuyğun olmaqla bərabər uşağın maddi təminatının da qarşılanması mütləqdir və uşağın saxlanması üçün aliment bu gün 246 manat təşkil edir”. Halbuki, apelyatorun bu mövqeyi tamamilə əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, qanunvericilik uşaqları saxlamaq vəzifəsini hər iki valideyin üzərinə qoymuşdur. Halbuki, hazırda iddiaçı onların birgə niakhdan olan övladlarının saxlanılmasını yalnız onun üzərinə atmaq istəyir. Ailə Məcəlləsinin tələblərinə görə sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır. Bildirir ki, o, iki xəstəlikdən əziyyət çəkir. Belə ki, onda anadangəlmə “astiqmatizm” xəstəliyi mövcuddur və hazırda İİ qrup əlildir. Bundan əlavə, o, artıq uzun zamandır ki, ağır dərəcədə “şəkərli diabet” xəstəliyindən əziyyət çəkir. O, xəstəlikləri ilə bağlı hər ay mütəmadi olaraq müxtəlif dərmanlar qəbul edir ki, həmin dərmanlar da kifayət qədər bahalıdır. Göründüyü kimi, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti tamamilə əsassız olmaqla yanaşı, həmin apelyasiya şikayətinə apelyasiya şikayətinin əsaslı olmasını təsdiq edəcək heç bir mötəbər sübut da əlavə edilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(075)-977/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, iş üzrə iddia ərizəsində və apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(075)-977/2025 nömrəli qətnaməsinin alimentin tutulması hissəsində ləğv edilməsi və aliment tutulması barədə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh isə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iş üzrə apellyasiya şikayətinə qarşı verdiyi yazılı Etirazında göstərilənlərə uyğun izahat verərək, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(075)-977/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e- 2(075)-977/2025 nömrəli qətnaməsinin ləğv olunması və “aliment tutulması” barədə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları (maddələri): 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının ilkin iddia və cavabdehin qarşılıqlı iddia tələblərinin dəlillərinə və tərəflərin iddia və qarşılıqlı iddia tələbləri üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli e-2(075)-977/2025 nömrəli qətnaməsində tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanması üçün tutulan alimentin miqdarı - tərəflərin maddi və ailə vəziyyəti, uşaqların mənafeyi və iş üzrə diqqətə layiq olan digər hallar, o cümlədən də bu sahəni nizamlayan müvafiq qanunvericilik normaları nəzərə alınmaqla müəyyən edilmişdir. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin mübqahisələndirilən hissəsində ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində (həmin bənd “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir) qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsi üzrə düzgün nəticəyə gələrək, həmin hissədə də qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli e-2(075)-977/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli e-2(075)-977/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar