Məhkəmə qərarları › İş №2(107)-84/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-84/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-84/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, iddiaçılar İddiaçı5, İddiaçı2 və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnqməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Zaqatala Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq, mülkiyyətlərində olub Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,30 ha torpaq sahəsində əkdikləri 48 ədəd fındıq kolu və 8 ədəd qoz ağacının dəyəri olan 4240 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin (hаkim E.Məmmədov) xx xxxx 2020-ci il tarixli 2(033)- 225/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,30 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 45 ədəd fındıq topası və 6 ədəd qoz ağacının dəyəri olan 3505 manatın alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı il tarixli 17/19 nömrəli qərarına əsasən Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi birgə mülkiyyətlərinə 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahələri yerində onlara ölçülərək göstərilmişdir. 1996-cı ildən həmin torpaq sahələrindən istifadə etmişlər və torpaq sahələrinin bəzi hissələrində fındıq kolları əkmişlər. 2019-cu ilin təqribən iyun ayında iş üzrə Cavabdeh onlara bildirmişdir ki, 1996-cı ildən istifadələrində olan və fındıq kolları əkdikləri torpaq sahəsinin 0,30 ha hissəsi cavabdehin mülkiyyətinə verilmiş, bu səbəbdən də torpaq sahəsi ona təhvil verilməlidir. Araşdırma aparıldıqdan sonra onlara məlum olmuşdur ki, həqiqətən də cavabdehin iddia etdiyi ərazi üzərində hüquqları dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində 2000-ci ildən bu yana 48 ədəd fındıq kolu və 8 ədəd qoz ağacı əkmişlər. Hazırda onlar həmin fındıq kolu və qoz ağacının dəyərini cavabdehdən tələb edirlər. Fındıq kollarının boyları və yaşı nəzərə alınmaqla bir fındıq kolunun orta bazar qiyməti 80 manat, qoz ağacının birinin qiyməti isə 50 manat təşkil edir. Bu isə o deməkdir ki, cavabdeh fındıq kollarına görə onlara 3840 manat, qoz ağaclarına görə isə 400 manat, cəmi 4240 manat pul ödəməlidir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəməyə iddia tələbi ilə müraciət edərək cavabdehin Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən və mülkiyyətində olan 0,30 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 48 ədəd fındıq kolu və 8 ədəd qoz ağacının dəyəri olan 4240 manat alınaraq onlara verilməsini tələb etmişlər. Mülki işin materiallarından görünür ki, bundan əvvəl Cavabdeh iddiasında Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-172/2020 saylı qətnaməsi ilə hazırki İddiaçı1 Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi qət edilmişdir. Eyni zamanda, şahidlərin də iştirak etdiyi aktdan müəyyən edilir ki, fındıq topalarının əvəzi olaraq İddiaçı1 səhvən X3 atası X4 (Cavabdeh atası) mülkiyyətində fındıq kolları əkdiyini, lakin hazırda həmin kolları onlara daimi olaraq verdiyini etiraf etməklə, ondan 800 manat məbləğində pul almışdır. İddiaçılar iddia tələbində haqlı olmamışlar. Digər bir məhkəmə qətnaməsi ilə sübuta yetirilmişdir ki, mübahisə İddiaçı1 ilə X1 arasında baş vermiş və şahidlərin təsdiq etdiyi aktla, eyni zamanda məhkəmə qətnaməsi ilə həll edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh xüsusi mülkiyyətinə müdaxilə vardır. Cavabdeh onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə səhvən əkilmiş ağacların dəyərini ödəməyə borclu deyildir. Eyni zamanda, həmin dəyər süni şəkildə qat-qat artıq göstərilməklə, real bazar dəyərinə uyğun olmamışdır. Həmçinin, tərəflər arasında həmin kolların dəyərinin ödənilməsinə dair razılaşma olmuşdur. Lakin bütün bu hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Digər iddiaçıların iddia tələbinin əsaslı olmasına zamin yaradan sübutların məhkəməyə təqdim edilməməsinə diqqət yetirilməmişdir. Bütün bu səbəblərə görə də hesab edirik ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Aydın Orucov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, iddiaçılar istəsələr ağacları çıxarda bilərlər, ağaclar qaldığı təqdirdə onlara görə 1500 manat pul verə bilərik. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2 və İddiaçı5 çıxış edərək, mübahisəli ağaclara görə 1800 manat məbləğində pulun nağd olaraq dərhal ödənilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən İddiaçı1 bildirmişdir ki, cavabdehdən həqiqətən 800 manat pul götürmüşdük. Amma 48 ədəd fındıq kolu və 8 ədəd qoz ağacı üçün 800 manat azdır, bu səbəbdən həmin pulu qaytarmışıq. Onların qiymətini komissiya təyin etmişdir. Hal-hazırda da cavabdehin pulunu yox, cavabdehin hesabına ağacların çıxarılmasını istəyirik. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasınа baxmayaraq, iddiaçılar İddiaçı3, İddiaçı4 və Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarının 7-ci bəndində göstərii apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Həmin qərarın 9.1-ci bəndində isə qeyd olunmuşdur ki, iddia tələbi qismən təmin edildikdə qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Belə ki, işdə olan sübutlardan, yəni: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-172/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala Dövlət X5 xx xxx 2020-ci il tarixli 68 saylı arayışından görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində 6 ədəd cavan qoz ağacı mövcuddur. Qoz ağacları görünüş və yeni bar vermə qabiliyyətinə görə mövcud orta bazar qiymətinə görə ayrı-ayrılıqda 15-25 manat arası olmaqla, cəmi 90-150 manat arası dəyişməsi ehtimal edilir. Ərazidə müxtəlif illərdə əkilərək qulluq edilən 45 fındıq topası mövcuddur. Müxtəlif illərdə əkilməsi, görünüşü, yeni bara düşən və orta bar verən topalar nəzərə alınmaqla, Zaqatala rayonunun Əliabad qəsəbəsi zonası üzrə orta bazar məzənnəsinə uyğun ayrı-ayrı topalara görə 30-120 manat arası olmaqla, cəmi 1350-5400 manat arası dəyişməsi ehtimal edilir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Zaqatala rayonunun Əliabad qəsəbəsində iddiaçıların ümumi birgə mülkiyyətlərinə 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, ölçülərək göstərilmiş, 1996-cı ildən həmin torpaq sahələrindən istifadə etmiş və 2000-ci ildən bu yana 48 ədəd fındıq kolu və 8 ədəd qoz ağacı əkmiş, 2019-cu ilin iyun ayında iddiaçılar 1996-cı ildən istifadələrində olan və fındıq kolları və qoz ağacı əkdikləri torpaq sahəsinin 0,30 ha hissəsi cavabdehin mülkiyyətinə verilmiş, bu səbəbdən də torpaq sahəsi ona təhvil verilməlidir. Hazırda iddiaçılar fındıq kollarına görə onlara 3840 manat, qoz ağaclarına görə isə 400 manat olmaqla, cəmi 4240 manat ödənilməsini cavabdehdən tələb edirlər. Cavabdehin nümayəndəsi isə iddiaçılara könüllü olaraq 800 manat verə biləcəyini bildirir. Ekspertiza rəyinə görə isə Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsində salınmış fındıq bağında əkilmiş fındıq topaları və qoz ağaclarının qiymələri və digər xərclər təxminən 1842,00 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən hesab etmişdir ki, mütəxəssis tərəfindən məhkəməyə göndərilmiş rəydə iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsində fındıq və qoz ağaclarının hazırkı vəziyyətə gətirilməsinə çəkilmiş xərc məbləğinin 1350-5400 manat civarında olduğu göstərilmişdir. Belə olduğu təqdirdə isə məhkəmə mütəxəssis rəyində göstərilən məbləğlə qismən razılaşmağı məqsədəmüvafiq hesab etmiş və cavabdehdən 3505 manat pulun alınaraq iddiaçılara qaytarılmasının əsaslı olması nəticəsinə gəlmişdir. Apellyasiya şikayəti isə fındıq topalarının əvəzi olaraq İddiaçı1 hazırda həmin kolları onlara daimi olaraq verdiyini etiraf etməklə, ondan 800 manat məbləğində pul alması, iddia tələbinin haqlı olmaması, məhkəmə qətnaməsi ilə Cavabdeh xüsusi mülkiyyətinə müdaxilə olmasının müəyyən edilməsi, cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinə iddiaçıların səhvən əkilmiş ağacların dəyərini ödəməyə borclu olmaması, həmin dəyərin real bazar dəyərinə uyğun olmaması, tərəflər arasında həmin kolların dəyərinin ödənilməsinə dair razılaşmanın olması, lakin bütün bu hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməməsi ilə əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin mübahisəli hüquq münasibətləri gəldiyi nəticə tam əsaslı olmamışdır. Belə ki, yuxarıda qeyd olunan sübutlarla yanaşı, “xxxx” MMC-nin ekspertləri tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 18 nömrəli ekpert rəyinə əsasən, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsində salınmış fındıq bağında əkilmiş fındıq topaları və qoz ağaclarının qiymələri və digər xərclər təxminən 1842,00 manat müəyyən edilir. O cümlədən: -44 fındıq topasına 396 ədəd (hər bir topaya 7-12 ədəd orta hesabla 9 ədəd x 44 topa) şitil alınması üçün xərc 396,00 manat (396 əd x 1,00m); -fındıq kolu çalalarının qazılma xərci 132,00 manat (44 x 3m); -qoz ağacı çalalarının qazılma xərci 14,00 manat (7 x 2m); -44 topa fındıq ağacının (13 ədəd kəsilmiş fındıq topası daxil edilməklə) orta bazar qiymətilə dəyəri 990,00 manat (44 x 22,50m); -7 ədəd qoz ağacının (2 ədəd kəsilmiş qoz ağacı daxil edilməklə) orta bazar qiymətilə dəyəri 210,00 manat (7 x 30m); -sahənin kol-kosdan təmizlənməsi və hamarlanması xərci - 100,00 manat. Qeyd: 3 illik qulluq edilmiş fındıq ağaclarının 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 7,50 manat qiymətləndirilməklə, 4 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 22,50 manat qiymətləndirilmişdir. Respublika daşınmaz əmlak (o cümlədən fındıq bağı salınmış torpaq sahəsi) bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, ağacların yaşından, məhsuldarlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və şairədən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. Ekspert qeyd edir ki, fındıq ağacının əkilib-becərilməsi, yəni boya-başa çatdırılması xüsusiyyəti yaxşı sort şitilin seçilməsi, bağ salınacaq sahənin hamarlanması, ştillərin müəyyən edilmiş dərinlikdə torpağa basdırılmasından başlayaraq, hər il fındıq topalarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsi, ağacların diblərinə üzvi gübrə verilməsi, ağacların vaxtlı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işləri aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluğa ehtiyacı vardır. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsində salınmış fındıq bağında faktiki olan 36 topa və kəsilmiş 13 topa, cəmi 49 ədəd fındıq ağaclarına 3 il aqrotexniki qulluq göstərilməsi müəyyən edilir. Qoz ağacları xüsusi aqrotexniki qulluq tələb etmir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin bağ salınmamışdan qabaqkı relyefi, hamar və ya nahamar vəziyyətdə olması barədə məlumat olmadığı üçün, həmin sahədə fındıq bağı salınması üçün sahəsinin yabani kol-kosdan təmizlənməsi və hamarlama işlərinin aparılması şərti qəbul edilir. Qeyd edilir ki, 3-4 illik fındıq topasının bir yerdən digər yerə köçürülməsi mümkün hesab edilir. Bu zaman həmin ağacların inkişafı (bitməsi) qismən azalaraq 25-30% təşkil edir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən düzgün nəticəyə gəlsə də, zərərin əvəzinin mütəxəssis tərəfindən verilmiş rəyə əsasən 3505 manat müəyyənləşdirərkən səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (mad. 21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (mad. 21.3). Eyni zamanda, MM-in 14.2.7-cü maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MM-in 1091.1-1091.2-ci maddələri). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; -əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (MM-in 1092-ci maddəsi). Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər (MM-in 1093.1-ci maddəsi). İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mütəxəssis rəyində göstərilən iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsində fındıq və qoz ağaclarının hazırkı vəziyyətə gətirilməsinə çəkilmiş xərc məbləğinin 1350- 5400 manat civarında göstərilməsini əsas gətirərək iddia tələbinin 3505 manat miqdarında təmin edilməsitəmin edilməsi qənaətinə gəlmişdir. Mütəxəssis rəyinə nəzər salanda müəyyən olunur ki, mübahisəli ağacların mövcud bazar qiymətlərinin 1350-5400 manat arasında dəyişə biləcəyi göstərilmiş, ağacların çıxarılaraq yerinin dəyişdiriləcəyi halda onların sonrakı inkişafı barədə heç bir fikir bildirilməmişdir. Məhkəmə kollegiyası tərəfindən müvafiq ekspertiza keçirilərkən ekspertlər hazırda mübahisə predmeti olan torpaq sahəsində nə qədər ağac mövcuddur? hazırda həmin ağacların real bazar qiyməti neçə manat təşkil edir? iddiaçıların həmin torpaq sahəsinin yaxşılaşdırılması və əkdiyi ağaclara aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc nə qədər təşkil edir? və ağacların yerinin dəyişdirilməsi mümkündürmü və bu dəyişdirmə ağacların məhv olmasına səbəb ola bilərmi? suallarına elmi əsaslara söykənən, obyektiv kerçəkliklə uzlaşan əsaslı rəy vermişdir. Belə olan halda məhkəmə kollegiyası istinad olunan ekspert rəyini mütəxəssis rəyindən əsaslı hesab edərək belə qənaətə gəlir ki, iddianın təmin edilməli olan hissəsi ekspert rəyində göstərilən 1842,00 manat miqdarında təmin edilməlidir. İddianın həmin hissədə təmin olunması isə ondan irəli gəlir ki, iddiaçılar mübahisəli ağacları mülkiyyətləri hesab etdikləri torpaq sahəsində əkmiş, onlara qulluq göstərərək inkişaf etdirmişlər. Lakin sonra mübahisəli ağacların əkildiyi torpaq sahəsinin cavabdehə məxsus olması məlum olmuşdur. Yəni tələb sonralar aradan qalxmış əsasa söykənmişir. Ekspert rəyinə əsasən 3-4 illik fındıq topasının bir yerdən digər yerə köçürülməsi mümkün olsa da, bu zaman həmin ağacların inkişafı (bitməsi) qismən azalaraq 25-30% təşkil edir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin əldə etdiyi ağacların dəyərini qaytarması işin həqiqi halların və tərəflərin qarşılıqlı münasibətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən İddiaçı1 hazırda cavabdehin pulunu yox, cavabdehin hesabına ağacların çıxarılmasını istədiklərini bildirsə də, bunula bağlı yazılı müraciəti olmamış, sonra isə məhkəmə kollegiyasının çıxış edən iddiaçılar İddiaçı2 və İddiaçı5 mübahisəli ağaclara görə 1800 manat məbləğində pulun nağd olaraq dərhal ödənilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Ona görə də məhkəmə kollegiyası mübahisənin iddia ərizəsinə uyğun həll edilməsini qanuni hesab edir. MPM-ə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (mad. 217.3). Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir (mad. 218.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, cavabdeh iddiaçılara məxsus mübahisəli ağaclara münasibətdə əsassız varlandığı üçün iddia tələbi ekspertiza yolu ilə müəyyən olunmuş məbləğdə təmin edilməli, eyni zamanda apelyasiya şikayəti də qismən əsaslı hesab edilərək təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,30 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 44 ədəd fındıq topası və 7 ədəd qoz ağacının dəyəri olan 1842 manat alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 verilməlidir. Qeyd olunanlarla yanaşı, MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mütəxəssisə və ekspertizaya sərf edilmiş məsrəfləri təşkil edən, məhkəmə ekspertiza xərci olan 300 manatın 130 manatı iddiaçılara, 170 manatı isə cavabdehdən alınıb “xxxx” MMC-nin hesabına köçürülməli, iddiaçıların dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumunun 13 manatı isə cavabdehdən alınıb iddiaçılara verilməlidir. MPM-in 384.0.3-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni dəyişdirə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,30 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 44 ədəd fındıq topası və 7 ədəd qoz ağacının dəyəri olan 1842 manat alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 verilsin. İddiaçıların dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumunun 13 manatı cavabdehdən alınıb iddiaçılara verilsin. Məhkəmə ekspertiza xərci olan 300 manatın 130 manatı iddiaçılardan, 170 manatı isə cavabdehdən alınıb “xxxx” MMC-nin hesabına (“xxxx” ASC-in Sahil filialı (kod: 201218), VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, benefisiarın hesabı: AZ64AİİB400900C**********208, VÖEN: **********) ödənilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar