Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-869/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-296/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxx 2018-ci il təvəllüdlü Ayxan, xx xxxxxxxx 2020-ci il təvəllüdlü Zeynəb adlı uşaqlarının saxlanması üçün ərizə verdiyi vaxtdan hesablanmaqla hər ay hər uşağa 200 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin xx xxxxxxxx 2020-ci il təvəllüdlü oğlu Zeynəbin 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-296/2021 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddiа qismən təmin edilmiş, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Cavabdeh xx xxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment hər ay tutulub, ünvan 2 ünvanda yaşayan İddiaçı verilməsi və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 60 (altmış) manat pul alınıb İddiaçı verilməsi, alimentin tutulmаsınа xx xxxxxx 2020-ci ildən bаşlаnması, qətnamənin alimentin ödənilməsi hissədə dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin faktiki halları: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, tərəflər 2017-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar, birgə nikahdan xx xxxx 2018-ci ildə Ayxan, xx xxxxxxxx 2020-ci ildə Zeynəb adlı övladları doğulmuşdur. Birgə yaşadıqları müddət ərzində cavabdehin ailəsi, uşaqları ilə maraqlanmaması səbəbindən ailə münasibətləri pozulmuş, faktiki olaraq ayrılmışlar. İddiaçı işləmir, uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir, anası və qohumlarının köməyi ilə uşaqlarına baxır. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur, yülsək gəlir əldə edir. Buna baxmayaraq, cavabdeh uşaqlarına maddi kömək göstərmir. Ona görə də Cavabdeh xx xxxx 2018-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa 200 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin xx xxxxxxxx 2020-ci il təvəllüdlü Zeynəbin 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cаvаbdeh Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cаvаbdeh Cavabdeh oğlu apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, Məhkəmənin qətnaməsi ilə razı deyil, hesab edir ki, məhkəmənin alimentin məbləği haqqında gəldiyi nəticə əsassız, qanunsuz və ədalətsizdir. Belə ki, o heç yerdə işləmir, gəlir yeri yoxdur və belə olan təqdirdə məhkəmə işin bu halını nəzərə almamış və alimenti işin faktiki hallarını nəzərə almadan yüksək məbləğdə müəyyən etmişdir. Digər tərəfdən, məhkəmə Zeynəb Ağazadə üçün həm yetkinlik yaşına çatanadək hər ay 140 manat, həm də 03 yaşına çatanadək hər ay 60 manat – olmaqla cəmi 200 manat məbləğində aliment təyin etmişdir. Həmçinin qətnamədə X1 3 yaşına çatana kimi saxlanması üçün 60 manatı pulun tutulması nəzərdə tutmuşdursa, qətnamədə bu həm görünmür, həm də 60 manat çox yüksək məbləğdir. O, hər ay 100 manat aliment vermək iqtidarındadır. Çünki onun qazancı yoxdur və heç yerdə işləmir. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almamışdır. Ona görə də hesab edir ki, aliment tələbinə dair iddia qismən ləğv edilərək aliment azaldılmalıdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-296/2021-ci il tarixli məhkəmə qətnaməsini qismən ləğv edərək, işə mahiyyəti üzrə baxmaqla alimentin azadılması barədə yeni qətnamə qəbul etməyinizi xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar:: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)- 296/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki, məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nikah xx xxxxxx 2017-ci il tarixdə Mingəçevir şəhər Nikah Evində 206 № ilə qeyd edilmiş, onların birgə nikahından xx xxxx 2018-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2020-ci X3 anadan olmuşdur. Hazırki iş üzrə Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə AM-in) 75.4, 78.1, 78.1, 84.2.1, 86 və 100.2-ci maddələrinə istinad edən birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, öyrənilən işin mübahisələndirilməyən hallarından bəlli olur ki, Cavabdeh ilə X4 arasında nikah xx xxxxxx 2017-ci il tarixdə Mingəçevir şəhər Nikah Evində 206 № ilə qeyd etdirməklə ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvad Ağayeva soyadını götürmüşdür. Birgə yaşadıqları dövrdə onların xx xxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxxxx 2020-ci X3 anadan olmuşdur. Tərəflər münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar və hal-hazırda ayrı yaşayırlar. Azyaşlı uşaqlar iddiaçının yanındadır. İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və apellyasiya şikayətində qeyd edilmiş alimentlin məbləği ilə bağlı məsələlərlə münasibət bildirərək, aşağıdakıları qeyd edir. Belə ki, övlada məhəbbət, onun tərbiyəsi, təminatı, inkişafı və xoşbəxt gələcəyi naminə hər əzaba qatlaşma yanğısı milli mentalitetimizin və genimizin istisnasız olaraq hər bir azərbaycanlı valideyninə bəxş etdiyi ən qiymətli mənəvi dəyərdir. AM-in 56.1 və 58-ci maddələri, Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olubolmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyubduymamalarından asılı deyildir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV hissəsinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Əksər valideynlər üzərlərinə düşən bu vəzifəni sevə-sevə yerinə yetirsələrdə, çox nadir hallarda üzərlərinə düşən bu müqqədəs öhdəliyi lazımı qaydada icra etməyən valideynlərə də rast gəlinir. Hazırkı işdə də belə bir vəziyyət yaranmışdır. Belə ki, sözün əsl mənasında uşaqları saxlamaq üçün daha çox üstün imkanlara malik olan ata valideynlik vəzifələrini tam şəkildə icra etməkdən yayınır. AM-in 75-ci maddəsi məhkəməyə belə valideynlərin öz vəzifələrini icra etməyə məcbur etmək səlahiyyəti vermişdir. Ona görə də məhkəmə kollegiyası bu səlahiyyətindən istifadə edərək, hazırkı mübahisəyə müdaxilə etmək qənaətindədir. Yuxarıda şərh edilmiş AM-in 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-n 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin alimentlə bağlı hissədə gəldiyi nəticə ilə razılaşır. Çünki, öyrənilən işdən aydın olur ki, iddiaçı ana cavabdeh atadan fərqli olaraq heç bir yerdə işləmir, eləcə də tərəflərin birgə nikahlarından xx xxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxxxx 2020-ci X3 azyaşlıdırlar, bu halda iddiaçı ananın faktiki olaraq işləmək imkanını məhdudlaşdır. Göstərilənləri nəzərə alan məhkəmə kolegiyası hesab edir ki, uşaqların saxlanılması üçün alimenti hər ay hər uşaq üçün 140 (yüz qırx) manat məbləğində olmaqla, cəmi 280 (iki yüz səksən) manat müəyyən etməkdə birinci insyansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Çünki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunun İ hissəsinə əsasən ölkə üzrə yaşayış minimumunun həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun 3-cü maddəsində göstərlir ki, “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır”. Ona görə də məhkəmə kollegiyası bu fikirdədir ki, cavabdeh-ananın özünün də bir valideyn kimi uşağı saxlamaq vəzifəsi nəzərə alınmaqla, alimentin tələb olunan məbləğini, yəni yetkinlik yaşına çatmayan uşaqlar üçün hər ay hər uşaq üçün 140 (yüz iyirmi) manat məbləğində olmaqla, cəmi 280 (iki yüz səksən) manat həddində müəyyən edilməsi daha ədalətlidir. Çünki, faktiki olaraq belə halda həmin məbləğlə yaşayış minimumu arasındakı fərq də az olur. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-296/2021 nömrəli qətnaməsinin xx xxxxxxxx 2020-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 60 (altmış) manat pul alınıb İddiaçı verilməsi hissəsi ilə də razılaşır. Belə ki, oxşar münasibətləri tənzimləyən AM-in 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. AM-in 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfın aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, tərəflərin birgə izdivacından doğulmuş uşaqlar az yaşlıdır. Bu uşaqlar iddiaçı-ananın himayəsindədir. Belə olan halda isə iddiaçıana istəsə də faktiki olaraq öz ehtiyaclarını qarşılamaq məqsədi ilə öz işləmək imkanını gerçəkləşdirə bilmir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-296/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-296/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-869/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-869/2021
29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver