Məhkəmə qərarları › İş №2(107)-868/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-868/2020

04.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-868/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-165/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh 170 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-165/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, Cavabdeh ilə xx xxxxxxx 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx xxxxx 2009-cu il tarixdə Məhəmməd, xx xxxxxx 2011-ci il tarixdə isə Elmir adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah qeydi Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, hər iki uşağın boşanmadan sonra cavabdehin himayəsinə verilməsi qət edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra böyük oğlu Məhəmməd faktiki olaraq onunla qalmışdır. Oğlunun bütün qayğılarını hazırda özü çəkir. Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxx 2009-cu il tarixdə anadan olmuş X1 cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Uşaq hazırda onun himayəsindədir. Hazırda cavabdehdə olan digər oğlu Elmirin saxlanması üçün aliment ödəyir. Cavabdeh isə onun himayəsində olan Məhəmmədin saxlanması üçün xərcləri ödəmir, uşağın saxlanmasında iştirak etmir. X5 şəhər 3 saylı məktəbin şagirdidir, onun hazırlığa getməsi üçün, məktəbə geyim və ləvazimatların alınması üçün, böyüdükcə artan ehtiyaclarının qarşılanması üçün hesab edir ki, cavabdeh də uşağın saxlanması xərclərindən kənarda qalmamalıdır. Cavabdeh isə alimentin ödənilməsində gecikmə yaranan kimi, onu və ailə üzvlərini alimentlə bağlı narahat edir. O da, qanunvericiliyin tələbindən istifadə edərək yanında olan uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tələb edir. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-288/2019 saylıqətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-165/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kolegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx xxxxx 2009-cu il tarixdə Məhəmməd, xx xxxxxx 2011-ci il tarixdə isə Elmir adlı uşaqları anadan olmuşdur. Onların arasında bağlanmış nikah pozulmuş, tərəflərin nikahından xx xxxxx 2009-cu il tarixdə anadan olmuş X2 və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-1129/2018 nömrəli qətnaməsinə əsasən tərəflərin nikahından xx xxxxx 2009-cu il tarixdə anadan olmuş X2 anası Cavabdeh alınaraq yanında saxlanması üçün atası İddiaçı verilmişdir. İddiaçı xx xxxxx 2009cu il tarixdə anadan olmuş X1 onun himayəsində olduğundan cavabdehdən aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla əsaslandırılmamışdır. Belə ki, İddiaçı Cavabdeh onun xeyrinə hər ay 170 manat alimentin xx xxxxx 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ödənilməsini tələb etməkdə haqlı deyildir. Qanunvericiliyin tələbinə əsasən iddiaçının tələb etdiyi “onun himayəsində olan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələb etməsini sübut etmə vəzifəsi, yəni həqiqətən də onun cavabdehdən daha az təminatlı valideyn olmasını sübut etmək iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun tələbini sübut edə bilməməsini göstərir. Ailə Məcəlləsinin 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Hazırkı işdə hər 2 tərəflə uşaq qalıb, ona görə də bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutula bilər. İddia təmin edilərsə aliment ödənilməsi pul alıb qaytarma əməliyyatına çevrilə bilər. Məhz bu kimi halların qarşısını almaq üçün qanunda qeyd olunmuşdur ki, hər 2 tərəflə uşaq qaldıqda yalnız bir tərəfdən (daha çox təminatlıdan) digər tərəfin (daha az təminatlının) xeyrinə aliment tutulmalıdır. Tərəflərdən birinin digərinə nisbətdə daha az təminatlı olduğu müəyyən edilmir. Belə olduğu halda iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrəZaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-165/2020 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-165/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar