Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-842/2022 13.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi və uşağın himayədə saxlanılması” tələbinə dair (Açar sözlər: alimentin ödənilməsi və uşağın himayədə saxlanılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X3 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi və uşağın himayədə saxlanılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e- 2(033)-322/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 391971 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 16 iyun 2021-ci il tarixdə 73 nömrə ilə qeyd edilmişdir.
2. Ali Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2(102)- 886/2019 saylı qərarının surətindən görünür ki, Zaqatala rayon məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə 28 sentyabr 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il tarixdən hesablanmaqla, hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək 28 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 05 avqust 2015-ci il tarixdən etibarən hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarına əsasən qeyd olunan iş üzrə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. 20 dekabr 2021-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh uşağın ananın himayəsində saxlanılması tələbi ilə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
5. 05 noyabr 2021-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbi ilə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
6. 20 dekabr 2021-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh uşağın ananın yanında saxlanması tələbi ilə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
7. Məhkəmənin 24 fevral 2022-ci il tarixli 2(033)-322/2022 saylı qərardadı əsasında Zaqatala RİHB-nın Qəyyumluq və Himayə orqanı tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli 3/425 saylı rəydən görünür ki, azyaşlı uşağın kimin yanında saxlanılması uşaqların mənafeyinə uyğunluğu barədə işə RİH yanında Qəyyumluq və Himayə Orqanının iclasında baxılarkən 28 sentyabr 2009-cu ildə doğulmuş X6 hüquqşünas və psixoloqun iştirakı ilə dinlənilmişdir. Söhbət zamanı uşaq anasını çox sevdiyini, hazırda anası birgə yaşadığını, anasının ona yaxşı baxdığını, qayğı göstərdiyini və anasının yanında qalmaq istədiyini bildirmişdir. 28 sentyabr 2009-cu ildə doğulmuş X2 fikirini nəzərə alaraq anası İddiaçı himayəsində saxlanılmaları uşağın mənafeyinə uyğundur.
8. 18 mart 2021-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sözügedən ev iddiaçının anası X4 məxsus olan ümumi sahəsi 74 kvm. yaşayış sahəsi 41 kvm. 3 otaqlı, 2 mərtəbədir. Həmin evdə İddiaçı, anası və 1 azyaşlı övladı ilə birlikdə yaşayır. Bu evdə həyat şəraiti qənaətbəxşdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi və uşağın himayədə saxlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin, 100 (bir yüz) manat mediasiya xərcinin tutularaq ona ödənilməsi və cavabdehlə birgə nikah dövründə doğulmuş uşağının yetkinlik yaşına çatanadək onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən, Zaqatala Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək 28 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 05 avqust 2015-ci il tarixdən etibarən hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarına əsasən qeyd olunan iş üzrə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında bağlanmış nikah pozulmuş, nikah pozularkən məhkəmə tərəfindən həmin nikahdan doğulmuş 28 sentyabr 2009-cu il təvəllüdlü X2 valideynlərdən kimin yanında saxlanılması məsələsi məhkəmə tərəfindən həll olunmamışdır. Hazırda, Cavabdeh “Azəriqaz” X1 X8 İdarəsində işləsə də, 20 fevral 2020ci il tarixdən hazırki vaxtadək xəstəliyi ilə əlaqədar işə çıxmadığından 01 mart 2020-ci il tarixindən əmək haqqı almır. Cavabdehin əmək haqqı almaması səbəbli qazancı (gəliri) olmadığından o hər ay ödənilməli olan sabit pul məbləğində alimentin ödənilməsini cavabdehdən tələb etmişdir. O, ilkin mediasiya sessiyasında iştirak etsə də cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bu barədə 05 noyabr 2021 -ci il tarixli arayış təqdim edilmişdir. Bundan başqa, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən uşağın onun yanında saxlanılması ilə bağlı mübahisə həll edilməmişdir. Bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov )14 aprel 2022-ci il tarixli, e- 2(033)-322/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsi əsasında 28 sentyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulan alimentin məbləğinin artırılması;
12. 28 sentyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 160 (bir yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, tərəflərin birgə nikahından 28 sentyabr 2009-cu ildə doğulmuş X6 İddiaçı himayəsində saxlanılması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, Cavabdeh iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş cəmi 100(bir yüz) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına əsasən uşağın saxlanması üçün hazırda cavabdeh tərəfindən ödənilən aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2017-ci ildə, yəni uşağın 8-ci yaşda olarkən təyin edilmişdir. Hazırda isə uşaq 13 yaşındadır və ötən 5 il ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin 160 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehin maddi imkanlarını nəzərə alaraq kifayətedici hesab edilə bilər.
14. Məhkəmə cavabdehdən iddiaçının tələb etdiyi uşağın saxlanması üçün hər ay 193 manat miqdarında alimentin tam tutulmamasına dair mövqeyini onunla əsaslandırır ki, iddiaçının məhkəməyə müraciət etdiyi iddia ərizəsində özü tərəfindən qeyd olunur ki, cavabdeh 20 fevral 2020-ci il tarixdən xəstəliyi ilə əlaqədar işə çıxmadığı üçün 01 mart 2020-ci il tarixdən əmək haqqı almır. Belə olan halda iddianın tam həcmdə təmin olunması cavabdehin ağır olan maddi durumunun daha da ağırlaşmasına səbəb olacaqdır. İş materiallarına əlavə edilmiş 14 aprel 2022-ci il tarixli Zaqatala rayon icra və probasiya şöbəsinin rəyisi E.Ghmədov tərəfindən məhkəməyə ünvanlanmış məktubdan məlum olur ki, borclu Cavabdeh iş yeri müəyyən olunandan sonra hər ay əmək haqqının ¼ miqdarında tutulma aparılaraq tələbkarın hesabına köçürülməsi üçün təklif Azəriqaz İB-in Zaqatala Reqional Qİİ-nə göndərilmişdir. xx.xx.2020-ci il tarixədək aylıq aliment ödənişi borclunun əmək haqqından tutulmuşdur. Bundan sonra borclu işdən azad olunmuşdur. Məhkəmə qərarında aliment miqdarı əmək haqqının ¼ hissəsi nəzərdə tutulduğundan, borclu işləmədiyi müddətdə aliment rayon üzrə orta aylıq əmək haqqının yəni 402 manatın ¼ hissəsinə əsasən hesablanmış, bundan sonra borclu tərəfindən müəyyən ödənişlər edilmişdir və hal hazırda borclu 1200 manat təşkil edir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
15. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında boşanmadan sonra uşaqların hansı valideyndə qalması ilə bağlı mübahisə yoxdur. Məhkəmə 28 sentyabr 2009-cu ildə doğulmuş X2 yaşını, üstün mənafeyini və Zaqatala RİHB-nın Qəyyumluq və Himayə orqanı tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli 3/425 saylı rəyini rəhbər tutmaqla hesab edir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra uşağın iddiaçının yanında qalması onun mənafeyinə daha uyğundur. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsi əsasında 28 sentyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında tutulan alimentin məbləği sabit pul məbləğində alimentin ödənilməsi ilə əvəz olunmalı və 28 sentyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 160 manat miqdarda aliment tutularaq İddiaçı verilməli, 28 sentyabr 2009-cu ildə doğulmuş X6 İddiaçı himayəsində saxlanılmalıdır.
16. Bu mənada məhkəmə aliment alınması haqqında iddianın qiyməti 1.000 manatadək (il ərzində ödənilən aliment miqdarından 720 manat artıq ödəmə təşkil edir) olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 30 (otuz manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 100 (bir yüz) manat məbləğində mediasiyaya dair pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 100 (bir yüz) manat mediasiyaya dair xərc cavabdehdən alınaraq ona ödənilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1, 22.2, 75.1 və 75.2, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 112.1.6, 119.1, 119.2 və 217.4-ci maddələrinə, Azərbaycan Respublikasının «Dövlət rüsumu» haqqında qanunun 8.1.1, 9.1.2 və 9.4–cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiadan da göründüyü kimi, İddiaçı əmək haqqından tutulmalı olan alimentin dəyişdirilərək sabit pul məbləğində ödənilməsi ilə bağlı müraciət etmişdir. Lakin, məhkəmə öz qətnaməsində alimentin miqdarının artırılmasını qət etmişdir. Hansı ki, faktiki olaraq məhkəmə alimentin miqdarını artırmamış, sadəcə olaraq ödəmə növünü dəyişmişdir. Hakim izah edir ki, cavabdeh tərəfindən sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmur. Göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri ona göndərməməklə həm Mülki Prosessual Məcəlləsinin 168.1-ci maddəsinin tələblərini, həm də onun iddiaya qarşı etiraz vermək hüququnu pozmuşdur.
19. Göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi məhkəmə iclası keçiriləcəyi vaxt barədə onu xəbərdar etməməklə həm Mülki Prosessual Məcəlləsinin 135 və 138-ci maddələrinin tələblərini, həm də onun sübut təqdim etmək, şahid dəvət etmək və izahat vermək hüququnu pozmuşdur. Belə ki, Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Mülki iş üzrə məhkəmə proseslərində iştirakı təmin olunmadığı üçün hazırki maddi vəziyyəti ilə bağlı məhkəməyə heç bir sübut da təqdim edə bilməmişdir. Belə ki, onun hazırda aylıq 160 manat aliment ödəməyə maddi imkanı çatmır. Ancaq, hər ay sabit pul məbləğində 100 manat aliment ödəyə bilər.
20. İddiaçının məhkəməyə müraciət etdiyi iddia ərizəsində özü tərəfindən qeyd olunur ki, cavabdeh 20 fevral 2020-ci il tarixdən xəstəliyi ilə əlaqədar işə çıxmadığı üçün 01 mart 2020-ci il tarixdən əmək haqqı almır. Belə olan halda iddianın tam həcmdə təmin olunması cavabdehin ağır olan maddi durumunun daha da ağırlaşmasına səbəb olacaqdır. Həmçinin iş materiallarına əlavə edilmiş 14 aprel 2022-ci il tarixli Zaqatala rayon icra və probasiya şöbəsinin rəyisi E.Ghmədov tərəfindən məhkəməyə ünvanlanmış məktubdan məlum olur ki, borclu Cavabdeh iş yeri müəyyən olunandan sonra hər ay əmək haqqının ¼ miqdarında tutulma aparılaraq tələbkarın hesabına köçürülməsi üçün təklif Azəriqaz İB-in Zaqatala Reqional Qİİ-nə göndərilmişdir. xx.xx.2020-ci il tarixədək aylıq aliment ödənişi borclunun əmək haqqından tutulmuşdur. Bundan sonra borclu işdən azad olunmuşdur.
21. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhəkəməsin 14 aprel 2022-ci il tarixli, 2(033)-322/2022 iş nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsi əsasında 28 sentyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulan alimentin məbləğinin dəyişdirilərək 28 sentyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 100 (bir yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
27. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
28. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2(033)-322/2022 nömrəli qətnaməsinin dəyişdirilərək, alimentin məbləğinin 100 manat müəyyən edilməsini xahiş etmişdir.
31. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2(033)- 322/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
34. Təyin olunmuş alimentin miqdarının artırılması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuşdur.
35. Qanunun həmin normasına görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
36. Birinci instansiya məhkəməsi təyin olunmuş ¼ hissədə alimentin uşağın maddi təminatı üçün kifayət etməməsi nəticəsinə gələrək Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehdən tutulan alimentin miqdarını dəyişdirməklə (artırmaqla) 160 manat məbləğində müəyyən etmişdir.
37. Apellyasiya şikayətinin dəlillərinə nəzər saldıqda görünür ki, cavabdeh apellyasiya şikayətində ümumi sözlərdən istifadə etməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin məhz nədə əsassız olmasını konkret göstərə bilməmişdir.
38. İkincisi, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
39. Üçüncücsü, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (anasının) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.
40. Dördüncü, məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir.
41. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, apellyator məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduğunu və məhkəmə tərəfindən ona məlumat verilmədiyini bildirir.
42. Kollegiya cavabdehin bu dəlili ilə də razılaşmır. Ona görə ki, iş materiallarının 20ci, 32-ci və 42-ci səhifələrindəki xəbərnamə və SMS məlumatlarından görünür ki, sonuncu məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılb.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Kollegiya həmçinin MPM-in 402.1-ci çmaddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2(033)-322/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.
Sədrlik edən Ayaz Mahmudov