Məhkəmə qərarları › İş №2(107)-889/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-889/2023

03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-889/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment olaraq tutulmuş pulun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment olaraq tutulmuş pulun qaytarılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X7 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment olaraq tutulmuş pulun qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(075)-353/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3082.20 manat pulun, 50 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 02 oktyabr 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Lakın aralarındakı münasibət pozulduqdan sonra Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(075)-930/2020 saylı qətnaməsi ilə onunla cavabdeh X4 arasında 02 oktyabr 2015-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 430 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları 05 sentyabr 2016-cı iİ təvəlüdlü X8 və 13 dekabr 2017-ci il təvəllüdlü X1 anaları X4 yanında qalmalari, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və hər ay hər hər uşaq üçün sabit pul məbləğində 30 manat alimentin tutularaq X5 verilməsi 13 dekabr 2017-ci iİ təvəllüdlü X2 3 yaşı tamam olanadək İddiaçı hər ay 50 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəlinin 09 iyun 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Nikah pozulduqdan sonra Cavabdeh ilə barışmışlar və cavabdeh, birgə nikahdan olan uşaqları ilə birlikdə 12 fevral 2021-ci tarixdən 08 dekabr 2021-ci il tarixədək onunla birlikdə atasının mülkiyyətində olan evdə yaşamışdır. Həmin dövrdə övladlarına və Cavabdeh o baxmışdır. Lakin münasibətləri pozulduğundan 08 dekabr 2021-ci il tarixdə cavabdeh X11 təkrarən atası evinə getmişdir. Hazırda da atasına məxsus Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Lakin 12 fevral 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək birlikdə yaşamalarına, cavabdehə və uşaqlarına onun tərəfindən baxılmasına baxmayaraq yenə də, həmin dövr üçün ondan aliment tutulmuşdur. Həmin dövr üçün ödənilmiş alimentin miqdarı 3082,20 manat təşkil edir və əsassız yerə tutulmuşdur. Əsassız tutulmuş alimentin qaytarılması ilə bağlı Şəki rayon İcra və Probasiya Şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(075)-353/2023 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı Cavabdeh qarşı 3082.20 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Cavabdeh ilə 02 oktyabr 2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 05 sentyabr 2016-cı iİ təvəlüdlü X9 və 13 dekabr 2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(075)-930/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan anadan olmuş uşaqları cavabdehin himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün İddiaçı aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və hər ay hər hər uşaq üçün sabit pul məbləğində 30 manat alimentin tutularaq X5 verilməsi 13 dekabr 2017-ci iİ təvəllüdlü X1 3 yaşı tamam olanadək İddiaçı hər ay 50 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan sonra tərəflər barışmışlar. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 12 fevral 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək cavabdehin və uşaqlarının onun yanında yaşamalarını, həmin dövr üçün ondan tutulmuş alimentin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək qeyd edilən dövr ərzində mütəmadi deyil, arabir iddiaçı ilə birlikdə yaşadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı cavabdehlə barışaraq onu və birgə nikahdan anadan olmuş uşaqlarını 10 ay müddətində, 12 fevral 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək yəni öz himayəsində saxlamasını, həmin müddət üçün ondan tutulmuş alimentin ona geri qaytarılmasını tələb etsə də, məhkəmə onun bu tələbini əsaslı hesab etmir. Belə ki, cavabdeh azyaşlı uşaqları ilə qeyd edilən müddət ərzində iddiaçının atasına məxsus evdə iddiaçı ilə birlikdə yaşasa da və həmin müddət üçün iddiaçıdan aliment tutulsa da, tutulmuş həmin aliment ailənin, tərəflərin birgə nikahdan anadan olmuş uşaqlarının ehtiyacları üçün istifadə edilməklə, onların təlabatlarının ödənilməsinə sərf edilmişdir. Aliment uşaqlara görə ödənildiyindən artıq ödənilmiş alimentin məbləğinin geri tələb olunması uşaqların mənafeyinə ziddir. Əgər qeyd edilən müddət ərzində tərəflər barışaraq birlikdə yaşamışdırlarsa, o zaman qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına nəzarət edən Şəki rayon İcra və Probasiya Şöbəsinə qarşılıqlı razılaşma əsasında ərizə ilə müraciət edərək aralarında olan barışıq barədə məlumat verə və alimentin tutulmasının dayandırılmasını tələb edə bilərdilər. İş materiallarında belə bir razılaşmanın olmamasını və tutulmuş alimentin geri qaytarılacağı təqdirdə cavabdehlə bərabər 05 sentyabr 2016-cı iİ təvəlüdlü X3 və 13 dekabr 2017-ci il təvəllüdlü X1 da qanunla qorunan hüquqlarının pozulacağını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, aliment məhkəmə qaydasında o vaxt tutula bilər ki, valideynlər öz uşaqlarını saxlamamış olsun. Hazırkı işə münasibətdə isə aydın olur ki, cavabdeh və onların birgə nikahdan olan övladları 12 fevral 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək iddiaçı ilə yaşamışlar. İddiaçı həmin dövrdə nəinki azyaşlı övladlarına həmçinin cavabdehə də baxmış, onun və azyaşlı övladlarının bütün maddi ehtiyacları onun tərəfindən qarşılanmışdır. Deməli qanunvericiliyin tələbindən aydın olur ki, əgər valideyn uşaqlarını saxlamadıqda ondan məhkəmə qaydasında aliment tutula bilər. O, isə həmin dövr üçün uşaqlarını saxlamışdır. Deməli həmin dövr üçün ondan məhkəmə qaydasında alimentin tutulması qanunsuzdur. İşə baxan birinci instansiya məhkəməsinin həmin dövr üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə barışığın olması ilə bağlı müraciət edə biləcəyi ilə bağlı gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, məhkəmə özü də qeyd etmişdir ki, bu barədə müraciət onların hüququdur, ona görə də bu hüququn istifadə edilməməsi həmin faktın öz özlüyündə olmasını inkar etmir. Qeyd edilən məbləğ də onun tərəfindən onların artıq münasibətləri pozulduqdan sonra, yəni, 08 dekabr 2021-ci il tarixdən sonra ödənilmişdir. Belə ki, cavabdeh münasibətləri pozulduqdan sonra ondan intiqam almaq hissi ilə qəsdən, bilərəkdən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət etmiş və haqqı olmadığı alimenti tələb etmişdir. Həmin alimentin məhkəmə qaydasında silinməsi vaxt aparacağından, həm də cavabdeh günü-gündən ondan və icra məmurundan müxtəlif instansiyalara o və icra məmuru barədə şər və böhtan xarakterli şikayətlər edildiyindən onun AR İXM-nin 528.1-cimaddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyini tələb etdiyindən onun tərəfindən həmin aliment ödənilmiş və daha sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi onların münasibətləri pozulduqdan sonra cavabdehin birgə yaşadığı dövr üçün aliment tələb edərkən bunun qanunsuz olduğunu özü də faktiki olaraq bilirdi və onun məqsədi bu yolla ondan intiqam almaq və azyaşlı uşaqlardan sui-istifadə edərək əsassız varlanmaq olmuşdur. Əksinə onun tərəfindən həmin dövr üçün həm azyaşlı övladlarını saxlamaqla və eyni zamanda həmin dövr üçün aliment ödəməklə ona maddi ziyanın vurulmasına və cavabdehin əsassız varlanmasına gətirib çıxarır. Faktiki olaraq o, həmin dövr üçün həm azyaşlı uşaqlarını saxlamaq, həm də aliment ödəməklə məhkəmə qaydasında təyin edilmiş alimentin miqdarından da iki qat artıq xərc çəkmiş olur. Şəki Rayon Məhkəməsinin 15 may 2023-cü il, 2(075)-353/2023 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 15 may 2023-cü il, 2(075)-353/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, iş yükü ilə əlaqədər məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının qeyd edilən hallarla bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə iclasının təxirə salınmasına lüzum görməmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Həmin Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(075)-353/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(075)-353/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(075)-353/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirək qeyd edir ki, iddiaçının həmin göstərdikləri istisna olmasa da, bu, onu qanunla müəyyən edilmiş qaydada təyin edilmiş məbləğdə alimenti ödəmək vəzifəsindən azad etmir. Kollegiya həmçinin qeyd edir ki, hazırki məsələyə məhkəmə qərarlarının icrası aspektindən də yanaşılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən alimentin ödənilməsi məhkəmə qətnaməsi ilə qət edilmiş və həmin qətnamənin icrası qaydasında tələb olunan pullar iddiaçıdan tutulmuşdur. İddiaçı apellyasiya şikayətində barışıqla bağlı ərizə ilə icra şöbəsinə müraciət etmənin onların hüququ olduğunu və etməmələrinin məsələnin həllinə təsir etməyəcəyini göstərir. Kollegiya bununla bağlı qeyd edir ki, məhkəmə qətnamələrinin icrası prosesi İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və həmin qanunda qətnamənin icrasının dayandırılması, icra sənədinin geri qaytarılması və ya icraya xitam verilməsi halları dəqiq müəyyən edilmişdir. Həmin hallar arasında İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.10 və 23.1.1-ci maddələrində tələbkarın müvafiq xahişi və ya ərizəsi əsasında icra prosesinin dayandırıla və ya icra sənədinin geri qaytarıla biləcəyi göstərilmişdir. Qeyd olunmalıdır ki, həmin qanunun 17, 20 və 23-cü bəndlərində icranın dayandırılması, xitamı və ya geri qaytarılması əsasları dəqiq müəyyən edilmişdir və qapalı çevrə təşkil etməklə geniş təfsir edilə bilməz. Bu o deməkdir ki, həmin qanunda göstərilən hallardan başqa, digər hallar məhkəmə qətnaməsinin icra edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göstərilənlərdən çıxış edərək kollegiya qeyd edir ki, icra şöbəsinə müvafiq ərizə ilə müraciət etmək tərəflərin hüququ olsa da, həmin hüquqdan istifadə edilməsi və ya edilməməsi müvafiq hüquqi nəticələrə səbəb olur. Vətəndaş həmin hüququndan istifadə etmək və ya etməməklə öz hərəkət və ya hərəkətsizliyinin hüquqi nəticələrini də qəbul etmiş olur. Belə olan halda, iddiaçı cavabdehlə barışdığı zaman icra şöbəsinə müvafiq ərizə ilə müraciət edilməsini təmin etməməklə, qətnamənin icra olunmağa davam etməsi nəticəsini qəbul etmişdir. Ona görə də, iddiaçının tələbi əsassızdır və birinci instansiya məhkəməsi iddanı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(075)-353/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(075)-353/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar