Məhkəmə qərarları › İş №2(107)-855/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-855/2021

14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-855/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X5 və Cavabdeh6 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-maddi ziyanın ödənilməsi, mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tаrixli, 2(037)-677/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar torpaq sahəsinin hazırkı bazar qiymətlərinə uyğun olan 5500 manat dəyəri, 4000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 9530 manat məbləğinin cavabdehlərdən alınıb ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə İsmayıllı rayon Kəlbənd kənd sakinləri Cavabdeh1 və qardaşı Cavabdeh2 ona yaxınlaşaraq ataları Elman Hüseynovun yas mərasiminin keçirilməsi üçün pula ehtiyacları olduğundan onlara məxsus 1.42 hektar əkin torpaq sahəsini satmaq istədiklərini bildirmişlər. Qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh1 və Cavabdeh2la aralarında razılaşmaya olmuşdur. Razılaşmaya əsasən mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri yas mərasimi başa çatdıqdan sonra notariat kontoruna gedərək torpaq sahəsinin alqı-satqısının aparılmasına razılıq verəcəklərini bildirmişlər. 2014-cü ilin sentyabrın 15-də yeddi nəfərin iştirakı ilə 1.42 hektar torpaq sahəsinin alqı-satqısına dair tərtib olunmuş akt əsasında 700 manat pulu Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 vermiş, əvəzində isə onlar 18 dekabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli X6, Cavabdeh3, Cavabdeh6, Gülnar Hüseynova, Nayib Hüseynova, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar torpaq sahəsinin sənədini ona təqdim etmişlər. Qeyd edilən aktda Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsini ömürlük olaraq ona satdıqlarını, torpaq sahəsinin pulunu aldıqlarını, torpaq sahəsinə görə gələcəkdə heç bir tələblərinin olmayacaqlarını bildirməklə aktın düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Cavabdehlərə məxsus 1.42 hektar torpaq sahəsinin hazırkı bazar dəyəri hektarı 3500, 4000 manat olmaqla 5500 manat təşkil edir. Cavabdehlərin satdıqları torpaq sahəsini rəsmiləşdirmək üçün notariat kontoruna getməkdən imtina etmələrindən sonra mənəvi iztirablar keçirmiş və nəticədə ona mənəvi ziyan dəymişdir. Cavabdehlər tərəfindən ona vurulmuş mənəvi ziyanı 4000 manat məbləğində qiymətləndirir. Cavabdehlərdən aralarında olan razılığa əsasən ona satılmış İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar torpaq sahəsinin hazırkı bazar qiymətlərinə uyğun olan 5500 manat dəyəri, 4000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 9530 manat məbləğinin alınıb ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tаrixli, 2(037)-677/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 18 Dekabr 2006-cı il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X5 və Cavabdeh6 mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı bazar qiymətlərinə uyğun olan 5500 manat dəyəri və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5530 manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi digər cavabdehlərə münasibətdə rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində Elman Hüseynov, Cavabdeh3, Cavabdeh6, Gülnar Hüseynova, Nayib Hüseynov, Cavabdeh1 və Cavabdeh2 adına qeyd alınaraq, 18 dekabr 2006-cı il tarixli, MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. 15 sentyabr 2014-cü il tarixli Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2la İddiaçı arasında sadə yazılı formada tərtib edilmiş, onların özlərinin və şahidlər X1, X7 və X2 imzaları ilə doğruluğu təsdiq olunmuş “Akt” adlandırılan yazılı razılaşma ilə Cavabdeh3 və ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus olan, İsmayıllı rayon Kəlbənd kəndi ərazisində yerləşən 1,42 hektar daşlı əkin sahəsini 700 manat müqabilində ömürlük olaraq Kəlbənd kənd sakini İddiaçı satdıqlarını və göstərilən məbləği aldıqlarını öz imzaları ilə təsdiq etmələri qeyd edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 18 dekabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İsmayıllı rayonu, Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi Elman Hüseynov, Cavabdeh3, Cavabdeh6, Gülnar Hüseynova, Nayib Hüseynova, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçı mübahisəli torpaq sahəsini satın almaq niyyəti ilə həmin torpağın tərəflər arasında razılaşdırılmış dəyərinə uyğun olaraq 700 manat məbləğini Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 vermişdir. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinə İddiaçı satmaq adı altında sonuncudan 700 manat məbləği alaraq həmin torpaq sahəsini İddiaçı vermişlər. Mübahisəli torpaq sahəsinin digər mülkiyyətçiləri Cavabdeh4, Nayib Əhmədova və Cavabdeh6 həmin torpaq sahəsini İddiaçı satmaq adı altında sonuncudan 700 manat məbləğini almamışlar. 2014-cü ilin sentyabrın 15-də tərtib olunmuş aktda Cavabdeh4, Nayib Əhmədova və Cavabdeh6 mülkiyyətlərində olan torpaq sahəsini İddiaçı satmaq adı altında sonuncudan 700 manat məbləğini almaları qeyd olunmamışdır. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri təxminən 5500 manata bərabərdir. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsini İddiaçı satmaq niyyəti ilə verdikdən sonra alqı-satqı müqaviləsi bağlamaqdan yayınmaqla sonuncunun hesabına əsassız varlanan şəxslərdir. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 əsassız varlanmadan əldə etdikləri vəsaiti İddiaçı qaytarmalı olduqlarından məhkəmə İddiaçı ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə 1.42 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 5500 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 və ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 1.42 hektar torpaq sahəsinin hazırkı bazar dəyəri olan 5500 manat məbləği alınaraq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci, 1092.1-ci, 1097.1-ci maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıdan 700 manat borc almışdırlar, lakin pul məbləğini yalnız Cavabdeh1 götürmüş, digərləri bu prosesdə iştirak etməmişdirlər. Bu pulun müqabilində 7 nəfərin birgə mülkiyyətində olan torpaq sahəsi sonradan-borc qaytarıldıqdan sonra geri verilmək şərti ilə iddiaçının icarəsinə verilmişdir. Bu razılaşma onlar arasında şifahi qaydada olmuş və heç bir yazılı sənəd tərtib edilməmişdir. Sözü gedən akt barədə cavabdehlər yalnız qətnaməni oxuduqdan sonra xəbərdar olmuşdurlar. Apelyatorlar məhkəmə iclasında da izahat verməmişdirlər, lakin məhkəmədə onların izahatları təhrif olunmuşdur. Bundan əlavə torpaq sahəsi iddiaçının icarəsində olsa da, illik vergiləri onlar ödəmişdirlər. Əgər iddiaçı qeyd edilən torpağı satın almış olsaydı, onun vergisini ödəməkdən boyun qaçırmazdı. Həmçinin, birinci instansiya məhkəməsində 1.42 ha torpağın orta bazar qiyməti də düzgün müəyyənləşdirilməmişdir. Odur ki, apelyatorlar apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(037)-677/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və digər cavabdehlər Cavabdeh4, X5 və Cavabdeh6 mübahisələndirilməmişdir. Apellyasiya şikayətindən görünür ki, apelyatorlar Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirirlər, İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(037)-677/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edirlər. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(037)-677/2020 saylı qətnaməsini apelyatorlar Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(037)-677/2020 saylı qətnaməsi iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində Elman Hüseynov, Cavabdeh3, Cavabdeh6, Gülnar Hüseynova, Nayib Hüseynov, Cavabdeh1 və Cavabdeh2 adına qeyd alınaraq 18 dekabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. 15 sentyabr 2014-cü il tarixli Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2la İddiaçı arasında sadə yazılı formada tərtib edilmiş, onların özlərinin və şahidlər X1, X7 və X2 imzaları ilə doğruluğu təsdiq olunmuş “Akt” adlandırılan yazılı razılaşmada Cavabdeh3 və ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus olan, İsmayıllı rayon Kəlbənd kəndi ərazisində yerləşən 1,42 hektar daşlı əkin sahəsini 700 manat müqabilində ömürlük olaraq Kəlbənd kənd sakini İddiaçı satdıqlarını və göstərilən məbləği aldıqlarını öz imzaları ilə təsdiq etmələri qeyd edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsindədir və o, bu gün də öz əmlakı kimi istifadə edir. Birinci instansiya hesab etmişdir ki, cavabdehlərdən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 əsassız varlanmadan əldə etdikləri vəsaiti İddiaçı qaytarmalıdır. Eyni zamanda məhkəmə İddiaçı ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə 1.42 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 5500 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdehlər arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. İş materiallarında olan akt isə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə uyğun deyil. Eyni zamanda həmin müqavilə icarə müqaviləsi də hesab edilə bilməz. Çünki, həmin akt icarə müqaviləsinin şərtlərinə uyğun deyil. Bununla belə həmin akt əsasında apelyatorlara 700 manat pul verilmiş, cavabdehlər isə öz torpaq sahələrini iddiaçıya təhvil vermişlər. İddiaçı isə həmin torpaq sahəsini bugünə qədər istifadə edir. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Akt əsasında istifadəsinə qəbul etdiyi torpaq sahəsini əkib becərmiş, ondan istifadə etmişdir. Cavabdehlər əsassız varlanmayıblar. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mübahisəli torpaq sahəsi iddiaçının istifadəsindədir, iddiaçı torpaq sahəsindən istifadə etdiyi halda eyni zamanda vermiş olduğu pulu tələb edə bilməz. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətməyiblər. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Kollegiya torpaq sahəsinin bugünkü dəyəri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq qeyd edir ki, həmin torpaq sahəsinin dəyəri barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, məhkəmə iddiaçının iddia ərizəsinə və izahatına istinad edərək həmin məbləği qəbul etmişdir. Halbuki torpağın həmin qiymətdə olmasına dair iş materiallarında hər hansı sübut aşkar edilməmiş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, cavabdehlər tərəfindən onun torpaq sahəsindən çıxarılması barədə hər hansı bir tələbi olarsa, həmin halda iddiaçı cavabdehlərə qarşı indiki tələblə bağlı məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə belə bir tələb mövcud deyil. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehlərin ona sözü gedən torpaq sahəsinin notarial qaydada satılmamasına görə ona dəyən zərərdir. İddiaçı tərəfindən belə bir sübut məhkəmələrə təqdim edilməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(037)-677/2020 saylı qətnaməsi iddianın cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(037)-677/2020 saylı qətnaməsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Elçin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar