Məhkəmə qərarları › İş №2(107)-859/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-859/2024

24.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-859/2024 24.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin təyin edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(051)-845/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 05 yanvar 2024-cü ildə X2 adlı övladları dünyaya gəlmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh 05 yanvar 2024-cü il təvəllüdlü qızı X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 500 məbləğdə alimentin və uşaq 3 yaşına çatana kimi özünə 250 manat alimentin ərizə məhkəməyə daxil olduğu gündən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 05 yanvar 2024-cü ildə Narin adlı övladları dünyaya gəlmişdir. Evliliyin ilk vaxtlarında cavabdehlə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan münasibətləri pisləşmişdir. Cavabdeh münasibətlərinin yaxşılaşması üçün heç bir addım atmamışdır. Hazırda o cavabdehlə ayrı yaşayır. Cavabdeh hətta uşağını saxlamaqdan da boyun qaçırdır. O uşağını çox çətinliklə saxlayır. Belə ki, cavabdeh onun hamiləliyinin 2 aylığında evdən qovmuşdur. Həmin vaxtdan da hazırki vaxtadək nə onunla, nədə ki, uşağı ilə maraqlanmamışdır. Bundan başqa o uşağı dünyaya gətirən ərəfələrdə cavabdeh bir dəfə də olsun ki, dərman xərclərini xəstəxana xərclərini ödəməmişdir. Bu azmış kimi cavabdeh heç uşağına aliment də ödəmək istəmir. Halbuki, cavabdeh diş həkimi işləyir və yüksək gəlir əldə edir. Odur ki, 05 yanvar 2024-cü il təvəllüdlü qızı X1 yetkinlik yaşına çatana kimi saxlanılmasıüçün hər ay 500 məbləğdə alimentin və uşaq 3 yaşına çatana kimi özünə 250 manat alimentin ərizə məhkəməyə daxil olduğu gündən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar, onların birgə nikahlarından xx.xx.2024-cü il tarixdə X2 adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Narin adlı uşağın doğulduğu gündən 3 il müddət keçməmişdir. Cavabdeh uşağın saxlanmasında iddiaçıya maddi yardım göstərmir, nə də onlar arasında uşağın saxlanması üçün alimentin ödənilməsi barədə saziş bağlanmamışdır. Ona görə də, iddiaçı sabit pul məbləğində aliment və Narin adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün vəsait tələb edir

5. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC-də həkim stomatoloq kimi fəaliyyət göstərir və 86,25 manat əmək haqqı alır.

6. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment və əlavə xərc tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda alimentin alınması və əlavə xərc tələbi cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır.

7. Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(051)-845/2024 nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia qismən təmin olunmuş, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2024-cü il tarixdə doğulmuş X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və Narin adlı uşaq 3 yaşına çatanadək baxılması üçün hər ay 25 (iyirmi beş) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 84 və 100-cü maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh onun hamiləliyinin 2 aylığından onu evdən qovmuşdur. Həmin vaxtdan da hazırki vaxtadək nə onunla, nə də ki, uşağı ilə maraqlanmamışdır. Bundan başqa o uşağı dünyaya gətirən ərəfələrdə cavabdeh bir dəfə də olsun ki, dərman xərclərini, xəstəxana xərclərini ödəməmişdir. Cavabdeh diş həkimi işləyir və çox yüksək gəlir əldə edir. Belə ki, Cavabdeh Mingəçevir şəhərində özünə yeni stomotoloji klinika açır. Lakin, buna baxmayaraq cavabdeh guya "xxxx" MMC-də həkim stomotoloq işlədiyini və aylıq 86.25 manat məbləğdə əmək haqqını aldığını bildirir. Cavabdeh vergidən yayınmaq və aliment borcunu aşağı ödəmək üçün adına 86.25 manat əmək haqqı qeyd etdirmişdir. Halbuki, Azərbaycan Respublikasında 86.25 manat məbləğdə əmək haqqı yoxdur. Azərbaycan Respublikasında 2024-cü il üçün minimum əmək haqqı 345 manat təşkil edir. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi uşaq 3 yaşına çatana kimi saxlanılması üçün 25 manat məbləğdə aliment təyin etməsi ədalətli və qanuni deyildir. Belə ki, Cavabdeh həkim stomotoloq işləyir və çox yüksək gəlir əldə edir, onun Mingəçevir şəhərində yeni stomotoloji klinikası vardır. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamışdır.

12. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(051)- 845/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya:

17. Qərarlar: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(051)- 845/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən alimentin məbləğinin hər ay bir uşaq üçün 175 manat müəyyən edilməsinə aid hissədə gəldiyi nəticə ilə razılaşmır. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 11-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 500 manat və uşaq 3 yaşına çatanadək hər ay 250 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətində cavabdehin Mingəçevir şəhərində yeni stomotoloji klinikası olduğunu bildirməklə apellyasiya şikayətinə fotoşəkillər əlavə etmişdir ki, kollegiya qeyd edir ki, həmin fotoşəkillər bir binanın şəkilləri olmaqla, cavabdehin klinikaya malik olmasını sübut etmir.

23. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilənləri, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olmasını, cavabdehin uşağı ilə maraqlanmaması və onun saxlanması xərclərində iştirak etməməsini və cavabdehin iddiaçının bu barədə bildirdiklərini mübahisələndirməməsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və alimentin məbləğinin hər ay hər uşaq üçün 200 manat müəyyən edilməsinə əsas ola biləcək hallar mövcuddur. Uşaq 3 yaşına çatanadək iddiaçının özü üçün ödənilməli olan aliment məbləğinə aid hissədə isə kollegiya uşaq 3 yaşına çatanadək hər ay 25 manat alimenti ağlabatan hesab edir və həmin məbləğin artırılması üçün əsas görmür.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən hər ay bir uşaq üçün 175 manat miqdarında aliment müəyyən etməklə düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsаslаr olduğundаn İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(051)-845/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 05 yanvar 2024-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq İddiaçı verilməli olan alimentin məbləği hər ay bir uşaq üçün sabit pul məbləğində 200 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə, o cümlədən iddianın uşaq 3 yaşına çatanadək ödənilməli olan alimentə aid hissəsində dəyişdirilmədən sаxlаnılmalıdır. Aliment alınması haqqındakı iddiaların qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyənləşdirildiyindən və hazırki işdə iddiaçıya münasibətdə mübahisələndirilən hissə hər ay bir uşaq üçün 300 manat və uşaq 3 yaşına çatanadək hər ay 225 manat alimentlə bağlı olduğundan bir illik ödəmənin məcmusu 6300 manat, yəni 5000 manatdan çox olduğundan hazırki qətnamədən iddiaçının kassasiya şikayəti vermək hüququ vardır. Cavabdehə münasibətdə isə mübahisəli hissədə bir illik ödəmənin məcmusu 2700 manat olduğundan hazırki qətnamədən cavabdehin kassasiya şikayəti vermək hüququ yoxdur.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(051)-845/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 05 yanvar 2024-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq İddiaçı verilməli olan alimentin məbləği hər ay bir uşaq üçün sabit pul məbləğində 200 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə, o cümlədən iddianın uşaq 3 yaşına çatanadək ödənilməli olan alimentə aid hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar