Məhkəmə qərarları › İş №2(107)-890/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-890/2021

06.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-890/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair Şəki Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(075)-94/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Şəki rayonu Aşağı Küngüt kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.7 kvadrat metr olan fərdi yaşayış evinin 4/5 hissəsinin və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.08 ha hissəsinin onun tərəfindən Cavabdeh1 bağışlanması ilə bağlı onlar arasında bağlanmış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə424 nömrə ilə qeydə alınmış 03 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 21 dekabr 2016-cı il tarixdə qeydə alınmış RX seriyalı ******* nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət restrindən çıxarışının 4/5 pay hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Mülki işə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçı onun anasıdır. Onlar 3 bacı, 1 qardaş olmaqla qeyd edilən mübahisəli evdə doğularaq böyüyüb boya-başa çatmışlar. Göstərmişdir ki, o özü Şəki şəhərində, bacısı Simuzər Şəki rayonu, İbrahimkənd kəndində, qardaşı Kazım Şəki rayonu, Aşağı Küngüt kəndində, bacısı, yəni cavabdeh Könül isə Zaqatala rayonunun Çardaxlar kəndində yaşayır. Qeyd etmişdir ki, atası X7 21 mart 2008-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra uzun müddət fərdi yaşayış evini iddiaçı anası özü idarə etmişdir. 2016-cı il tarixdə artıq iddiaçı yaşlandığından və baxıma ehtiyacı olduğundan övladlarına, yəni onlara müraciət edərək, ona baxan övladına evini bağışlayacağını bildirmişdir. Bacısı Cavabdeh1 iddiaçıya ömrünün axırınadək baxacağını öhdəsinə götürmüş, bu səbəbdən də onlar atalarından miras qalmış paylarından iddiaçının xeyrinə imtina etmişlər. Beləliklə də sözügedən fərdi yaşayış evinin 1/5 hissəsi cavabdehin, digər 4/5 hissəsi isə iddiaçının adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh analarına baxacağına dair öhdəlik götürdüyündən və digər övladların da buna etiraz etmədiklərindən iddiaçı Cavabdeh3 gedərək özünə məxsus olan payı 03 avqust 2016-cı il tarixli 4Ə-424 saylı bağışlama müqaviləsi ilə cavabdehə bağışlamışdır. Həmin müqaviləyə əsasən Şəki rayonu Aşağı Küngüt kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən umumi sahəsi 41,7 kv metr olan fərdi yaşayış evinin 4/5 hissəsi və 0,08 ha torpaq sahəsi Cavabdeh1 bağışlanmışdır. Cavabdeh bağışlama müqaviləsi bağlanan anda Zaqatala rayonunda öz ailəsi ilə birlikdə yaşamışdır. İddiaçının və onların təklifi ilə Cavabdeh1 Məmmədli qızı öz ailəsi ilə birlikdə Şəki rayonunun Aşağı Küngüt kəndinə-anasının yanına gələrək orada yaşamalı və iddiaçıya baxmalı idi. Çünki cavabdeh ömrünün sonunadək iddiaçıya baxmağı öhdəsinə götürmüşdür. Lakin bağışlama müqaviləsinin bağlanmasından və fərdi yaşayış evinin cavabdehin adına rəsmiləşdirilməsindən müəyyən müddət sonra cavabdeh iddiaçıya baxmamış, evdə əsassız söz-söhbətlər yaratmış, iddiaçını evdə tək qoyaraq fərdi yaşayış evini tərk edərək, Zaqatala rayonundaki ər evinə qayıtmışdır. Göstərmişdir ki, cavabdeh 1997-ci ildə ailə quraraq, Zaqatala rayonunun Yeni Çardaxlar kəndinə ərə getmişdir. Onun 2 qız övladı vardır. Cavabdeh həmin kənddə qaynı ilə eyni evdə yaşayır və həmin evdə onlara yalnız 1 otaq ayrılmışdır. Həmçinin qeyd etmişdir ki, anasının 83 yaşı var, özünə baxmaqda çətinlik çəkir. 6 aydır ki, iddiaçı yataq xəstəsidir. Cavabdeh əvvəllər gəlib anasına baxsa da, son zamanlar vədinə əməl etməyərək anasına baxmaqdan imtina edir. Halbuki, onlar əmlakın o şərtlə cavabdehə bağışlanmasına razı olmuşdular ki, o, gəlib anasına baxacaqdır. Hazırda anasına həftənin 3 gününü o, 3 günündə isə bacısı Simuzər baxır. X13 Aşağı Küngüt kəndində yaşasa da, iddiaçıya yalnız kənardan nəzarət edir. Gəlinləri isə anası gilə gəlib-getmir. Həmçinin anasının müəyyən işlərinin həlli üçün X9 etibarnamə vermişlər. Göstərmişdir ki, yuxarıda qeyd etdiyi kimi cavabdeh Yuxarı Çardaxlar kəndində 1 otaqlı evdə 4 nəfər bir otaqda çətin bir şəraitdə yaşayırlar. Anasına məxsus ev isə təxminən 5 otaq və həyətdə əlava yardımçı tikililərdən ibarətdir. Cavabdehdən yeganə tələbləri Zaqataladan köçərək gəlib kənddə anasının yanında yaşamaq və ona qulluq etməkdir. Əgər cavabdeh köçüb gəlib anasının ona bağışladığı evdə yaşayarsa ona qarşı hər hansı tələbləri olmaz. Məhz buna görə də tərəflər arasında bağlanmış 03 avqust 2016-cı il tarixli 4Ə-424 saylı bağışlama müqaviləsinin ləğv olunmasını xahiş edir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 03 fevral 2021-ci il tarixli, 2(075)- 94/2021 nömrəli qətnaməsi ilə İddiaçı Şəki rayonu Aşağı Küngüt kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.7 kvadrat metr olan fərdi yaşayış evinin 4/5 hissəsi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.08 ha hissəsinin onun tərəfindən Cavabdeh1 bağışlanması ilə bağlı onlar arasında bağlanmış Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə424 nömrə ilə qeydə alınmış 03 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 21 dekabr 2016-cı il tarixdə qeydə alınmış RX seriyalı ******* nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət restrindən çıxarışının 4/5 pay hissəsində ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını apelyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Aşağı Küngüt kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.7 kvadrat metr olan fərdi yaşayış evinin 4/5 hissəsinin və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.08 ha hissəsinin onun tərəfindən Cavabdeh1 bağışlanması ilə bağlı onlar arasında bağlanmış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə424 nömrə ilə qeydə alınmış 03 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 21 dekabr 2016-cı il tarixdə qeydə alınmış RX seriyalı ******* nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət restrindən çıxarışının 4/5 pay hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(075)-94/2021 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) "İddiaçı Şəki rayonu Aşağı Küngüt kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41,7 kv m olan fərdi yaşayış evinin 4/5 hissəsi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,08 ha hissəsinin onun tərəfindən Cavabdeh1 Məmmədli qızına bağışlanması ilə bağlı onlar arasında bağlanmış Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-424 nömrə ilə qeydə alınmış 03 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 21 dekabr 2016- cı il tarixdə qeydə alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının 4/5 pay hissəsində ləğv edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə öz qətnaməsini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144, 146,421 və 423-cü maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsinin məzmununa nəzər saldıqda aydın olur ki, iddiaçı qeyd ediklən əmlakı cavabdehə hədiyyə edərkən müqavilədə hər hanst şərt irəli sürməmiş, əmlakı şərtsiz olaraq hədiyyə etmişdir. İddiaçı qeyd edilərilən əmlakını cavabdehə bağışlayarkən həmin müqavilədə qızı Könülün ona baxması ilə bağlı qeyd-şərt irəli sürməmiş və belə bir sənəd müqaviləyə əlavə edilməmişdir. Hətta belə bir sənəd nəzərdə tutulmasa da cavabdeh ailə-hüquq münasibətlərindən irəli gələn öhdəliklərə əsasən anasına baxmışdır. Bu, məhkəmə iclasında cavabdehin, həmçinin iddiaçının özünün izahatı və işdə olan 20.06.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərardan da aydın olur. Belə ki, həmin qərardan aydın olur ki, İddiaçı 10.06.2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək qızı Könülün onu döyməsi barədə məlumat vermişdir. Həmin qərarın məzmunundan görünür ki, iddiaçı cavabdehin 06.02.2020-ci il tarixdə onun yaşadığı ünvana gəldiyini bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh əmlakın hədiyyə edildiyi vaxtdan 08.06.2020-ci il tarixinədək fasilələrlə də olsa anasına baxmağa gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Göründüyü kimi o, mülkiyyətində olan əmlakını ahıl yaşda olduğu üçün cavabdehin gəlib onun yanında yaşaması, ona ölənəcən baxması, qulluğunda durması şərti ilə ona bağışlamış, cavabdeh də buna söz vermiş və öhdəsinə götürmüşdür. Lakin o, verdiyi sözə əməl etməmiş, axır vaxtlarda öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh1 mülkiyyətində olan evi ona bağışlayarkən onun yanında qalmağa, ona baxmağa, ailə-hüquq münasibətlərinə uyğun olaraq üzərinə götürdüyü vəzifələri yerinə yetirməyə söz vermiş, lakin üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur. Cavabdehin məhkəmə iclasında verdiyi izahatlar da bunu təsdiq edir. Lakin, məhkəmə əsassız olaraq 20.06.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi" barədə qərarı cavabdehin xeyrinə yozmuş, qərarın çıxarılmasına səbəb olmuş hadisə baş verərkən cavabdehin onun yanında olmasını əsas tutaraq belə qənaətə gəlmişdir ki, guya cavabdeh ona baxır və bununla bağlı vəzifəsini layiqincə yerinə yetirir. Odur ki, Şəki Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(075)-94/2021 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh2 nümayəndəsi, Cavabdeh3 nümayəndəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, anası adına olan əmlakı Cavabdeh1 hədiyyə vermişdir. Bağışlama müqaviləsi bağlanarkən hamısı Könül qərib yerdə olduğu üçün əmlakın bağışlanmasına razılıq vermişlər. Lakin, cavabdeh 1 il 6 aydır ki, anasına qulluq etmir. Onun qayğısına qalmır. İddiaçı hədiyyə etdiyi əmlakı cavabdehdən geri qaytarmaq istəyir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o hazırda anasına qulluq etdiyini, anası tərəfindən ona qarşı heç bir narazıçılıq olmadığını, bacı və qardaşları tərəfindən anası İddiaçı qarşı təzyiqlər edildiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(075)-94/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 03 avqust 2016-cı il tarixli, 4Ə-424 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinnin təsdiq edilmiş sürətindən görünür ki, hədiyyə verən İddiaçı Şəki rayonu, Aşağı Küngüt kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən 41,7 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (4/5 hissə fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi) hədiyyə alan Cavabdeh1 bağışlamışdır. İşdə olan 20.06.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı 10.06.2020-ci il tarixdə DİN-nin “102” xidmətinə zəng edərək qızı Könülün onu döyməsi barədə məlumat vermişdir. Həmin qərarın məzmunundan görünür ki, Cavabdeh1 06.06.2020-08.06.2020-ci il tarixdə anası Məkkənin yaşadığı ünvanda olmuşdur. İşdə olan Zaqatala RMX-sı PHŞ-nin KP şöbəsinin 02.02.2021-ci il tarixli arayışından görünür ki, X5 həmin xəstaxanada Paranoid şizofrenya diaqnozu ilə qeydiyyatdadır. İşdə olan Zaqatala RMX-sı PHŞ-nin KP şöbəsinin 02.02.2021-ci il tarixli arayışından görünür ki, X5 həmin xəstaxanada Paranoid şizofrenya diaqnozu ilə qeydiyyatdadır. İşdə olan Zaqatala rayonu Yuxarı Çardaxlar kənd icra nümayəndəliyi tərəfindən verilmiş 43 və 45 saylı arayışlardan görünür ki, X1 Könül Məmmədəli qızının həmin kənddə fərdi yaşayış evləri yoxdur. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlaka dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (MM-in 6-cı maddəsi). Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). MM-in 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-in 14.2.1-ci maddəsi) MM-in 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-in 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). MM-in 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). MM-in 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-in 404.2-ci maddəsi). MM-in 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-in 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. MM-in 4-cü bölməsinin 13-cü fəslində əqdlərdən (əqdlər haqqında ümümi müddəlaranlayışı və növləri, formaları və s.), 20-ci fəslin 4-cü paraqrafında isə (421-424-cü maddələr) müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsaslarından bəhs edilir. MM-in 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (MM-in 421-ci maddəsi). Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatı, eləcə də sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, hədiyyə verən İddiaçı Şəki rayonu, Aşağı Küngüt kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən 41,7 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (4/5 hissə fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi) hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki rayonu, Aşağı Küngüt kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 41,7 kv.m fərdi yaşayış evi Cavabdeh1 tam pay üzrə xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən də həmin bağışlama müqaviləsi və onun əsasında verilmiş çıxarış mübahisələndirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli əmlakı qızı Cavabdeh1 bağışlamaqda məqsəd cavabdeh tərəfindən ona ömrünün axırınadək baxacağını öhdəsinə götürməsidir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. İddiaçı iddia ərizəsində, eləcə də apelyasiya şikayətində mübahisəli əmlakın Cavabdeh1 bağışlamaqda məqsədinin cavabdeh tərəfindən ona ömrünün axırınadək baxacağını öhdəsinə götürməsi olduğunu bildirir. Kollegiya iddiaçının bu dəlili ilə də razılaşmır. Ona görə ki, bağışlama müqaviləsinin məzmununda tərəflər arasında belə bir şərt mövcud deyil, müqavilə hansısa öhdəliklə şərtləndirilməmişdir. Kollegiya geyd edir ki, müqavilənin dəyişdirilməsi və ya ləğvi müqavilə bağlanarkən razılaşdırılmış olan şərtlərin bir tərəfin mənafeyinə görə dəyişdirilməsi və ya ləğvini nəzərdə tutur. Çünki normal hallarda tərəflər razılaşdırılmış olduqları müqavilələ şərtləri ilə bağlıdır. Bundan başqa kollegiya qeyd edir ki, tərəflər müqaviləni şəxsi mənafelərini təmin etmək, onu həyata keçirmək məqsədilə bağlayırlar. Müqavilənin hər iki tərəfi müqaviləni bağlayarkən qarşı tərəfin bu müqavilənin bağlanmasındakı mənafeyini bilir və bununla razılaşaraq müqaviləyə imza edir. Qeyd olunmalıdır ki, bu xarakterli müqavilələrin spesifik xüsusiyyəti ondan ibarətdir ki, müqavilə şərtlərinə daxil olmayan öhdəliyin cavabdehdən qəti şəkildə tələb edilməsi aşkar şəkildə ədalətsizliyə səbəb olar. Bundan başqa müqavilənin bağlandığı zaman razılıqla bağlı qarşı tərəfin iradəsinin sonradan şəraitin gözlənilməz olaraq əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində əmələ gələn vəziyyəti ehtiva etmədiyini bilə-bilə onu əvvəlki ilə müqayisədə olduqca ağır hala gələn öhdəliyin icrasına məcbur etmək əslində “əhdə” uyğun deyildir. Çünki bu kimi tələb bir tərəf üçün olduqca ağırlaşmış olan öhdəliyin faktiki olaraq həmin tərəfin müqaviləyə olan razılıqla bağlı iradə ifadəsinin məlum olan həqiqi məzmununa uyğun gəlmədiyi bilindiyi halda həmin tərəfi belə bir öhdəliyi icra etməyə məcbur etmək müqavilə ədalətini təmin etmək məqsədinə xidmət etmir. Bundan əlavə işin faktiki hallarından göründüyü kimi iddiaçının qızı X3 onun nümayəndəsi olmaqla, iddiaçının mənafeyindən çıxış edir ki, bu da özü-özlüyündə sonuncunun mübahisəli evdə maraqlı olmalarına dəlalət edir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə əməl olunmaqla rəsmiləşdirilmişdir. Bundan əvvəl də qeyd olunduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dsedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(075)-94/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(075)-94/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar